Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-280/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Ramin Sadıxzadənin, Cavabdehin nümayəndəsi və vəkili Surət Məmmədovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” 2(008)-7718/2016 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, məhkəmədən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 iyul 2014-cü il tarixli, 5376 PK saylı kredit müqaviləsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 1675 manat məbləğində əsas kredit borcunun, 159154 manat faiz borcunun, cəmi 160829 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 14 iyul 2014-cü il tarixli, 5376 Pk saylı bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə 250000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh ödəniş qrafiki ilə müəyyənləşdirilmiş məbləğdə pulun ödənilməsini öhdəsinə götürsə də, kredit və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş, sonuncunun 1675 manat məbləğində əsas kredit borcu, 159154 manat faiz borcu, cəmi 160829 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsinin 3.4-cü bəndinə görə kerdit alan istifadə etdiyi kredit məbləğini kredit verənin hesabına nağd və ya köçürmə yolu ilə ödəmədikdə, imtiyaz müddətinin bitdiyi ayın 1-dən hesablanmaq şərtilə kredit kartı üzrə yaranmış borcun məbləğinə illik 28 % dərəcəsi ilə faiz hesablanır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.08.2016-cı il tarixli, 2(008)-7718/2016 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin faiz borcunun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə çağrılmamış, məhkəmə baxış iclası onun iştirakı olmadan keçirilmiş, məhkəmə tərəfindən hərtərəfli, tam, obyektiv, faktlar əsasında məhkəmə araşdırılması aparılmadan qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş faiz borcunun tutulması hissəsində yoxlanılır. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanılmış 14 iyul 2014-cü il tarixli, 5376 PK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti kredit alan Cavabdeh 12 ay müddətinə 250000 manat məbləğində kredit xətti açılmasını, kredit alan isə krediti nağd və ya köçürmə yolu ilə tam qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan istifadə etdiyi kredit məbləğini ödəmədikdə, imtiyaz müddətinin bitdiyi ayın 1-dən hesablanmaq şərti ilə kredit kartı üzrə yaranmış borcun məbləğinə illik 28% dərəcəsi ilə faiz hesablanır. İddiaçı tərəfindən təqdim edilmiş 25.08.2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixə 1675 manat əsas, 159154 manat faiz, cəmi 160829 manat borcu mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehdən kredit borcunun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23.02.2022-ci il tarixli rəyə əsasən, Cavabdeh 15.07.2015-ci il tarixə Banka olan əsas borcu 249975 manat, faiz borcu 13026,48 manat; 12.08.2016-cı il tarixə Banka olan əsas borcu 1675 manat, faiz borcu 26462,63 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyini əsaslıdır və rəyi şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də iddia tələbinə uyğun olaraq cavabdehdən kredit müqaviləsinin müddətinin bitdiyi 15.07.2015-ci il tarixə olan faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin məhkəmə iclası barədə məlumatlandırılmamasına dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin iş materiallarında olan ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Həmin Məcəllənin 139.2.4-cü maddəsinə əsasən məhkəmə bildirişində xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan göstərilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - faiz borcunun tutulan məbləği hissəsində dəyişdirilməli, Cavabdeh 14.07.2014-cu il tarixli, 5376 PK saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 13026,48 (on üç min iyirmi altı manat, qırx səkkiz qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli, 2(008)- 7718/2016 saylı qətnaməsi mübahisələndirilən - cavabdehdən faiz borcunun tutulan məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 14 iyul 2014-cu il tarixli, 5376 PK saylı saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 13026,48 (on üç min iyirmi altı manat, qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı ASC-dən, 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-280/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-280/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver