Məhkəmə qərarları › İş №2(103)-2797/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2797/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2797/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1147/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 7600 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1147/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, bu səbəbdən, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.Quluzadə apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, apellyasiya şikayəti əsassızdır, işi uzatmaq üçün verilib. Bu səbədən, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018 Alqı-satqı haqqında müqavilənin surətindən görünür ki, satıcı sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödəməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaimə-fakturalarda əks olunan qiymətlərin satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qiymətlərin xx.xx.2018-ci il tarixli razılaşma protokolundan görünür ki, müqavilə predmeti olan avadanlığın satış qiyməti 18000 manat müəyyən edilmiş, alıcı həmin məbləğdən 8200 manatını ödəmiş, qalıq 9800 manat məbləğində pul vəsaitini isə ödəniş qrafikinə əsasən xx.xx.2018-ci ildən başlayaraq birinci ay 800 manat, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi hər ay 2000 manat, xx.xx.2019-cu ildə isə 3000 manat olmaqla hər ay ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, təhvil verənİddiaçı MMC 1 ədəd Honkon M903 Plus avadanlığı, 1 ədəd uyğunluq sertifikatını, 1 ədəd roll up, 1 ədəd distillə edilmiş su, 1 ədəd gel, 1 ədəd maşınka və 1 ədəd keşetkanı təhvil alan Cavabdeh təhvil vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş və vətəndaş X3 iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh ilə iddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmış, cavabdeh iddiaçıdan ümumi dəyəri 18000 manat olmaqla avadanlıq almış, qeyd olunan malın dəyərinin 8200 manatı ilkin ödənişini müqavilə bağlanan zaman ödəmiş, qalıq məbləğini, yəni 9800 manatını xx xxxxxx 2018-ci il tarixli X2 qeyd olunan qrafikə əsasən xx.xx.2018-ci ildən başlayaraq birinci ay 800 manat, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi hər ay 2000 manat, xx.xx.2019-cu ildə isə 3000 manat olmaqla hər ay ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçıya bu günə olan qalıq borcu 7600 manat təşkil edir. Sözü gedən bu hal cavabdehin Bakı şəhəri Yasamal RPİ-də verdiyi etiraf edici izahatı ilə də, öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh İddiaçı MMC-dən aldığı avadanlıq müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, Məhkəmə kollegiyası göstərir ki, rayon məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Məhkəmə prosesi zamanı məhkəmə iclası barədə ona məlumat verilməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi ünvana və mobil telefon nömrəsinə birinci instansiya məhkəməsi tərəfindən müvafiq olaraq məhkəmə bildirişi və məhkəmə elektron SMS bildirişi göndərilmişdir (i/v 26,27). Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməməsi barədə olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı isə qeyd edir ki, mülki iş materiallarından görünür ki, iddiaçı cavabdehin ünvanına xx.xx.2019-cu il tarixdə pretenziya məktubu göndərmişdir (i/v 33-34). Bundan əlavə, mülki işdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş və vətəndaş X3 iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla da, müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri açıqaşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1147/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar