Məhkəmə qərarları › İş №2(103)-2812/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2812/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2812/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:kredit borcu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(007)- 493/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC-nin Nizami filialı ilə X4 arasında bağlanmış BPM**********70 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölüm faktı Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BMP**********70 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5842,73 manat əsas kredit borcunun, həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 78,43 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Kredit müqaviləsi üzrə borc qaldığından tərəflərinzdən sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəlik işinin açılmasına dair mərhumun ünvan 1-də qeydiyyatda olan, xx.xx.1959-cu il təvəllüdlü arvadı – Cavabdeh müraciət etmiş və o miras əmlakdan tam hissədə paya dair Qanun üzrə X3 Şəhadətnamə almışdır. Borc alanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 5842,73 manat əsas kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında tərəflərindən xx.xx.2022-ci il tarixdə bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2022-ci il tarixə yuxarıda sözügedən kredit müqaviləsi üzrə 5842,73 manat əsas kredit borcu ödənilməmiş qalmaqdadır. Həmçinin, notariat ofisindən əldə edilən məlumatdan da görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. Beləliklə, borc alanın vəfat etdiyi tarixə hesablanmış kredit borcu mirası qəbul etmiş vərəsə tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrəiddia qiyməti ümumilikdə 5842,73 manat olduğundan, tərəflərindən 78,43 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 fevral 2023-cü il tarixli, 2(007)-493/2023 saylı qətnaməsi ilə (hakim Əliyeva Qumru) iddia tələbi təmin edilmiş, xx.xx.2020-ci il tarixli BPM**********70 saylı kredit müqaviləsi üzrə 5842,73 manat əsas borcun və 78,43 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Zülfi Rüstəmovun ölümü haqqında məlumatı olmuşdur.Eyni zamanda keşən aylar ərzində heç bir ödəniş etmədiyini də bilirdi.Lakin buna baxmayaraq Bank ötən müddət ərzində hüquqi varisin müəyyən edilməsi barədə ərizə verməmişdir.Zülfi Rüstəmovun ölümündən 2 il 6 ay keçdikdən sonra məhkəməyə mütaciət etmişdir. Göstərdiyim hallara məhkəmə münasibət bildirməmişdir. X4 ilə rəsmi nigahda olsaqda, onunla 10 ildən artıq müddətdə ayrı yaşamışdır. Nigahları formal xarakter daşımışdır. O, ünvan 1-də yaşamışdır. X6 hansı ünvanda yaşaması barədə belə məlumatları olmamışdır. Eyni zamanda onun Beynəlxalq Bankı ASC-dən kredit götürməyi barədə məlumatı olmamışdır.Bu barədə isə iddiaçı ona nə rəsmi, nədə şifahi məlumat verməmişdir. Zülfi Rüstəmovun krediti hansı məqsədlərlə götürdüyünü bilmir. Birinci instansiya məhkəməsi yuxarıda göstərdiyi işin faktiki hallarını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərmiş nəticələr işin hallarına uyğun deyildir. Borclu Azərbaycan Respublikası Beynəlxalq Bankdanxx.xx.2020ci il tarixli BPB**********70 saylı kredit müqaviləsi üzrə 36 ay müddətində ödəmək şərti ilə 6000 manat kredit müqaviləsi bağlayaraq, həmin məbləği almışdır. Lakin heç bir ödəniş etmədiyi halda yuxarıda qeyd edilən MM-nin 443.5-ci maddəsində nəzərdə tutulan müddətlərdə ödəniş üçün vaxt təyin edilməmişdir və ümumiyyətlə Bank kredit verdikdən sonra icranı tələb etməmişdir. Eyni zamanda əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyiaydın olduğu halda belə müddət təyin etmədən də icranı tələb etməmişdir.Yalnız iddiaçının fərziyələri əsasında nəticəyə gəlmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 14.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

19. Maddə 1307. mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. .

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, həmin dəlil əsaslı sayıla bilməz. Belə ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********70 saylı Kredit müqaviləsi bağlanmış 36 ay müddətinə 20 faizlə 6000 manat pul verilmiş, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Arvadı, hazırki iş üzrə Cavabdeh vərəsəlik şəhadətnaməsi almış və mərhum ərindən qalmış mənzili miras əmlakı kimi qəbul etmişdir. Hazırda kredit müqaviləsi üzrə borc maliyyə arayışına əsasən 5842,73 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

29. Cavabdeh apellyasiya şikayətində mərhum əri ilə aralarında nikahın rəsmi qaydada pozulmasa da, faktiki olaraq uzun müddət ayrı yaşadıqlarını, kreditin götürülməsindən xəbərinin olmamasını, həmin kreditin ümumi ehtiyaclarına xərclənməməsini, bu baxımdan ona qarşı iddianın təmin edilməsinin düzgün olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə hesab edir ki, kreditin götürülməsindən cavabdehin xəbərinin olmamasından, onun ümumi ehtiyaclarına xərclənib-xərclənməməsindən asılı olmayaraq cavabdeh tərəfindən mərhum ərindən qalmış mənzili miras əmlakı kimi qəbul edildiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Belə ki, borc cavabdehin mərhum ərinin olsa da, hazırki halda borcun ödənilməsi də məhz mərhuma məxsus hazırda isə miras əmlak kimi cavabdehin mülkiyyətində olan mənzilin əldə edilməsi ilə borc da qəbul edilmiş miras həddində tutulmuşdur. Miras əmlak kütləsinin də mövcud borcdan çox olması müəyyən edilir. Yəni, qeyd edilən hallar hazırki iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

30. Qeyd edilənərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlili məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(007)- 493/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar