Məhkəmə qərarları › İş №2(103)-2785/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2785/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2785/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-52/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə 6.680,34 ABŞ dolları əsas, 5.712,60 ABŞ dolları faiz, 26,49 ABŞ dolları cərimə burcu olmaqla, cəmi 12.419,43 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2014-cü il tarixli 68135749 ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 29 %-lə 24 ay müddətinə 12.700 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 12.752,27 ABŞ dolları təşkil edir və müddəti xx.xx.2022-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Tərəflər arasında bağlanmış kredt müqaviləsinin 4.4.2-ci bəndinə əsasən, borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəməlidir. Həmin müqavilənin 6.1.1ci bəndində qeyd edilmişdir ki, borcalan ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, kreditor verdiyi krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını borclandan tələb edə bilər. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən tərəf digər tərəfə vurulan zərər görə AR-nın qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən. Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlarXəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-52/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.680,34 ABŞ doları əsas borc, 4.207,66 ABŞ dolları faiz borcu, 26,49 ABŞ dolları cərimə borcu olmalqa, ümumilikdə 10.914,49 ABŞ dolları qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 350,0 manat pulun Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-52/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi faiz borcun azaldılması və zaminlərdən birinin zaminliyinə xitam verilməsi hissələrində qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, həmin hissədə borcun tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsində qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 970 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, cavabdehin banka olan faiz borcu 4207.66 manat təşkil edir. Bununla bağlı qeyd etmək istəyirik ki, AR MPM-nin 103.1-ci maddəsində qeyd edilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-52/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Samir Muradzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin faiz məbləğinin müəyyən edilməsi və Cavabdeh3 zaminliyinə xitam verilməsi hissəsində ləğv edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Apelyasiya şikayətində qətnamənin qalan hissələri iddiaçı tərəfindən mübahisələndirilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, İddiaçı ASC-nin “Bayıl” filialı ilə Cavabdeh1 arasında bağlanmış 166-14 USD saylı, xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin “Bayıl” filialı Cavabdeh1 illik 29 % dərəcəsi olmaqla 24 ay müddətinə 12.700 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC-nin “Bayıl” filialı ilə Cavabdeh1 arasında bağlanmış 166-14 USD saylı, xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 №-li, xx xxx 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, kreditin qalıq məbləği 12.752.27 ABŞ dolları təşkil edir və müddəti xx.xx.2022-ci il tarixədək təyin edilir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC-nin “Bayıl” filialı ilə Cavabdeh2 arasında bağlanmış ZM166-14 USD saylı, xx xxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə xx xxx 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, zamin Cavabdeh2 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi və xx xxx 2017-ci il tarixli əlavə sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödə-nilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətinin faiz borcunun az hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalan illik faiz dərəcəsi 29 faiz olmaqla bankdan götürdüyü 12.700 ABŞ dolları krеdit məbləğini 24 ay müddətə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan, İddiaçı ASC-nin “Bayıl” filialı ilə Cavabdeh1 arasında bağlanmış 166-14 USD saylı, xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit hesabı üzrə qrafikdən görünür ki, borcalan Cavabdeh1 illik faiz dərəcəsi 29 % olmaqla 24 ay müddətinə verilmiş 12.700 ABŞ dolları məbləğində əsas borcu 4.191 ABŞ dolları məbləğində faizlər olmaqla cəmi 16.891 ABŞ dolları məbləğində pulu, xx.xx.2014-cü il tarixdən başlayaraq, aylıq 704 ABŞ dolları məbləği həcmində olmaqla xx xxxxx 2016-cı il tarixə kimi kreditora ödəməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 13810 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 6.680,34 ABŞ dolları əsas borcu, 5.712,60 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 970 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 7.453,85 ABŞ dolları əsas borcu, 4.207,66 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, **********537 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə banka 6.680,34 ABŞ dolları əsas, 5.712,60 ABŞ dolları faiz, 26,49 ABŞ dolları cərimə olmaqla, cəmi 12.419,43 ABŞ doları məbləğində borcu vardır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********699 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə banka 7.605,04 ABŞ dolları əsas, 1.507,95 ABŞ dolları faiz, 0.00 ABŞ dolları cərimə olmaqla, cəmi 9.112,99 ABŞ doları borcu vardır. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 970 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyi nəzərə alınmaqla, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC tərəfindən 5.712,60 ABŞ dolları həddində müəyyən edilmiş faiz borcunun 4.207,66 ABŞ dolları həddində müəyyən edilməsi daha düzgün və ədalətli оlardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bundan başqa, məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətinin qətnamənin cavabdeh (zamin) Cavabdeh3 zaminliyinə xitam verilməsi hissəsində ləğv edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan, İddiaçı ASC-nin “Bayıl” filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış ZM166-14 USD saylı, xx xxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kоllegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı yaranmış borcun həmçinin, digər cavabdeh (zamin) Cavabdeh3 müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 №-li xx xxx 2017-ci il tarixli Əlavə Saziş üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq zaminlik müqaviləsi cavabdeh (zamin) Cavabdeh3 ilə deyil, başqa şəxslə, yəni X2 adlı şəxslə bağlanmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə, yəni cavabdeh (zamin) Cavabdeh3 aid hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-52/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-52/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar