Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-280/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X3” ASC-nin Cavabdeh və iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) birləşdirilmiş iş üzrə (Açar sözlər:pul tələbi, borcun və faizin silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddiaçı Cavabdeh, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qətnaməsindən və Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qətnaməsindən 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddiaçı olan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 30 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1-ci iş üzrə
1. İddiaçı "X3” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. 29 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən 843.23 manat əsas, 222.74 manat cərimə olmaqla, cəmi 1065.97 manat borc qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 843.23 manat əsas, 62.38 manat cərimə borcu, cəmi 905.61 manat borc qeyd edilmişdir.
2-ci iş üzrə
2. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" ASC arasında ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, ABŞ dolları valyutasında olan 52437544****3973 nömrəli bank kartı (hesab №: AZ28UBAZ**********1020USD001) iddiaçının istifadəsinə verilmişdir. İş üzrə mübahisəli hal isə xx.xx.2022-ci il tarixində iddiaçının istifadəsində olan həmin karta 500 ABŞ dolları məbləğində pul vəsaitinin 2 dəfə mədaxil edilməsi və həmin məbləğlərin iddiaçı tərəfindən istifadə edilməsindən ibarət olmuşdur. Belə ki, iddiaçı bu məbləğlərin Çexiyada yaşayan dostu tərəfindən ona göndərildiyini iddia etmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməsi ona təklif edilsə də, iddiaçı bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə beynəlxalq pul köçürmə sistemi olan “Paysend” təyinatı ilə “Mastercard” vasitəsilə iddiaçının kartına yalnız 1 dəfə 500 ABŞ dollarının köçürüldüyünü, ikinci dəfə köçürülən məbləğin bankın elektron sistemində baş vermiş texniki xətanın nəticəsi, yəni bankın öz vəsaiti olduğunu, buna görə də ikinci əməliyyatın sonradan bank tərəfindən ləğv edildiyini, lakin iddiaçının həmin məbləğdən istifadə etməsi (başqa karta köçürməsi) səbəbindən kartda overdraft yarandığını iddia etmişdir. Bununla bağlı məhkəmənin sübutların tələb edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli qərardadı əsasında cavabdeh məsələ ilə bağlı ondan tələb olunan zəruri bütün sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, cavabdehin “Mastercard” ilə elektron qaydada apardığı danışıqlardan görünür ki, “Mastercard”2022-ci ilin dekabr ayı ərzində banka yalnız 1 daxilolma əməliyyatı həyata keçirildiyini, 2-ci bir daxilolma əməliyyatının isə olmadığını təsdiqləmişdir. Bundan başqa, iş materiallarında olan çoxsaylı hesabdan çıxarışlardan iddiaçıya məxsus 524375******3973 nömrəli karta xx.xx.2022-ci il tarixində 956012 kodlu əməliyyat üzrə 2 dəfə 500 USD məbləğ daxil olması, iddiaçının hər iki əməliyyat üzrə köçürülmüş məbləğləri istifadə etməsi (birinci dəfə bankomatdan nağdlaşdırma, ikinci dəfə kartdan karta köçürmə üsulu ilə), ikinci köçürmə texniki xəta səbəbindən baş verdiyindən, bankın bu məbləği geri çəkməsi, lakin kartda vəsait olmaması səbəbindən balansın mənfiyə düşməsi müəyyən edilmişdir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləni, məsələyə dair ətraflı maliyyə arayışlarını da məhkəməyə təqdim etmişdir.
Birinci instansiya məhkəməsində icraat
1-ci iş üzrə
3. İddiaçı "X3” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 843.23 manat overdraft, 222.74 manat cərimə olmaqla, cəmi 1065.97 manat borc və 30.66 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunsa da, borcalan öhdəliyi yerinə yetirməmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1605/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia qismən təmin olunmuş, cavabdehdən 843.23 manat əsas, 50 manat cərimə borcu, cəmi 893.23 manat borc və 30.66 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, 29 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən 843.23 manat əsas, 222.74 manat cərimə olmaqla, cəmi 1065.97 manat borc qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 843.23 manat əsas, 62.38 manat cərimə borcu, cəmi 905.61 manat borc qeyd edilmişdir. İşin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Cavabdehin mənafeyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 843.23 manat overdraft, 50 manat cərimə borcu, cəmi 893.23 manat cərimə borcu tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 439.4, 462.1, 739.1, 739.2, 741, 462.1, 1091.1, 1091.2 və 1092-ci maddələri ilə əsaslandırmışdır.
2-ci iş üzrə
8. İddiaçı Cavabdeh “X3” ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X3” ASC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı Cavabdeh 52437544****3973 nömrəli kart üzrə hesablanmış kredit borcunun və faizlərin silinməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi 2 dəfə dəqiqləşdirilmiş, son olaraq iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh “X3” ASCnin ona məxsus 52437544****3973 nömrəli debet kartı üzrə qanunsuz hesablanmış 843.23 AZN kredit borcunun və 94.42 AZN faizin silinməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin, onun 52437544****3973 və 52437544****4180 nömrəli kartlarından qanunsuz tutulmuş, cəmi 13 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir neçə gün əvvəl ***-***-**-** nömrəsi ilə "xxxx" ASC-nin əməkdaşı iddiaçıya zəng edərək 08 dekabr 2022-ci il tarixindən etibarən 850 manat borcun yarandığı və ona faiz hesablandığını bildirmişdir. İddiaçı bunun qanunsuz olduğunu bildirərək, məsələnin hüquq müsətivisində həllini təklif etsə də, cavabdeh buna məhəl qoymayaraq, iddiaçının digər kartından heç bir əsas olmadan qanunsuz pul tutmuşdur. Bu barədə cavabdehə pretenziya verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda öz hərəkətlərini onunla əsaslanıdrmışdır ki, “52437544****3973 nömrəli kartınızın balansına xx.xx.2022-ci il tarixində “paysend” təyinatı ilə 500 ABŞ dolları mədaxil olmuşdur. Kart balansına köçən vəsait xx.xx.2022-ci il tarixində digər bank kartına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində isə “paysend” əməliyyatı kart balansından geri silinmişdir. Bu zaman kart balansında kifayət qədər vəsait olmadığı üçün overdraft yaranmışdır”. Halbuki, texniki yalnışlıqdan başqa bir şey deyil. İddiaçının cavabdeh banka borcu yoxdur. Sözügedən 500 ABŞ dolları iddiaçıya 08 dekabr 2022-ci ildə xarici ölkədən dostu tərəfindən göndərilmiş və iddiaçı da həmin pulu tam qanuni əldə etmişdir. Həmin pul cavabdehə məxsus deyil, cavabdeh iddiaçıya hər hansı pul göndərməmiş, sözügedən 500 ABŞ dolları tələb etmək hüququna malik deyil. Buna baxmayaraq, "xxxx" ASC 6 aydan sonra iddiaçıya 500 ABŞ dolları borc hesablamış, bu azmış kimi ona həmin pulun üzərinə gündəlik faiz də hesablayaraq, iddiaçının adına olan başqa kartdan 10 manat pulunu qanunsuz ələ keçirmişdir ki, bu da özbaşınalıqdır. Sözügedən 52437544****3973 nömrəli kart iddiaçı tərəfindən cavabdeh bankda açılmaqla yalnız köçürmə və ödənişlərin həyata keçirilməsi üçün istifadə edilməklə debet kartıdır və müddəti 2023-ü ilin aprel ayında bitmişdir. İddiaçı cavabdeh bankdan pul götürməmiş və ya onun kartına cavabdeh bank tərəfindən 6 ay öncə hər hansı kredit məbləği köçürülməmişdir. Həmin məbləği dostu “paysend” vasitəsi ilə Çexiyadan göndərmişdir. Buna baxmayaraq, bank iddiaçıya qanunsuz və əsassız olaraq kredit borcu hesablamış və hazırda ona qanunsuz faiz hesablamaqda davam edir. Cavabdeh tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc silinməli, cavabdehin iddiaçıya vurduğu maddi və mənəvi zərər, həmçinin, məhkəmə xərcləri də cavabdehdən məhkəmə qaydasında tutulmalıdır
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova) iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış kredit borcunun və faizin silinməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir.
12. Məhkəmə belə qənaətə gəlmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 960-cı, 1091, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Proseual Məcəlləsinin 14.2, 64, 76, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
1-ci iş üzrə
14. Cavabdeh Nizami Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)- 2979/2023 saylı mülki iş üzrə onun cavabdeh “X3” ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hesablanmış borcun və faizlərin silinməsi tələbinə dair” iş 2023-cü ilin əvvəlindən icraatdadır. Hazırda Nəsimi rayon Məhkəməsinin e-2(006)-2979/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə komission məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə iş ekspertizaya göndərilmiş və işin icraatı dayandırılmışdır. Belə ki, bank tərəfindən ona qarşı qanunsuz overdraft məbləği hesablanmışdır. Müvafiq sənədlər də təqdim edilməklə Məlumat və Etiraz verilməklə hakimin diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, Nizami rayon Məhkəməsi qanunsuz və əsassız olaraq, təqdim olunan sənədləri və sübutları nəzərə almamışdır. İkincisi, sözügedən 893.23 manat Banka məxsus olmamaqla overdraft hesab olunmur və həmin məbləğin ondan bankın xeyrinə tutulması qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, bankın həmin məbləğlə bağlı subyektiv huququ yoxdur.
2-ci iş üzrə
16. İddiaçı Cavabdeh Nəsimi Rayon Məhkəməsinin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözü gedən mübahisəli 500 ABŞ dolları cavabdeh Banka məxsus olmamaqla xarici valyutata iddiaçıya Çexiyadan dostu tərəfindən göndərilmişdir və həmin məbləğin ondan cavabdeh bankın xeyrinə tutulması qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, bankın həmin məbləğlə bağlı subyektiv huququ yoxdur. Bu faktın özü bir daha məhkəmənin zəruri araşdırma aparmadan qəbul etdiyi qətnamənin qanunsuzluğunu təsdiq edir. Məhkəmə iki il davam edən araşdırma zamanı işi cavabdehin xeyrinə düz-qoş etməklə ikinci dəfə edilən 500 ABŞ dolları köçürmənin guya cavabdehin yol verdiyi texniki səhv kimi göstərməklə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Mübahisəli məbləğin guya təkrar göndərilməsinin texniki səbəbdən baş verməsi barədə cavabdehin gətirdiyi dəlillər məhkəmədə sübuta yetməmişdir. Belə ki, cavabdeh iddiaçıya yalnız bir dəfə pul göndərildiyini göstərsə də ona xarici bankdan iki dəfə hər birində 500 ABŞ dolları olmaqla pul göndərildiyinə dair yetərli sübutar mövcuddur. Bu həmçinin Beynəlxalq pul köçürmə əməliyyatının tranzaksiya nömrlərinin fərli olması iki dəfə hər birində 500 ABŞ dolları olmaqla tranzaksiya həyata keçirildiyi təsdiq olunmuşdur. Beləliklə cavabdeh özünə məxsus olmayan 500 ABŞ dollarını iddiaçıdan tələb edərək əsassız varlanmaya cəhd etmişdir. Məhkəmə Ekspertizanın keçirilməsi barədə qərardad qəbul etsə də ekspertiza təmin edilməmiş, ekspert rəyi alınmamış, ekspert hazırkı iş üzrə məhkəmənin zəruri sənədləri təqdim etmədiyinə görə rəy verilməsindən imtina etmişdir. Bu da təsadüfi olmamış, məhkəmə ekspert rəyini almaqda maraqlı olmamışdır. Bunun əvəzinə məhkəmə işə mütəxəssis cəlb etmiş, cavabdehin xeyrinə olan, məhkəmədə suallara cavab verə bilməyən mütəxəssisin rəylərini işə əlavə edərək işi cavabdehin xeyrinə həll etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
1-ci iş üzrə
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır
2-ci iş üzrə
19. Apellyasiya baxışı zamanı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş "xxxx" ASC apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş və bildirmişdir ki, məhkəmənin təşəbbüsü ilə işə cəlb olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisinin verdiyi rəyə əsasən, Cavabdeh kart hesabında xx.xx.2022-ci il tarixində 500 ABŞ dolları məbləğin təkrar köçürülməsi nəticəsində texniki overdraft yaranmışdır. Bununla yanaşı, Məhkəmə iclasında "xxxx" ASC-nin mütəxəssisi X4 bildirdi ki, 23 ildir, bank kartları sahəsində işləyir. İstənilən bank kartının mülkiyyətçisinin bankın özünün olduğunu, buna görə də pul hansı köçürmə sistemi ilə köçürülürsə-köçürülsün, karta pul məbləğini yalnız həmin bankın daxil etdiyini qeyd etdi. Hazırda mübahisələndirilən məbləğin texniki overdraft olub-olmadığını müəyyən etmək üçün hesabdan çıxarışda əməliyyatların referans nömrəsinə baxmağın kifayət etdiyini bildirib, iş materialları ilə, xüsusilə hesabdan çıxarışla tanış olan zaman bankın bu pulu beynəlxalq əməliyyat sistemi olan "Paysend"dən "Mastercard" vasitəsilə 1 dəfə aldığını, lakin iddiaçının istifadəsində olan karta 2 dəfə mədaxil etdiyini, belə ki, bu əməliyyatların referans nömrələrinin eyni olduğunu əlavə etdi. Buna görə də hazırkı iş üzrə bankın sistemində baş vermiş texniki xəta nəticəsində banka məxsus vəsaitin iddiaçının kartına köçürülməsi ilə texniki overdraft deyilən hadisənin baş verdiyini müəyyən etdiyini bildirərək, bu fikirlərin özünün şəxsi mövqeyi deyil, beynəlxalq praktika olduğunu vurğuladı. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.8-ci maddəsinə əsasən, texniki overdraft yarandığı halda borclu borcunu 30 gün ərzində ödəməlidir, əks halda isə yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 faiz məbləğində cərimə ödəməlidir. Hesablanmış cərimə faizləri, dəbbə pulu bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalarındakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq komissyon haqları tutulmaq şərtilə akseptsiz qaydada tutula bilər. Yaranmış texniki overdraft halının mövcudluğunu həmçinin "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində "MasterCard" beynəlxalq ödəniş kartları sisteminə e-mail vasitəsilə göndərilmiş sorğunun cavabı və "xxxx" ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlar da təsdiq edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddiaçı olan Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdi.
21. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq 1-ci iş üzrə iddiaçı, 2-ci iş üzrə cavabdeh olan “X3” ASC-nin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
1-ci iş üzrə
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən mtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir
2-ci iş üzrə
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14.2, 14.2.7-ci maddə. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır;
Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
Maddə 960. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.
1091 və 1092.1-ci maddələr. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.
Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. 1-ci iş üzrə apellyasiya şikayəti cavabdeh tərəfindən mübahisələndirildiyindən, şikayətin dəlilləri isə qətnamənin ləğv olunmasına və iş üzrə icraata xitam verilməsinə yönəldiyindən Kollegiya qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
27. 2-ci iş üzrə də apellyasiya şikayəti iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia təmin edilmədiyindən Kollegiya həmin qətnamənin əsaslılığını da bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
1-ci iş üzrə
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuş, tələb olunan həcmdə borcun cavabdehdən tutulması barədə düzgün nəticəyə gəlmişdir.
30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh etdiyi ödənişlər nəticəsində iddiaçıya daha az borcunun qaldığı barədə, eləcə də Bankın tələb etdiyi məbləğə hüququ olmaması barədə sübutlar təqdim etməmişdir. Bundan əlavə şikayətin məzmunundan da görünür ki, cavabdeh borcun mövcudluğunu mübahisələndirməmiş, borcu ödəməmə səbəbinin pandemiya ilə əlaqədar olduğunu bildirmişdir.
31. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
2-ci iş üzrə
32. Məhkəmə kollegiyası 2-ci iş üzrə də apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. Apellyasiya şikayətininin ilk dəlili ondan ibarətdir ki, məhkəmə iki il davam edən araşdırma zamanı işi cavabdehin xeyrinə düz-qoş etməklə ikinci dəfə edilən 500 ABŞ dolları köçürmənin guya cavabdehin yol verdiyi texniki səhv kimi göstərməklə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Kollegiya bu dəlillə bağlı birinci instansiya məhkəməsinin aşağdakı mövqeyi ilə razılaşır.
34. Birinci instansiya məhkəməsi iddia tələbinin “iddiaçıya məxsus 52437544****3973 nömrəli debet kartı üzrə hesablanmış 843.23 AZN kredit borcunun və 94.42 AZN faizin silinməsi” hissəsi ilə əlaqədar hesab etmişdir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli məbləğlərin xarici ölkədə yaşayan dostu tərəfindən “Paysend” beynəlxalq pul köçürmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən verilmiş debet karta göndərildiyini iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki məhkəmə prosesində hər bir tərəf öz tələbini əsaslandırdığı halları sübut etməyə borcludur. Cavabdeh isə iddiaçının əksinə, etirazının əsasını təşkil edən bütün mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sübutların mötəbər hesab olunmaması üçün heç bir əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmin sübutlar və Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi tərəfindən iş üzrə verilmiş rəy, o cümlədən hazırkı məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin mütəxəssisinin izahatı ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı kartında texniki overdraft nəticəsində yaranmış pul vəsaitindən istifadə edərək, əsassız varlanmışdır. Belə ki, cavabdehin “Mastercard” ilə elektron qaydada apardığı danışıqlara əsasən, “Mastercard” 2022-ci ilin dekabr ayı ərzində banka yalnız 1 daxilolma əməliyyatı həyata keçirildiyini, 2-ci bir daxilolma əməliyyatının isə olmadığını təsdiqləmişdir. Həmçinin, "xxxx" ASC-nin mütəxəssisi hesabdan çıxarışın tədqiqi zamanı 2 tranzaksiya kimi görünən əməliyyatların referans nömrəsinin eyni olduğunu, bunun isə ikinci əməliyyatın texniki xəta olmasını deməyə əsas verdiyini bildirmişdir. Mütəxəssisin izahatına əsasən hesabdan çıxarışa nəzər salan zaman, həqiqətən də, 956012 kodlu əməliyyatın 2 dəfə təkrarlanması müşahidə olunur. Mütəxəssis onu da qeyd etmişdir ki, texniki overdraft baş verən zaman yaranan artıq məbləğ məhz karta xidmət göstərən bankın vəsaiti olur, çünki kartın mülkiyyətçisi də və daxil olan vəsaiti hesabda əks etdirən də həmin bankdır. İstər cavabdehin “Mastercard” ilə elektron qaydada apardığı danışıqlar, istərsə də mütəxəssislərin yazılı rəyi və şifahi izahatı ilə təsdiq olunur ki, iddiaçıya xarici ölkədən yalnız 1 dəfə 500 ABŞ dolları göndərildiyi halda, bank sistemində baş vermiş texniki xəta nəticəsində həmin məbləğ iddiaçının balansına 2 dəfə köçürülmüş (eyni tranzaksiya nömrəsi), ikinci dəfə köçürülən məbləğ mübahisəsizdir ki, cavabdeh banka məxsus olmuş, bununla da iddiaçının kartında texniki overdraft yaranmışdır.
35. İddia tələbinin “52437544****3973 və 52437544****4180 nömrəli kartlarından tutulmuş cəmi 13 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı isə məhkəmə hesab etmişdir ki, bu tələb əsassız olmaqla yanaşı, tərəflərin arasındakı müqavilə şərtlərinə də birbaşa ziddir. Belə ki, tərəflərin könüllü olaraq imzaladıqları xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli müqavilənin 2.8-ci bəndində iddiaçı hesab üzrə texniki overdraft yarandığı və ya kredit xətti açıldığı təqdirdə, yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulunun bank tərəfindən ona məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilməsinə birmənalı şəkildə razılıq vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bu tələbinin də təmin edilməsi üçün heç bir əsas yoxdur.
36. Apellyasiya şikayətinin ikinci əsas dəlili isə mütəxəssis rəyininin mötəbərliyi ilə bağlıdır. Cavabdeh həmin mütəxəssis rəyinin mötəbərliyini sübhə altına salan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
37. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Göründüyü kimi, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
39. Kollegiya qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 80-81).
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
43. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
45. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərin hazırkı işə tətbiqi baxımından hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
47. Kollegiya onu da nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Məhkəmə kollegiyası izah edir ki, hazırkı hər iki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq hər iki qətnamədən kassasiya şikayəti verilə bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli və Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.