Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-280/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh Vaqif qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-280/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borcu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1469/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 9 % ödəmək şərtilə 6880 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5638.7 AZN əsas, 147.81 AZN faiz, 8.63 AZN cərimə borcu olmaqla, cəmi 5795.14 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 78.36 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 9 % ödəmək şərtilə 6880 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə, borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-yə 5638.7 manat əsas, 147.81 manat faiz, 8.63 manat cərimə borcu olmaqla, cəmi 5795.14 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1469/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 5638.7 manat əsas, 147.81 manat faiz, 8.63 manat cərimə borcu olmaqla, cəmi 5795.14 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iş üzrə ödənilmiş 77.96 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının əvəzi olmaqla, cəmi 78.36 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 445.2.1, 448.1, 739.1, 739.2, 741-ci madəlləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, bildirmişdir ki, sözügedən kredit müqaviləsinə əsasən müqavilə öhdəliyi cavabdeh tərəfindən vaxtlı-vaxtında yerinə yetirilmiş, müqavilə üzrə borcdan çox hissəsi ödənilmiş və nəticədə cavabdehin iddiaçıya müəyyən məbləğində əsas borcu qalmışdır. İddiaçı bank cavabdehin öhdəliyini yerinə yetirmədiyini əsas tutaraq tərəflər arasındakı kredit müqaviləsinin müddəti başa çatmamış, vaxtından əvvəl cavabdehdən tam borcunu tələb etmişdir. İddiaçı hazırki tələbində 36 ay müddətinə bağlanmış müqavilə üzrə iddiaçı vaxtından əvvəl borcunu tələb etmişdir. İddiaçı tam borcunu tələb etməklə mahiyyətcə müqaviləni vaxtından əvvəl ləğv etmək və ya dəyişdirçək barədə qarşı tərəfə məlumat verməmişdir. İddiaçı tərəfindən borcun vaxtından əvvəl tələb edilməsi barədə qarşı tərəfə bildiriş təqdim edulməsi iş materiallarından görünmür. Həmçinin birinci instansiya məhkəməsi bank tərəfindən hesablamaların düzgün aparılıb-aparılmadığını araşdırmamış, əsaslandırmamış və məhkəmə-mühasibatlıq ekspertizası keçirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir.
13. Maddə 429.1.3. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
17. Maddə 449.1. Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
18. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23 Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
25. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırda cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcu hissəsində dəyişdirilməlidir.
30. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 2272nkSTB2/21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC xx.xx.2026-cı il tarixinədək illik 9 % ödəmək şərtilə 6880 AZN məbləğində krediti Cavabdeh mülkiyyətinə verməyi və ona bank hesabı (cari, kredit) açmağı, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
31. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh həmin tarixə 2272nkSTB2/21 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 5638.7 manat əsas, 147.81 manat faiz, 8.63 manat cərimə borcu olmaqla, cəmi 5795.14 manat məbləğində borcu vardır.
32. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış borc məbləğini 3 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 gün müddətində ləğv edilməsini təklif etməklə bağlı xəbərdarlıq edilmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-280/2024 saylı qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 9/7535 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2272nkSTB2/21 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu: xx.xx.2022-ci il tarixə - əsas borc üzrə 5640.51 manat; faiz borcu üzrə 68.50 manat; xx.xx.2023-cü il tarixə - əsas borc üzrə 5640.51 manat; faiz borcu üzrə 108.51 manat müəyyən edilmişdir. Həmçinin ekspert rəyində cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən, yəni iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixdən etibarən 566.14 manat məbləğində ödəniş aparıldığı da öz əksini tapmışdır.
34. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş üzrə borc məbləğinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmalıdır.
35. Belə ki, həmin qərarda əks etdirilən hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
36. Odur ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd etdiyi hüquqi mövqeyə əsasən kollegiya hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanılan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən faiz borcunun məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan, daha doğrusu, pretenziya məktubunda iddiaçının müqaviləyə xitam verilməsini nəzərdə tutduğu tarixə müvafiq olaraq hesablanmalıdır.
37. "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış borc məbləğini 3 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 gün müddətində ləğv edilməsini təklif etməklə bağlı xəbərdarlıq edilmişdir. Bu da o deməkdir ki, kreditor tərəfindən kredit müqaviləsinə ən geci xx.xx.2022-ci il tarixində xitam verilməsi ilə bağlı iradə ifadəsi göstərilmişdir və hazırki iş üzrə tərtib olunan ekspert rəyinə əsasən borclu Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə olan faiz borcu 68.50 manat təşkil etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək Cavabdeh faiz borcu olaraq 68.50 AZN məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilməlidir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. Həmçinin işlə bağlı təyin edilmiş ekspert rəyində cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən, yəni iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixdən etibarən 566.14 manat məbləğində ödəniş aparıldığı da öz əksini tapmışdır. Bu halda kollegiya qeyd edir ki, sözügedən məbləğin ödənilməsi faktı artıq yekun məhkəmə aktının icraya yönəldilməsi mərhələsində nəzərə alınacağından hazırki iş üzrə qəbul olunan qətnamədə müəyyən olunan borcun məbləğinin qeyd olunan məbləğlə bağlı dəyişdirilməsinə zərurət yoxdur.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
44. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1469/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirililsin. Cavabdeh faiz borcu olaraq 68.50 AZN (altmış səkkiz manat əlli qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı Cavabdeh, 50 (əlli) manatı manatı isə "xxxx" KB ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova