Məhkəmə qərarları › İş №2(103)-2784/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2784/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2784/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı “X7” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(007)-2784/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" KB ASC tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli, UB- Bank/PİKMD/1144708 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASCyə 990,75 manat əsas, 264,77 manat cərimə borcu olmaqla, cəmi 1255.52 manat borcu vardır.

2. "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə 3 iş günü ərzində borcunun ödənilməsini, aralarındakı bağlanan kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

3. "xxxx" KB ASC tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, həmin sənədlə "xxxx" KB ASC təsdiq etmişdir ki, Cavabdeh onların bankında AZ83UBAZ**********1010AZN001 (kartın nömrəsi:409809NVİGJF8150) saylı kart hesab vardır və Cavabdeh 09 dekabr 2022-ci il tarixdə 990,75 manat overdraft borcu yaranmışdır.

4. "xxxx" KB ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 30 iyun 2022ci il tarixdə (saat 22:07:51) Cavabdeh hesabına 996 manat mədaxil edilmiş və balans 997,25 manat təşkil etmişdir.

5. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, onun ərizəsi əsasında bank tərəfindən ona debet (hesab) kartı açılmışdır. 30 iyun 2022ci il tarixdə həmin karta 996 manat mədaxil edilmiş, eyni gündə bank tərəfindən 2-ci dəfə onun kartına həmin məbləğin mədaxil edilməsi halı olmamışdır və bunu sübut edən heç bir sənəd mövcud deyildir. Hətta bankın özünün 03 noyabr 2023-cü il tarixdə ona təqdim etdiyi çıxarışda belə həmin gün onun hesabına bankdan hər hansı vəsaitin daxil olmadığı açıq şəkildə görünür. 30 iyun 2022-ci il tarixindən etibarən onun kartına X4 və X9 tərəfindən ayrı-ayrılıqda 2 dəfə vəsait köçürülmüşdür və onun çıxararaq istifadə etdiyi vəsait ona köçürülmüş məbləğlərdən artıq olmamışdır. Bu səbəbdən də, Cavabdeh ona qarşı bank tərəfindən irəli sürülmüş iddia tələbinin əsassız hesab edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, “Milliön” elektron ödəmə sistemi vasitəsilə həmin tarixdə Cavabdeh kartına 1000 manat məbləğində pul vəsaiti daxil edilmiş, ondan 4 manat komissiya məbləği çıxılmaqla, karta 996 manat məbləğində vəsait mədaxil edilmişdir.

7. "xxxx" KB ASC ilə İddiaçı2 ASC arasında bağlanmış 23 aprel 2024-cü il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə əsasən bank Cavabdeh qarşı olan 1049,31 manat məbləğində tələb hüququnu sonuncuya satmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. "xxxx" KB ASC iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 990,75 manat məbləğində əsas overdraft borcunun, 264,77 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 1255,52 manat borcun və 32,56 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 aprel 2022-ci il tarixli ərizəsi və 28 dekabr 2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. Kartın istifadəsi zamanı 30 iyun 2022-ci il tarixdə cavabdeh kartına 996 manat mədaxil etmişdir. Eyni gündə həmin məbləğin onun balansına 2-ci dəfə oturması ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. 28 dekabr 2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. 28 dekabr 2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. X8 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğində qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. 10 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(007)- 2784/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə və 28 dekabr 2021-ci il tarixli ümumi oferta üzrə 990,75 manat əsas (overdraft) borc, 26 manat cərimə borcu olmaqla, cəmi 1016,75 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 32,56 manat dövlət rüsumunun 81 %, yəni 26 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 19 %, yəni 6,56 manat iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Qətnamənin əsaslarına görə ilk növbədə qeyd edilməlidir ki, overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur. Eyni zamanda iqtisadi lüğətdən çıxarışdan görünür ki, overdraft – müştəri tərəfindən bankda olan özünəməxsus kredit qalığından artıq həcmdə vəsait göstərməklə kredit həddini aşması vəziyyətidir. Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir. İşin faktiki hallarından görünür ki, texniki overdraft nəticəsində 2022-ci ilin iyun ayının 30-da iddiaçı bank tərəfindən cavabdehin kart hesabına 996 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh iddia ərizəsinə yazılı etirazda və eyni zamanda məhkəmə iclasında verdiyi izahatında 30 iyun 2022-ci il tarixindən etibarən onun kartına X4 və X9 tərəfindən ayrı-ayrılıqda 2 dəfə vəsait köçürüldüyünü və onun çıxararaq istifadə etdiyi vəsaitin ona köçürülmüş məbləğlərdən artıq olmadığını bildirsə də, həmin faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh müqavilə üzrə iddiaçı "xxxx" KB ASC tərəfindən ona verilmiş debet (hesab) kartına yerləşdirdiyi məbləğdən artıq məbləğin xərclənməsinə yol verdiyindən və bu fakt iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsas borcun (overdraft) tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh 990,75 manat pul vəsaiti (overdraft) tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği hesablanmış məbləğin 10%-dək azaldılaraq, Cavabdeh kredit müqaviləsi üzrə 26 manat cərimə tutulmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 427, 442, 448, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddia tələbinin əmin edilən hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayətin dəlillərinə görə, 30 iyun 2022-ci il tarixində Cavabdeh kartına X4 və X9 tərəfindən ayrı-ayrılıqda 1000 AZN (komissiya məbləği: 4.0, çıxarılan məbləğ: 996 AZN), 2 dəfə vəsait köçürülmüşdür və onun çıxarıb istifadə etdiyi vəsait ona köçürülmüş məbləğlərdən artıq olmamışdır. X1 1000 AZN pulun qəbzini (MilliÖn Ter 01807.Tarix: 30 iyun 2022 18:25:04) 20 fevral 2024-cü il tarixində Binəqədi Rayon Məhkəməsinə təqdimetmışdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pulməbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-cimaddəsinə əsasən,əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılmasıilə bir vaxtda ödənilməlidir. Qətnamə tam və hərtərəfli araşdırılmadan çıxarılmışdır. Beləliklə maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(103)-2784/2024 nömrəli qərardadına əsasən mübahisənin predmetini cavabdehin hesabına pul vəsaitinin köçürülüb – köçürülməməsi, hesabdan hansı məbləğdə pul vəsaitinin çıxarılması təşkil etdiyinz görə bu məsələlərin araşdırılması xüsusi bilik etdiyindən məhkəmə - mühasibatlıq ekspertizası təyin olunmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-9/5543/2024 saylı ekspert rəyində qeyd olunmuşdur ki, bankdan təsdiq olunmuş formada təqdim olunan çıxarışa əsasən cavabdehin kart hesabı üzrə 03.06 - xx.xx.2022-ci il tarixlərdə “MPAY-e manat” ödəniş sistemi vasitəsilə 9 halda cəmi 233,00 manat (MPAY-e Manat Sistemi Взнос средсв на карту ************Q15Q терминал - paypoint_MPAY nağd mədaxil), xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 1 halda 20 manat (“CARD: xxxxxxxxxxxx8150 TRANSACTİON DETAİLS: xx/xx/2022 944 20 AZE BAKU RABİTƏBANK C2C BKM kartan karta) və 30 iyun 2022-ci il tarixdə Komtex ödəniş sistemi vasitəsilə 1 halda 996,00 manat ("UN İ BAN К Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti Взнос средсв на карту ************Q15Q терминал paypoint_KOMTEK), 01 iyul 2022-ci il tarixdə bankın kredit vəsaitləri hesabına 2 halda 990,75 manat məbləğdə mədaxil (bankdan təqdim olunan hesabdan çıxarışa və rəsmi arayışa əsasən 990,75 manat məbləğdə kredit vəsaitləri cavabdeh tərəfindən həmin tarixlərdə bankomat vasitəsilə 990,00 manat nağd vəsait çıxardarkən və 2 manat məbləğdə Baksell ödənişləri apararkən cari hesabında kifayət qədər vəsait olmadığı üçün texniki xəta nəticəsində cavabdehin kart hesabına virtual kredit vəsaiti kimi oturmuşdur), xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə 4 halda cəmi 2210 manat Bankomat (ATM) vasitəsilə nağd, 08.06 - xx.xx.2022-ci il tarixlərdə 9 halda cəmi 19,35 manat mobil və stasionar telefon ödənişləri, 06 - xx.xx.2022-ci il tarixlərdə 2 halda cəmi 10,40 manat kommunal ödənişlər üzrə məxaric əməliyyatları aparılmışdır. Cavabdehin apardığı ümumilikdə 2239,75 manat məbləğdə məxaric əməliyyatları, kart hesabına virtual kredit vəsaitləri də daxil olmaqla mədaxil olunan 2239,75 manat vəsaitlər daxilində aparılmışdır. Bankdan təsdiq olunmuş formada təqdim olunan çıxarışa əsasən cavabdehin kart hesabına 03.06 - xx.xx.2022-ci il tarixlərdə MPAY-e manat ödəniş sistemi vasitəsilə 9 halda cəmi 233 manat, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən (kartdan karta) 1 halda 20,00 manat və xx.xx.2022-ci il tarixdə Komtex ödəniş sistemi vasitəsilə 1 halda 996,00 manat, xx.xx.2022-ci il tarixdə 2 halda 990,75 manat məbləğdə bankın kredit vəsaitləri; ümumilikdə 2239,75 manat məbləğdə vəsaitlər mədaxil olmuşdur. Bankdan təsdiq olunmuş formada təqdim olunan çıxarışa əsasən xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə 4 halda 2210,00 manat Bankomat (ATM) vasitəsilə nağd, 08.06 - xx.xx.2022-ci il tarixlərdə 9 halda 19,35 manat mobil və stasionar telefon ödənişləri, 06-xx.xx.2022-ci il tarixlərdə 2 halda 10,40 manat kommunal ödənişləri üzrə; ümumilikdə 2239,75 manat məbləğdə məxaric əməliyyatları aparılmışdır. Bankdan təsdiq olunmuş formada təqdim olunan çıxarışa əsasən Cavabdeh "Unibank” Kommersiya Bankı ASC-də olan hesabına (kart hesabına) mədaxil olunan məbləğdən artıq məxaric olunma halı mövcud olmamışdır.Bununla belə, təqdim olunan rəsmi bank çıxarışlara və bankdan verilən rəsmi arayışa əsasən xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən ATM vasitəsi ilə 990,00 manat məbləğində nağd məxaric əməliyyatı (PLASTİK KARTLARLA ƏM. ÜZRƏ MÜŞTƏRİLƏRƏ VERİLMİŞ QİSAMÜDDƏTLİ KREDİTLƏR AZN CARD: xxxxxxxxxxxx8150 TRANSACTİON DETAİLS: xx/xx/2022 23:26:24 944 990.00 AZE BAKU ATM ACEMİ BRANCH 2) və 2,00 manat məbləğdə “Bakcell” mobil operatoruna ödəniş eməliyyatı aparılarkən cavabdehin kart hesabında kifayət qədər vəsait olmamış (PLASTİK KARTLARLA ƏM. ÜZRƏ MÜŞTƏRİLƏRƏ VERİLMİŞ QİSAMÜDDƏTLİ KREDİTLƏR AZN CARD: xxxxxxxxxxxx8150 TRANSACTİON DETAİLS: xx/xx/2022 23:01:27 944 2.00 AZE BAKU BAKCELL) və həmin hesab bankın virtual kredit vəsaiti hesabına möhkəmləndirilmiş və nəticədə 990,75 AZN məbləğində overdraft borcu yaranmışdır.

18. 23 aprel 2024-cü il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə əsasən Cavabdeh qarşı olan 1049,31 manat məbləğində tələb hüququ "xxxx" KB ASC tərəfindən İddiaçı2 ASC-yə satıldığından iddiaçının ərizəsi nəzərə alaraq əsl İddiaçı2 ASC ilə əvəz edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

20. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. Apellyasiya şikayətinin dəlilllərinin araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş, ekspert rəyi ilə overdraftın mövcudluğu təsdiqini tapmışdır.

26. Bundan başqa apellyasiya şikayətinin dəlillərində eyni məbləğdə vəsaitin müxtəlif şəxslər tərəfindən gün ərzində 2 dəfə ödənilməsinə istinad olunur. Lakin cavabdeh bu qəbzlərdən birini məhkəməyə təqdim etsə də, digər qəbz və ya həmin vəsaitin köçürülməsi ilə bağlı sübut təqdim olunmadığından eyni məbləğdə vəsaitin müxtəlif şəxslər tərəfindən gün ərzində 2 dəfə ödənilməsi barədə dəlil inandırıcı deyildir.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(007)- 2784/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(007)- 2784/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar