Məhkəmə qərarları › İş №2(103)-278/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-278/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-278/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xxxx ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 dekabr 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış 23.07.2018-ci il tarixli “xxxx” ləğv edilməsi, həmin müqavilə əsasında MMC-dən satın aldığı “xxxx” markalı mobil smartfonun (İmei kod: **********84295) MMC-yə geri qaytarılması, smartfona görə MMC-yə ödədiyi 2.057 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 10 manat məbləğində piulun MMC-dən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında 23.07.2018-ci il tarixdə bağlanmış “xxxx” əsasında (yuxarıda qeyd edilən) mobil smartfonu MMC-yə 2.057 manat ödəməklə 1 illik zəmanətlə satın almışdır. Smartfonu aldıqdan qısa bir müddət sonra smartfonun əməliyyat sistemində problem yaranmış, smartfonun ekranı əvvəlcə donmağa başlamış, sonra isə smartfon tamamilə sönərək işləməmişdir. İddiaçı, smartfonu 2019-cu ilin yanvar ayında cavabdeh MMC-nin servis mərkəzinə aparmış, smartfon 15 gündən artıq servisdə qalmışdır. Smartfonu servisdən geri götürdükdə smartfon işləmiş, lakin bir neçə gün sonra smartfonda eyni problemlər təkrarlanmışdır. Bundan sonra iddiaçı 05.03.2019-cu il tarixdə cavabdeh MMC-nin Baş Ofisində səlahiyyətli şəxslərlə görüşmüş, smartfonda yaranmış problemlər barədə onlara bildirmiş və smartfonda yaranmış problemləri özündə əks etdirən video görüntünü onlara göstərmişdir. Onlar da, smartfonu təmir üçün bir daha servisə verməyi iddiaçıya məsləhət görmüş və eyni zamanda bildirmişlər ki, əgər düzəlməsə smartfonu yenisi ilə əvəz edəcəklər. Bundan sonra iddiaçı, rayona getmiş və geri qayıdandan sonra, yəni 02.04.2019-cu il tarixdə smartfonu cavabdeh MMC-yə məxsus təmir servisinə vermişdir. Buna baxmayaraq smartfon düzəlməmişdir. Bunu görən iddiaçı, smartfonun yenisi ilə əvəz edilməsi məqsədi ilə ərizə ilə cavabdeh MMC-yə müraciət etmişdir. Lakin bu günə qədər ərizəyə cavab verilməmişdr. Göründüyü kimi smartfonda olna problemlər istehsal qüsurudur, çünki telefonda yaranmış problem mexaniki zədə deyil və proqram təminatında olan problemdir və bunu düzəltmək mümkün deyildir. Ona görə də, iddiaçı ilə MMC arasında bağlanmış “xxxx” ləğv edilməli, smartfon MMC-yə qaytarılmalı, smartfona görə iddiaçı tərəfindən MMC-yə ödənilmiş 2.057 manat məbləğində pul MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 10.12.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, qüsur smartfonun prosessorunda yaranmışdır, qüsur istehsal qüsurudur və iddiaçı həmin qüsurla bağlı zəmanət müddəti ərzində cavabdeh MMC-yə müraciət etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında 23.07.2018-ci il tarixdə bağlanmış “xxxx” əsasında iddiaçı iddia ərizəsində qeyd edilən mobil smartfonu MMC-dən 2.057 manat ödəməklə 1 illik zəmanətlə satın almışdır. İddiaçının 02.04.2019-cu il tarixli, ********* saylı müştəri müraciətinin surətindən görünür ki, o, smartfonun vəziyyəti barədə MMC-yə məlumat vermişdir. Həmin an üçün smartfonun vəziyyəti “karkasda cızıqlar var, ekranda xırda cızıqlar var, “anti udar”xxxx” kimi təsvir edilmişdir. İddiaçının cavabdeh MMC-yə ünvanlandığı 08.04.2019-cu il tarixli görünür ki, iddiaçı həmin müraciətdə bildirir ki, smartfonu aldıqdan qısa bir müddət sonra smartfonun əməliyyat sistemində problem yaranmış, əvvəl ekran donmağa başlamış, sonra isə smartfon tamamilə sönərək işləməmişdir. O, smartfonu MMC-ya geri qaytarıb smartfona görə ödədiyi pul məbləğinin ona qaytarılmasını MMC-dən xahiş etmişdir. MMC-nin 18.04.2019-cu il tarixli “Zəmanətin ləğv olunmasına dair” aktın surətindən görünür ki, zəmanətin ləğv olunması səbəbi kimi cihazda mexaniki və fiziki zədələr aşkar olunduğunu göstərməklə, zəmanət öhdəliklərinin qeyd olunan hallara şamil edilmədiyi qeyd edilmişdir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 08/02-5/423 saylı 09.04.2019-cu il tarixli müraciətinə əsasən, MMC-nin 23.04.2019-cu il tarixli cavabından görünür ki, iddiaçının istehlakçı hüquqlarının pozulması ilə əlaqədar şikayət ərizəsindəki göstərilən xüsusatlar araşdırılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh MMC-nin mağazasından 27.07.2018-ci il tarixində smartfon almış və sonradan smartfonda aşkar edilmiş qüsurlar barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmişdir. Araşdırma aparıldıqda smartfonun fiziki təsir nəticəsində zədə aldığı müəyyən edilmişdir. Smartfonda aşkar edilmiş qüsurların onun keyfiyyətsiziliyi və istifadəyə yararsız olması ilə əlaqədar olmadığını və bu qüsurların istehlakçı günahından baş verdiyini qeyd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə almağını xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə, mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, xxxxnə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 570.1.1-ci maddəsinin mənasına görə, əgər xxxxndə ayrı qayda olmadıqda, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır Məhkəmə hazırki işin mübahisəsiz halları barədə qeyd edir ki, iş üzrə tərəflər bir ədəd smartfonun alğı-satqısı ilə bağlı razılığa gəlmiş, alıcı olan iddiaçı satıcı olan MMCdən bir ədəd smartfonu, onun dəyərini MMC-yə ödəməklə öz mülkiyyətinə əldə etmişdir. Hazırda iddiaçı iddia edir ki, satış müqaviləsinə əsasən ona satılmış smartfon qüsurlu olmuşdur. Bu səbəbdən smartfon cavabdeh MMC-yə geri qaytarılmalı və ona dəymiş maddi ziyanın əvəzi ödənilməlidir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 581.1-ci maddəsinə görə, satıcı alıcıya keyfiyyəti xxxxnə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.3-cü maddəsinə görə, əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Məcəllənin 587.2-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dər əcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə xxxx icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məcəllənin 588.1-ci maddəsinə görə, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məcəllənin 588.2-ci maddəsinə görə, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. İşə baxmış Rayon Məhkəməsi smartfonun texniki vəziyyətinin müəyyən edilməsi, smartfonda qüsurun mövcud olub-olmaması və mövcuddursa istehsal yoxsa istehlak nəticəsində yaranmasını müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29.010.2019-cu il 22225 saylı ekspert rəyindən görünür ki, iddiaçının cavabdeh MMC-dən aldığı mobil smartfonun tədqiqatların aparıldığı müddət ərzində işlək vəziyyətdə olmuşdur. Tədqiq olunan smartfonda tədqiqatların aparıldığı müddət ərzində hər hansı bir formada müşahidə edilə bilən ləngimələr, donmalar, istismarın qəfildən dayandırılması müşahidə olunmadı. Mobil smartfonun qeydiyyat jurnalında 09.04.2019-cu il, 10.04.2019-cu il, 11.04.2019-cu il tarixlərdə aşkarlanmış xətaların təsnifatı, təsviri rəyin tədqiqi hissəsində qeyd olunmuşdur. Məlumatların texniki mürəkkəbliyini nəzərə alaraq – həmin məlumatlarda aşkar edilmiş xətalar smartfonun işləməsinə hansı formada təsir edə biləcəyini, istismarında maneələrin yaranmasına səbəb olub-olmamasını dəqiqliklə müəyyən etmək “Apple” şirkətinin məhsulları üzrə ixtisaslaşmış mütəxəssislərin rəyi verildikdən sonra mümkün olar. Apellyasiya baxışı zamanı Məhkəmə tərəflər arasında mövcud olan mübahisənin həlli məqsədi ilə “Apple” şirkətinin məhsulları üzrə ixtisaslaşmış “xxxx” MMC-nin (“Alma Servis”) mütəxəssisi cəlb edilməklə əlavə texniki ekspertiza təyin etmiş və araşdırılıb cavabdeh verilməsi üçün ekspertlər qarşısında aşağıdakı sualları qomuşdur: - Ekspertiza tədqiqatına təqdim olunan və iddiaçıya məxsus smartfonun hazırkı texniki vəziyyəti necə qiymətləndirilir? - Həmin smartfonda hazırda hansı qüsurlar mövcuddur və bu qüsurlar onun tam istismarına nə kimi maneə yaradır? - Həmin smartfonda mövcud olan qüsurların yaranmasına səbəb nə olmuşdur (qüsur istehsalçıya aid qüsurdur və ya artıq telefonun istifadəsi zamanı yaranmış qüsurdur)? Məhkəmə Ekspertiza Mərkəzinin 16.04.2021-ci il tarixli 5/268 saylı rəyindən görünür ki, iddiaçıya məxsus mobil smartfon tədqiqat aparıldığı müddətdə işlək vəziyyətdədir. “xxxx” MMC-nin mütəxəssisi tərəfindən icra olunmuş baxış prosesi haqqında akt tərtib edilərək ekpert rəyinə əlavə olunmuşdur. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə ekspertizanın təyini haqqında qərarda qoyulmuş ““Həmin smartfonda hazırda hansı qüsurlar mövcuddur və bu qüsurlar onun tam istismarına nə kimi maneə yaradır?” və “Həmin smartfonda mövcud olan qüsurların yaranmasına səbəb nə olmuşdur (qüsur istehsalçıya aid qüsurdur və ya artıq telefonun istifadəsi zamanı yaranmış qüsurdur)?”” Sualların cavablandırılması üzrə tədqiqat işini aparılması mümkün olmamışdır. Bundan başqa, rəyin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, qeyd olunan sualların cavablandırılması məqsədi ilə mobil smartfon sökülərək daxili platasına baxış keçirilməsi zəruriliyi iddiaçının diqqətinə çatdırılmış, lakin iddiaçı smartfonun sökülməsinə icazə verməmiş və buna görə də yuxarıdakı sualların cavablandırılması mümkün olmamışdır. Ekspertizanın rəyə əlavə edilmiş “xxxx” MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş 13.04.2021-ci il tarixli aktdan görünür ki, iddiaçıya məxsus mobil smartfon sökülmədən xarici baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur: - smartfonun ekranının sağ yuxarı hissəsində gördüyü zərbə nəticəsində üst şüşəsinin qırılması və yuxarıdan aşağıya doğru çatın olması müəyyən olundu; - smartfonun ekranının korpusa bərkidilməsi üçün nəzərdə tutulmuş vintlərin yerində olmaması aşkar olundu; - smartfonun yuxarı qulaq dinamikində musiqi dinləndiyi zaman xışıltı müəyyən olundu; - smartfonun diaqnostikası nəticəsində qeyd olunan mobil smartfonun enerji blokunun (batereya) maksimal 89% olması müəyyən olundu; - smartfona xarici baxış zamanı cihazda öncədən servis müdaxilə olma izləri müəyyən olundu. Məhkəmə ekspert rəyini, mütəxəssis aktını və iş materiallarını araşdıraraq qeyd edir ki, rəyi və aktı şübhə altına alacaq hallar mövcud deyil, iddiaçı, rəyi və aktı şübhə altına ala biləcək sübutları təqdim etməyib. Smartfon işlək vəziyyətdədir. Smatrfonun üzərində onun istifadəsi zamanı yaranmış zədələr mövcuddur. İstehsalçıya aid qüsurların mövcud olub-olmaması halının iddiaçının smartfonun sökülməsinə icazə verməməsi səbəbindən araşdırmaq mümkün olmamışdır. Yaranmış vəziyyəti nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, yaranmış qüsurların yaranma səbəbini iddiaçının özünün istəyi ilə müəyyən etməyin mümkün olmamasını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsassızdır. MPM-nin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Göstərilən prosessual hüquq normalarının tələbindən çıxış edən Məhkəmə bildirir ki, iddiaçının mövqeyi sübuta söykənmir. İş materiallarına əlavə edilmiş və yuxarıda adıçəkilən sübutların mövcudluğunu da nəzərə alan Məhkəmə bu qənaətə gəlir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür, işin faktiki hallarına uyğundur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 dekabr 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar