Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2802/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiasına dair iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və Cavabdeh faktiki nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X12 doğulmuşdur.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)- 6448/2017 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
3. Cavabdeh Lətifova (Mürsəlova) Aidə Telman qızı ilə xx.xx.2006-cı il tarixli rəsmi nikahlarından xx.xx.2009-cu il tarixdə X13 doğulmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(007)-2286/2013 saylı qətnaməsi ilə nikah pozulmuş və uşağın atanın yanında saxlanılması qət edilmişdir.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 750/2023 saylı icra sənədinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq X7 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində aliment tutulmalıdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-6448/2017 saylı qətnaməsi ilə İddiaçı xeyrinə tutulan 150 manat məbləğində müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh ilə birgə yaşayış dövründə doğulan və atalığı müəyyən edilərək onun yanında saxlanılan övladları - xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)- 6448/2017 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 atası olması faktı müəyyən edilmiş və birgə yaşayışdan doğulan övladlarının saxlanması üçün onun xeyrinə 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda övladının saxlanması üçün müəyyən olunmuş alimentin məbləği azdır, onun tələbatını tam ödəmir. Hal-hazırda cavabdeh polis mayoru rütbəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Kriminalist Tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində xidmət edir. Onun aylıq maaşı dediyinə görə 1.450 manat təşkil edir Övladının saxlanması üçün xərclər artığına görə cavabdehdən tutulan alimentin məbləği də artırılmalıdır.
7. Cavabdeh məhkəməyə etiraz və ərizə ünvanlayaraq onun aylıq qazancından iddiaçının xeyrinə övladları X1 üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz və ərizə onunla əsaslandırılmışdır ki, 2006-cı ildə oğlu Cavabdeh ailə qurmuş, rəsmi nikahdan bir övladı xx.xx.2009-cu il təvəllüdlü X13 var. Yaranmış vəziyyətlə əlaqədar onlar boşanmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Ramin saxlanması üçün atasına verilmişdir. xx.xx.2016-cı il tarixdə o, iddiaçı ilə nikahsız ailə qurmuş, birgə yaşadıqları az bir müddətdə başa düşmüşlər ki, xasiyyətləri uyğun gəlmir, nəticədə ayrılmışlar. Qeyri-rəsmi nikahdan xx.xx.2017-ci il tarixində dünyaya gəlmiş övladları X2 üçün 150 manat sabit pul məbləğində aliment tutulmasına məhkəmə tərəfindən qətnamə çıxarılmışdır. Hal-hazırki iddia tələbinə münasibətdə bildirir ki, onun hər aylıq qazancının ¼ hissəsinin iddiaçıya verilməsi onu qane etmir, belə ki, onun birinci nikahdan olan oğlu onun himayəsindədir, uşağa dayə baxır, uşaq hazırlığa gedir, kirayədə qalırlar, xəstə anasına baxır və digər xərcləri olur.
8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 2777/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)- 6448/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirililməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub İddiaçı ödənilməsi, İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsaitin ona aid edilməsi, Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2017-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Poressual Məcəlləsinin 233.4-cü maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və alimentin 1\4 hisəsi miqdrında deyil, 1\6 hissəsi miqdarında tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən onun birinci nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan X20 adlı övladı üçün də aliment ödədiyini nəzərə almamışdır. Belə ki, o, X14 ilə 2006-cı il tarixdən ailə-nikah münasibətlərində olmuş, birgə nikah dövründə oğlu Ramin adlı oğlu doğulmuş və 2014-cü il tarixdən isə Aidə Lətifova ilə nikahları pozulmuşdur. Qanunvericiliyin tələbinə görə, iki uşağa görə hər ay əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında deyil, hər birinə 1/6 hissə olmaqla, ümumilikdə 1/3 hissəsi miqdarında aliment ödəməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, hazırda cavabdeh məhkəmə qətnaməsinə əsasən artıq digər uşağına - xx.xx.2009-cu il təvəllüdlü Raminə görə də aliment ödəyir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və qətnamənin dəyişdirilmədn saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı: Bənd 8.12. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırki işdə iddia tam təmin olundugundan və apellyasiya şilkayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırda Cavabdeh əvvəlki nikahından olan uşağına görə aliment ödəməsi hazırki iş üzrə iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
26. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin qəbul edilməsindən artıq beş ildən artıq müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi xx.xx.2017-ci il təvəllüdlü X6 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.
27. Bundan başqa, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat miqdarında aliment tutulması barədə qətnamə hazırda mübahisələndirilən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra qəbul edilmişdir.
28. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməsini qəbul edərkən düzgün olaraq alimentin miqdarını dəyişərək ailə qanunvericiliyin tələblərinə uyğun olaraq bir uşaq üçün nəzərdə tutulan miqdarda – cavabdehin aylıq əmək haqqının və başqa gəlirlərinin dörddə bir hissəsində müəyyən etmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
30. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (1.450 manatın ¼ hissəsi = 362.5 x 12 ay = 4.350 ). Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.