Məhkəmə qərarları › İş №2(103)-2797/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2797/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2797/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin tutulması X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-653/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Yeni massivdə yerləşən 126 saylı fərdi yaşayış evi Cavabdeh (bundan sonra cavabdeh) sahiblik və istifadəsindədir. Onunla İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. İddiaçının əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni xətt vasitəsi ilə sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş müvafiq olaraq xx.xx.2022-ci il (6 m3 x 24 saat x 150 = 21.600 m3), xx.xx.2023-cü il (4 m3 x 24 saat x 90 = 8.640 m3), xx.xx.2023-cü il (6 m3 x 24 saat x 64 = 9.216 m3), xx.xx.2024-cü il (6 m3 x 12 saat x 240 = 17.280 m3) və xx.xx.2024-cü (6 m3 x 12 saat x 150 = 10.800 m3) il tarixli qərarlarla ümumilkdə 14.857,92 manat məbləğində maddi zərər hesablanmışdır. Qeyd edilən aktlar iddiaçının nümayəndələri tərəfindən imzalanmış, lakin aktlarda cavabdehin bu aktlara münasibəti, o cümlədən aktları imzalamaqdan imtina etməsi göstərilməmişdir Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Mirzəbala oğlu tərəfindən İddiaçınə vurulmuş 14.857,82 manat məbləğində zərərin və 134,57 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 14.992,39 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmışdır.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı tərəfindən rəsmiləşdirmə “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə uyğun aparılmamış, o cümlədən tərtib edilmiş aktın bir nüsxəsi cavabdehə, 1 nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün EN-ə təqdim edilməmişdir. Belə ki, təbii qazın talanmasında cavabdehin təqsirli olması yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra iddiaçı vurulmuş zərərin ödənilməsini cavabdehdən tələb edə bilər. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçı sayğaca müdaxilə əsası ilə zərər məbləği hesablamaqda və onu tələb etməkdə haqlı deyil.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 653/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X5)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, itirilmiş qazın bərpası məqsədilə cavabdehdən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 4.752 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1.900,80 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 2.027,52 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 3.801,60 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 2.376 manat olmaqla, cəmi hesablanmış 14.857,82 manat zərərin tələb edilməsi əsassızdır. Bundan başqa, məhkəmə xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar tərtib olunarkən lentə alınmış video görüntülərdən cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halının müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 119.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1-ci, 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamlərə, abonent saldosu) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Birliyin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda Birliyin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh tərəf iddia tələbinə etirazı ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut da təqdim etməmiş, əksinə iddiaçıya ərizə ünvanlayaraq borcu qəbul etdiyini bildirmişdir. Cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır; 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Yeni massiv ərazisində yerləşən 126 saylı fərdi yaşayış evi cavabdehin sahiblik və istifadəsindədir. Onunla iddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. İddiaçının əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni xətt vasitəsi ilə sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla xx.xx.2022-ci il – xx.xx.2024-cü il tarixləri aralığında ümumilikdə 5 dəfə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş müvafiq qərarlarla cavabdehə ümumilkdə 14.857,92 manat məbləğində maddi zərər hesablanmışdır. Qeyd edilən aktlar iddiaçının nümayəndələri tərəfindən imzalanmış, lakin aktlarda cavabdeh barədə hər hansı qeyd aparılmamış, o cümlədən cavabdehin aktlara münasibəti göstərilməmişdir.

23. Hazırda iddiaçı həmin aktlara və onların əsasında qəbul edilmiş qərarlara istinad edərək, təbii qazdan qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 14.857,82 manat məbləğində pulun və ödənilmiş 134,57 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçı tərəfindən rəsmiləşdirmənin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri pozulmaqla aparıldığını bildirir və iddianın rədd edilməməsini tələb edir.

24. Məhkəmə kollegiyası vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur.

25. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə iddiaçının əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

26. Məhkəmə kollegiyası bütün aktların xx.xx.2022-ci il tarixdən sonra tərtib edildiyini nəzərə alıb, ilk növbədə vurğulayır ki, “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 13-cü maddəsinə 8-1-ci hissə əlavə edilmişdir. Bu dəyişikliyə dair Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin maddədə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb cavabdehin (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.

27. Lakin iddiaçı tərəfindən bu prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, təbii qazın verilməsi dayandırılmamış, həmin vaxt aktların bir nüsxəsi nə cavabdehə (həmin aktlarda cavabdehin ümumiyyətlə bu aktlara hər hansı münasibəti, o cümlədən aktları imzalamaqdan imtina etməsi göstərilməmişdir. Bu da birmənalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, cavabdehin ümumiyyətlə bu aktlardan məlumatı olmamışdır), nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Buna baxmayaraq, bu aktlar və onların əsasında hesablanmış zərər məbləği cavabdehin abonent hesabına daxil edilmişdir. Bununla belə, cavabdehin hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə iddiaçının cavabdehdən hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir. Belə olan halda, aşkar edilmiş pozuntuların təsdiqi olaraq təqdim edilmiş fotoşəkillərin və videogörüntünün tədqiqinə də hər hansı hüquqi zərurət qalmır.

28. Digər tərəfdən akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin, habelə “Qazdan istifadə Qaydaları”nın 6.5-1-ci bəndininin tələblərinə riayət edilməmişdir. Belə ki, abonentin saldosunda bu ünvan üzrə istifadə edilən cihaz qismində tərəvəz (pomidor, xiyar və sair, yəni tərəvəzlərin adları sadalanmışdır) göstərilmiş və nəticə etibarı ilə nəinki bu fəaliyyətlə bağlı, ümumiyyətlə məişətdə istifadə edilən cihazlar belə qeyd edilməmişdir (bu baxımdan apellyasiya şikayətində ziyanın həcminin abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədicilərinin) sərfiyyat göstəriciləri əsasında hesablandığının göstərilməsi ümumiyyətlə anlaşılmazdır). Tərtib edilmiş 5 aktdan ikisində (xx.xx.2022-ci il və xx.xx.2023-cü il) həmin ünvan üzrə cavabdehin istixanadan istifadə etdiyi göstərilmiş, lakin sonrakı 3 aktda bu barədə hər hansı qeyd aparılmamışdır. Cavabdeh 2013-cü ildən fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyata alınsa da (fəaliyyət istiqaməti südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi) tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədə bu barədə hər hansı məlumat əks olunmamışdır. Digər tərəfdən “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən cavabdeh sahibkarlıq fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Bununla belə, hesablamanın istixanaya aid cihazlar və ya məişətdə istifadə edilən cihazlar üzrə aparılmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, istixanaya aid cihazlar üzrə tam fərqli hesablama qaydası, o cümlədən müddəti tətbiq edilməli idi. Həmçinin, belə olan halda, hazırki mübahisənin məhkəmə aidiyyəti ilə bağlı məsələyə qiymət verməsinə zərurət yaranmış olur. Lakin məhkəmə kollegiyası yuxarıda göstərilənləri də nəzərə alaraq, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə hər hansı əsas müəyyən etməmişdir.

29. Digər tərəfdən 4 akt, o cümlədən tarix etibarı ilə istixana barədə qeyd aparılan ilk akt (xx.xx.2022-ci il) üzrə hesablama qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, istixana barədə qeyd olan 2-ci akt üzrə isə (xx.xx.2023-cü il) 4 m3/saat üzrə aparılmışdır. 3 ilk aktda hesablama 24 saat üzrə, sonuncu iki aktda isə 12 saat üzrə aparılmışdır. xx.xx.2024-cü il tarixli akt əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli tələbnamə ilə hesablama 150 gün (5 ay) üzrə aparılmış və bu baxımdan xx.xx.2023-cü – xx.xx.2024-cü il tarixləri əhatə etmişdir. Halbuki, xx.xx.2024-cü il tarixli akt əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli Tələbnamə ilə hesablama 240 gün (8 ay) üzrə, yəni xx.xx.2023-cü – xx.xx.2024-cü il tarixləri əhatə etməklə aparılmış və müddət, habelə nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üçün iki dəfə (həm xx.xx.2024-cü il, həm də xx.xx.2024-cü il tarixli Tələbnamə ilə) zərər məbləği hesablanmışdır.

30. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələbləri baxımından istehlakçıya məlumat verməklə ildə bir dəfə (hər il noyabr ayının 1dək) müayinə keçirmək və nəticələrinə dair akt tərtib edərək, bir surətini istehlakçıya təqdim etmək vəzifəsi daşıyan iddiaçının əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlərin görülməsi də müəyyən edilmir. Halbuki, həmin müddəaya əsasən də müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi təsbit edilmişdir.

31. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, həm iddiaçı tərəfindəı tərtib edilmiş aktlarda vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması həyata keçirilməmiş, həm də aktlar tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, iddiaçının mülahizəsinə əsasən hesablanmış zərər məbləği bilavasitə cavabdehin abonent hesabına daxil edilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən tərtib edilmiş həmin aktlar və onların əsasında qəbul edilmiş qərarlar hər hansı mötəbərliyə malik deyil və cavabdehə məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə cavabdehdən tələb edilə bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-653/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar