Məhkəmə qərarları › İş №2(103)-2770/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2770/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2770/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldiləməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1844/2013 nömrəli işi üzrə 28.01.2022-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1844/2013 saylı 20 sentyabr 2013 -cü il tarixli qətnaməsi ilə İddiaçı QSC «Bank Standart» KB - Cavabdeh qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1844/2013 saylı 20 sentyabr 2013-cü il tarixli qətnaməsindən 26.01.2022-ci il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1844/2013 nömrəli işi üzrə 28.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamədən 1 (bir) ay müddətində müəyyən edilmiş şikayət vermə müddəti ötürülmüş, prossesual müddətin bərpası barədə vəsatət isə məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin 20.09.2013-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1844/2013 saylı 20 sentyabr 2013-cü il tarixli qətnaməsi iş üzrə Cavabdeh ünvanına göndərilmiş və sözü gedən qətnamə həmin ünvanda “köçüb” qeydi aparılmaqla 28.10.2013-cü il tarixdə məhkəməyə qaytarılmış, daha sonra 28.11.2013-cü il tarixdə qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün icra şöbəsinə göndərilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir, cavabdehin nümayəndəsi və vəkili qətnamənin surətinin ona təqdim olunması ilə bağlı ərizəsində qətnamədən Cavabdeh kredit almaq üçün Azərbaycan Kredit Bürosundan çıxarış edilən zaman məlumatının olduğunu qeyd etsə də, iş materiallarından görünür ki, Cavabdeh 01.10.2021 -ci ildə “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna ərizə ilə müraciət edərək onun adına olan mülkün satılması, neçəyə və nə vaxt satılması və axırda qalan borcu barədə məlumat verilməsini xahiş etmişdir.Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə 23.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnaməndən məlumatlarının olmadığını və bu səbəbdən qətnamənin onlara təqdim olunmasını xahiş etmiş və məhkəmənin 24.12.2021-ci il tarixli məktubu ilə qətnamə poçt vasitəsilə cavabdehin nümayəndəsi və vəkilinin ünvanına göndərilmiş və qətnamə 30.12.2021-ci il tarixdə xəbərnaməyə imza olunmaqla qəbul olunmuş və cavabdehin nümayəndəsi və vəkili qətnamədən apellyasiya şikayətini 27.01.2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon məhkəməsinə təqdim etmişdir. Cavabdehə qətnamənin surətinin verilməsini təsdiq edən sübut olmasa da, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfin qətnamənin icra edilməsindən və iddiaçının adına çıxarış verilməsindən məlumatı olmuşdur. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1844/2013 nömrəli işi üzrə 28.01.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 4, 8, 9, 128.1, 128.2, 133.1, 360-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin prosessual hərəkətləri həyata keçirmək hüququ məhz həmin hüquqların pozulması ilə müşayiət olunan məhkəmə qətnaməsinin rəsmi qaydada ona təqdim edilməsi anından başlayır ki, məhz bu tarix 30.12.2021-ci il tarixindən hesablanmalıdır, cavabdeh məhkəmə qətnaməsini rəsmi qaydada 30.12.2021-ci il tarixində poçt vasitəsilə və hüquqlarının həyata keçirilməsi həvalə olunan vəkili vasitəsilə onun tərəfindən rəsmi qaydada müraciət etdikdən sonra əldə etmişdir, cavabdeh və ya onun vəkili tərəfindən həmin hərəkətin müddəti ötürülməmiş, apellyasiya şikayətinin verilməsi isə 26.01.2022-ci il tarixinə təsadüf etmişdir, belə olan halda prosessual müddətin ötürülməsi və həmin müddətin bərpasına dair vəsatətin verilməməsi əsas gətirilərək apellyasiya şikayətinin geri qaytarılması faktiki olaraq cavabdehin özünün mülki hüquq və vəzifələrini həyata keçirməsini məhdudlaşdırılmış, eyni zamanda prosessual hüquqlarından lazımı qaydada istifadə edilməsi imkanı tanınmamışdır, cavabdeh prosessual müddəti ötürməmişdir ki, ayrıca vəsatət verərək həmin müddətin bərpasını məhkəmədən tələb etsin. Prosessual müddətin bərpasına dair ərizə məhz tərəfin özünün hərəkətliliyi və ya hərəkətsizliyi nəticəsində vaxtında etməli olduğu, lakin etmədiyi hərəkətin edilməsi üçün bu imkanın ona yenidən tanınmasını ehtiva edir. Məhz bunun sayəsində tərəf özünün məhrum olduğu prosessual hərəkətin yenidən həyata keçirilə bilmə imkanın tanınmasını tələb edir ki, bu hərəkətin edilməsi üçün də faktiki olaraq onun təqsirinin olmasında və ya həqiqətən bu hüququnun həyata keçirilməsində başqa imkanının olmamasında xarakterizə olunur,məhkəmənin apellyasiya şikayətini qaytaran zaman “məlumatı olması” ifadəsini seçməsi heç bir əhəmiyyət kəsb etmir və məhz buna əsasən “prosessual müddətin bərpasına dair” vəsatətin verilməməsi səbəbi əsas gətirilərək şikayəti icraata qəbul etməməsi doğru deyildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.02.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1844/2013 nömrəli işi üzrə 28.01.2022-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 363.1.1-1 və 363.1.3-ci maddələrinə əsasən, bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən, habelə müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzrlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamışdır. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1844/2013 nömrəli işi üzrə 28.01.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar