Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2767/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (qızı) X11, Cavabdehin nümayəndələri X7 və X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-377/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonunun Cəyli kəndində yerləşən fərdi yaşayış evində xx xxxx 2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş 80.000 manat və yaşayış evinin içərisindəki əşyalara dəymiş 40.000 manatdan çox maddi ziyanın cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İddia ərizəsi dəqiqləşdirilmişdir) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-377/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən- mənzilə dəymiş zərərə görə qismən təmin edilərək, cavabdehdən dəymiş maddi ziyana görə 60600 (altmış min altı yüz) manat məbləğində pul tutulmuş, iddia tələbi qalan hissədə, o cümlədən mənzildəki əşyalarla bağlı hissədə təmin edilməmişdir. Qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətləri və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə hər hansı bir sübutun təqdim edilmədiyini əsas gətirmişdir, halbuki iş materiallarında Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin aktında əmlakın bərpa edilmə dəyəri 80000 manat göstərilmişdir, lakin məhkəmə tərəfindən bu fakt araşdırılmamışdır. Əlavə olaraq, məhkəməyə yanğın ziyana uğramış ev əşyalarının siyahısı da təqdim olunmuş, həmin siyahı şahid ifadələri və Kürdəmir Rayon İcra Hakimiyyətinin Cəyli Kənd X12 möhürü ilə təsdiqlənmiş, bununla bağlı üç dəfə ekspertiza təyin edilsə də məhkəmə zəruri araşdırma aparmamış, əsaslı olan iddia tələblərini təmin etməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, baş vermiş yanğında cavabdehin təqsiri sübuta yetirilməmişdir, bu səbəbdən, deliktin törədilməsi mülki iş materiallarında olan sənədlərlə sübut olunmadığından, apellyasiya şikayətinin təmin edilərək qətnamənin, qismən, iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək qeyd etdi ki, işdə olan sübutlarla, həmçinin, şahid ifadələri ilə yanğın olan dövrlərdə elektrik enerjisinin gah artıb, gah azaldığı müəyyən edilmiş, nəticədə yanğın baş vermişdir. Eyni zamanda, evin içində olan əşyalar da tamam yanmışdır. Həmin evdə təkcə ailənin yox, onun oğlanlarının da əşyaları, qızıl və brilyantları da olub. Rayon məhkəməsində həmin əşyaların dəyərini müəyyən etmək üçün üç dəfə ekspertiza təyin edilsə də, zəruri araşdırma aparılmamışdır. Halbuki işdə evdəki əşyaların dəyərini müəyyən etmək üçün yetərincə sübutlar mövcuddur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin apellyasiya şikayəti ilə isə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ş.Bədəlova cavabdehin apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, şahid ifadələri, həmçinin, işdə olan sübutlarla yanğın olan dövrlərdə elektrik enerjisinin gah artıb, gah azaldığı təsdiq edilmiş, həmin ərəfədə bir çox qonşularına da ziyan dəymişdir. Onların evində isə yanğın baş vermiş, eyni zamanda, evin içində olan əşyalar da tamam yanmışdır. Həmin evdə təkcə ailənin yox, onun qardaşlarının da qiymətli əşyaları, qızıl və brilyantları da olub. Rayon məhkəməsində həmin əşyaların dəyərini müəyyən etmək üçün üç dəfə ekspertiza təyin edilsə də, zəruri araşdırma aparılmadı. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin apellyasiya şikayəti ilə isə razılaşmayaraq əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri Q.Sadıqov və F.Abdullayev ayrılıqda apellyasiya şikayətini müdafiə edərək bildirdilər ki, hazırda iddiaçı delikt nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb edir, halbuki onların təqsiri sübuta yetirilməmişdir. Yanğında nə qədər ziyan olmasını mübahisələndirmirlər, lakin “xxxx” ASCnin təqsiri sübuta olunmayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 27061 nömrəli ekspert rəyində də “xxxx” ASC-nin təqsirini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin qismən, iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Fövqəladə Hallar Nazirliyinin DYMX Kürdəmir rayonu Dövlət X4 xx.xx.2016-cı il tarixli arayışından görünür ki, həqiqətən də xx.xx.2016-cı il tarixdə, saat 03:35-də Kürdəmir rayonu, Cəyli kənd sakini X10 məxsus yaşayış evində yanğın hadisəsi baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2017-ci ildə ünvan 1 X3 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə X10 məxsus yaşayış evində yanğın hadisəsi Kürdəmir Rayon Elektrik şəbəkəsinin işçilərinin səhlənkarlığı nəticəsində baş vermişdir. Kürdəmir Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarına əsasən X6 xx xxxx 2016-cı il tarixdə evinin yanması hadisəsi ilə bağlı X5 aidiyyəti üzrə vəzifəli şəxsləri barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Kürdəmir Rayon X1 (hazırkı iddiaçının ərinə) ünvanladığı xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, xx xxxx 2016-cı il tarixdə onun yaşadığı evin kənd ərizisində artıq gərginlikli elektrik enerjisi verilməsi səbəbindən baş vermiş qəza zamanı yanması nəticəsində dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Kürdəmir rayonu, Cəyli kənd X20 üzrə Nümayəndəlik tərəfindən xx.xx.2018-ci il tarixli, 153 saylı arayışdan məlum olur ki, X3 məxsus evdə xx.xx.2016-cı il tarixdə yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində ev yanaraq yararsız hala düşmüşdür (i/v səh. 5). Kürdəmir rayonu, Cəyli kənd X20 üzrə Nümayəndəlik tərəfindən xx.xx.2018-ci il tarixli, 207 saylı arayışdan məlum olur ki, X8 mərhum həyat yoldaşı X13 ilə həqiqətən bir evdə yaşamışdır. Mülki işdə olan Kürdəmir rayonu, Cəyli kəndində elektik enerjisinin qısaqapanmasından X9 məxsus yaşayış evində xx.xx.2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi zamanı evin içində yanaraq məhv olmuş əşyaların siyahısı qeyd edilmiş, həmin siyahı icra nümayəndəsi V.İsayev və şahidlər Ş.Dadaşov, S.Hasilov, M.Əhmədzadə, H.Cəfərov, E.Babayev, E.Quliyev, B.Əsgərov tərəfindən təsdiq edilmişdir (i/v səh. 16-17). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 27061 nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı hadisə yeri yanğından sonrakı qalıqlardan təmizləndiyi üçün, eləcə də otağın daxili elektrik xətləri və otaqda gərginliyə qoşulu olan soyuducu hadisədən sonra çıxarılaraq atıldığından baş vermiş hadisənin bilavasitə texniki səbəbini tam müəyyən etmək mümkün olmadı. Bununla da baş vermiş yanğın hadisəsi zamanı qüvvədə olan hansı normativ aktların tələblərinin kimlər tərəfindən pozulması barədə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 27326 nömrəli ekspert rəyindən görünür ki, Kürdəmir rayonu Cəyli kəndində yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evində xx xxxx 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində həmin evin bərpası üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 60600 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilir. Rayon Məhkəməsində dindirilmiş şahidlər X15, X16, X14, X14, ifadələrində bildirmişlər ki, həqiqətən İddiaçı məxsus ev xx xxxx 2016-cı il tarixdə gecə saatlarında yanmış, yanğın nəticəsində ev tamam yanmış, evdəki əşyalar da məhv olmuşdur. Ümumiyyətlə, həmin tarixdən əvvəl son bir neçə ay ərzində işıqda tez-tez problemlər olurdu. xx xxxx 2016-cı ildə işığın artıb-azalması nəticəsində qonşuların da evində soyuducu, modem, stablizator, su qızdırıcı v sair yanaraq xarab oldu. Bir neçə qonşuların evində də elektrik cihazları yanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2032 nömrəli ekspert rəyindən görünür ki, evlə bağlı cavab verilməsə də, Kürdəmir rayonu Cəyli kəndində yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evində xx xxxx 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində evin içərisindəki əşyalara dəymiş maddi ziyanın məbləği təxmini olaraq 30144,00 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin mənzildəki əşyalarla bağlı təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, qətnamə iddiaçının mübahisləndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə onun şikayətində mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya tərfindən aparılmış məhkəmə araşdırması zamanı aşağıdakılar hazırkı işin mübahisəsiz halları kimi müəyyən edilmişdir: -Kürdəmir rayonu, Cəyli kəndində yerləşən iki mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin İddiaçı məxsus olması; -xx.xx.2016-cı il tarixdə həmin evdə yanğın baş verməsi; -həmin yanğın nəticəsində fərdi yaşayış evinin və evdə olan əyaların məhv olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf dəymiş zərərin məbləğini mübahisələndirir, fərdi yaşayış evinə dəyən zərərə görə 80.000 manat, evdəki əşyalara dəyən zərərə görə isə 40.000 manat cavabdehdən tələb etmişdir. İddiaçı öz apellyasiya şikayətində bildirmişdir ki, məhkəməyə evdə yanmış əşyaların siyahısını vermiş, həmin əşyaların siyahısı həm şahid ifadələri, həm də Kürdəmir rayon, Cəyli kənd X12 möhürü ilə təsdiqlənmişdir. Mülki işdə olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə yanğın-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində həmin fərdi yaşayış evinin içərisindəki ev əşyalarına dəymiş maddi ziyanın müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, tədqiqata təqdim edilməyən ev əşyalarının modeli, əmtəə görünüşü, hansı vəziyyətdə olması və sair barədə məlumat olmadığı üçün ekspertiza aparmaqdan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2767/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Kürdəmir rayonunun Cəyli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində xx xxxx 2016-cı ildə baş vermiş yanğın nəticəsində həmin yaşayış evinə və evin içərisindəki əşyalara dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2032 nömrəli ekspert rəyindən görünür ki, Kürdəmir rayonu Cəyli kəndində yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evində xx xxxx 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində evin içərisindəki əşyalara dəymiş maddi ziyanın məbləği təxmini olaraq 30144,00 manat dəyərində müəyyən edilmişdir. Həmin rəy məhkəmədə tədqiq edilərkən iddiaçı tərəf beş ilə yaxındır ki, bu mübahisənin getdiyini bildirirərək rəyi mübahisləndirmək fikrində olmadığını qeyd etmiş və onunla razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflərin izahatları, Fövqəladə Hallar Nazirliyinin DYMX Kürdəmir rayonu Dövlət X4 xx.xx.2016-cı il tarixli arayışı, Kürdəmir Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarı, Kürdəmir rayonu, Cəyli kənd X20 üzrə Nümayəndəlik tərəfindən xx.xx.2018-ci il tarixli, 153 saylı arayışı, şahid ifadələri ilə elektrik enerjisinin qəfildən qalxıb-azalması səbəbindən qısaqapanma nəticəsində xx xxxx 2016-cı il tarixdə yanğının baş verməsi və həmin səbəbdən də iddiaçıya məxsus fərdi yaşayış evinin tam yanması, eyni zamanda, həmin evin içində olan əşyaların da yanaraq məhv olduğu (yarasız hala düşdüyü) müəyyən edilmişdir. Yuxarıda istinad olunan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2032 nömrəli ekspert rəyindən görünür ki, xx xxxx 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində evin içərisindəki əşyalara dəymiş maddi ziyanın məbləği təxmini olaraq 30144,00 manat dəyərində müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 27326 nömrəli ekspert rəyindən görünür ki, Kürdəmir rayonu Cəyli kəndində yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evində xx xxxx 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində həmin evin bərpası üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 60600 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilir. Belə olan halda, kollegiya hesab edir ki, rayon məhkəməsinin iddia tələbinin fərdi yaşayış evinə dəymiş zərərlə bağlı hissəsində ekspert rəyinə əsasən 60600 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı gəldiyi qənaət qanuni və əsaslı olmuşdur, bu səbəbdən də, iddiaçının apellyasiya şikayətinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur, bununla belə rayon məhkəməsi iddia tələbinin fərdi yaşayış evində olan əşyalara dəymiş zərərlə bağlı hissəsində tam və hərtərəfli araşdırma aparmadığından düzgün olmayan nəticəyə gəlmiş, bu səbəbdən də, iddia tələbi həmin hissədə əsaslıdır və ekspert rəyinə uyğun olaraq təmin edilməli, xx xxxx 2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində fərdi yaşayış evinin içərisindəki əşyalara dəymiş zərərə görə 30144,00 manat manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Cavadeh tərəf isə işin yuxarıda qeyd olunan faktiki hallarını, eləcə də, baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləğini mübahisələndirməmişdir. Cavabdeh nə apellyasiya şikayətində, nə də məhkəmə iclasındakı izahatlarında yanğın hadisəsi iddiaçıya dəymiş zərərin məbləğini mübahisələndirməmişdir. Cavabdehin etirazının yeganə dəlili baş vermiş yanğın nəticəsində onların təqsirinin sübuta yetirilməməsi ilə bağlıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, iddiaçıya məxsus Kürdəmir rayonu, Cəyli kəndində yerləşən fərdi yaşayış evi xx xxxx 2016-cı il tarixdə yanmışdır. İş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, yanğın mənzilin elektrik naqillərində baş vermiş elektrik qəza (qısa qapanma və s.) hallarından baş verməsi üçün xarakterikdir. Rayon məhkəməində dindirilmiş şahid ifadərəri və iş materialları ilə müəyyən edildi ki, həmin tarixdə qeyd olunan kənddə mənzilləri elektrik enerjisi ilə təmin edən elektrik xətləri normal vəziyyətdə olmamış, elektrik enerjisinin verilməsində tez-tez problemlər və qəza olmuş, həmin tarixdə kənddə yerləşən digər evlərdə də elektrik enerjisinin verilməsində problemlər olmuş, digər qonşuların mənzillərində də elektrik avadanlıqları yanaraq xarab olmuşdur. Göründüyü kimi, yanğın evin elektrik naqillərində nasazlıq səbəbindən baş verməmiş, evə elektrik enerjisinin verilməsini təmin edən elektrik xətlərində problem olmuşdur (evə qədər). Sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsinə isə cavabdeh məsuliyyət daşıyır. Kollegiya bildirir ki, Kürdəmir Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında da Kürdəmir rayonu, Cəyli kənd sakinlərinin izahlarında da yanğın hadisəsi baş verən gün və əvvəlki günlərdə elektrik transformatorundan artıq gərginlikli elektrik ererjisinin verilməsi, qonşuların da evində bir sıra cihazların sıradan çıxması göstərilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı cavabdehin nümayəndələri izahatlarında həm də Kürdəmir Rayon Prokurorluğunun xx.xx.2016-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına da istinad etmişlər. Bununla bağlı, Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, ümumiyyətlə, hər hansı əməldə cinayət tərkibinin olmaması mülki məsuliyyəti qətiyyən istisna etmir. Beləliklə, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin baş vermiş yanğın hadisəsində cavabdehin təqsirinin olması ilə bağlı iş üzrə gəldiyi nəticə ilə razılşaraq onu qanuni və əsaslı hesab edir. Cavabdehin təqsirli olması mülki iş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin DYMX Kürdəmir rayonu Dövlət X4 xx.xx.2016-cı il tarixli arayışı, Kürdəmir Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarı, Kürdəmir rayonu, Cəyli kənd X20 üzrə Nümayəndəlik tərəfindən xx.xx.2018ci il tarixli, 153 saylı arayışı, iddiaçı tərəfin izahatları, şahid ifadələri ilə təsdiq olunduğundan cavabdehin apellyasiya şikayətinin yeganə dəlili də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, rayon məhkəməsi cavabdehin təqsirini müəyyən etməkdə düz qənaətə gəlsə də, mənzildəki əşyalara zərər vurulması ilə bağlı araşdırma aparmamış, həmçinin mülki iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, iddia tələbini yanğın nəticəsində evdə yanaraq məhv olmuş əşyalara münasibətdə təmin etməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. MPM-in 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən 30144 (otuz min yüz qırx dörd) manat tutularaq iddiaçının xeyrinə ödənilməli, qətnamə iddiaçının mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə onun şikayətində mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı dövlət rüsumları tərəflərin özlərinə aid edilməli və ekspertiza xərci cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-377/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı məxsus evdəki əşyalara xx.xx.2020-ci il tarixdə yanğın nəticəsində vurulmuş zərərlə bağlı hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbləri həmin hissədə qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən fərdi yaşayış evindəki əşyalara dəymiş zərərlə bağlı 30144 (otuz min yüz qırx dörd) manat alınaraq İddiaçı ödənilsin, həmin tələb qalan hissədə təmin edilməsin. Qətnamə iddiaçının apellyasiya şikayətində qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qətnamən onun apellyasiya şikayətində mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına cavabdeh “xxxx” ASCdən tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2767/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2767/2020
18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver