Məhkəmə qərarları › İş №2(103)-281/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-281/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-281/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3543/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “X1” ASC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 7.284,17 manat əsas, 824,74 manat faiz, 133,81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8.242,72 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 102,43 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-3543/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Aynur Abdullayeva) ilə iddia təmin edilmişdir. Apelyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində borc məbləğinin şişirdildiyini bildirmişdir. Qeyd etmişdir ki, o, 200 manat olmaqla bir neçə dəfə ödənişlər etmiş və bu barədə rayon məhkəməsinə bildirməklə mühasibatlıq ekspertizasının keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, məhkəmə buna qiymət verməmişdir. Odur ki, qətnamənin qismən ləğv edilib, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

6. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh “X1” ASC–nin xx.xx.2021-ci il tarixli ümumi ofertasını qəbul etmişdir.

7. Mülki iş materiallarında olan bank xidmətlərinin təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli kütləvi ofertanın 16.3-cı maddəsinə əsasən kredit xətti SMS məlumatlandırmada qeyd edilən məbləğ və maksimum müddətə, illik 36 (otuz altı) %- dək olmaq şərtilə ayrılır. Əgər müddətin sonunadək (sonuncu ay) müştəri qalıq borcu tam ödəməsə, növbəti aydan etibarən 60 (altmış) ay müddətinədək və kreditin verildiyi eyni illik faiz dərəcəsinə bərabər olmaqla qalıq borcu miqdarında yeni nağd kredit (restrukturizasiya) rəsmiləşdirilə bilər. Bu zaman müştəriyə aylıq ödənişin məbləği və müddətləri barədə (ödəniş cədvəli) SMS, elektron poçt və ya mobil bankçılıq vasitəsilə bildiriş göndərilir.

8. Ümumi ofertanın 16.7-ci maddəsinə əsasən “Bank”, “Müştəri”nin Bankda qeydiyyatda olan mobil nömrəsinə daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin bu şərtlərin və kreditin ödəniş gününün dəyişdirilməsi barədə SMS göndərir. Bu məlumatlar “Müştəri”nin Banka bildirdiyi elektron poçt ünvanına, həmçinin mobil bankçılıq vasitəsilə və ya digər formada da müştəriyə göndərilə bilər.

9. Ümumi ofertanın 16.7.1-ci maddəsinə əsasən müştəriyə göndərilmiş SMS-dən sonra razılıq bildirən cavab SMS-i (məlumatlar elektron poçt adresi və ya digər formada göndərildiyi halda müvafiq qaydada cavablandırma) tələb olunmur. Bu müqaviləni imzalamaqla Müştəri bütün şərtləri qəbul etmiş sayılır. Müştəri kart vasitəsilə kredit xəttindən istifadə etdiyi təqdirdə üzərinə öhdəlik götürmüş sayılır. Kredit xəttindən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz.

10. Ümumi ofertanın 17.10-cu maddəsinə əsasən “Müştəri” kreditin və (və ya) ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank”, borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-nin bir günə olan məbləği miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər.

11. Ümumi ofertanın 18.1-ci maddəsinə əsasən “Müştəri” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya “Müştəri” tərəfindən “Bank”ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Müştəri” özünün fəaliyyəti, iqtisadi- maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda “Bank” kreditin, o cümlədən faizlərin və hesablanmış cərimənin dərhal qaytarılmasını tələb etməklə yanaşı, “Müştəri”yə qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər.

12. Ümumi ofertanın 19.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən, “Borcverən” SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddəti, faktiki illik faiz dərəcəsi və məbləğdə “Müştəri”yə kredit verir. Bu müqavilə üzrə kreditin faktiki illik dərəcəsi minimum 16%- maksimum 40% təşkil edir. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu bölmənin müddəaları ilə müəyyən edilir. Bu müqavilə heç bir halda bank tərəfindən “Müştəri”yə kreditin verilməsi vədi kimi təfsiz oluna bilməz. Kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.

13. xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh “X1” ASC–nin xx.xx.2021-ci il tarixli ümumi ofertasını qəbul etmişdir.

14. BANK/PİKMD/1169118 saylı xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə qeyd edilən müqavilə üzrə 7.284,17 manat əsas, 824,74 manat faiz, 133,81 manat cərimə, cəmi 8.242,72 borc manat məbləğində kredit borcu vardır.

15. «X2» ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə əsasən müvafiq mühasibatlıq ekspertizası təyin etmişdir.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, borc qalığının hesablanması mümkün olmamışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

25. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

26. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

27. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

30. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

32. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

33. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

45. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

46. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

47. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

48. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin dəbbə pulu ilə bağlı təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

51. Kollegiya qeyd edir ki, hazrkı mülki iş materiallarından müəyyən edilir ki, tərəflər arasında kredit xətti müqaviləsi əsasında borc münasibətləri olmuş, cavabdeh öhdəliyini icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.

52. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

54. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarını və xüsusən də mühasibatlıqla bağlı mütəxəssislərin rəyində iddiaçının təqdim etdiyi sübutlar əsasında tələb olunan borcun (əsas, faiz və cərimə) məbləğinin müəyyən etməyin mümkün olmamasına dair qənaətini nəzərə alaraq hesab edir ki, qətnamə cərimə tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Çünki iddia tələbinin həmin hissəsi il bağlı təkzibolunmaz sübutlar təqdim edilməmişdir.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

58. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi iddia tələbinin dəbbə pulu ilə bağlı təmin olunan hissəsində düzgün qənaətə gəlmədiyindən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin dəbbə pulunun təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-3543/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin dəbbə pulunun təmin olunan hissəsində ləğv edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar