Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2783/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abdulzadə Aydan Bayraməli qızının cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru, “X10 Kredit Təşkilatı” MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2783/2025 (Açar sözlər: icra qeydinin mübahisələndirilməsi və əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Abdulzadə Aydan Bayraməli qızının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Abdulzadə Aydan Bayraməli qızının cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru, “X10 Kredit Təşkilatı” MMC-yə qarşı “kredit müqaviləsi üzrə artıq hesaplanmış faiz borcunun və dəbbə pulunun silinməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-72/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Abdulzadə Aydan Bayraməli qızı cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru, “X10 Kredit Təşkilatı” MMC-yə qarşı “kredit müqaviləsi üzrə artıq hesaplanmış faiz borcunun və dəbbə pulunun silinməsi və s.” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli icra qeydi qanunsuz olduğundan ləğv edilməsi və "xxxx" BOKT MMC ilə aralarında bağlanmış 2021/00959 saylı kredit müqaviləsi üzrə 37849.98 AZN əsas borc (otuz yeddi min səkkiz yüz qırx doqquz manat doxsan səkkiz qəpik), 13599.98 AZN faiz borcu (on üç min beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik),18270.00 AZN dəbbə pulu (on səkkiz min iki yüz yeddi manat) olmaqla cəmi 69719.96 məbləğində qeyri dəqqiq hesablanmış ziddiyətli faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli 2021/00959 nömrəli kredit müqaviləsinə əsasən reyestr saylı İpoteka müqaviləsinə əsasən borc alan İddiaçı cavabdeh "xxxx" Bokt MMC-dən illik 32% faiz dərəcəsi ilə 24 ay müddətinə 45.000 (qırx beş min) manat kredit götürmüşdür. Öhdəliyin icrasını təmin edilməsi üçün Bakı şəhəri 53 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 2021/00959-İP nömrəli ipoteka müqaviləsinə əsasən isə anası X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Babək küçəsi, 0,0250 ha torpaq sahəsi və üzərində yerləşən 153.50 kv.m. ümumi, 83.2 kv.m. yaşayış sahəsindən ibarət, 1 mərtəbəli, 5 otaqlı 27C saylı fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. Bakı şəhəri 25 saylı Notariat Ofisinin icra qeydinə əsasən cavabdeh əsassız olaraq ondan 45.000 manat götürdüyü kredit məbləğinin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan 2021/00959 nömrəli saylı kredit üzrə 37849.98 AZN əsas borc (otuz yeddi min səkkiz yüz qırx doqquz manat doxsan səkkiz qəpik), 13599.98 AZN faiz borcu (on üç min beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik), 18270.00 AZN dəbbə pulu (on səkkiz min iki yüz yeddi manat) olmaqla cəmi tutulmaqla 69719.96 borcu tələb etmişdir. Cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixli icra qeydi almış və Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən tələb olunan 69719.96 (altmış doqquz min yeddi yüz on doqquz manat doxsan altı qəpik) məbləğində cavabdeh "xxxx" Bokt MMC tərəfindən öz maraqlarını nəzərə almaqla hesablanmış və həqiqətə uyğun olmadığı üçün qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, barəsində Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin mövcud olduğunu, 04 oktyabr 2023-cü il tarixində Bakı Şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru evin şəkillərinin çəkilərək qiymətləndirməyə təqdim edilməsi üçün mənzilə buraxılmasını tələb etdikdə bilmiş və məlumatı olmuşdur. Beləliklə, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən ondan 37849.98 AZN əsas borc (otuz yeddi min səkkiz yüz qırx doqquz manat doxsan səkkiz qəpik), 13599.98 AZN faiz borcu (on üç min beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik), 18270.00 AZN dəbbə pulu (on səkkiz min iki yüz yeddi manat) olmaqla borcu tələb edilir. Nəzərə alınsa ki, kredit məbləğinin təxminən 12.000 manat məbləğindən artıq hissəsini qrafikə uyğun ödəmiş, ödədiyi məbləğin müəyyən hissəsi əsas borca digər hissəsi isə faiz borcuna silindiyi üçün təqribən onun cavabdehə olan borcu təxminən 40.000 manat civarında olmalıdır. Lakin Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli icra qeydinə əsasən 69719.96 ( altmış doqquz min yeddi yüz on doqquz manat doxsan altı qəpik) məbləği ondan tutularaq cavbdehə ödənilməsi tələb olunur. Hesab edir ki, rəqəmlər arasında olan ziddiyət cavabdeh "xxxx" Bokt MMC tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanmışdır və həqiqətə uyğun deyil. Borclu kimi maraqlarına toxunan Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi bu qaydada icra edilə bilməz və onun icrası İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsininin tələblərinə uyğun olaraq məcburi dayandırılmalıdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-72/2025 saylı qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbi təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 422.1, 422.2.2, 423.2, 442, 527.1 və 527.2-ci maddələri, “Notariat haqqında” AR Qanununun 76 və 79-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 103.1, 103.2, 106.1, 119.1, 206.1, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətini iddia tələbinin mahiyyətinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, notariat icra qeydinin aparılması barədə tələbkarın təqdim etdiyi sənədlərə baxış keçirdiyi ilk anda borcun məbləği və ipoteka predmetinin qiyməti mübahisəli olduğuna birbaşa işarə verməyinə baxmayaraq, hətta tutmanın ipotekaya yönəldilməsi barədə bildirişin borcluya çatdırılmamasını bildiyi halda icra qeydini qanunsuz olaraq vermişdir. Qanunda göstərildiyi kimi poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra o halda nəzərdə tutulur ki, rəsmi qaydada poçt qəbzi “Azərpoçtun” vasitəsi və yaxud ciddi poçt xidmətləri tərəfindən göndərilir. Amma hazırki məhkəmə baxşışı zamanı araşdırılan və tədqiq olunan icra qeydi ilə bağlı notariat işinin içərisində olan sənədlərdən məlum olmuşdur ki, bildiriş xüsusi kuryer poçtları tərəfindən göndərilmiş olsa da, onun borclu tərəfindən alınmasını təstiq edən hər hansı bir mötəbər sənəd əldə edilməmişdir. Əksinə olaraq bildirişin poçt qəbzində Quliyev Rüfət adlı şəxs adından alması qeyd edilir. Məhkəmə iclaslarında da həmin şəxsin borclu ilə hər hansı qohumluq və sair əlaqəliyi müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsini xahiş etmişdir.
b) Proses iştirakçılarının izahatı
8. İddiaçı Abdulzadə Aydan Bayraməli qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.
10. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmənin iclasında iştirak etməmiş üçüncü şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (mübahisənin mövcud olduğu zaman qüvvədə olan redaksiyada)
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
15. Maddə 445.2.2 İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
16. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
17. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
18. Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
19. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
20. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
22. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
23. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
24. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
25. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
26. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”
27. Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
28. Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barəd şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
37. Birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarının tətbiq olunmasında yanlışlığa yol vermiş və iş üzrə təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.
38. Belə ki, hazırki iş üzrə iddiaçının tələbi ondan ibarətdir ki, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli icra qeydi qanunsuz olduğundan ləğv edilməli və borc üzrə hesablanmış faiz və dəbbə əsassız olduğundan silinməlidir.
39. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Kollegiya ilk növbədə iddia tələbinin əsassız hesablanmış borcun silinməsi ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
41. Belə ki, ipoteka saxlayan “X10 Kredit Təşkilatı” MMC, ipoteka qoyan X2, borc alan İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00959-İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna küçəsi, 00250 ha torpaq sahəsi və üzərində yerləşən 153.50 kv.m., sahəsindən ibarət 1 mərtəbəli, 5 otaqlı 27C saylı fərdi yaşayış evi 24 noyabr 2021-ci il tarixli 2021/00959 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.3-cü məddəsinə əsasən ipoteka predmetinin dəyəri 102.000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 7.6-cı maddəsindən görünür ki, ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır.
42. İş materiallarındakl xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçıdan tələb olunan borcun məbləği 37849.98 AZN əsas borc (otuz yeddi min səkkiz yüz qırx doqquz manat doxsan səkkiz qəpik), 13599.98 AZN faiz borcu (on üç min beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik), 18270.00 AZN dəbbə pulu (on səkkiz min iki yüz yeddi manat) olmaqla cəmi 69719.96 AZN ( altmış doqquz min yeddi yüz on doqquz manat doxsan altı qəpik) təşkil edir.
43. İddiaçının borcun əsassız hesablanmasına dair mövqeyinin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 01 noyabr 2024-cü il tarixli, 9/8178 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00959 saylı kredit müqaviləsin əsasən Abdulzadə Aydan Bayraməli qızının kredit müddətinin sonuna, yəni xx.xx.2023-cü il tarixinə “X10 Kredit Təşkilatı” MMC-yə yaranmış borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 37.770,89 manat; faiz borcu üzrə - 19.003,67 manat.
44. Beləliklə, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəmələrində aparılan araşdırma zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan iddiaçının faizlərin düzgün hesablanmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertizanın nəticəsində təqdim olunan ekspert rəyindən də görünür ki, iddiaçının müqavilə bitən müddətə, yəni xx.xx.2023-cü il tarixinə “X10 Kredit Təşkilatı” MMC-yə əsas borc üzrə 37.770,89 manat, faiz borcu üzrə 19.003,67 manat, yəni Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydində göstərilən məbləğdən daha çox olduğu müəyyən edilmişdir.
45. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Aparılmış tədqiqatdan da göründüyü kimi hazırki iş üzrə iddiaçı cavabdeh tərəfindən hesablanmış faiz və cərimə məbləğləri ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmamasını təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini də əsassız hesab edir.
47. Məhkəmə iddianın cərimə borcunun tutulmasının əsassız olması ilə bağlı şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
48. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmiş, bununla da cərimənin tələb edilməsi üçün qanunvericiliklə müəyyən olunan əsaslar mövcud olmuşdur. İddiaçı isə bu əsasların hazırki iş üzrə tətbiq edilməsini istisna edən hər hansı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
49. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri borcun silinməsi hissəsində əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə icra qeydinin ləğvinə münasibətdə isə aşağıdakıları qeyd edir.
50. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsindən göründüyü kimi icra qeydinin verilməsi üçün iki şərt eyni zamanda mövcud olmalıdır: 1. Borcun mübahisəsiz olduğunun təsdiq edilməsi; 2. Qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş müddətin keçməməsi.
51. Bu normanın təhlili onu deməyə əsas verir ki, borcun mübahisəsiz olmasının müəyyən olunmasında həlledici məqam onun ilkin dəlillərlə ağlabatan olması və tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin borcluya çatdırılmasının müəyyən edilməsidir.
52. Hazırki iş üzrə iddiaçı icra qeydində göstərilən borc məbləği barəsində xəbərdar edilmədiyini bildirmiş və xəbəri olsa idi, bu cür böyük məbləği mütləq şəkildə mübahisələndirəcəyini qeyd etmiş, cavabdeh isə bütün xəbərdarlıq müddətlərinin gözlənildiyini bildirərək iddiaçının müvafiq bildirişi təhvil almasına istinad etmişdir.
53. İşin faktiki hallarından görünür ki, iddiaçının borcun mübahisəsiz olduğunu düşünməsi və bu barədə vaxtında xəbər tutması halında mübahisələndirməməsinin mümkün olmaması barədə dəlilləri birmənalı əsassız hesab edilə bilməz. Çünki borcluya kredit müqaviləsi üzrə hesablanan 37849.98 AZN əsas borc (otuz yeddi min səkkiz yüz qırx doqquz manat doxsan səkkiz qəpik), 13599.98 AZN faiz borcu (on üç min beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik), 18270.00 AZN dəbbə pulu (on səkkiz min iki yüz yeddi manat) olmaqla cəmi tutulmaqla 69719.96 manat borc hesablanmışdır. Bu məbləğ müqavilə şərtlərinə uyğun olsa da, formalaşmış məhkəmə təcrübəsində tətbiq edilən cərimə məbləğindən dəfələrlə çoxdur və borclunun bildirişi aldığı halda, kreditorun həmin məbləğdə dəbbə pulu tələb etməsinə borclunun etiraz etməməsi ağlabatan görünmür. (oxşar hüquqi mövqe - AR Ali Məhkəməsinin 2(102)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarı, 51.bəndi)
54. Məhkəmə isə xx.xx.2023-cü il tarixdə “Quliyev Rüfət” adlı şəxs tərəfindən qəbul edilmişdir” kimi göndəriş sənədinə istinad edərək bildirişin cavabdehə çardırıldığı və tələb qarşı etiraz etmədiyi barədə nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının icra qeydinin aparılmasına dair bildirişin ona çatdırılmadığı barədə dəlilini xüsusi olaraq araşdırmamış, bildirişi qəbul edən şəxsin, həqiqətən də, müvafiq qanunvericiliyə uyğun olaraq iddiaçının qohumu olması və ona təqdim edilməsi ilə bildirişin artıq çatdırılmış hesab olunmasına dair hər hansı əsas olmadan bu halı görməzdən gəlmişdir.
55. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
56. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi “Notariat haqqında” Qanunun 76-cı maddəsi, “İpoteka haqqında” Qanunun 36-37-ci maddələri, habelə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndinin müddəalarının tələbləri tam formada gözlənilmədən aparıldığından mübahisəli icra qeydi ləğv edilməlidir.
57. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin ləğv olunması, tərəflər arasında olan müqavilə münasibətlərinin xitamına gətirib çıxara bilməz. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır.
58. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Hazırki işdə icra qeydinin və müqavilə münasibətlərinə xitam verilmənin əsasını təşkil edən, kreditorun borcluya (hazırki iş üzrə iddiaçı) öz iradə ifadəsini əks etdirən bildirişin, borclu tərəfindən əldə olunmadığı və həmçinin, müqavilə azadlığı prinsipindən irəli gələn halları rəhbər tutmaqla, tərəflər arasında müqavilə münasibətlərinin davam etdiyi qənaətinə gəlmək mümkündür.
59. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra qeydinin ləğvi ilə bağlı mübahisəyə tətbiq edilməli olan maddi hüququ normasını düzgün tətbiq etməmiş, işin bütün hallarını lazımi qaydada araşdırmamış və bu halların hərtərəfli qiymətləndirilməsini həyata keçirməmişdir. Buna görə də iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli icra qeydi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-72/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli icra qeydi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov