Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2771/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi ilə “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona avtomobil alması üçün 36 ay müddətinə, illik 19% ödəməsi şərtilə 21 700 ABŞ dolları kredit verildiyini, kredit öhdəliyinin təmin olunması üçün “HYUNDAİ SONATA” markalı ** NP *** dövlət nömrə nişanlı avtomobilin girov qoyulduğunu, cavadehin öhdəliklərini icra etmədiyini və xx.xx.2014-cü il tarixinə 19 750 ABŞ dolları əsas, 3800 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcunun yarandığını, buna görə də ondan ümumilikdə 25 450 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın “HYUNDAİ SONATA” markalı ** NP *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh 19 750 ABŞ dolları əsas, 3800 ABŞ dolları faiz, 100 ABŞ dollları dəbbə pulu borcu olmaqla cəmi 23 650 ABŞ dollarının qətnamənin icra olunduğu gün dolların manata olan məzənnəsi ilə manatla, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdehə məxsus “HYUNDAY SONATA” minik markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, əldə ediləcək vəsaitdən Cavabdeh “xxxx” ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini heç zaman “xxxx” ASC-nin Şamaxı filialına müraciət etmədiyi, “HYUNDAY SONATA” minik markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil almadığı, iddia edilən kredit üzrə banka hər hansı ödəniş də etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılması, iddia tələbinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı bankın kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması qərara alınmışdır. İşə təkrar apellyasiya qaydasında baxılması ilə bağlı təyin olunmuş məhkəmə iclasına tərəflər (nümayəndələri) gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx xxxxxxx 2020-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...Apelyasiya instansiyası məhkəməsi bankın iddia tələbini rədd edərkən bank tərəfindən cavabdehə müqavilədə göstərilən kreditin verilməsinə dair kassa məxaric orderinin əslinin deyil, kserosurətinin təqdim edilməsini, həmin sənədin, eləcə də tərəflər arasında kredit müqaviləsinin bağlanmasının cavabdehə kreditin həqiqətən də verilməsi qənaətinə gəlmək üçün əsas verməməsini, kreditin verilməsinin sübut olunmaması ilə əlaqədar cavabdehin bank qarşısında pulun qaytarılması ilə əlaqədar öhdəliyini icra etməməsi nəticəsinə gəlmək üçün də əsasların olmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə mübahisənin düzgün və obyektiv həlli üçün əhəmiyyəti olan halları nəzərə almadan və sübutlara birtərəfli qiymət verməklə gəldiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin kredit müqaviləsində göstərilən ünvanına işin baxılma vaxtı və yeri barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxaraq iddianı qismən təmin etmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən yalnız 2019-cu ilin sentyabr ayında - 5 ildən artıq müddət keçdikdən sonra apelyasiya şikayəti verilmiş, həmin şikayətində cavabdeh yaşadığı ünvanı göstərməmiş, işə apelyasiya instansiyası məhkəməsində baxıldıqda isə məhkəmə kollegiyası tərəfindən bildiriş onun kredit müqaviləsində göstərilən ünvanına (ünvan 1 mənzil 11) göndərilmişdir. Bundan sonra cavabdeh işin apelyasiya baxışında iştirak etmişdir. Apelyasiya instansiyası məhkəməsi təxminən 6 ildən sonra işə apelyasiya qaydasında baxarkən Cavabdeh apelyasiya şikayətinin məzmununa və mübahisəyə münasibətinə diqqət yetirməmiş və həmin şikayətdə göstərilənlərin iş materialları ilə inkar olunmasına qiymət verməmişdir. Cavabdehin apelyasiya şikayətindən görünür ki, o, heç zaman bankın Şamaxı filialına müraciət etməmiş və oradan kredit götürməmiş və ipoteka predmeti olan avtomobili almamış, məhkəmə qətnaməsindən 2018-ci ilin dekabr ayında xəbər tutmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehlə bank arasında kredit müqaviləsi bağlanmaqla həmin müqavilədəki imza onun tərəfindən icra olunmuşdur. İşdən görünür ki, cavabdehlə kredit müqaviləsindən başqa eyni zamanda ipoteka müqaviləsi bağlanmışdır. Belə olduqda, ipoteka müqaviləsindəki imzanın da kimin tərəfindən icra edilməsinin yoxlanılması iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi ekspert qarşısında ipoteka müqaviləsindəki “ipoteka qoyan” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmaması barədə sual qoymamış və həmin məsələ üzrə nə ekspert rəyi verilməmiş, nə də məhkəmə kollegiyası tərəfindən ona qiymət verilməmişdir. İşdən görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi 7 yerdə, ipoteka müqaviləsi isə 3 yerdə imzalanmışdır. Bundan əlavə, kreditin verilməsi barədə tərtib edilmiş sənədlərə cavabdehin şəxsiyyət vəsiqəsinin və avtomobilin texniki pasportunun surətləri əlavə edilmişdir. Göstərilən vəziyyətdə cavabdehin kredit götürməsi üçün heç zaman bankın Şamaxı filialına müraciət etməməsi barədə göstərdikləri tam əsassız olmuşdur. İşdən görünür ki, tərəflər arasında həm kredit, həm də ipoteka müqaviləsi bilavasitə onların iştirakı ilə bağlanmış və imzalanmışdır. İşdən görünür ki, cavabdeh tərəfindən kredit minik avtomobilin alınması məqsədi ilə götürülmüş və həmin avtomobil də onun öhdəliklərinin təminatı kimi ipoteka qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmaqla onun adına qeydiyyat şəhadətnaməsi verilmiş və bankın işin 11-ci səhifəsində olan arayışına görə cavabdeh tərəfindən 5 dəfə xx xxxx 2012-ci il, xx xxxxxx 2012-ci il, xx xxxxxxx 2012-ci il, xx xxxxxx 2012-ci il və xx xxxxxx 2013-cü il tarixlərdə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 2681,2 ABŞ dolları məbləğində banka ödənişlər edilmişdir. İşin sadalanan halları cavabdehə müqavilədə göstərilən kreditin verilməməsinin deyil, daha çox verilməsi gümanına gəlmək üçün əsas verməsinə baxmayaraq məhkəmə kollegiyası tərəfindən həqiqətə nail olmaq üçün işdə olan bütün sübutlara qiymət verilməmişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə cavabdehlə bank arasında kredit müqaviləsinin bağlanması istisna olunmur. Apelyasiya instansiyası məhkəməsinin yalnız kassa məxaric orderinin əslinin məhkəməyə təqdim olunmaması səbəbindən cavabdehə kreditin verilməsi barədə sübutun olmaması əsası ilə iddianı rədd etməsi belə bir qənaətə gəlməyə əsas verir ki, cavabdeh onunla kredit müqaviləsinin bağlanmasını bilmişdir. Belə olduqda, cavabdeh ona kreditin verilməsini və bankın bununla bağlı öhdəliyini icra etməsini tələb etməli idi. Lakin işdən görünür ki, cavabdeh bütün bu müddət ərzində nə müqavilənin ləğvini, nə də müqavilədə müəyyən olunmuş kreditin ona verilməsini tələb etməmişdir”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etdiyi zaman hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3609/2014 saylı iş üzrə xx xxxx 2014-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun məbləği apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat Cavabdeh alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2771/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2771/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver