Məhkəmə qərarları › İş №2(103)-2791/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2791/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2791/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Cəfərli Eyvaz Yasin oğlunun, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-913/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, xx.xx.2021- ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 xəsarət almasına dair toplanmış materialda cinayət tərkibli əlamətlər olmadığından AR CM-in 39.1.2-ci maddəsinin tələbinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş və “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 AR İXM-in 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsi üçün qərarın sürətinin Yasamal RPİ DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

2. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

3. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.

4. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin balanması rədd edilmiş və qərarın surətinin yol-nəqliyyat hadisəsini törətmiş Qasmlı Əli Faiq oğlu və Cavabdeh2 AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilmişdir.

5. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.

6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-711/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞnin xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilərək qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13- 53/2- 54921/2023 nömrəli məktubuna əsasən müəyyən edilir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə bağlı məhkəmənin 3(004)-711/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmədiyindən və prosessual pozuntu ilə bağlı heç bir qeydiyyat aparılmadığından Cavabdeh2 barəsində yazılmış inzibati xəta haqqında protokolun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsaslanaraq tərtib edilməsi nəzərə alınmış və buna görə də həmin protokol əsasında çıxarılmış qərarın qüvvədə saxlanılması zəruri hesab edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/2718 nömrəli rəyinə əsasən müəyyən edilir ki, “Toyota Fortuner” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 4- cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imzanı olmuşdur. “Hyundai Getz” markalı, 90- GC-141 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

9. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən “Toyota Fortuner” markalı, 99- LS-779 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PPA ********** nömrəli sığorta müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC ilə sığorta edilmişdir.

10. İcbarı sığorta müqaviləsinə dair məlumata əsasən xx.xx.2021-ci il tarixə “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə icbari sığorta müqaviləsi qüvvədə olmuşdur.

11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 133804 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən müəyyən olunur ki, “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 4821 manat müəyyən edilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 133804 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən müəyyən olunur ki, “Toyota Rav4” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 6168 manat müəyyən edilmişdir.

13. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 133804 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən müəyyən olunur ki, “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 2696 manat müəyyən edilmişdir.

14. 14.12.2021-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən CCL-7417/2021 nömrəli təyinat üzrə “Toyota Rav4” minik markalı, 10- DY727 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi olaraq 2253,56 manat məbləğində pul "xxxx" ASC-yə ödənilmişdir.

15. 28.12.2021-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən CCL-7415/2021 nömrəli təyinat üzrə “Toyota Fortuner” minik markalı, 99- LS-779 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi olaraq 985,02 manat məbləğində pul Rəhmanova Yeganə Hacı qızına ödənilmişdir.

16. 15.09.2022-ci il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Fortuner” minik markalı, 99- LS779 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş CCL-7415/2021 nömrəli maddi ziyan 2696 manat müəyyən edilmiş və maddi ziyan üzrə sığorta ödənişi isə 985,02 manat təşkil edir və sığorta ödənişi zərərçəkənin (Rəhmanova Yeganə Hacı qızı) hesabına köçürülür.

17. 15.09.2022-ci il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Rav4” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş CCL-7417/2021 nömrəli maddi ziyan 6168 manat müəyyən edilmiş və maddi ziyan üzrə sığorta ödənişi isə 2253,56 manat təşkil edir və sığorta ödənişi sığortaçı "xxxx" ASC-nin təqdim etdiyi hesaba köçürülür.

18. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1.761,42 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi təklif edilmişdir. Həmçinin ondan sığorta ödənişinin həyata keçirilməsi üçün əmlakla bağlı sənədlərin və bank rekvizitlərinin təqdim edilməsi xahiş olunmuşdur.

19. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 1003/1 nömrəli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı məxsus olan “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 4821 manat qiymətləndirilmiş və hadisə nəticəsində 3 avtomobilə cəmi 13.685 manat məbləğində maddi ziyan dəyməsi nəzərə alınaraq İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 1761,42 manat məbləğində ödəniş təyin edilmişdir.

20. "xxxx" Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AA041993 nömrəli akta əsasən müəyyən olunur ki, “Hyundai Creta” minik markalı, 99- HZ100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci cəmi 6425,35 manat təşkil etmişdir.

21. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 26.300 manat, qəzadan öncəki bazar dəyəri 33.100 manat təşkil edir. Fərq 6800 manat təşkil edir.

22. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3879 nömrəli rəyinə əsasən müəyyən edilir ki, 2020-ci il buraxılışlı, “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri qaydada təxminən 36.000 manat, həmin avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə orta bazar qiyməti təxminən 32.400 manat müəyyən edilmişdir. Fərq 3600 manat təşkil edir.

23. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı məxsus olan “Hyundai Creta” minik markalı, 99-HZ100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin rəsmi servis mərkəzində təmir olunmuş və təmirə görə şirkətə ümumilikdə 6422,42 manat ödəniş edilmişdir.

24. 01.11.2021-ci il tarixli, 23595 nömrəli qəbzə əsasən 1.000 manat, xx.xx.2022-ci il tarixli, 27097 nömrəli qəbzə əsasən 2538,75 manat, xx.xx.2022-ci il tarixli, 27098 nömrəli qəbzə əsasən 2783,67 manat və xx.xx.2021-ci il tarixli, 23061 nömrəli qəbzə əsasən 100 manat olmaqla, cəmi 6422,42 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir.

25. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 “Hyundai Getz” minik markalı, **- GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 6.510 manat məbləğində pul vəsaitinin Cavabdeh2 xeyrinə tutulmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

26. İş materiallarında olan 01245 nömrəli qəbzdən müəyyən edilir ki, İddiaçı tərəfindən “Kəngərli və partnyorları” Hüquq Bürosuna xidmət haqqı olaraq 300 manat ödəniş həyata keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

27. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Sığorta Şirkəti ASC və "xxxx" ASC-yə qarşı "vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 6.422 manat, həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olan 6.800 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat, qiymətləndirmə rəyinə görə "xxxx" MMC-yə ödənilən 200 manat və 132 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13.854 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən idarə olunan “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə ona məxsus olan “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticə etibarı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin kapitanı Məmmədov Şamil Fəxrəddin oğlu tərəfindən tərtib olunan 28 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan aydın olur ki, qəzanın törədilməsinə görə cavabdeh Qasımov Əli Faiq oğlu AR İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmin qərar əsasında müəyyən edilən cəriməni cavabdeh 25 dekabr 2021-ci il tarixdə ödəsə də, bu günə qədər avtomobilə dəyən ziyan cavabdehlər tərəfindən ödənilməmişdir. İş materiallarından da aydın olur ki,“Toyota Fotuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, tərəfindən cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı qaldırılmış “pul” tələbinə dair işə Yasamal Rayon Məhkəməsinin hakimi Fərid Əyyubovun icraatında e-2(004)-2430/2022 sayı altında baxılarkən Cavabdeh1 Yasamal Rayon Məhkəməsində bildirmişdir ki, 25 oktyabr 2021-ci il tarixli, HK- 1/804 saylı cinayət işinin başlanmasının rədd olunması haqqında Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Əli Məmmədovun qərarı və 28 oktyabr 2021-ci il tarixli TP4682936 nomrəli qərar ləğv edilərək yeni qərar qəbul olunmuşdur və həmin qərara əsasən həm Cavabdeh1, həm də Cavabdeh2 məsuliyyətə cəlb olunması barədə yeni qərar qəbul edilmişdir. Bundan sonra Yasamal rayon Polis İdarəsinə göndərilmiş sorğu əsasında 01 noyabr 2022-ci il tarixdə təqdim olunmuş Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması barədə 14 oktyabr 2022-ci il tarixli, HK1-804 saylı qərarından görünür ki, hər iki şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün Yasamal RPİ-nin Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir. Yasamal RPİ-nin Dövlət Yol Polis Şöbəsinin 03 noyabr 2022-ci il tarixli TP5364851 nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Buna görə də, ərizə ilə məhkəməyə müraciət olunaraq iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılması məhkəmədən xahiş olunmuşdur. Həmin ərizə əsasında Yasamal Rayon Məhkəməsi tərəfindən iddianın baxılmamış saxlanılması barədə 02 noyabr 2022-ci il tarixli, e-2(004)-2430/2022 saylı qərardad qəbul olunmuşdur. Qeyd edir ki, həmin işə baxılan zaman avtomobilin qalıq dəyərinin müəyyən edilməsi barəsində məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi verilmişdir. 04 avqust 2022-ci il tarixli ekspert rəyinə görə Hyundai Creta markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti avtoqəzadən əvvəl 36.000, avtoqəzadan sonra isə 32.400 manat təşkil edir. İcbari Sığorta Bürosunun elektron sistemindən göründüyü kimi Cavabdeh2 məxsus “Hyundai Getz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC-də icbari qaydada sığorta olunmuşdur. Odur ki, hazırkı iddia ərizəsi Cavabdeh1, "xxxx" ASC-yə və həmçinin, Cavabdeh2 ilə həmin şəxsə məxsus avtomobilin icbari qaydada sığorta olunduğu "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı da verilməlidir. Həmçinin məhkəmə rüsumu, hüquqi xidmətə görə ödənilən vəsait, o cümlədən avtomobilə dəyən ziyan və avtomobilin qəza nəticəsində itirdiyi dəyər cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" ASC-dən və "xxxx" Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməlidir.

29. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz verərək İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, **-LS-*** dövlət qeydiyyat nişanlı “Toyota Fortuner” markalı avtonəqliyyat vasitəsi "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə PPA**********6 nömrəli sığorta şəhadətnaməsi ilə (xx.xx.2021- xx.xx.2022-ci il tarixləri aralığına) "xxxx" ASC tərəfindən sığortalanmışdır. Yasamal Rayon DYPŞ-dən daxil olan sənədlərə əsasən xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, K. Kazımlı küçəsində sığortalı **-LS-*** dövlət qeydiyyat nişanlı “Toyota Fortuner” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş və nəticədə **-DY-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav- 4” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtonəqliyyat vasitələrinə zərər dəymişdir. **-DY- *** dövlət qeydiyyat nişanlı “Toyota Rav-4” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 6.168,00 manat, **-GC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2.696,00 manat, **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər isə 4.821,00 manat məbləğində qiymətləndirilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manatdır. Proporsional hesablamaya əsasən **-DY-*** markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2253,56 manat, **-GC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 985,02 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1.761,42 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi üçün əmlakla bağlı sənədlərin və bank rekvizitlərinin təqdim edilməsi xahiş olunmuşdur.

30. Birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə əvəz edilmişdir. Buna səbəb isə “Hyundai Getz” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixinə məxsus "xxxx" Sığorta Şirkəti ilə bağlanmış, qüvvədə olan mülki məsuliyyətin icbarı sığorta müqaviləsi mövcud olmamışdır. Lakin həmin vaxt Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə bağlanmış, qüvvədə olan mülki məsuliyyətin icbarı sığorta müqaviləsi mövcud olmuşdur.

31. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-913/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi (hakim Günel Əkbərli) ilə iddia ərizəsinin qismən təmin edilməsi, “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın 6.422 manat real zərər və 3.600 manat həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olmaqla, cəmi 10.022 (on min iyirmi iki) manat məbləğində müəyyən edilməsi, vurulmuş maddi zərərin əvəzi olaraq ümumi 10.022 (on min iyirmi iki) manat məbləğin ½ hissəsi (5.011 manat) cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə, qalan ½ hissəsi (5.011 manat) Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid edilməsi, həmin məbləğin ½ hissəsi olan 5.011 manat pul vəsaitinin 2193,5 (iki min yüz doxsan üç manat əlli qəpik) manatının "xxxx" ASC-dən, 2817,5 (iki min səkkiz yüz on yeddi manat əlli qəpik) manatının Cavabdeh1, digər ½ hissəsi olan 5.011 manat məbləğin 5000 (beş min) manatının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 11 (on bir) manatının Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1- 21.3, 883.1, 926.1, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.4, 6.6, 7, 10.2, 15.1, 15.3.1, 20.2, 52.1, 53.4, 56, 58.3-2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

33. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta ödənişinin verilməsi üçün “İcbari sığortalar haqqında” Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərin hər biri Sığortaçıya təqdim edilməlidir. Qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Qanunda göstərilən sənədlər təqdim olunduqdan sonra sığorta ödənişinin verilməsi mümkündür. Lakin, məhkəmə Qanunun qeyd olunan tələblərini nəzərə almamış, inzibati tənbeh vermə haqqında qərarı mülki məsuliyyət faktının yaranması və sığorta ödənişinin verilməsi əsası kimi qəbul etməklə kifayətlənərək, işin digər detallarına hüquqi qiymət verməmişdir. Sığortaçı yalnız inzibati tənbeh vermə haqqında qərarla icbari qaydada sığortaladığı avtomobilin sürücüsünün kimlər qarşısında və hansı dərəcədə mülki məsuliyyət daşıdığını müəyyən etməyə qadir deyildir. Sığorta hadisəsi nəticəsində zərərçəkən əmlak və onun sahibi, hadisənin baş vermə vaxtı, zərərvuran və s. barədə məlumatlar “sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” səlahiyyətli orqanın təqdim etdiyi arayışda öz əksini tapır. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi qeyd olunan yol-nəqliyyat hadisəsində 4 avtomobil iştirak etmişdir. Məhkəmə idarə etdiyi avtomobil Cəmiyyətimizdə icbari qaydada sığortalanmış Cavabdeh2 qeyd olunan hadisənin baş verməsində hansı dərəcədə təqsirli olmasına və kimlər qarşısında məsuliyyət daşımasına hüquqi qiymət verməmiş və qanunvericilikdə müəyyən edilmiş müvafiq sığorta məbləğini tam formada yalnız bir zərərçəkənə - iddiaçıya verilməsinə dair qətnamə qəbul etmişdir. Hadisə nəticəsində Cavabdeh2 digər şəxslər qarşısında mülki məsuliyyət daşıyıb-daşımaması məsələsi ümumiyyətlə araşdırılmamışdır. Bundan başqa Qanunun 15.3-cü maddəsinə əsasən, əmlakın bazar dəyərini itirməsi əmlaka dəyən zərərə aid edilməmiş və sığorta təminatına daxil edilməmişdir. Lakin, məhkəmə qeyd olunan hüquq normasına diqqət yetirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Cəfərli Eyvaz Yasin oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

40. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

41. 14.2.6-cı maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.

42. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.

44. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

45. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

46. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

47. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

48. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

49. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

50. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

51. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

52. 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.

53. 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.

54. 6.6. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir.

55. 7. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.

56. 10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

57. 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

58. 15.3.1. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir.

59. 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

60. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

61. 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

62. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

63. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

64. 58.3-2. Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

68. Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

69. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

72. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

73. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

74. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

75. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

76. Hazırki halda, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etdiyindən, qətnamə iddiaçı və digər cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən qətnamə iddia tələbinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-913/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

78. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2021-ci il tarixdə Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 idarə etdiyi “Toyota Fortuner” minik markalı, 9**-LS-*** dövlət qeydiyyat nişanlı, Cavabdeh2 idarə etdiyi “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı, Axundova Sevinc Məmməd qızının idarə etdiyi “Toyota Rav4” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı və İddiaçı idarə etdiyi “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri iştirak etmişdir. İlkin təhqiqat araşdırması nəticəsində xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “Toyota Fortuner” minik markalı, 99- LS-779 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Sonrakı təhqiqat araşdırması nəticəsində Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 da AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Belə ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, “Hyundai Getz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadidsəsində Cavabdeh1 və Cavabdeh2 təqsirli bilinmişdir.

79. Odur ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan, inzibati xəta haqqında protokoldan, ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirinin olması qeyd olunan sübutlara əsasən öz təsdiqini tapmışdır.

80. Hadisənin baş verdiyi tarixdə “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" ASC ilə icbari sığorta edilməsi ilə bağlı, “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vasitəsinin Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkəti ilə icbari sığorta edilməsi ilə bağlı sığorta müqaviləsi qüvvədə olmuşdur.

81. Kollegiya cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayətinin sığorta ödənişinin verilməsi üçün “İcbari sığortalar haqqında” Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərin hər biri Sığortaçıya təqdim edilməsi dəlilinə münasibətdə bildirir ki, qeyd olunan sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın olmaması hazırkı iş üzrə öhdəliyi aradan qaldırmır, belə ki, hadisə vaxtı Cavabdeh2 ilə bağlanmış sığorta müqaviləsi qanuni qüvvədə olmuşdur. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olması iş materiallarında olan sübutlara əsasən öz təsdiqini tapmışdır.

82. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “İcbari sığortalar haqqında” Qanunun 17.4-cü maddəsinə əsasən, sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. İş materiallarında sığortaçının qeyd olunan sorğunu təqdim etməsinə dair hər hansı sübut mövcud deyildir.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

85. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

86. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

87. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-913/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar