Məhkəmə qərarları › İş №2(103)-28/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-28/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-28/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh Raci oğluna qarşı “əsas borcun və hesablanmış faizlərin tutulması tələbinə dair” mülki iş üzrə Açar sözlər:(kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh Raci oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(004)- 4088/2019 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 8%-lə 106000 manat məbləğində kredit xətti açılmaqla kredit verildiyini, kredit xətti müqaviləsinə edilmiş xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən kredit limitinin 500.000 manata, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.000.000 manata, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.200.000 manata, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.300.000 manata artırıldığını, lakin onun müqavilənin şərtlərini pozaraq öhdəliyini lazımi qaydada icra etmədiyini irəli sürmüş, buna görə də müqaviləyə xitam verilməklə cavabdehdən 1.270.878,03 manat əsas, 292.829,80 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı "xxxx" ASC Cavabdeh Raci oğluna qarşı “əsas borcun və hesablanmış faizlərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 1.270.878,03 manat əsas borcun, 292.829,80 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsinə əsasən borc alana 24 ay müddətinə illik 8 faiz hesablanmaqla 106.000 manat məbləğində kredit xətti açılaraq kredit verilmişdir. Daha sonra kredit xətti müqaviləsinə xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən kredit limiti artırılaraq 500.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.000.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.200.000 manat və xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən kredit xətti limiti artırılaraq 1.300.000 manat kredit verilmişdir. Dəfələrlə kreditin və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin cavabdeh verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq Cavabdeh xx.xx.2014-cü il tarixinə kredit xətti müqaviləsi üzrə 1.270.878,03 manat əsas borcu, 292.829,80 manat faiz borcu mövcuddur. 4.Məhkəmə iclasında Cavabdeh Raci oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd edilən kredit xətti müqaviləsində, həmin müqaviləyə edilmiş dəyikliklərdə və kassa məxaric orderlərində olan imzalar onun tərəfindən icra olunmamış, bankdan kredit götürməmişdir. O, yalnız bir dəfə 1000 (bir min) manat məbləğində kredit alması üçün həmin banka müraciət etmiş, ona kredit alması üçün ərizəyə və müvafiq sənədlərə imza etdirmişlər, lakin sonradan kredit verməkdən imtina etmişlər. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 10 sentyabr 2019-cu il tarixli, 2(004)-4088/2019 saylı qətnaməsi ilə (hakim-Emin Mehdiyev) iddia tələbi təmin edilməmişdir. 6.Məhkəmə, işin faktiki hallarına əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh Raci oğluna xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsinə əsasən 24 ay müddətinə illik 8 faiz hesablanmaqla 106.000 manat məbləğində kredit xətti açılaraq kredit verilməsini, daha sonra kredit xətti müqaviləsinə xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən kredit limitinin artırılaraq 500000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.000.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.200.000 manat və xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.300.000 manat kredit verilməsi barədə iddiasının heç bir mötəbər sübutla əsaslandırılmamasını, iddiaçının iddia edilən məbləğlərin cavabdehə verilməsinə dair ciddi hesabat blankları olan kassa məxaric orderlərini, hesabdan çıxarışları təqdim edə bilməməsini, həmçinin, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mlübarizə Baş İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı məktubunu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17188 saylı ekspert rəyini nəzərə alıb qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilə bilməz. 7.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 14.2.1-14.2.4, 385.1, 386.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 77.1, 119.1, 14.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 8.Qətnamədən iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə bankın iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 9.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh Raci oğluna xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsinə əsasən, 24 ay müddətinə illik 8 faiz hesablanmaqla 106.000 manat məbləğində kredit xətti açılaraq kredit verilməsini, daha sonra kredit xətti müqaviləsinə xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən, kredit limitinin artırılaraq 500.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən, 1.000.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən, 1.200.000 manat və xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən isə 1.300.000 manat kredit verilməsi barədə heç bir mötəbər sübutla əsaslandıra bilməmiş, iddia edilən məbləğlərin cavabdehə verilməsinə dair ciddi hesabat blankları olan kassa məxaric orderlərini və hesabdan çıxarışları məhkəməyə təqdim edə bilməmişdir. Aşağıda göstərilən hüquqi əsaslara görə hesab olunur ki, hazırkı iş üzrə çıxarılmış Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2019- cu il tarixli, 2(004)- 4088/2019 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından da göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh Raci oğlu arasında bağlanmış 26 noyabr 2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh Raci oğluna 24 ay müddətinə illik 8 faiz dərəcəsi 106.000 məbləğində kredit verilmişdir. Sonradan həmin kredit xəttinin limiti kredit xətti müqaviləsinə edilmiş xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən, 500.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən, 1.000.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən, 1.200.000 manat və xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən, 1.300.000 manat məbləğində artırılmışdır. Cavabdeh kredit xətti üzrə ayrılmış limitdən tam istifadə etmişdir. İddia tələbinin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticənin əksinə olaraq, iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış 26 noyabr 2010-cu il tarixli 1097 saylı kredit xətti müqaviləsi və həmin müqviləyə edilmiş qeyd edilən dəyişikliklər, kredit xətti üzrə ayrılmış məbləğlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən xəzinə məxaric orderləri, kredit xətti üzrə istifadə edilmiş məbləğlər üzrə cavabdeh tərəfindən banka edilmiş ödənişlər barədə xəzinə mədaxil orderləri və hesab üzrə çıxarışlar təqdim edilmişdir. Lakin buna baxmayaraq, məhkəmə işə birtərəfli yanaşaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin sübutlar əsasında heç bir araşdırma aparmamış və cavabdehin formal mülahizələrini əsas götürərək, iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə Cavabdeh Raci oğlunun kredit xətti müqaviləsində, həmin müqaviləyə edilmiş dəyişikliklərdə və kassa məxaric orderlərində olan imzaların onun tərəfindən icra olunmaması və bankdan yalnız bir dəfə 1000 (min) manat məbləğində kredit alması üçün həmin banka müraciət etməsi, ona kredit alması üçün ərizəyə və müvafiq sənədlərə imza etdirilməsi, lakin sonradan kredit verilməsindən imtina olunması barədə verdiyi izahatların həqiqətə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-xətşünaslıq və məhkəməmühasibatlıq ekspertizalarını təyin etsə də, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 1097 saylı rəyində ekspert qarşısında qoyulmuş suallara tam cavab verilməməsinə baxmayaraq, təkrar və ya əlavə ekspertizaların keçirilməsinə heç bir təşəbbüs göstərməmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin məhkəməyə verdiyi izahatında göstərilənlərin yalan olmasını təsdiq edən iş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Yasamal rayon Məhkəməsinə ünvanladığı xx.xx.2014-cü il tarixli ********* saylı məktubunda göstərilmiş faktlar- yəni "xxxx" ASC-də özgə əmlakının külli miqdarda mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və digərfaktlara görə Azərbaycan Respublikası CM-nin 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə Cavabdeh Raci oğlunun adına "xxxx" ASC-də sənədləşdirilmiş kredit pulunun ona verilməsinə şübhələr olduğundan bank tərəfindən həmin kreditə aid olan sənədlərin araşdırma aparılması üçün istintaq orqanına təqdim olunduğu, adına kredit sənədləşdirilməsi barədə cavabdeh tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsinə ərizə ilə müraciət edilməməsi onun adına sənədləşdirilmiş kreditlə əlaqədar cinayət işinin başlanmaması, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının qəbul olunmaması, hər hansı bir şəxsə ittiham elan edilməməsi barədə məlumatlar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. 10.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli, 2(103)- 14089/2019 saylı qətnaməsi ilə (E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Talışinski, iş № 2(103)-14089/19) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(004)-4088/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 11.Apelyasiya instansiyası məhkəməsi bank tərəfindən Cavabdeh xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 24 ay müddətinə illik 8 faiz hesablanmaqla 106.000 manat məbləğində kredit xətti açıldığına, daha sonra kredit xətti müqaviləsinə xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən kredit limitinin artırılaraq 500.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.000.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.200.000 manat və xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.300.000 manat kredit verilməsinin heç bir mötəbər sübutla əsaslandırılmamasına, iddiaçının həmin məbləğlərin cavabdehə verildiyinə dair ciddi hesabat blankları olan kassa məxaric orderlərini və hesabdan çıxarışları təqdim edə bilməməsinə, həmçinin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2014-cü il tarixli məktubuna və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsaslanmaqla hesab etmişdir ki, bankla cavabdeh arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da cavabdehin iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir. 12.Apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq hesab etmişdr ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir. Başqa sözlə, Cavabdeh tərəfi olduğu iddia olunan kredit müqaviləsini imzalamış, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, müqavilələr əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 14.İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 15.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli, 2(103)-14089/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 16.Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 17.Belə ki, işin materiallarında olan 26 noyabr 2010-cu il tarixli kredit müqaviləsindən və surət olan əlavələrindən görünür ki, 24 ay müddətinə illik 8 faiz hesablanmaqla 106.000 manat məbləğində kredit xətti açılmış, daha sonra kredit xətti müqaviləsinə xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən kredit limitinin artırılaraq 500.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.000.000 manat, xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.200.000 manat və xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən 1.300.000 manat məbləğinə artırılmışdır. Həmin müqavilələrə əsasən ilkin kredit məbləği və sonrakı məbləğlər cavabdehə verilməlidir. 18.Apelyasiya instansiyası məhkəməsi faktiki olaraq iddiaçının ilk kredit müqaviləsi istisna olmaqla digər müqavilələrin və həmin müqavilələrə aid olan vəsatətdə göstərilən sənədləri özündən asılı olmayan səbəbdən təqdim edə bilməməsini (həmin sənədlərin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olmasına görə) nəzərə almamışdır. İş materiallarında olan və məhkəmələrin iddianın rədd edilməsi üçün əsas kimi qəbul olunmuş ekspert rəyindən isə görünür ki, həmin rəydə ilkin bağlanmış müqavilə üzrə tədqiqat aparılmış olsa da, digər müqavilələrin əsillərinin təqdim olunmaması səbəbindən tədqiqatın aparılmasının mümkünsüz olmuşdur. Belə olan halda məhkəmələrin Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əməl etmədikləri (həmin sənədləri saxlayan orqandan tələb etməklə sənədlərin əsillərinə müvafiq olaraq yenidən ekspertizanın keçirilməsi) aşkardır. 19.Digər tərəfdən apelyasiya instansiyası məhkəməsinə məlum olmuşdur ki, iddiaçının səhmdarları və digər vəzifəli şəxsləri barəsində cinayət təqibi başlanmış və məhz həmin cinayət işi ilə bağlı olaraq hazırkı iş üzrə iddiaçının istinad etdiyi kredit müqaviləsi, onun əlavəsi olan sazişlər və onlara aid olan sənədlər götürülmüşdür. Belə olan halda həmin cinayət işi üzrə hazırkı iş üzrə cavabdehə verilməsi iddia olunan pul məbləğinə dair hər hansı şəxsə ittiham irəli sürülməsi və iddiaçının həmin cinayət işi üzrə mülki iddiasının olması aydınlaşdırmalı olduğu halda hər hansı araşdırma aparılmamış və birinci instansiya məhkəməsinin aparmış olduğu tam olmayan araşdırma ilə kifayətlənmişdir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə iddia olunan pul vəsaitinə dair istintaq orqanı tərəfindən hər hansı araşdırma aparılıb–aparılmamasının zəruri olduğu üçün, həmin halın aydınlaşdırılmasının işin həlli üçün mühüm əhəmiyyəti olmuşdur. 20.İddiaçı tərəfin mövqeyinə görə müqavilə bağlanmış və həmin tarixdə müqavilədə göstərilən pul məbləği cavabdehə ödənilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi müqavilənin bağlanması və cavabdeh tərəfindən imzalamasını və pul məbləğinin məhz ona verilməməsini, müqavilənin icrası ilə bağlı ödəniş aparılmamasını mötəbər və tutarlı sübutlarla əsaslandırmalıdır. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 21.Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı mövcud və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəflər arasında göstərilən müqavilənin bağlanmamasını qeyd etsə də, kredit müqaviləsinin bağlanması, onlarda nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi və onun tərəfindən həmin məbləğin qəbul edilməsinin təsdiq olunmamasına dair qənaətini mötəbər və tutarlı sübutlarla əsaslandırmadığı üçün gəldiyi nəticələri qanuni və əsaslı sayıla bilməz. Kollegiya həmçinin qeyd edir ki, qeyd edilən maddələrin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. 22.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 23.Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. 24.Məhkəmə kollegiyasının iclasında Cavabdeh Raci oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsində qeyd edilən kredit xətti müqaviləsində, həmin müqaviləyə edilmiş dəyikliklərdə və kassa məxaric orderlərində olan imzalar onun tərəfindən icra olunmamış, bankdan kredit götürməmişdir. O, yalnız bir dəfə 1000 (bir min) manat məbləğində kredit alması üçün həmin banka müraciət etmiş, ona kredit alması üçün ərizəyə və müvafiq sənədlərə imza etdirmişlər, lakin sonradan kredit verməkdən imtina etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 25.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 26.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 28.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 29.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 30.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 31.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 32.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 33.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 36.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 38.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 42.Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, borc verən həmin müqaviləyə əsasən borc alana 24 ay müddətinə illik 8 faiz olmaqla 106000 manat məbləğində kredit xətti verməyi, borc alan borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən borcun istifadə edilməsi və ödənilməsi 1***-***-**-**3895 ssuda hesabı ilə həyata keçiriləcəkdir. 43.İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsinə edilmiş xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli dəyişikliliklərdən görünür ki, kreditin limiti artırılmış, müvafiq olaraq 500.000 manat, 1.000.000 manat, 1.200.000 manat və 1.300.000 manat kredit xətti açılmışdır. 44.İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixinə Cavabdeh banka 1.270.878,03 manat əsas və 292.829,80 manat faiz borcu mövcuddur. 45.İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mlübarizə Baş İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı məktubda "xxxx" ASC-də özgə əmlakının külli miqdarda mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və digər faktlara görə Azərbaycan Respublikası CM-nin 179.3.2., 213.2.2, 308.2. və 313-cü maddələri ilə İdarənin istintaq şöbəsində cinayət işi istintaq olunduğu, Cavabdeh adına "xxxx" ASC-də sənədləşdirilmiş kredit pulunun ona verilməsinə şübhələr olduğundan bank tərəfındən həmin kreditə aid olan sənədlərin araşdırma aparılması üçün istintaq orqanına təqdim olunduğu, adına kredit sənədləşdirilməsi barədə Cavabdeh tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsinə ərizə ilə müraciət edilməməsi, onun adına sənədləşdirilmiş kreditlə əlaqədar cinayət işinin başlanmaması, təqsirləndirilən şəxs qismində cəlbetmə qərarının qəbul olunmaması, hər hansı bir şəxsə ittiham elan edilməməsi göstərilmişdir. 46.Birinci instansiya məhkəməsinin 19 iyun 2019-cu il tarixli qərardadı ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsində, həmin kredit xətti müqaviləsinə edilmiş xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli dəyişikliklərdə və qeyd edilən kredit müqavilələri üzrə pul vəsaitinin ödənilməsinə dair kassa məxaric orderlərində olan imzaların Cavabdeh Raci oğlu tərəfindən icra olunub olunmamasının, həmçinin "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsi, həmin kredit xətti müqaviləsinə edilmiş xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli dəyişikliklər üzrə xx.xx.2014-cü il tarixinə (iddia ərizəsinin verildiyi tarix) qalan borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. 47.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17188 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsinin 2-ci vərəqəsində “Borc alan” qrafasındakı imzanın Cavabdeh tərəfindən, 1-ci vərəqəsində “Borc alan” qrafasındakı imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. 48.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Murad Allahverdiyevin ekspertiza aparmaqdan imtina haqqında xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, "xxxx" ASC-nin xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsinə edilmiş dəyişikliklərin əslləri, xəzinə məxaric orderlərinin əslləri, kredit xətti müqaviləsinə edilmiş dəyişikliklər üzrə hesabdan çıxarışı (cari, ssuda, cərimə, faiz hesabları göstərilməklə, kredit verilən tarixdən xx.xx.2019-cu il tarixinədək), ödəniş qəbzləri təqdim edilmədiyinə görə məhkəməmühasibatlıq ekspertizasını aparılmasından imtina olunmuşdur. 49.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 50.Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi faktiki olaraq iddiaçının ilk kredit müqaviləsi istisna olmaqla digər müqavilələrin və həmin müqavilələrə aid olan vəsatətdə göstərilən sənədləri özündən asılı olmayan səbəbdən təqdim edə bilməməsini (həmin sənədlərin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olmasına görə) nəzərə almamışdır. İş materiallarında olan və məhkəmələrin iddianın rədd edilməsi üçün əsas kimi qəbul olunmuş ekspert rəyindən isə görünür ki, həmin rəydə ilkin bağlanmış müqavilə üzrə tədqiqat aparılmış olsa da, digər müqavilələrin əsillərinin təqdim olunmaması səbəbindən tədqiqatın aparılmasının mümkünsüz olmuşdur. Belə olan halda məhkəmələrin Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əməl etmədikləri (həmin sənədləri saxlayan orqandan tələb etməklə sənədlərin əsillərinə müvafiq olaraq yenidən ekspertizanın keçirilməsi) aşkardır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında göstərilən müqavilənin bağlanmamasını qeyd etsə də, kredit müqaviləsinin bağlanması, onlarda nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi vəonun tərəfindən həmin məbləğin qəbul edilməsinin təsdiq olunmamasına dair qənaətini mötəbər və tutarlı sübutlarla əsaslandırmadığı üçün gəldiyi nəticələri qanuni və əsaslı sayıla bilməz. 51.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərardadı ilə kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Ekspertizanın keçirilməsi üçün lazım olan sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində olduğu üçün, həmin sənədlər həmin məhkəmədən tələb olunmasına baxmayaraq, məhkəməyə göndərilməmiş, bu səbəblə iş üzrə ekspertizanın keçirilməsi mümkün olmamış, ekspert tərəfindən rəy verilmədən mülki iq materialları geri qaytarılmışdır. 52.Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin 19 fevral 2021-ci il tarixli, 1(101)- 163/2021 saylı məktubundan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 313 və 193- 1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin hazırda məhkəmə istintaqı aparıldığı üçün Cavabdeh adına olan kredit müqaviləsinə dəyişikliklərin, xəzinə məxaric, mədaxil orderlərinin və digər sənədlərin əsillərinin göndərilməsi mümkün olmamışdır. 53.Kollegiya hesab etmişdir ki, ekspertizanın keçirilməsi üçün lazımi sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində olduğundan, həmin sənədlərin təqdim olunması hazırkı halda cinayət işinə baxılması ilə əlaqədar mümkün olmadığından, hazırkı mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2ci maddəsi ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 313 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmalıdır. 54.Bundan sonra, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, sənədlər həmin cinayət işindən götürüldükdən sonra, iş üzrə icraat təzələnmişdir. 55.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-111/2022 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları rəyin edilməklə iş üzrə icraat dayandırılmışdır. 56.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022ci il tarixli, 4/1440-9/7226 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 2-ci cildinin 80-cı vərəqində 04 fevral 2011-ci il tarixli "xxxx" ASC-nin 1097 saylı kredit xətti müqaviləsində dəyişikliyin aşağı sağ hissəsində “İstifadəçi” qrafasında olan imza; mülki işin 2-ci cildinin 102-ci vərəqində 23 fevral 2011-ci il tarixli "xxxx" ASC-nin 1097 saylı kredit xətti müqaviləsində dəyişikliyin aşağı sağ hissəsində “İstifadəçi” qrafasında olan imza; mülki işin 2-ci cildinin 128-ci vərəqində 11 mart 2011-ci il tarixli "xxxx" ASC-nin 1097 saylı kredit xətti müqaviləsində dəyişikliyin aşağı sağ hissəsində “İstifadəçi” qrafasında olan imza; mülki işin 2-ci cildinin 160-184-cü vərəqələrində olan 26 noyabr 2010-cu il tarixli, 04 fevral 2011-ci il tarixli, 07 fevral 2011-ci il tarixli, 10 fevral 2011-ci il tarixli, 14 fevral 2011-ci il tarixli, 15 fevral 2011-ci il tarixli, 16 fevral 2011-ci il tarixli, 17 fevral 2011-ci il tarixli, 18 fevral 2011-ci il tarixli, 23 fevral 2011-ci il tarixli, 24 fevral 2011-ci il tarixli, 25 fevral 2011ci il tarixli, 28 fevral 2011-ci il tarixli, 01 mart 2011-ci il tarixli, 02 mart 2011-ci il tarixli, 03 mart 2011ci il tarixli, 03 mart 2011-ci il tarixli, 04 mart 2011-ci il tarixli, 07 mart 2011-ci il tarixli, 10 mart 2011-ci il tarixli, 11 mart 2011-ci il tarixli, 14 mart 2011-ci il tarixli, 16 mart 2011-ci il tarixli, 18 mart 2011-ci il tarixli, 04 aprel 2011-ci il tarixli “Xəzinə məxaric order”lərində “Alanın imzası”, “Vəsaiti aldım”, “İmza” qrafalarında olan imzalar AĞAYEV QASİM RACİ oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 20 iyun 2011-ci il tarixli "xxxx" ASC-nin 1097 saylı kredit xətti müqaviləsində dəyişikliyin aşağı sağ hissəsində “İstifadəçi” qrafasında olan imza; 09 iyun 2011-ci il tarixli, 20 iyun 2011-ci il tarixli, 21 iyun 2011-ci il tarixli, 24 iyun 2011-ci il tarixli “Xəzinə mədaxil orderlərin”də “Alanın imzası” və“İmza” qrafalarında olan imzalar-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh "xxxx" ASC tərəfindən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2012-ci il tarixə əsas borcu- 1.270.878,03 manat, faiz borcu 175.090,78 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödnilməsini gecikcirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilimədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikcirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə olan borcu xx.xx.2014-cü il tarixə əsas kredit borcu 1.270.878,03 manat, faiz borcu 248.342,78 manat müəyyən edilir. 57.20 iyun 2011-ci il tarixli "xxxx" ASC-nin 1097 saylı kredit xətti müqaviləsində dəyişiklikdə, 20 iyun 2011-ci il tarixli və 21 iyun 2011-ci il tarixli “Xəzinə məxaric order”lərində olan imzalar Cavabdeh məxsus olmadığı müəyyən edildiyindiən məhkəmə kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. 58.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, №9/802 saylı eskpert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim olunmuş ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və ekspert qarşısına qoyulmuş sualda göstərilənlər nəzərə alınmaqla “Borcalan” Cavabdeh Raci oğlu tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2012-ci il tarixə banka ödənilməli olan borcu əsas borcu üzrə 1.142.078,0 manat, faiz borcu üzrə 160.332,82 manat olmaqla, cəmi 1.302.410,82 manat məbləğində müəyyən edilir. 59.Ekspert rəyində qeyd olunmuşdur ki, “Borclan” Cavabdeh Raci oğlu tərəfindən Banka xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddətdə heç bir ödəniş aparılmamışdır. Cavabdeh Raci oğlunun xx.xx.2014-cü il tarixə "xxxx" ASC-yə olan əsas borcu 1.142.078,0 manat təşkil edir. 60.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərkən maddi və prosessual hüququ normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, buna görə də qətnamə ləğv edilərək, işdə olan sübutlar əsasənda yeni qətnamə qəbul edilməlidir. 61.Kollegiya qeyd edir ki, tərəflər arasında kredit müqaviləsinin mövcudluğu iş materialları ilə öz təsdiqini tapdığından tərəflər arasında müqaviləyə əsaslanan öhdəlik hüququndan irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı tərəf öz öhdəliyini yerinə yetirmiş, işdə olan məxaric qəbzlərinə əsasən cavabdehə kreditlər verilmiş, cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 62.Həmçinin qeyd olunmalıdır ki, iddiaçı adına kredit sənədləşdirilməsi barədə tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsinə ərizə ilə müraciət etməmiş, onun adına sənədləşdirilmiş kreditlə əlaqədar cinayət işi başlanılmamış, təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı qəbul olunmamış, hər hansı bir şəxsə ittiham elan edilməmişdir. 63.Kollegiya qeyd edir ki, iş üzrə cavabdehin öhdəliyini lazımınca icra etməməsi səbəbindən iddiaçı olan Banka borcu yarandığından və borcun məbləği mübahisəli olduğundan hazırkı halda ilk öncə borc məbləğinin müəyyən edilməsinə zəurət vardır. 64.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 4/1440-9/7226 saylı rəyinə əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1097 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə olan borcu xx.xx.2014-cü il tarixə əsas kredit borcu 1270878,03 manat, faiz borcu 248342,78 manat miqdarında müəyyən edilmişdir. 65.Lakin yuxarıda da qeyd edildiyi kimi ekspert, 20 iyun 2011-ci il tarixli "xxxx" ASC-nin 1097 saylı kredit xətti müqaviləsində dəyişiklikdə, 20 iyun 2011-ci il tarixli və 21 iyun 2011-ci il tarixli “Xəzinə məxaric order”lərində olan imzaların Cavabdeh məxsus olmamasına görə həmin ödənişləri nəzərə almadan hesablama apardığından məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək yenidən ekspert rəyi əldə edilmişdir. 66.Ekspertiza mərkəzinin 10 mart 2023-cü il tarixli, №9/802 saylı eskpert rəyinə əsasən “Borcalan” Cavabdeh Raci oğlu tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2012-ci il tarixə banka ödənilməli olan borcu əsas borcu üzrə 1.142.078,0 manat, faiz borcu üzrə 160.332,82 manat olmaqla cəmi 1.302.410,82 manat məbləğində müəyyən edilmişdir. 67.Məhkəmə Kollegiyası hesab edir ki, kredit borcunun şəxsən borc alan tərəfindən qaytarılmalı olması ilə bağlı nə qanunvericilikdə nə də tərəflər arasındakı müqavilədə imperativ bir norma olmadığından, iddiaçının imzası olmayan xx.xx.2011 və xx.xx.2011-ci il tarixli “Xəzinə mədaxil order”ləri nəzərə alınmaqla kredit borcu hesablanmışdır. 68.Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 4/1440-9/7226 saylı rəyinə əsasən, 20 iyun 2011-ci il tarixli "xxxx" ASC-nin 1097 saylı kredit xətti müqaviləsində dəyişikliyin aşağı sağ hissəsində “İstifadəçi” qrafasında olan imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edildiyindən, həmin dəyişiklik üzrə iddiaçının tələbi əsassız olmuş, bu səbəbdən də sonrakı ekspertiza təyin edilməsi haqqında qərardadda ekspert qarşısına qoyulmuş suallarda 20 iyun 2011-ci il tarixli "xxxx" ASC-nin 1097 saylı kredit xətti müqaviləsində dəyişiklik üzrə borc məbləğinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmamışdır. 69.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. 70.Qeyd olunan xüsusutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO "xxxx"ASCnin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(004)- 4088/2019 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək ekspert rəyi nəzərə alınmaqla Cavabdeh Raci oğlundan LPO "xxxx" ASC-nin xeyrinə 1.142.078,0 (bir milyon yüz qırx iki min yetmiş səkkiz) manat əsas borc, 160.332,82 (yüz altmış min üş yüz otuz iki manat, səksən iki qəpik) manat faiz borcu və 25 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 1.302.435,82 (bir milyon üş yüz iki min dörd yüz otuz beş manat, səksən iki qəpik) manat pul tutulmalıdır. 71.Kollegiya cavabdehlə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə xitam verilməsi hissəsində iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. 72.Belə ki, xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin müddəti xx.xx.2012-ci ildə başa çatmışdır. 73.Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 412 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 342 manatı Cavabdeh Raci oğlundan, 70 manatı isə iddiaçı LPO "xxxx" ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 74.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(004)- 4088/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Raci oğlundan LPO "xxxx" ASC-nin xeyrinə 1.142.078,0 (bir milyon yüz qırx iki min yetmiş səkkiz) manat əsas borc, 160.332,82 (yüz altmış min üş yüz otuz iki manat, səksən iki qəpik) manat faiz borcu və 25 (iyirmi beş) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.302.435,82 (bir milyon üş yüz iki min dörd yüz otuz beş manat, səksən iki qəpik) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 412 (dörd yüz on iki) manatın 342 (üç yüz qırx iki) manatı Cavabdeh Raci oğlundan, 70 (yetmiş) manatı isə iddiaçı LPO "xxxx" ASCdən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar