Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-280/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 iyun 2014-cü il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X2, habelə cavabdehin özünün və vəkili X1 iştirakları ilə, məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 14.12.2012-ci il tarixdə bağlanmış 109475-1-4797 nömrəli “Kredit müqaviləsinə” əsasən yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 14.142,56 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 173 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 3,80 ABŞ dolları, cəmi isə 14.319,36 ABŞ dolları, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə cavabdehə məxsus olan “Shevrolet Aveo” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin Banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14.12.2012-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 18 faiz dərəcəsi ilə 60 ay müddətə 16.350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq mülkiyyətində olan avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh, müqavilə üzrə üzərinə öhdəlik götürsə də, bu öhdəlikləri icra etməmiş, kredit məbləğini Banka tam həcmdə qaytarmaqdan yayınmışdır. Nəticədə cavabdehin iddiaçı Banka 14.142,56 ABŞ dolları məbləğində əsas borcu, 173 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə cərimə (dəbbə) tətbiq olunmuşdur ki, bu cərimənin məbləği 3,80 ABŞ dolları təşkil edir. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq, borc ödənilməmiş qalmışdır. Bank da bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.06.2014-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Rayon Məhkəməsi cavabdehi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırmamış, onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bundan başqa, cavabdehin iddiaçı Banka olan borcu düzgün hesablanmamışdır. Çünki, cavabdeh ödəniş cədvəlinə əsasən hər ay əsas və faiz borcunu ödəmiş, lakin sonradan cavabdehin maddi vəziyyəti pisləşmiş və o, ödənişləri dayandırmışdır. İş üzrə məhkəmə qətnaməsi 2014-cü ilin iyun ayında qəbul olunsa da, cavabdeh 2015-ci ildə ödənişlər etmişdir. Bu səbəbdən qətnamə ilə müəyyən edilmiş borc real borc məbləğini əks etdirmir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnamənin tam həcmdə ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, tələb üzrə tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul məbləği hesabına onun iddiaçı Banka olan borcunun ödənilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticəni mübahisələndirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələblərindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 14.12.2012-ci il tarixdə bağlanmış “Avtomobilin krediti müqaviləsindən” görünür ki, cavabdeh bu müqaviləyə əsasən Bankdan kreditdən istifadəyə görə illik 18 faiz dərəcəsi ilə 60 ay müddətinə 16.350 ABŞ dolları məbləğində pulu borc almışdır. Həmin “Müqavilədən” və “Ödəniş cədvəlindən” görünür, cavabdeh iddiaçı Bankdan aldığı krediti hissə-hissə, aybaay Banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. İşin hallarından, hətta apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunu tam həcmdə qaytarmamışdır. Bank tərəfindən təqdim edilmiş 08.08.2017-ci il tarixli arayışdan görünür ki, cavabdehin Banka olan əsas kredit borcu 14.142,56 ABŞ dolları, faiz borcu 173 ABŞ dolları, cərimə (dəbbə) borcu 3,80 ABŞ dolları təşkil edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdehin apellyasiya şikayətində qeyd edilir ki, iddia ərizəsi ilə ödənilməsi tələb olunan borcun məbləği düzgün hesablanmamışdır. Belə ki, o, ödəniş cədvəlinə uyğun olaraq hər ay əsas və faiz borcunu ödəmişdir. Bundan başqa, hazırki iş üzrə qətnamə qəbul edildikdən sonra da cavabdeh Banka müəyyən ödənişlər etmişdir. Ona görə də, hazırki vəziyyətdə cavabdehdən Bankın xeyrinə tutulması qət edilmiş borc real borcu əks etdirmir. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinin araşdırılması üçün 05.07.2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən Məhkəməyə daxil olmuş 24.12.2019-cu il tarixli, 23677 nömrəli ekspert rəyindən görünür ki, işdə olan hesabdan çıxarış məlumatları və 14.12.2012-ci il tarixli “Avtomobilin krediti müqaviləsinin” şərtləri nəzərə alınaraq cavabdehin 31.01.2017-ci il tarixə (iddianın verildiyi tarix) iddiaçı Banka olan borcu 14.172,73 ABŞ dolları, o cümlədən əsas borc 14.025,46 ABŞ dolları, faiz borcu 147,27 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Göstərilən müqavilə üzrə hesabdan çıxarış məlumatlarından cərimənin hesablanması göstərilmədiyindən cavabdehə cərimə hesablanmamışdır. Rəydə həmçinin qeyd edilir ki, ekspertiza zamanı cavabdehin 10.04.2014-cü il tarixdən sonra 4.217 ABŞ dolları məbləğində ödənişin aparılması müəyyən edilmişdir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 10.04.2014-cü il tarix göstərildiyindən, həmin ödəniş nəzərə alınmamışdır. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi cavabdehin Banka olan borcunun məbləğinin müəyyənləşdirilməsində səhvə yol vermişdir. Tərəflər arasında bağlanmış 14.12.2012-ci il tarixli “Kredit müqaviləsi” üzrə 31.01.2017-ci il tarixə (iddianın verildiyi tarix) cavabdeh tərəfindən iddiaçı Banka ödənilməli olan əsas borc məbləği iddia ərizəsində qeyd edildiyi kimi 14.142,56 ABŞ dolları məbləğində deyil, ekspert rəyində göstərilən məbləğdə, yəni 14.025,46 ABŞ dolları, faiz borcu məbləği isə 173 ABŞ dolları məbləğində deyil, 147,27 ABŞ dolları məbləğindədir. Məhkəmə həmçinin bildirir ki, hazırki işin başlanmasına əsas olmuş iddia məhkəməyə təqdim edildikdən sonra, cavabdeh tərəfindən müqavilə üzrə cəmi 4.217 ABŞ dolları məbləğində ödənişlər həyata keçirilmişdir. Qeyd olunanları, habelə Mülki Məcəllənin 432.4-cü maddəsinin tələblərini nəzərə alan Məhkəmə, hesab edir ki, 10.04.2014-cü il tarixdən sonra cavabdeh tərəfindən aparılmış, lakin həm Bank, həm də Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış 4.217 ABŞ dolları məbləğində ödəniş 10.04.2014-cü il tarixə müəyyən edilmiş 3,80 ABŞ dolları cərimə borcuna, daha sonra 147,27 ABŞ dolları faiz borcuna yönəldilməli, artıq qalan məbləğ isə əsas borcdan silinməlidir (4.217-3,80-147,27=4.065,93; 14.025,46-4.065,93=9.959,53). Çünki, Mülki Məcəllənin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göstərilən hesablamalar aparıldıqdan sonra müəyyən edilir ki, 14.12.2012-ci il tarixli “Avtomobilin krediti müqaviləsi” üzrə cavabdeh tərəfindən iddiaçı Banka ödənilməmiş yalnız əsas borcu qalır ki, bu borc da 9.959,53 ABŞ dolları məbləğindədir. Bu baxımdan müəyyən edilir ki, cavabdehin müzakirə olunan dəlili qismən əsaslıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlil isə ondan ibarətdir ki, müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən əvvəllər vaxtlı-vaxtında həyata keçirilsə də, daha sonra cavabdehin maddi vəziyyətinin pisləşməsi ödənişlərin aparılmasını qeyrimümkün etmişdir. Cavabdehin bu dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin ağırlaşması onu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasında azad etmir. Belə ki, tərəflər arasında bağlanmış 14.12.2012-ci il tarixli “Kredit müqaviləsində” bu səbəblə borcalanın öhdəlikdən azad edilməsi və ya onun vəziyyətinin hər hansı bir şəkildə yüngülləşdirilməsini təsbit edən şərt nəzərdə tutulmamışdır. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızıdır. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmamış, onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, işdən görünür ki, Rayon Məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarında olan bildiriş məktubundan görünür ki, Rayon Məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, bildiriş onun ünvanına göndərilmiş, lakin cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəbdən baş verməsi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmamışdır. Qətnamə çəkişmə şəraitində qəbul edilmişdir. Beləliklə, işin göstərilən hallarını və MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan, habelə MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin tələbin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30.06.2014-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddianın tam təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. İddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “Avtomobilin krediti müqaviləsi” əsasında yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 9.959 (doqquz min doqquz yüz əlli doqquz) ABŞ dolları 53 (əlli üç) sent məbləğində pul (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilsin. İddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia tələbi apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 iyun 2014-cü il tarixli qətnamə, tutmanın ipoteka predmetinə - Cavabdeh mülkiyyətində olan “Shevrolet Aveo” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi barədə tələbin təmin olunması, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 (otuz) manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması hissəsində hazırki apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-280/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-280/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver