Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2809/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(002)-2402/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 697,22 manat əsas borc, 46,96 manat faiz borcu, 17,32 manat cərimə olmaqla, ümumilikdə 761,50 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(002)- 2402/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, faiz məbləğinin düzgün hesablanaraq əlavə yüklənilmiş cərimələrin silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 14 fevral 2020-ci il tarixə kimi onun ödəmələrində heç bir problem olmamışdır. Lakin o, pandemiya, işsizlik və boşanma səbəbindən kredit borcunu ödəyə bilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə qaytarmaq şərtilə illik 22 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. 05.08.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka 697,22 manat əsas borcu, 46,96 manat faiz borcu, 17,32 manat cəriməsi olmaqla, ümumilikdə 761,50 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətlərdə borcu ödəmək barədə üzərinə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri tamamilə formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv olunmasına əsas vermir. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən şikayət verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404-1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(002)- 2402/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2809/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2809/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver