Məhkəmə qərarları › İş №2(103)-2790/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2790/2020

03.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2790/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 4522,3 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4552,3 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli T/17290 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında cavabdehə abonent kodu vermiş, cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1402AZ**********93 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkilişlər aparılmış, cavabdeh tərtib edilmiş aktları imzalamaqdan imtina etmişdir. Qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq ziyan aktları yazılmışdır. İstehlakçının qaz təchizatının qanunvericlikdə nəzərdə tutulmuş qaydada dəfələrlə dayandırılmasına baxmayaraq o, təbii qazın talanmasına yönələn qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehə Birliyin işçiləri tərəfindən 4522,3 manat məbləğində zərərin əvəzinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. 2016-2018-ci illər ərzində cavabdehin barəsində təbii qazdan qeyri-qanuni istifadəyə görə 9 akt tərtib olunaraq cəmi 3675,80 manat məbləğində ziyan hesablanmışdır. Bundan əlavə, 2010-2016-cı illər ərzində cavabdehin barəsində tərtib olunmuş aktlar üzrə ona 846,50 manat ziyan hesablanmışdır. Həmin dövr üçün tərtib olunmuş sənədlər tapılmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)- 1763/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 310,4 manat borcun və 15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh təbii qazdan istifadə qaydalarını pozaraq qaz xəttinə özbaşına qoşularaq təbii qazı talamış, onun barəsində çoxsaylı aktlar tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, o cümlədən cavabdehin 2010-2019-cu il tarixlərdə cəmi 100 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini ümumiyyətlə araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirdi ki, hazırda da evində iddiaçının təchiz etdiyi təbii qaz yoxdur. O, fərdi qaydada balon qazından istifadə edir. Hal-hazırda yaşadığı evdə odun sobasından istifadə edir. Əvvəllər 2016-cı ilin oktyabr ayında bir dəfə həqiqətən rezin borudan istifadə etmiş və sayğacdan kənar qaz xəttinə qoşulmuşdur. Lakin bu fakt aşkar olunandan sonra sayğacdan kənar təbii qazdan istifadə etməmişdir. xx.xx.2016-cı il tarixli aktda qeyd olunan qədər, yəni 310,4 manat borcu olmasını etiraf edir. İddia ərizəsində qeyd olunan və iş materiallarına əlavə olunmuş aktlardan məlumatı yoxdur. Çəkilmiş fotoşəkillərin onun yaşadığı evə heç bir aidiyyəti yoxdur. Aktların tərtibində onun iştirakı təmin olunmamışdır. Onun guya akta imza etməkdən imtina etməsi barədə göstərilənlər tamamilə yalandır. Buna görə də məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, 2016-2018-ci illər ərzində cavabdehin barəsində təbii qazdan qeyri-qanuni istifadəyə görə üst-üstə 9 akt tərtib olunaraq cəmi 3675,80 manat məbləğində ziyan hesablanmışdır. Həmin aktların tərtibində abonentin iştirakı təmin olunmamış, abonentin imzası qarşısında “imza etməkdən imtina etdi” qeydləri edilmişdir. Bundan əlavə, 2010-2016-cı illər ərzində cavabdehin barəsində tərtib olunmuş aktlar üzrə ona 846,50 manat ziyan hesablanmışdır. Həmin dövr üçün tərtib olunmuş sənədlər ümumiyyətlə aşkar olunmamış və məhkəməyə təqdim olunmamışdır. Abonentin barəsində üst-üstə 9 akt tərtib olunsa da, yalnız sonuncu akt tərtib olunandan 1 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh yalnız xx.xx.2016-cı il tarixli akt üzrə 310,4 manat borclu olmasını etiraf etmiş, qalan aktlardan məlumatının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddianın tam təmin olunması üçün məhkəməyə kifayət qədər tutarlı sübutlar təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi, cavabdehin iştirakı olmadan tərtib olunmuş aktlar əsasında cavabdehin təbii qazdan qeyri-qanuni istifadə nəticəsində iddiaçı təşkilata həqiqətən 4522,30 manat məbləğində ziyan vurması barədə nəticəyə gəlmək mümkün deyil. Cavabdeh təşkilatın vaxtında məhkəməyə müraciət etməməsi də, iddia tələbinin əsası kimi istinad olunan halların sübut olunmasında çətinliklərə səbəb olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)- 1763/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar