Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2804/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «dəymiş zərər görə pulun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1948/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 19,457 manat zərərin, 305 manat vəkilə ödənilmiş pulun, 5000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Lexus” RX 200 T markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. 18 may 2021-ci il tarixdə saat təxminə 20:00 radələrində iddiaçı Bakı şəhəri, Heydər Əliyev prospektində özünə məxsus avtomobillə hərəkətdə olarkən “Daevvo Nexia” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçını avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırılma aparılmış, “Daevvo Nexia” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirkar olması müəyyən edilmişdir. Hər iki avtomobillər "xxxx" ASC-də icbari sığorta olunmuşdur. Hadisə nəticəsində iddiaçının avtomobilinə 24,457 manat maddi zərər dəymişdir. Qeyd edilən məbləğin 5.000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Lakin zərərin qalan hissəsi ödənilməmiş qalır. Dəfələrlə bununla bağlı cavabdehə şifahi müraciət olunsa da, cavabdeh zərəri ödəməkdən imtina edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1948/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 9,964 manat zərər məbləği, 305 manat hüquqi xidmət üçün ödənilmiş pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi tutularaq İddiaçı ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsinin İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası barədə ona rəsmi qaydada məlumat verilməmişdir. Digər tərəfdən qətnamədə qeyd olunmuşdur ki, avtomobillər toqquşub, halbuki hadisə zamanı cavabdeh idiaçının avtomobilini arxa sol tərəfdən vuraraq qəza törətmişdir. Bu fakt hadisə yerinə gələn DYP əməkdaşları tərəfindən tərtib etmiş protokol və fotoşəkillərlə təsdiq edilir. Birinci instansiya məhkəməsi əmtəəşünaslıq ekspertizası təyin edərkən texniki ekspertiza da təyin etməli idi. Səbəbi əmtəəşünaslıq ekspertizası "xxxx" servis xidməti tərəfindən tərtib edilmiş akta əsaslanır. Nə Məhkəmə, nə ekspertiza mərkəzi, nə də sığorta şirkəti bu akta diqqət yetirməyiblər. Belə ki, həmin aktda avtomobilin ön hissəsində dəyişilən 7 (yeddi) ümumi dəyəri 5164 (beş min bir yüz altmış dörd) manat təşkil edən detallar qeyd edilib. Şəhər mərkəzində sürət həddi 60 km/s olan halda bu detallara ziyan dəyməsi şübhə yaradır. Göründüyü kimi birinci instansiya məhkəməsi lazımi diqqətlilik göstərməyərək, məhkəmə prosesində sübutları düzgün araşdırmadan qiymət vermiş və düzgün ekspertiza təyin etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, əlavə olaraq bildirdi ki, cavabdehə məxsus avtomobillə iddiaçının avtomobili sol arxa tərəfdən vuraraq hadisə törədilsə də, zərbənin təsirindən iddiaçının avtomobili səkiyə çırpılmış və nəticədə də avtomobilin ön sağ hissəsinə də ziyan dəymişdir. Eyni zamanda avtomobilin alt hissəsi də sıradan çıxmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı da dəymiş ziyan ekspert rəyinə uyğun müəyyən edilmişdir, hesab edir ki, apellyasiya şikayəti əsassızdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etməklə, qətnaməni iddianın qismən təmin olunan hissəsində mübahisələndirmişdir. Başqa sözlə, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd olunan kontekstdə izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan 045226 nömrəli Arayışda qeyd edilmişdir ki, Cavabdeh 18 may 2021-ci il tarixdə Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə ona məxsus Ravon Nexia ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi zərər görmüşdür. Yol nəqliyyat hadisəsinin digər iştirakçısı İddiaçıdir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22.05.2021-ci il tarixli Zərər aktının surətindən görünür ki, “Lexus” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissələrinin və təmir xidmətinin dəyəri daxil olmaqla ümumilikdə 24,457 manat məbləğində zərər hesablanmışdır. İşin materiallarında olan 19.10.2021-ci il tarixli 9/5682 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2017-ci il buraxılışlı «Lexus RX 200» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşınma nəzərə alınmaqla 14,964 manat müəyyən edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan Ravon Nexia ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yolnəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoymuşdur və onun özü də, təqsirli olması ilə bağlı məsələni deyil, əsasən vurulmuş maddi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirməkdədir. Bununla belə kollegiyanın qənaətinə görə cavabdehin dəlilləri əsassızdır, belə ki, tərtib edilmiş yol nəqliyyat hadisəsinin sxemindən (i.v 66) görünür ki, cavabdehə məxsus avtomobil iddiaçının avtomobilini sol arxa tərəfdən vursa da, zərbə nəticəsində avtomobilin qabaq sağ bufer hissəsi eləcə də sağ arxa təkər hissəsi zədələnmişdir, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ekspert tərəfindən qabaq hissəsinə də dəymiş ziyanın hesablanması işin faktiki hallarına uyğun olmuşdur. Göründüyü kimi cavabdeh, iddiaçıya vurduğu ziyanın daha az olması barədə irəli sürdüyü arqumentlərini əsaslı göstərəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehə məhkəmə iclasları barədə bildirişlər iş materiallarında olan və məhkəməyə məlum olan eləcə də apellyasiya şikayətində göstərilən cavabdehin ünvanına göndərilmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi avtomobilə dəymiş zərərin 5.000 manat məbləğində hissəsi sığorta şirkəti tərəfindən ödənildiyindən və bu hal iddiaçının özü tərəfindən etiraf edildiyindən ekspert rəyində göstərilən məbləğdən (2017-ci il buraxılışlı «Lexus RX 200» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşınma nəzərə alınmaqla 14,964 manat müəyyən edilmişdir) 5.000 manat çıxılmaqla qalan məbləğ kimi 9,964 manat pul vəsaitin cavabdehdən tutulmalı olması barədə işin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd olunan hissədə ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1948/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2804/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2804/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver