Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2809/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Açar sözlər: kredit borcu, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22- MCR-1-1278-21/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı X2 24 ay müddətinə, illik 20 % dərəcəsi ilə 30000 manat məbləğində kredit vermiş, kredit alan X4 isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər xx.xx.2021-ci il tarixli, 22-MCR-1-1278-21/1 nömrəli kredit öhdəliklərin icrası üçün kredit alan X4 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdələrinə götürmüşlər. Nizami Mirzəyev xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X1 banka xx.xx.2023-cü il tarixinə, yəni borclu X1 vəfat etdiyi tarixə 13957,66 manat əsas borc, 239,67 manat faiz borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 13957,66 manat əsas borc, 1397,85 manat faiz borcu və 217,02 manat cərimə borcu olmaqla, cəmi 15572,53 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır, öhdəliyi yerinə yetirmirlər.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-540/2024) iddia qismən təmin edilmiş, cavabdehlərdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 13957,66 manat əsas borc, 239,67 manat faiz borcu, cəmi 14196,66 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş 136,72 manat məbləğində dövlət rüsumunun 132,59 manat hissəsinin müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, yaranmış borc cavabdehlərdən müştərək qaydada borclunun vəfat etdiyi tarixə olan arayış əsas götürülməklə tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.3, 442, 443, 448, 472.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv olunmasını və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kredit borcunun məbləğinin dəqiqləşdirilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməmişdir. Kreditin tam ödənməməsinə səbəb kredit götürənin ölümüdür və bu hal forsmajor hadisə hesab edilməlidir. Fors-major hallar isə müqavilənin xitamına səbəb ola bilir. Şəxs ölmüşsə, artıq zaminlik də avtomatik ləğv olunmalıdır. Belə ki, əsas öhdəliyin xitamı ona bağlı olan digər öhdəliklərin də xitamına səbəb olur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iştirak edərkən apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etmiş, lakin sonuncu məhkəmə iclasına gəlməmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
12. Digər Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Apellyasiya baxışının həddi
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, qətnamədən yalnız Cavabdeh1 şikayət vermiş, qətnamənin dəyişdirilməsini xaihş etmişdir. Məhkəmə kollegiyası borcun cavabdehlərdən müştərək qaydada tutulduğunu nəzərə alaraq qətnamənin əsaslılığını bütövlükdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. İddiaçı cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır.
17. İddiaçının tələbi 13957,66 manat əsas, 1397,85 manat faiz və 217,02 manat cərimə borcu olmaqla, cəmi 15572,53 manat borcun tutulması barədədir.
18. Birinci instansiya məhkəməsi iddianı əsas borc hissəsində əsaslı sayaraq tam təmin etmiş, faiz borcunu azaldaraq 239,67 manat müəyyən etmiş, dəbbə pulunu isə tutmamışdır.
19. Cavabdeh1 apellyasiya şikayətində borcun düzgün hesablanmadığını qeyd etmiş və ekspertiza keçirilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertiza qarşısında borcalan X1 öldüyü xx.xx.2023-cü il tarixinə ödənilməmiş əsas və faiz borcunun məbləğinin hesablanması barədə sual qoyulmuşdur. İş üzrə rəy vermiş ekspert də məhz həmin tarixə cavabdehin 13896,26 manat əsas, 271,77 manat faiz borcunun olduğunu müəyyən etmişdir.
21. Göründüyü kimi, ekspert rəyində əsas borcun məbləği qətnamədə göstəriləndən aşağı müəyyən edilmişdir.
22. Məhkəmə kollegiyası əsas borc ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 13957,66 manat əsas borcu tutulması hissəsində dəyişdirilməli və əsas borcun məbləği 13896,26 manat həddində müəyyən edilməlidir.
23. Faiz borcunun məbləğinə gəldikdə isə, birinci instansiya məhkəməsi həmin hissədə borcun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
24. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmiş faiz borcu məbləği qətnamə ilə müəyyən edilmiş faiz borcunun məbləğindən yüksəkdir. Belə olan halda Kollegiya belə qənaətə gəlir ki, cavabdehdən qətnamə ilə müəyyən edilmiş həcmdə faiz borcu tutulmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
26. Apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, əvvəla, borclunun ölümü zaminliyə xitam verilməsinə səbəb olmur. Digər tərəfdən, apelyator kredit müqaviləsi üzrə zamin olmaqla yanaşı, həm də borclu mərhum X1 arvadı, yəni birinci növbə vərəsəsidir. Cavabdeh1 Nizami Mirzəyevin birinci növbə vərəsəsi olduğu və mirası qəbul etdiyi mübahisəsizdir. Lakin hazırkı işdə iddia cavabdehə qarşı onun birinci növbəli vərəsə olduğuna görə yox, kredit müqaviləsi üzrə zamin olduğuna görə qaldırılmışdır. Mülki Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə isə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir
28. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsi Cavabdeh1 13957,66 manat məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 tutulacaq əsas borcun məbləği 13896,26 (on üç min səkkiz yüz doxsan altı manat, iyirmi altı qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.