Məhkəmə qərarları › İş №2(103)-2775/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2775/2023

27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2775/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 641/2023 saylı, 13 fevral 2023-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X11, xx.xx.2010-cu il tarixdə X12, xx.xx.2014-cü il tarixdə X9 və X10 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-525/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 iddiaçının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırda “İctimai səhiyyə və islahatlar mərkəzi” X21 komputer üzrə operator vəzifəsində çalışır, əmək haqqı 458 manat təşkil edir. Cavabdeh avtomobilllərin təmiri üzrə çilinqər vəzifəsində işləyir, əmək haqqı 350 manatdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 880 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qaydasında tutulmuş aliment məbləği hazırda uşaqların tələbatını ödəmir. Uşaqlar balaca olduqlarından tez-tez xəstələnir. Onların müalicəsinə dərman almaq üçün pul vəsaiti çatmır. O, dəfələrlə cavabdehdən uşaqların saxlanılması üçün maddi köməklik tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən hazırki məbləğ artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 880 manat sabit pul məbləğində aliment məhkəmə qaydasında cavabdehdən alınaraq ona ödənilməlidir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 641/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-525/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin artırılması, Cavabdeh qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 180 manat olmaqla, cəmi 720 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, məhkəmə xərcləri – 56,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim X14)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq, hesab etmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-525/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 180 manat olmaqla, cəmi 720 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 76-cı, 78-ci, 100.2-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci, 112.1.3-cü, 119.2-ci, 217.4cü, 233.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci, “Uşaq hüquqları haqında” Qanunun 13-cü, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunun adi qaydada üst-üstə toplanılması nəzərdə tutulmamışdır. Belə ki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair iddiaçı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Hazırki işdə də iddiaçı onun qazancının artmasına, yaxud maddi vəziyyətinin müsbətə doğru dəyişməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, alimenti onun qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində istəmişdir. Lakin alimentin tutulması barədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra onun maddi vəziyyətində hər hansı dəyişikliyin olması da təsdiq olunmur. İddiaçının onun daha artıq qazancının və digər gəlirlərinin olması barədə mötəbər sübut əldə edərsə, sabit pul məbləğində və ya aylıq qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi yenidən məhkəməyə müraciət etməyə hansısa maneə mövcud deyil. Əksinə alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra iddiaçı özü də “Sağlam ailə” Medikal Mərkəzdə tibb bacısı işlədiyindən onun özünün də kifayət qədər qazancı və gəliri vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, onun maddi imkanı aşağıdır, anası öz təqaüdündən ona maddi dəstək göstərir. Həmçinin, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, avtomobil çilingəri vəzifəsində işləyir. Əmək haqqı 345 manat təşkil edir. Aliment məbləğindən başqa iddiaçı ondan heç nə tələb etmir, lakin o, aliment məbləğindən əlavə də uşaqlarına pul xərcləyir. Məsələn, uşaqları ilə ayda 1-2 dəfə görüşür və uşaqlar onunla vaxt keçirəndə onların istədikləri geyim əşyalarını və qidanı onlara alır, habelə onların əyləncə mərkəzində vaxt keçirmələrini təmin edir.

11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, habelə cavabdehin izahatını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

23. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına, habelə onun maddi vəziyyətinin müsbətə doğru dəyişməsinə dair məhkəməyə hər hansı sübutun təqdim edilmədiyini, alimentin onun qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tələb edildiyini, halbuki alimentin tutulması barədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra onun maddi vəziyyətində hər hansı dəyişikliyin olmasının təsdiq olunmadığını, alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra iddiaçının “Sağlam ailə” Medikal Mərkəzində işə düzəldiyini və kifayət qədər qazanca və gəlirə malik olduğunu bildirir.

24. Lakin nəzərə alınmalıdır ki, iddiaçının qeyd etdiyi dəlillər alimentin ondan aylıq qazancının müəyyən hissəsi kimi tutulması üçün əsas ola bilməz. Belə ki, iddiaçının tələbinə uyğun olaraq, aliment cavabdehdən sabit pul məbləğində tutulmuş, hazırda da iddiaçı alimentin bu qaydada tutulmasının davam etdirilməsini tələb edir. Digər tərəfdən alimentin bu qaydada tutulması çətinlik yaratmış olacaqdır.

25. Nəzərə alınmalıdır ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2021-ci il) qəbul edilməsindən 1 ildən artıq müddət ötmüş, sonrakı dövrdə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2023-cü ildə bir uşaq üçün 220 manat təşkil etmişdir. Bu baxımdan cavabdehdən hər uşaq üçün tutulan 150 manat aliment miqdarı artıq 2021-ci ildə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna (175 manat) uyğun olmamışdır. Alimentin bu miqdarda saxlanılması uşağı həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər də uzaqlaşdırır.

26. Bununla belə, hazırki mübahisəyədək cavabdehin hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 600 manat məbləğində aliment ödəmək öhdəliyi artıq yaranmışdır. Bu məbləğ cavabdehin istinad etdiyi əmək haqqı (350 manat) məbləğindən 1.7 dəfə artıqdır. Buna baxmayaraq, bu hal ötən dövr ərzində cavabdehə aliment öhdəliklərini icra etməyə mane olmamışdır. Hər bir halda, cavabdeh tərəfindən aliment məbləğinin ödənilməsi ilə bağlı gecikmələrin yaranması müəyyən edilmir. Cavabdeh də bu barədə hər hansı qəti fikir söyləmir.

27. Hazırki vəziyyətdə isə cavabdeh ümumilikdə ödədiyi 600 manat məbləğindən əlavə olaraq hər ay (720 - 600 = 120 / 4 = 30 manat) hər uşağa münasibətdə 30 manat, ümumilikdə isə 120 manat məbləğində ödəniş etməlidir. Cavabdeh özü də aliment məbləğindən əlavə də uşaqlarına pul xərclədiyini etiraf edir və buna sübut kimi, uşaqları ilə ayda 1-2 dəfə görüşdüyünü və uşaqların onunla vaxt keçirəndə onların istədikləri geyim əşyalarını və qidanı onlara aldığını, habelə onların əyləncə mərkəzində vaxt keçirmələrini təmin etdiyini bildirir. Bu da öz növbəsində onun bu işləri görmək üçün maddi imkanının olmasına dəlalət edir. Hər bir halda, reallıq nəzərə alınmaqla, iddiaçı etirafına uyğun olaraq artım nəticəsində yaranmış fərqi təşkil edən 30 manat pulu hər bir uşağa hər ay orta hesabla xərcləyir. Bu halın mövcudluğu cavabdehin qeyd edilən məbləğin ödənilməsi üçün maddi vəsaitə malik olmasına və bu baxımdan 2021-ci ilə müqayisədə onun maddi vəziyyətinin müsbətə doğru dəyişməsi qənaətinə gəlməyə əsas verir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, cavabdehin əmək haqqı məbləğinin iddiaçının əmək haqqı məbləğindən 108 manat az olması apellyasiya şikayətinin hər hansı formada təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi hər uşağa münasibətdə 180 manatla məhdudlaşdırılır. Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bir çox (məhkəmə kollegiyası cavabdehin də bəzi məsələlərdə iştirak etməsi barədə etirafını nəzərə alıb, “bütün” deyil, “bir çox” sözündən istifadə edir) xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, “Planlaşdırılmamış xərclər” məfhumu mövcuddur və reallıqda uşaqlarla bağlı tez-tez yaranır. Əksinə məhkəmə kollegiyası hesab edir ki, məhz cavabdehin aylıq əmək haqqı da nəzərə alınmaqla, hər uşaq üçün hər ay müəyyən edilmiş 180 manat hesabına hazırda uşaqların 2023-cü il üzrə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur. Belə ki, bu məbləğ 2023-cü il üzrə uşaqların üçün müəyyən edilmiş yaşayış minimumundan azdır.

29. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

30. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (120x12=1.440 manat) 1.440 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-641/2023 saylı, 13 fevral 2023-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar