Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2769/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhər 52 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2019-cu il tarixli qətnamədən cavabdehlər İddiaçı2 və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı1 özünün, onun vəkili (nümayəndəsi) Vəkil, İddiaçı2, Cavabdeh3 özünün və onun vəkili (nümayəndəsi) X1, iş üzrə üçüncü şəxs olan X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 11 saylı mənzilə dair cavabdeh İddiaçı2 nümayəndəsi X2 vasitəsi ilə cavabdeh A.Vəlibəyova ilə bağladığı və 52 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış 08.01.2019-cu il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların ərizəsi əsasında Rayon Məhkəməsi X3 iş üzrə üçüncü şəxs qismində cəlb etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.09.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əsasında mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 03.02.2020-ci il tarixli qətnamə (İş № 2(103)- 860/2020) ilə Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən cavabdehlərin verdikləri kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 26.10.2020-ci il tarixli qərar (İş № 2(102)-5161/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin 03.02.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bu səbəbdən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 11.12.1993-cü il tarixdə X6 ilə ailə qurmuşdur. Nikahdan onların bir övladları doğulmuşdur: xx.xx.1994-cü il təvəllüdlü (digər iddiaçı) İddiaçı2. Onlar əvvəl Bakı şəhəri, 7-ci mikrorayonda yerləşən 10 saylı evdə yaşamış, 1995-ci ildə həmin evi sataraq Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 1, mənzil 11-ə köçmüş və həmin mənzildə, mənzilin mülkiyyətçisi olan (iddiaçının qaynanası) İddiaçı2 ilə birlikdə yaşamışlar. Nikahdan uşaqları olsa da İddiaçı1 ilə E.Hacıyevin münasibətləri korlanmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.01.2008-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra İddiaçı1 azyaşlı uşağı ilə birlikdə mənzildən qovulmuşdur. İddiaçı1 mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 10.06.2008-ci il tarixli qiyabi qətnaməsi ilə iddiası təmin edilmiş və o, azyaşlı uşağı ilə həmin mənzilə köçürülmüşdür. Qızı İddiaçı2 artıq yetkinlik yaşına çatmışdır. Sonradan iddiaçılar ilə cavabdehlər arasında baş verən xoşagəlməz söz-söhbətlər nəticəsində iddiaçılar (İddiaçı1 və övladı İddiaçı2) aranın sakitləşməsi üçün mənzili tərk edərək kirayəyə çıxmış, lakin onların bütün əmlakları mənzildə qalmışdır. 2018-ci ilin noyabr ayının sonlarında mənzilə qayıtmış və mənzilin qapısını açmaq istəyərkən evdə 4-5 ustanın işlədiyini görmüş və bununla maraqlananda bir nəfər özünü ev sahibi kimi təqdim edən orta yaşlı bir kişi iddiaçıları evə buraxmamışdır. İddiaçılar bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 qaynar xəttinə” və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat vermişlər. Buna baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İddiaçıların dövlət qurumlarından əldə etdikləri məlumatlara əsasən müəyyən edilmişdir ki, mənzilin mülkiyyətçisi olan cavabdeh İddiaçı2 iş üzrə üçüncü şəxs olan Z.Hacıyevaya verdiyi 08.01.2019-cu il tarixli etibarnamə əsasında mənzil Cavabdeh3 satılmışdır. İddiaçılar hesab edirlər ki, həmin alğı-satqı etibarsızdır. Çünki, iddiaçılar həmin mənzildə qeydiyyatda olmuşlar və istər cavabdeh İddiaçı2, istərsə də onun nümayəndəsi olan Z.Hacıyeva bunu, habelə iddiaçıların məhkəmə qətnaməsi əsasında mənzilə köçdüklərini bilirdilər. Belə olan halda mənzil iddiaçıların razılığı əsasında və ya iddiaçılara kompensasiya verilməsi qaydasında satıla bilərdi. Cavabdehlərin iddiaya qarşı etirazları və apellyasiya şikayətlərinin dəlilləri ondan ibarətdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması ilə qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçılar mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatında olsalar da, iddiaçıların həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüquqları nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin nə də ki, 01.10.2009-cu il tarixədək Azərbaycan Respublikasında qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranmamışdır. İş üzrə cavabdehlər və vəkil Ramil Vəliyev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətlərini müdafiə etdilər və şikayətlərin məzmununa uyğun izahat verdilər. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçılar və Vəkil hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Z.Hacıyeva apellyasiya baxışı iclasında iştirak edərək bildirdi ki, iddia tələbi və iddia tələbinin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə əsassız, apellyasiya şikayətləri isə əsaslıdır. Belə ki, qardaşı (İddiaçı1 əri) Elman Həsənov vəfat etməmişdən əvvəl mənzili satmaq qərarına gəlmiş və anası (mənzilin mülkiyyətçisi) S.Həsənova öz iradəsindən çıxış edərək mənzili satmışdır. İddiaçıların mənzilə dair istifadə hüquqları yaranmamışdir. Buna görə də, mənzil satılan zaman iddiaçıların razılığı alınmamışdır. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş 52 saylı Notariat Ofisi apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 10.06.2008-ci il tarixli qiyabi qətnaməsindən (İş № 2(008)-902/2008) görünür ki, həmin qətnamə ilə İddiaçı1 cavabdehlər Cavabdeh2 və X4 qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasının təmin edilməsi və İddiaçı1 azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanda yerləşən 11 saylı mənzilə köçürülməsi qət edilmişdir. ASAN 4 Xidməti tərəfindən 06.09.2019-cu il tarixdə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, hazırki iş üzrə tərəflər mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil Cavabdeh2 mülkiyyətində olmuşdur. O, onunla digər Cavabdeh3 arasında bağlanmış və 08.01.2019-cu il tarixdə 52 saylı Notariat Ofisi tərəfindən qeydə alınaraq rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsinə” əsasən mənzili 21.600 manata Cavabdeh3 satmışdır. S.Haçıyevanın əvəzinə müqaviləni onun nümayəndəsi X5 imzalamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). İddianın əsaslı olması qənaətinə gəlmiş Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mülkiyyətçi Cavabdeh2 (etibarnamə ilə nümayəndəsi, qızı X5 vasitəsilə) tərəfindən mübahisəli mənzilin Cavabdeh3 satılması zamanı mənzildə qeydiyyatda olan heç kimin yazılı razılığı alınmamış, belə bir razılıq alınmadan mənzil yüklü vəziyyətdə digər Cavabdeh3 satılmışdır. Bununla da, iddiaçıların hüquqları pozulmuşdur. “Alğı-satqı müqaviləsi” etibarsızdır. Bunu qənaətə gəlmiş Rayon Məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddələrinə istinadən iddianı təmin etmişdir. Çünki “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu maddəsinə görə, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə görə, notariat hərəkətlərinin aparılması qaydaları, bu qanun Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə isə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə, Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 26.10.2020ci il tarixli qərara istinadən qeyd edir ki, Rayon Məhkəməsinin yuxarıda qeyd edilən normalara istinad etməklə iddianın əsaslı olmasına dair gəldiyi nəticə səhvdir. Belə ki, əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11.07.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2004-cü il tarixli qərarında müəyyən edilən hüquqi mövqeyə görə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ərarvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.11.2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Mülki Məcəllənin 271.1-ci maddəsinə görə, girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, hətta mənzil üzərində şəxsi servitutun mövcudluğu ona dair sərəncam verilməsi imkanını aradan qaldırmır. Hazırki işdə isə iddiaçıların mübahisəli mənzildən istifadə hüququ (şəxsi servitut) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi mübahisəli mənzilin iddiaçıların istifadə hüququ ilə yüklü olması və bu səbəbdən də, mübahisəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə gəldiyi nəticə səhvdir və işin faktiki hallarına uyğun deyil. İddia əsassızdır. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakterli deyil, şikayətlərin dəlilləri əsaslıdır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhər 52 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2769/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2769/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver