Məhkəmə qərarları › İş №2(103)-2813/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2813/2024

26.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2813/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Milli Hidrometeorologiya Xidmətinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Əvvəllər tərəflərin arasında əmək münasibəti olub. Belə ki, iddiaçı cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləyib, sonuncu vəzifəsi Milli Hidrometeorologiya Xidmətinin Texniki xidmət, metrologiya və kalibirlənmə mərkəzində müvəqqəti təyin edilmiş texniki təminat üzrə baş mütəxəssis olub, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə xitam verilib (cild 1, iş v. 80). 17 il bundan əvvəl – 2007-ci ildə tərəflərin arasında mənzilə dair məhkəmə mübahsəsi olub. Belə ki, Binəqədi rayonu, Sumqayıt şossesi 6 ünvanındakı binanada yerləşən, sahəsi 32 kv.m təşkil edən iki otaqdan ibarət 409-410 №-li mənzilə dair iddiaçının adına xx.xx.1990-ci il tarixli order olub (cild 1, iş v. 71). İddiaçı cavabdehə qarşı iddia verərək mənzilə köçürülməsini tələb edib. Məhkəmə icraatı zamanı tərəflərin arasında xx.xx.2007-ci il tarixli barışıq sazişi bağlanıb (cild 1 iş v. 8), həmin gün Nərimanov RM-nin qəbul etdiyi qərardadla barışıq sazişi təsdiq edilib və iş üzrə icraata xitam verilib (cild 1, iş v. 7). Barışıq sazişində qeyd olunub ki, cavabdeh ünvan 2 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadığı mənzillərindən hər hansı biri boşalarsa, iddiaçını 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürülməsini həyata keçirəcəyini öz öhdəsinə götürür, bu şərtlərin müqabilində iddiaçı öz iddia tələbi geri götürür. Sonradan barışıq sazişinin təsdiq edilməsi barədə qərardada göstərilən məzmunda izah verilib: cavabdeh Sumqayıt yolu 6 ünvanındakı binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərdən hər hansı biri boşaldıldığı andan iddiaçını 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata keçirilməsini öz öhdəsinə götürsün (cild 1, iş v. 132). Barışıq sazişi təsdiq edildikdən sonra icra vərəqəsi verilib, lakin icra mümkün olmayıb. Belə ki, xx.xx.2012-ci ildə Nərimanov RM barışıq sazişinin məcburi icraya yönəldilməsi barədə qərardad qəbul edib (cild 1, iş v. 9). xx.xx.2017-ci ildə icra məmuru icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edib (cild 1, iş v. 17). Bundan sonra icra məmuru 5 dəfə icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edib. 1-ci qərar xx.xx.2014-cü ildə qəbul edilib, buna əsas tələbkarın icra sənədinin qaytarılması barədə ərizəsi olub (cild 1, iş v. 15). 2-ci qərar xx.xx.2017-ci ildə qəbul edilib, buna əsas icra sənədinin icrasının qeyri-mümkünlüyü olub (cild 1, iş v. 17). Qeyri-mümkünlük onunla izah edilib ki, borclunun məktubuna görə, Sumqayıt yolu 6 ünvanında yerləşən mənzillər 1996-1997-ci illərdə orada qeydiyyatda olan şəxslər tərəfindən özəlləşdirilib və hazırda həmin binada boş mənzil yoxdur. 3-cü qərar xx.xx.2018-ci ildə qəbul edilib, buna əsas tələbkarın icra sənədinin qaytarılması barədə ərizəsi olub (cild 1, iş v. 19). 4-cü qərar xx.xx.2019-cu ildə qəbul edilib, buna əsas icra sənədinin icrasının qeyri-mümkünlüyü olub (cild 1, iş v. 21). 5-ci qərar xx.xx.2023-cü ildə qəbul edilib, buna əsas icra sənədinin icrasının qeyrimümkünlüyü olub (cild 1, iş v. 23). Bu qərarda qeyd olunub ki, icra icraatı zamanı borclunun bir sıra məktubları daxil olmuş, məktublarda bildirilmişdir ki, məcburi köçkün və qaçqınlar Sumqayıt yolu 6 ünvanındakı binada mənzillərdən hər hansı birini boşaltmadığından icra sənədinin icrası mümkün deyil. İcra tədbirləri zamanı həmin binaya baxış zamanı, habelə tələbkarın müraciəti ilə müəyyən edilmişdir ki, binadakı mənzillər özgəninkiləşdirilmiş, binada məcburi köçkün və ya qaçqın yoxdur, əvvəllər mənzil boşaldılsa da tələbkara verilməmişdir. Bu halı təsdiq edən xx.xx.2022-ci il tarixli akt tərtib edilib (cild 1, iş v. 25). İcra mümkün olmadığına görə iddiaçı (tələbkar) barışıq sazişinin təsdiq edilməsi barədə qərardadın icra üsulunun dəyişdirilməsi barədə 2 dəfə məhkəməyə müraciət edib, Nərimanov RMnin xx.xx.2014 -cü il tarixli qərardadı (cild 1, iş v. 48) və xx.xx.2023-cü il tarixli qərardadı (cild 1, iş v. 49) ilə həmin ərizələr təmin edilməyib. Bundan başqa, icra sənədinin icra edilməməsinə görə borclunun vəzifəli şəxsinin barəsində inzibati xəta haqqında protokol tərtib edilib, bununla bağlı işə məhkəmədə baxılıb, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qərarlar qəbul edilib (iş v. 54, 57). Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi, yəni mənzilin dəyəri kimi 60.000 manat və mənzil kirayə haqlarının əvəzi kimi 48.000 manat, habelə mənəvi zərərin əvəzi kimi 20.000 manat cavabehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, maddi zərərin əvəzi kimi 45.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Qətnamənin bir hissəsi – iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğvi tələb olunsa da şikayətin dəlillərindən görünür ki, cavabdeh qətnamənin iddianın təmin edilməsinə aid hissəsindən narazıdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Barışıq sazişi həm prosessual, həm də maddi hüquqi təbiətə malikdir. O, məhkəmə mübahisəsini yekunlaşdırdığına görə iş üzrə icraata xitam verilməsi üçün prosessual əsas, maddi münasibətləri tənzimlədiyinə görə əqddir. Hazırkı barışıq sazişi şərtlə bağlanmış əqd sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Sazişin məzmununda qeyd olunan “binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadığı mənzillərindən hər hansı biri boşalarsa” ifadəsi şərti bildirir. Bu şərt baş verdiyi təqdirdə cavabdehin iddiaçını boşalmış mənzillərdən birinə köçürmək vəzifəsi əmələ gəlir, həmin vəzifənin yerinə yetrilmə müddəti isə vəzifənin əmələ gəldiyi andan 15 aydır. Hazırda həmin şərtin baş verib-vermədiyi barədə mübahisə var. Belə ki, iddiaçı iddia edir ki, şərt baş verib, barışıq sazişi təsdiq edildikdən sonra həmin binada dəfələrlə mənzillər boşalsa da boşalmış mənzillər başqa şəxslərə verilib, cavabdeh sazişi qəsdən icra etməyib, müharibə veteranıdır, 1956-cı il təvəllüdlüdür, barışıq sazişi bağlanarkən 51 yaşı vardı, hazırda isə 68 yaşı var, bundan sonra qeyri-müəyyən müddət gözləyə bilməz. Cavabdeh isə etiraz edir, şərtin baş vermədiyini bildirir. Şərtin baş vermədiyini cavabdeh sübut etməlidir, bunu şərtin xüsusiyyəti tələb edir. Şərtin baş vermədiyini sübut etmək üçün cavabdeh göstərilən sübutları məhkəməyə təqdim etməlidir: 1) sazişin bağlandığı xx.xx.2007-ci ildə həmin binada məcburi köçkünlərin və müvəqqəti əsaslarla məskunlaşmış digər şəxslərin yaşadığı mənzillərin sayı və nömrələri barədə sübut; 2) həmin mənzillərdə yaşayan şəxslərin və ya onların ailə üzvlərinin ötən 17 il ərzində eyni mənzildə yaşamağa davam etdiyini və ya mənzili sahibliyində saxladığını təsdiq edən sübut. Lakin cavabdeh bu sübutları məhkəməyə təqdim etməyib. Apellyasiya icraatı zamanı həmin sübutların təqdim edilməməsinin səbəbi araşdırılmış, cavabdehin nümayəndəsi bildirmişdir ki, belə sübutları təqdim etmək imkanına malik deyillər. Ona görə də hesab olunur ki, şərt baş verib. Şərt baş verdiyinə görə cavabdehin iddiaçını mənzillə təmin etmək öhdəliyi yaranıb, lakin öhdəlik icra edilməyib. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəyə görə, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Zərərin məbləği müəyyən edilərkən mənzilin dəyəri əsas götürülməlidir, çünki mənzil iddiaçıya verilsəyidi iddiaçı onu özəlləşdirmək imkanına malik olacaqdı. Birinci instansiya məhkəməsi mənzilin dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilməsi barədə qərardad qəbul edilib. Qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə görə, Binəqədi rayonu, Sumqayıt şossesi 6 ünvanındakı binada yerləşən, sahəsi 32 kv.m təşkil edən iki otaqdan ibarət mənzilin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 45.000 manat təşkil edir. Cavabdeh göstərilən qiymətin həqiqiliyini mübahisələndirməyib, ona görə də zərərin əvəzi kimi həmin məbləği ödəməlidir. Hazırkı mübahisə inzibati mübahisə deyil. Tərəflərin arasında mülki-hüquqi əqd bağlanıb, mübahisə əqdin icra edilməməsi ilə bağlıdır. Həmin əqd inzibati müqavilə hesab olunmur. Belə ki, AR Konstitusiya Məhkəməsinin “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında qeyd olunub: “İnzibati müqavilə icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə digər subyektlər arasında bağlanan müqavilədir. Bu növ müqavilələrdə bir tərəf mütləq qaydada icra funksiyalarını həyata keçirən subyekt olur. Qeyd etmək lazımdır ki, inzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq qaydaları təşkil edir. Habelə, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir. Belə müqavilələr daha çox inzibati-ərazi vahidlərində idarəçilik funksiyalarının həyata keçirilməsi ilə əlaqədar tabeçilik subyektləri arasında bağlanılır”. Beləlilklə, birinci instansiya məhkəməsi 45.000 manatın tutulması qət etsə də işin faktiki hallarını düzgün müəyyən etməyib və maddi hüquq normasını səhv tətbiq edib. Ona görə də qətnamə ləğv edilməli, Mülki Məcəllənin 443.1, 443.2 və 21-ci maddələri tətbiq edilməklə maddi zərərin əvəzi kimi 45.000 manatın tutulması barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni 45.000 manat pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən 45.000 (qırx beş min) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar