Məhkəmə qərarları › İş №2(103)-28/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-28/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-28/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1794/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 Sayılxan oğlu və Cavabdeh2 qaışı «kredit borcunun tutulması və s.» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Sayılxan oğlundan iddiaçı ləğv prosesində olan “xxxx” ("xxxx") ASC-nin xeyrinə 145.256,17 ABŞ dolları əsas borc, 28.323,79 ABŞ dolları faiz, 23.075,71 ABŞ dolları dəbbə pulu, ümumilikdə 196.655,67 ABŞ dolları məbləğində borc və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quliyev küçəsi, ev 11/13 ünvanında yerləşən 3 nömrəli və 7 nömrəli mənzillərə, həmçinin Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quliyev küçəsi, ev 11/13 ünvanında yerləşən 4 nömrəli mənzilə yönəldilməsi, yaşayış sahələrinin açıq hərracda satılması və bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra iddiaçı ləğv prosesində olan İddiaçı Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 iddiaçı ləğv prosesində olan “xxxx” ("xxxx") ASC-nin xeyrinə 145.256,17 ABŞ dolları əsas borc, 28.323,79 ABŞ dolları faiz, 23.075,71 ABŞ dolları dəbbə pulu, ümumilikdə 196.655,67 ABŞ dollan məbləğində borc və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 qızma məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 11/13 ünvanında yerləşən 3 nömrəli və 7 nömrəli mənzillərə, həmçinin Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 11/13 ünvanında yerləşən 4 nömrəli mənzilə yönəldilməsi, mənzillərin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1794/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə 145.256,17 ABŞ dolları əsas borc, 28.323,79 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları dəbbə pulu, ümumilikdə 174.579,96 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, 11/13 ünvanında yerləşən 4 saylı və Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, 11/13 ünvanında yerləşən 3 və 7 saylı mənzillərə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətləri hər mənzilə müvafiq olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, 11/13 ünvanında yerləşən 4 saylı mənzilin 125.000 (yüz iyirmi beş min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, 11/13 ünvanında yerləşən 3 saylı mənzilin 130.000 (yüz otuz min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, 11/13 ünvanında yerləşən 7 saylı mənzilin 100.000 (yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılsın və əldə olunacaq vəsait hesabına borc ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti cavabdehlərə qaytarılması, «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 1050 (min əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq «xxxx» MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməmsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,müqavilədə bağlanmış 225.000 ABŞ dolları Cavabdeh1 Sayılxan oğluna verilməmişdir. Həm də iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx xxxxxx 2015-ci tarixli müqavilə əsasında Cavabdeh1 Sayılxan oğluna dollar yox, manat verilmişdir və cavabdeh tərəfindən də bütün ödənişlər manatla həyata keçirilmişdir. Ona görə də hesab edir ki, müqavilənin dollarla bağlanması qanunvericiliyin və tərəflərin iradə ifadəsinə ziddir. Digər bir tərətdən isə mənzillərin ipotekaya qoyulması ilə əlaqədar olaraq Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi ev 11/13 ünvanında yerləşən 3 və 7 nömrəli mənzillərlə əlaqədar imza atan kimi Cavabdeh1 Sayılxan oğlu göstərilsə də, Cavabdeh1 Sayılxan oğlu həmin müqavilələrə imza atmamışdır. Digər bir əsas pozuntu isə, tərəflərindən verilmiş bütün vəsatətlərin məhkəmə tərəfindən təmin edilməməsi olmuşdur. Belə ki, tərəfindən ekspertiza təyin olunması, təkrar qiymətləndirmə təyin olunması, qarşılıqlı iddia ərizəsi verilsə də məhkəmə heç bir vəsatətləri təmin etməmiş və qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmişdir. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx xxxxxx 2015-ci tarixli müqavilə əsasında Cavabdeh2 özünə məxsus əmlaklarını ipotekaya qoymamış və belə bir müqavilə bağlamamışdır. Həmin müqaviləyə çəkilmiş imzalara da baxdıqda bu açıq aydın görsənir. Belə ki, ümumiyyətlə Cavabdeh2 belə bir müqaviləyə imza atmamışdır . Həmin Müqavilənin mövcudluğundan isə indi məlumatlı olmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş cavabdehlərə münasibətdə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “xxxx” ASC-nin “Proqress” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 009 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 20% faiz ödəmək şərtilə 225.000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin “Proqress” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 009-1 saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, eyni tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quluyev küçəsi, ev 11/13, mənzil 3 Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Evin bazar dəyəri 132.000 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin “Proqress” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 009-2 saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, eyni tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quluyev küçəsi, ev 11/13, mənzil 4 Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Evin bazar dəyəri 122.000 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin “Proqress” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 009-3 saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, eyni tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quluyev küçəsi, ev 11/13, mənzil 7 Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Evin bazar dəyəri 102.000 manat məbləğində, müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, borcalan isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Həmin maliyyə arayışına əsasən, Cavabdeh1 banka 145.256,17 ABŞ dolları əsas borcu, 28.323,79 ABŞ dolları faiz borcu və 23075,71 ABŞ dolları dəbbə pulu, cəmi 196.655,67 ABŞ dolları borcu vardır. Buna baxmayaraq, məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 28605 saylı ekspert rəyinə əsasən, xx.xx.2016-cı il tarixə (maliyyə arayışı verilən tarixə) Cavabdeh1 “xxxx” ASC-yə olan əsas borcu 145.256,17 ABŞ dolları, faiz borcu isə 28.529,45 ABŞ dolları müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqda haqlı olmuşdur. Belə ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından faiz borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müqavilə üzrə ağlabatan vəədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Tələbin ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə də razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaka yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İşin mübahisə olunmayan halına görə, Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quluyev küçəsi, ev 11/13, mənzil 4; Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 11/13, mənzil 3 və Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quluyev küçəsi, ev 11/13, 7 saylı mənzilin mülkiyyətçiləri həmin əmlakları banka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişlər. İş materiallarından görünür ki, Bank ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət etmiş və bildiriş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka qoyana məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. Buna görə də kollegiya hesab edir ki, ilk iddia üzrə qətnamənin “tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi hissəsində qanunidir və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya ipoteka predmetinə tutma yönəldikdən sonra ipoteka predmetinin boşaldılması ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuşyaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan vəonunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gecibir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsiüzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdəyaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsibağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etməkbarədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpotekamüqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslərbelə öhdəlik götürmüş sayılırlar. Kollegiya hesab edir ki, ipoteka müqaviləsi bağlanan zaman cavabdeh ipoteka predmetinin Banka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermiş, tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdələrinə götürmüşlər. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində də əsaslıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Belə ki, “xxxx” MMC tərəfindən verilıniş xx xxxxx 2017-ci il tarixli, ER 04 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quluyev küçəsi, 11/13 saylı binada yerləşən və Cavabdeh2 məxsus 3 saylı mənzilin xx.xx.2017-ci il tarixinə bazar dəyəri 130.000 manat təşkil etmişdir. İşin materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli, ER 05 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quluyev küçəsi, 11/13 saylı binada yerləşən və Cavabdeh2 qızma məxsus 7 saylı mənzilin xx.xx.2017-ci il tarixinə bazar dəyəri 100.000 manat təşkil etmişdir. İşin materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli, ER 06 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quluyev küçəsi, 11/13 saylı binada yerləşən və Cavabdeh1 məxsus 4 saylı mənzilin xx.xx.2017-ci il tarixinə bazar dəyəri 125.000 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Kollegiya qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməlidir. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorların mülahizələrinə əsaslanır. Belə ki, cavabdehlər apellyasiya şikaytində qeyd olunan ipoteka müqavilələrinin imzalanmamsına istinad etsələr də, həmin halları təstiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4960/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, xx.xx.2015-ci il tarixli, 009- 1 və 009-3 saylı ipoteka müqavilələrinin “ipoteka qoyan” qrafalarındakı imzaların Cavabdeh2, eyni tarixli, 009-2 saylı ipoteka müqaviləsinin “ipoteka qoyan” qrafasındakı imzanın isə Cavabdeh1 tərəfindən icra olunmuşdur. Kredit müqaviləsində göstərilən valyuta isə ABŞ dolları ilə olmuş və borclu həmin müqaviləni imzalayaraq öz iradə ifadəsini bildirmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1794/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar