Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2809/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 yanvar 2023-cü il tarixli qətnamədən iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: birinci instansiyası məhkəməsindəki icraat barədə məlumat
1. İddiaçı MMC-nin adından çıxış edən səlahiyyətli nümayəndə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək MMC ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.164,80 manat, əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 402,85 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 163,46 manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 77,32 manat məbləğində pulun borclu olan Cavabdeh3 və onun MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən müştərək qaydada tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. İşə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinin tələbindən çıxış edərək, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Cavabdeh3 işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, MMC ilə aralarında bağlanmış "xxxx" əsasən MMC-dən 6.000 manat məbləğində pulu borc almışdır. "xxxx" üzrə cəmi bir ay ödəniş etmiş, lakin pandemiya ilə bağlı yaranmış maddi çətinliklə bağlı ödənişi davam edə bilməmişdir. Ödənişin müddəti uzadılsa və yeni "xxxx" verilsə MMC-ya olan borcu ödəyə bilər.
4. Cavabdeh1 işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, MMC ilə “Zaminlik müqaviləsi” bağlasa da, hesab edir ki, borcu o deyil, Cavabdeh3 ödəməlidir.
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.164,80 manat, əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 402,85 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 50 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 77,32 manat məbləğində pulun borclu olan Cavabdeh3 tutularaq MMC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iddianın bir qisminin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan olan Cavabdeh3, onunla MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi, bunun nəticəsində onun MMC-yə 5.164,80 manat məbləğində əsas borcunun, 402,85 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcunun yaranması, bu öhdəliyin icra edilməməsi səbəbindən MMC tərəfindən Cavabdeh3 163,46 manat məbləğində cərimənin (dəbbənin) tətbiq edilməsi işin mübahisəsiz halıdır. Lakin nəzərə alınmalıdır ki, qeyd cərimənin məbləği kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə tənasübsüz surətdə yüksəkdir. Buna görə də, cərimə azaldılmalı və MMCnin xeyrinə azaldılmış cərimə olaraq 50 manat tutulmalıdır. Qeyd edilən məbləğlər yalnız borcalan olan Cavabdeh3 iddiaçı MMC-nin xeyrinə tutulmalı, zamin olan digər cavabdehlərə münasibətdə isə iddia əsassız hesab edilməlidir. Çünki zamin olan cavabdehlər Cabir və Cavabdeh2lar iddiaçı MMC ilə bağladıqları xx.xx.2020-ci il tarixli "xxxx" ilə təmin etdikləri öhdəliyin icrası MMC ilə Cavabdeh3 arasında bağlanmış “Kredit müqaviləsinin” qüvvədə olma müddəti bitdiyi xx.xx.2021-ci il tarixdə bitmişdir. Belə olan halda MMC zaminlərə qarşı iddianı 1 il müddətində, yəni xx.xx.2022-ci il tarixədək sürməli idi, lakin iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Odur ki, zaminlərə qarşı iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən rədd edilməlidir.
7. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi barədə hissədə ləğv edilməsini və iddianın tam həcmdə, o cümlədən zaminlər olan cavabdehlərə münasibətdə də təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. apellyasiya icraatı barədə məlumat
8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddianın bir qismi təmin edilsə də iş üzrə cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər.
9. İddiaçı MMC də qətnamənin həmin hissəsini mübahisələndirməmişdir.
10. Yuxarıda artıq qeyd edildiyi kimi, MMC, iddianın bir qisminin təmin edilməməsi barədə hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.
11. Odur ki bunları, MPM-nin 372.6-ci maddəsinin tələblərini, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin, yəni iddianın bir qisminin təmin edilməsi barədə hissəsinin əsaslılığını yoxlamamışdır.
12. Apellyasiya baxışının predmeti olan hissədə iddiaçı MMC-nın iddia tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3, onunla MMC arasında bağlanmış "xxxx" üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiydən, MMC-yə olan borcu ödəmədiyindən, MMC, həmin “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq 163,46 manat məbləğində cərimə (dəbbənin) hesablamışdır. Bu tələb müqavilə şərtinə və Mülki Məcəllənin tələblərinə əsaslandığı üçün əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu tələbi qismən əsaslı hesab edərək, cərimənin azaldılmasını və 50 manat məbləğində müəyyən etmişdir. Rayon Məhkəməsinin bu nəticəsi qanunsuz və əsassızdır. Bundan başqa, MMC ilə cavabdehlər arasında "xxxx" bağlanmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərilərinə öhdəlik götürmüşlər ki, Cavabdeh3 borclu olaraq kreditor olan MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə, onla Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar və kreditin qaytarılması ilə bağlı Cavabdeh3 bütün öhdəliklərini icra etməlidirlər. Buna baxmayaraq nə borcalan, nə də ki, zaminlər öhdəliklərini yerinə yetirməmiş, MMC-yə olan borcu ödəməmişlər. Bu səbəbdən də, MMCyə olan borc Cavabdeh3 və eyni zamanda zaminlərdən müştərək qaydada tutulmalıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, zaminlərə qarşı yönəlmiş iddia tələbini əsassız olaraq rədd etmişdir. Rayon Məhkəməsinin bu nəticəsinin əsassız olması ondan görünür ki, iddiaçı MMC ilə cavabdehlər arasına xx.xx.2021-ci il tarixdə “Kredit müqaviləsinə əlavə” və “Zaminlik müqavilələrinə əlavələr” bağlanmış, kredit borcunun ödənilməsi müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır.
13. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, Məhkəməyə, iddiaçı MMC ilə cavabdehlər arasına xx.xx.2021-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə əlavənin” və “Zaminlik müqavilələrinə əlavələrin” nüsxəsini təqdim edərək, əlavə olaraq bildir ki, həmin müqavilələri Rayon Məhkəməsinə təqdim edilməməsini səbəbi həmin vaxt MMC-nin nümayəndəsi olmuş əməkdaşın xəstəliyi ilə bağlı olmuşdur. Həmin əməkdaş ilə MMC arasında bağlanmış "xxxx" xitam olunduğundan və həmin əməkdaş hazırda MMC-də işləmədiyindən “Xəstəlik vərəqəsinin” Məhkəməyə təqdim edilməsi qeyri-mümkündür. Odur ki, qeyd edilən bu halların üzürlü hal kimi qiymətləndirlməsini və həmin müqavilələrin sübut kimi nəzərə alınmasını xahiş edir.
14. İş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iddiaçı MMC ilə cavabdehlər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və “Zaminlik müqavilələrində” görünür ki, borclu olan Cavabdeh3 kreditor olan MMC qarşısında üzərinə götürdüyü öhdəliyin bitmə müddəti xx.xx.2021-ci il tarixdir. Rayon Məhkəməsi də, bu müddəti nəzərə alaraq zamin olan cavabdehlərə münasibətdə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. İş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra, yəni artıq apellyasiya icraatında, iddiaçı MMC onunla cavabdehlər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə əlavəni” və “Zaminlik müqavilələrinə əlavəni” Məhkəməyə təqdim etmiş və onların sübut kimi nəzərə alınmasını xahiş etmişdir.
17. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin tələblərinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).
18. Lakin yeni sübutlar olaraq yuxarıda qeyd edilən müqavilələrə əlavələrin apellyasiya icraatı zamanı təqdim etmiş iddiaçı MMC, onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan, yəni üzürlü səbəbə görə mümkün olmadığını əsaslandırmağa çalışsa da, Məhkəmə, həmin səbəbi əsaslı və inandırıcı kimi qəbul etməmişdir.
19. Buna görə də, Məhkəmə, apellyasiya icraatı zamanı təqdim edilmiş sübutları nəzərə almamışdır.
20. Göstərilənə və işdə olan sənədlərə əsasən qəbul edilməlidir ki, iddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir.
21. İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə ayrı-ayrılıqda bağlanmış "xxxx" görünür ki, həmin cavabdehlər MMC qarşısında üzərilərinə öhdəlik götürmüşlər ki, Cavabdeh3 borclu olaraq kreditor olan MMC qarşısında "xxxx" üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə, onlar, Cavabdeh3 ilə birgə məsuliyyət daşıyacaq və kreditin qaytarılması ilə bağlı sonuncunun bütün öhdəliklərini icra etməlidirlər.
22. İşin mübahisəsiz halı kimi qəbul edilir ki, borcalan olan Cavabdeh3 kreditor olan MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, MMC-yə olan kredit borcunu ödəməmişdir.
23. İşdə olan sənədlərdən görünür ki, Bank, borcun ödənilməsini həm borcalandan, həm də zaminlərdən tələb etmiş, lakin borc ödənilməmiş qalmışdır.
24. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.).
26. Qeyd edilən maddi hüquq normalarının tələblərinə baxmayaraq Məhkəmə hesab edir ki, kreditor olan iddiaçı MMC-nin zamin olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü tələb təmin edilə bilməz.
27. Belə ki, yuxarıda göstərilən “Zaminlik müqavilələrində” zaminliyin müddəti aşağıdakı tərzdə müəyyən edilmişdir: “Zaminlik müqaviləsi” imzalandığı gündən qüvvəyə minir və Cavabdeh3 ilə MMC arasında bağlanmış "xxxx" üzrə Cavabdeh3 üzərinə götürdüyü öhdəliklər yerinə yetirilən tarixədək qüvvədə qalır.
28. Məhkəmə qeyd edilən şərtin qeyri-müəyyən olmasını nəzərə alaraq hesab edir ki, “Zaminlik müqavilələrində” zaminliyin müddəti göstərilməmiş kimi qəbul edilməlidir.
29. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə isə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.
30. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, hazırki apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə, yəni iddiaçı MMC-nin zamin olan cavabdehlərə qarşı yönəltdiyi tələbi təmin etməməkdə haqlı olmuşdur. Müzakirə edilən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Çünki zamin olan cavabdehlər Cabir və Cavabdeh2lar iddiaçı MMC ilə bağladıqları xx.xx.2020-ci il tarixli "xxxx" ilə təmin etdikləri öhdəliyin icrası MMC ilə Cavabdeh3 arasında bağlanmış “Kredit müqaviləsinin” qüvvədə olma müddəti bitdiyi xx.xx.2021-ci il tarixdə bitmişdir. Belə olan halda MMC zaminlərə qarşı iddianı 1 il müddətində, yəni xx.xx.2022-ci il tarixədək sürməli idi, lakin iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməyə verilmişdir. Odur ki, zaminlərə qarşı iddia Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən rədd edilməlidir.
31. Bununla da, müəyyən edilir ki, iddiaçı MMC-nin apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən nəticəsinə aid dəlili formal mülahizə xarakteri daşıyır.
32. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdeh (borcalan) Cavabdeh3, onunla MMC arasında bağlanmış "xxxx" üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiydən, MMC-yə olan borcu ödəmədiyindən, MMC, həmin “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq 163,46 manat məbləğində cərimə (dəbbənin) hesablamışdır. Bu tələb müqavilə şərtinə və Mülki Məcəllənin tələblərinə əsaslandığı üçün əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu tələbi qismən əsaslı hesab edərək, cərimənin azaldılmasını və 50 manat məbləğində müəyyən etmişdir. Rayon Məhkəməsinin bu nəticəsi qanunsuz və əsassızdır.
33. Şikayətin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Qeyd edilən maddi hüququ normasının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, qanunverici cərimənin (dəbbənin) ağlabatan və ədalətli məbləğinin hesablanması meyarlarını müəyyən etməmişdir. Buna baxmayaraq bu məsələ ilə bağlı məhkəmə təcrübəsi formalaşmışdır və bu təcrübəyə görə cərimənin tutulması barədə tələblərə baxan məhkəmələr tutulmalı olan cərimə məbləğini işin halları və əsas kredit borcunun məbləği nəzərə alınmaqla müəyyən edirlər.
35. Odur ki, bunu və hazırki iş üzrə əsas kredit borcunun 5.164,80 manat olmasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçı MMC-nin apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə aid dəlili də formal mülahizə xarakteri daşıyır.
36. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Buna görə də, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 yanvar 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.