Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-279/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 katibliyi, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-721/2023 saylı 18 yanvar 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “Ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında” müqavilə bağlanmış, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ümumi Oferta müqaviləsinə əsasən, borcverən faizlə borcalana istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 450 manat məbləğində kredit xətti açmağı və ssuda hesabı açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 450 manat, faiz borcu üzrə 50,88 manat, cərimə faizləri üzrə 20,10 manat, cərimə borcu üzrə 23,58 manat, cəmi 544,56 manat məbləğində borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 450 manat əsas, 50,88 manat faiz, 20,10 manat cərimə faizləri, 23,58 manat cərimə borcu olmaqla, cəmi 544,56 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 450 manat məbləğində kredit xətti açılmışdır. X3 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16 noyabr 2022-ci il tarixinə "xxxx" KB ASCyə 450 manat əsas, 50,88 manat faiz, 20,10 manat cərimə faizləri, 23,58 manat cərimə borcu olmaqla, cəmi 544,56 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-721/2023 nömrəli, 18 yanvar 2023-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 428.4, 442, 443.1, 448.1, 448.2 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-721/2023 nömrəli, 18 yanvar 2023-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və xx.xx.2021–ci il tarixli ümumi oferta və xx.xx.2021-ci il tarixli kredit müqavilələrinin etibarsız olduğu səbəbindən e-2(006)-721/2023 saylı, xx.xx.2023cü il tarixli qətnamənin tam ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2021-ci il tarixdə özünə məxsus şəxsiyyət vəsiqəsini itirmişdir. Bir müddət keçdikdən sonra isə "xxxx" ASC tərəfindən onun adına kreditin götürülülməsi və borc məbləğinin ödənilməsi tələbi ilə xəbərdarlıq məktubu ilə müraciət olunmuşdur. O, dərhal polis orqanına və banka rəsmi müraciət etmişdir. Bankda verilən məlumata əsasən məlum olmuşdur ki, onun adına kredit məbləği götürülmüşdür. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, şəxsiyyət vəsiqəsini itirdkdən dərhal sonra şəxsiyyət vəsiqəsini tapan şəxs, adına mobil nömrə almış və online (elektron) qaydada "xxxx" ASC-dən adına kredit sifariş vermişdir (kredit kartı açdırmışdır). Həmçinin məlumat üçün bildirir ki, adından Azərbaycan Kredit Bürosuna kredit götürülməsi barədə çoxsaylı müraciətlər edilmişdir. Nə mobil nömrə əldə edilərkən, nə də elektron kredit sifariş olunarkən onun xəbəri olmamış və heç bir sənəddə onun imzası yoxdur. Nəticə etibarı ilə adına bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və onun tərkib hissəsi olan oferta müqaviləsi etibarsız hesab edilməli, adına hesablanmış 544,56 manat borc məbləği və 30,40 manat dövlət rüsumu isə silinməlidir. Bağlanmış abunə müqaviləsində (müqavilə qoşmaya əlavə ediləcəkdir) onun imzası mövcud deyil. Həmin mobil nömrə vasitəsilə sifariş verilmiş kart və bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməlidir. Onun qətnamədə qeyd olunan kredit müqaviləsinə heç bir aidiyyəti yoxdur, həmin müqavilə tərəfindən imzalanmamışdır. Məhkəmə prosesi zamanı məhkəmədə iştirak və sübutların təqdim edilməsi üçün ona bildiriş göndərilməmiş və nəticdədə ziyanına əsassız qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasnı xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 2021ci ilin may ayında pul qabını bütövlüklə itirmişdi, içərisində şəxsiyyət vəsiqəsi, bank kartları, maşının texniki pasportu və bütün sənədləri itmişdi. Bütün sənədlər şəxsiyyət vəsiqəsinin üzərindən qurulduğu üçün ilk öncə şəxsiyyət vəsiqəsini yenilədi. Bunun üçün Asan Xidmət Mərkəzinə müraciət etdi, itirilmə barədə rüsumu da ödədi, 21 mayda yeni şəxsiyyət vəqisəsini aldı. Həmin şəxsiyyət vəsiqəsinin üzərindən bütün sənədlərini təzələdi. 21 fevral 2022-ci il tarixində ona bir məktub gəldi və gördü ki, onun adına pul götürülmüşdü. Kredit noyabr ayının 2-də götürüblər. Şəxsiyyət vəqisəsini tapanlar davamlı olaraq bankalara kreditlə bağlı müraciət ediblər. Vəsiqəsini tapanlar onun adına nömrə alaraq qeydiyyatdan keçiblər. Onun my.gov.az-a giriblər, həmin my.gov.az-dan onun bütün məlumatlarını götürüblər. Nömrəni kimin götürməsi ilə bağlı soruşduqda ona bu barədə məlumat verilmədi. Onun FİN kodu ilə my.gov.az-a girən zaman bütün yeni məlumatlarını götürüblər. Bütün bunların hamısını onun mobil nömrəsi vasitəsilə ediblər. Orada ona dair bütün məlumatlar vardır. Kart verilən zaman üzün eyniləşdirilməsi aparılmadan kart necə təhvil verilmişdir. Orada qeyd olunan mail adresi ona məxsus deyildir. 12.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasnı xahiş etmişdir. Qeyd etmişdir ki, Cavabdeh faktiki olaraq şəxsiyyət vəsiqəsini itirmişdi. Daha sonra həmin şəxsiyyət vəsiqəsi tapılır, “Azərcell”dən mobil nömrə alınır, nömrə cavabdehin adına rəsmiləşdirilir. Daha sonra elektron qaydada həmin nömrə ilə kredit sifariş verilmişdir. Kart kuryer vasitəsilə təhvil verilmişdir. Cavabdehin heç nədən xəbəri olmamışdır. Cavabdeh baş verənlərdən məhkəmə mərhələsində deyil, icra mərhələsində xəbər tutmuşdur ki, artıq iş üzrə məhkəmə qətnaməsi mövcuddur. Kredit cavabdeh tərəfindən götürülməmişdir, kartı kimin təhvil aldığı bilinmir. “Azercell”in müqaviləsindəki imza cavabdehə məxsus deyildir. Cavabdehin həmin kreditdən məlumatı yoxdur. Şəxsiyyət vəsiqəsinin itməsi ilə bağlı cavabdeh tərəfindən polisə müraciət olunmuşdur. Bununla bağlı bankda da müraciət olunmuşdur. Kart təhvil verilən zaman təhvil-təslim aktı olmalıdır. Vəsiqənin itirilməsi ilə bağlı polisə müraciət olunmuşdur. Kartın təhvil-təslim edilməsi zamanı çəkilən imza da cavabdehə məxsus deyildir. Cavabdeh vəsiqəni sonuncu dəfə may ayında almışdır 13.Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 bildirmişdir ki, kuryer kartı çatdırdığı zaman şəxsi vəsiqə vasitəsilə indentifikasiya edir. Bu zaman ərizə anketə imza atır. Qarşı tərəf bildirir ki, şəxsiyyət vəsiqəsi itmişdir. Cavabdeh şəxsiyyət vəsiqəsini itirmiş, daha sonra itmiş şəxsiyyət vəsiqəsi ilə nömrə almış, nömrə alınan zaman da müqavilə münasibətlərinə daxil olmuşdur. Həmin nömrə də cavabdehə məxsusdur. Tək ərizə anketi imzalamaqla prosedur başa çatmır. Mobil aplikasiya qeydiyyatdan keçən zaman mobil nömrəsi, mail ünvanı, şəxsiyyət vəsiqəsi məlumatları daxil edilməlidir. Mobil aplikasiyadan qeydiyyatdan keçdikdən, mail ünvanı ilə eynləşmə aparıldıqdan sonra karta pul oturur, pul faktiki olaraq istifadə olunduqdan sonra şəxs artıq bankla müqavilə münasibətinə daxil olmuş olur. 22.11.202-ci il tarixində müştəri kartda 11 manat pul vəsaitini də daxil etmişdir. Şəxs niyə istifadə etmədiyi kreditə görə pul ödəməlidir. Bundan başqa yerdən tapılan şəxsiyyət vəsiqəsi ilə mail adresi necə əldə olunur? Kart vəsiqə kimdədirsə ona verilir. Birinci olaraq aplikasiya mobil telefona yüklənir, daha sonra kredit müraciəti banka daxil olur, bank şəxsin ödəniş qabiliyyətini, əmək qabiliyyətini müəyyən etdikdən sonra kredit limiti ayırır və bu barədə kart tərtib olunur. Daha sonra kuryer şəxsə zəng vurur, bu halda ya şəxs özü yaxınlaşır kartı təhvil alır, ya da kuryer təhvil verir. Kuryer gələn zaman şəxsiyyət vəsiqəsi təqdim edilir, əgər həmin şəxsin özüdürsə kartı təhvil verir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
18.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
19.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 22.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 23.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 24.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 25.432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 26.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 29.739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
30.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 31.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda hazırki apelyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 34.İddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallardan görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “Ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında” müqavilə bağlanmış, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ümumi Oferta müqaviləsinə əsasən, borcverən faizlə borcalana istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 450 manat məbləğində kredit xətti ayırmağı və ssuda hesabı açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 450 manat, faiz borcu üzrə 50,88 manat, cərimə faizləri üzrə 20,10 manat, cərimə borcu üzrə 23,58 manat, cəmi 544,56 manat məbləğində borcu vardır. 35.Beləliklə iddiaçı tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığına istinad edərək cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malik olduğunu, cavabdehin isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, onun bu hüququnu pozduğunu qeyd etmişdir. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. 36.Cavabdeh tərəf isə iddiaya etiraz dəlillərini apellyasiya şikayətində onunla əsaslandırmışdır ki, istinad olunan kredit müqaviləsi onun tərəfindən imzalanmamış, o, həmin müqavilənin mövcudluğundan məlumatı olmamışdır. 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. 38.Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. 39.Cavabdehin müqavilənin etibarsız hesab edilməsi üçün istinad etdiyi halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-1-16/2-4/295 nömrəli 09 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli Ərizə-anket və imza nümunəsində “Qeydlər:” qrafasında Cavabdeh yazısını qarşısındakı imza və “Müştəri” qarafasındakı imza - Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. 40.Yuxarıda qeyd edildiyi kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və ya məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. 41.İşdə olan sübutlara əsasən də müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsini imzalamamış, həmin müqavilənin bağlanmasında onun həqiqi iradə ifadəsi olmamış, müqavilə predmeti olan pul məbləği onun mülkiyyətinə keçməmişdir. Bununla da onun iradə ifadəsi ilə əhatə olunan nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olmadığından iddiaçı qarşısında pul qaytarmaq üzrə müvafiq öhdəliyi, kreditorun də öz növbəsində etibarsız əqd üzrə cavabdehdən ona aid olmayan vəzifəsinin icrasını tələb etmək hüququ da yaranmamışdır. Belə ki, iradə və iradə ifadəsinin müvafiqliyi müqavilənin etibarlı hesab edilməsi üçün əsas şərtlərdəndir. 42.Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). 43.Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə, MM-in 337.3-cü maddəsinə və Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyinə əsasən hesab edir ki, mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı andan özü-özlüyündə etibarsızdır və həmin müqavilə üzrə cavabdehdən pulun tutulması mümkünlüyü istisna edilir. 44.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 45.Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 46.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiası rədd edilməlidir. 47.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 48.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 49.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-721/2023 nömrəli, 18 yanvar 2023-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova