Məhkəmə qərarları › İş №2(103)-2812/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2812/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2812/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2812/2025 (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-135/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir.

2. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir.

3. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir.

4. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir.

5. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir.

6. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir.

7. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir.

8. xx.xx.2020-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********20000 abonent kodu olan Cavabdeh adına 2019-cu ilin may ayı üzrə 147,60 manat, 2019-cu ilin iyul ayı üzrə 64,80 manat, 2019-cu ilin noyabr ayı üzrə 165,60 manat, 2019-cu ilin dekabr ayı üzrə 252 manat, 2020-ci ilin yanvar ayı üzrə 252 manat, 2020-ci ilin fevral ayı üzrə 252 manat, 2020-ci ilin mart ayı üzrə 98,40 manat, 2023-cü ilin fevral ayı üzrə 8812,80 manat, 2023-cü ilin mart ayı üzrə 734,40 manat, 2023-cü ilin may ayı üzrə 725,76 manat, 2023-cü ilin iyun ayı üzrə 362,88 manat, 2023-cü ilin iyul ayı üzrə 181,44 manat, 2023-cü ilin avqust ayı üzrə 181,44 manat, 2023-cü ilin sentyabr ayı üzrə 181,44 manat, 2023-cü ilin oktyabr ayı üzrə 246,24 manat qalıq və aktlara görə borcu mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə vurulmuş 12658,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 5657,45 manat pulun və 145 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 18461,25 manat pulun cavabdehdən tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı abonent bazasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh istehlakçı kimi qeydiyyata alınmış və həmin ünvan iddiaçı tərəfindən təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana **********20000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4 mexanika **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. cavabdehin sayğac vasitəsilə istifadə edilmiş qaz sərfiyyatına görə 5657,45 manat debitor borcu yaranmışdır. Hazırda iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə və debitor borc) ümumi olaraq 18316,25 manat təşkil etməkdədir.

11. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-3/1407 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 yanvar 2025-ci il tarixli 2(008)-135/2025 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia qismən təmin edilmiş, Cavabdeh "Azəriqaz" İB-yə vurulmuş 147,60 manat məbləğində zərər, təbii qazdan istifadəyə görə hesablanmış 5805,05 manat debitor borc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 45,93 manat hissəsi, ümumilikdə 5850,98 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, ekspertiza xərci 110 manat "Azəriqaz" İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehin təbii qazdan istifadəyə görə debitor borcu 5657,45 manat təşkil edir və həmin məbləği iddiaçıya ödəməlidir.

14. Məhkəmə xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 147,60 manat, xx.xx.2019cu il tarixli ******* nömrəli akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 165,60 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 98,40 manat, cəmi 1232,40 manat məbləğində zərərin ödənilməsi hissəsinə dair göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur.

15. Məhkəmə hesab etmişdir ki, qanunsuz qoşulmanın aşkar olunma faktına görə ilk tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli akt üzrə borc istisna olmaqla qalan aktlar üzrə borc cavabdehdən tutulmamalıdır. Yəni aktlar üzrə hesablanmış cəmi 12658,80 manat borcdan yalnız birinci akt üzrə hesablanmış 147,60 manat borc "Azəriqaz" İB-nin xeyrinə Cavabdeh tutulmalıdır.

16. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 725,76 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat, cəmi 11063,52 manat məbləğində zərərin ödənilməsi hissəsinə dair məhkəmə hesab etmişdir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Qanuna, Mülki Məcəllənin 1096.2, 1097.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 14.2, 81, 107, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, qismən əsassız qətnamə qəbul etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyriqanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir.

22. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

31. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

32. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

33. Maddə 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

34. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

35. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Qətnamə yalnız iddiaçının apellyasiya şikayətinə münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən (iddia tələbinin təmin edilməyən) hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. xx.xx.2019-cu il tarixli ******* nömrəli akta görə sayğacdan kənar təbii qazdan istifadə aşkar edilmişdir.

46. Dəymiş ziyanın bərpasına dair 30 may 2019-cu il tarixli tələbnaməyə əsasən dəymiş ziyanın həcmi 1476 m3 hesablanmışdır.

47. Digər aktlara münasibətdə isə sayğaca müdaxilənin cavabdehin təqsiri nəticəsində edilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

48. Belə olan halda, qeyd olunmuş aktda aşkar edilmiş qüsura görə istehlakçının təqsirinə dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyinə görə cavabdeh məsuliyyət daşımır və həmin akt əsasında hesablanmış məbləğ cavabdehdən tutula bilməz.

49. xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 165,60 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 98,40 manat, cəmi 1232,40 manat məbləğində zərərin ödənilməsi hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, ilk dəfə sayğacadan kənar qanunsuz istifadə halı müəyyən edildikdən sonra abonentin təbii qazdan istifadəsinin dayandırılması birliyin hüququ olsa da, onlar bunu etməmiş, əksinə hər ay təkrar-təkrar aktlar tərtib etmişlər.

50. Qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməli olduğu halda, bu hərəkətlər edilməmişdir. Apellyasiya şikayətində abonentin aktı imzalamaqdan imtina etməsi qeyd edilsə də, onun bu hərəkəti hər hansı sübutla əsaslandırılmamışdır.

51. İddianın xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat, xx.xx.2023cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 725,76 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat, cəmi 11063,52 manat məbləğində zərərin ödənilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

52. Baxılan iş üzrə isə cavabdehin təqsirli olmasını müəyyən edən müvafiq qərar iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olan halda vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.

53. Kollegiya həmçinin qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq kimi səlahiyyətli olmasına baxmayaraq, cavabdehin əməkdaşları bunu etməmişdir.

54. Göründüyü kimi, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edilməsi faktı cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir.

55. İddiaçının istinad etdiyi aktlar isə birtərəfli qaydada onun əməkdaşları tərəfindən tərtib edilmiş, aktlar tərtib edilərkən heç bir halda iddiaçının iştirakının təmin edilməsi müəyyən olunmur.

56. Həmçinin nəzərə alınmadıdır ki, ekspertiza tədqiqatı nəticəsində cavabdeh tərəfindən kənar qoşulma hallarına rast gəlinməmişdir.

57. Kollegiya hesab edir ki, məhkəmənin qalan hissədə iddia tələbinin rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

58. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-135/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar