Məhkəmə qərarları › İş №2(103)-2813/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2813/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2813/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “girov qoyulmuş əşyaların geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh tərəfindən İddiaçı 1 ay 10 gün aylıq 12 % dərəcəsi ilə 3.000 manat məbləğində istehlak məqsədli kredit verməyi, borcalan-iddiaçı isə borcu qəbul edib razılaşmada göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Yaranmış öhdəliklərin təminatı olaraq iddiaçı özünə məxsus 5 sayda qızıl-zinət əşyalarını sahibkarlıq fəaliyyəti qaydasında qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürməsinə xüsusi icazəsi (lisenziyası) olan fərdi sahibkar Cavabdeh xeyrinə yüklü etmişdir.

2. Girov müqaviləsində girov verənin mühüm şərti kimi göstərilmişdir ki, verilmiş ayın tamamında ödəniş olunması üçün əlavə 10 gün vaxt verilir. 10 gün ərzində ödəniş olunmalıdır, əks halda girov xəbərdarlıq edilmədən satılacaqdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 525079 nömrəli girov bileti əsasında xx.xx.2024-cü il tarixdə şəxsi qızıl-zinət əşyalarını qoymaqla götürdüyü 3.000 manat və əlavə olaraq hesablanmış faiz məbləğini tam həcmdə ödəməyi ilə girov qismində Cavabdeh tərəfindən saxlanılan 20,53 qramlıq 585 əyarlı şəbəkə qızıl qolbaq, 25,3 qramlıq 750 əyarlı qızıl komplekt dəst, 12,5 qramlıq 989 əyarlı qızıl qolbaq, 4,91 qramlıq 585 əyarlı qızıl sırğa və 5,39 qramlıq 585 əyarlı qızıl sepdən ibarət qızıl-zinət əşyalarının Cavabdeh tərəfindən ona geri qaytarılması və ödənilmiş məhkəmə rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında lombard fəaliyyəti işə məşğul olur. Əvvəlki dövrlərdə Cavabdeh bir neçə qızıl-zinət əşyalarını girov qoymaqla aylıq faizini ödəməklə pul götürmüşdür. xx.xx.2024-cü il tarixdə 20,53 qramlıq 585 əyarlı şəbəkə qızıl qolbaq, 25,3 qramlıq 750 əyarlı qızıl komplekt dəst, 12,5 qramlıq 989 əyarlı qızıl qolbaq, 4,91 qramlıq 585 əyarlı qızıl sırğa və 5,39 qramlıq 585 əyarlı qızıl sepdən ibarət qızıl-zinət əşyalarını girov qoymaqla 3.000 (üç min) manat pulu ssuda qaydasında aylıq faiz ödəmək şərti ilə götürmüşdür. Ssuda üzrə xx.xx.2024-cü il tarixdə ödənilmiş (online) 260 manat faiz borcu geri qaytarılaraq qızıllarının satıldığı bildirilmişdir. Girov qoyulmuş qızıl zinət əşyalarının geri qaytarılmamasına səbəb kimi həmin ssuda üzrə faiz ödənişlərində müəyyən gecikmələrin olması bəhanə gətirilmişdir. Həmçinin qızıl-zinət əşyalarının satıldığı bildirilmişdir. Halbuki, qızıllarının satılması qanunsuzdur və absurddur. Qızıl-zinət əşyalarnın satılması və ya hərraca çıxardılması barədə cavabdeh tərəfindən heç bir mötəbər sənəd və bildiriş təqdim olunmamışdır. Heç bir halda qızıllarından imtina etməmiş, satışı barədə bildiriş qəbul etməmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddiasını əsaslı edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli, 525079 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini, müqavilə üzrə etməli olduğu aylıq ödənişləri vaxtında, yəni müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmiş, nəticədə tutma öhdəliyin icrasının təmini vasitəsi olan lombarda qoyulmuş qızıl-zinət əşyalarının hesabına realizə edilmişdir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 525079 nömrəli müqavilədə ayın tamamında ödəniş olunması üçün əlavə 10 gün vaxt verilməsi, 10 gün ərzində ödənişin olunması, əks halda girovun xəbərdarlıq edilmədən satılacağı girov verənin mühüm şərti kimi göstərilmişdir. İş materiallarında olan tərəflər arasındakı whatsapp yazışmalarından da görünür ki, İddiaçı müqavilə üzrə borcun öhdəliyin icrasının təmini vasitəsi kimi lombarda qoyulmuş qızıl-zinət əşyalarının hesabına realizə ediləcəyi barədə dəfələrlə xəbərdar olunmuşdur.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1, 302.2, 302.3, 302.4, 302.5, 302.6, 302.7, 302.8, 302.8-1 və 302.9-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.9-cu maddəsinin tələbi ilə, cavabdeh tərəfindən girov müqaviləsində göstərilən "verilmiş ayın tamamında ödəniş olunması üçün əlavə 10 gün vaxt verilməsi, 10 gün ərzində ödənişin olunması, əks halda girovun xəbərdarlıq edilmədən satılacağı barədə girov verənin şərti" əhəmiyyətsiz hesab olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə hazırda mübahisələndirdiyi qətnaməni qəbul etmişdir

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəf bildirir ki, xəbərdarlıq edilməmişdir, lakin dəfələrlə xəbərdarlıq edilmişdir. İddiaçı əvvəlki məhkəmə instansiyasında təqdim etdiyi səs yazılarında da xəbərdarlıq olunduğu bilinir. İddiaçıya dəfələrlə zəng vurulur, lakin zənglərə cavab vermir. Müqavilənin vaxtı 1 ay 10 gün olsa da 3 ay gözləmişdir. Dəfələrlə edilən xəbərdarlığa baxmayaraq iddiaçı geri dönüş etməmişdir. Müqavilənin 1 ay 10 gün vaxtı olmasına baxmayaraq 3 ay ərzində ödəniş olunmamışdır. İddiaçı 360 manat ödəməli olduğu halda 120 manat pul ödəyir. Halbuki iddiaçı 360 manatı ödəyə bilmədiyi halda 3000 manatı necə ödəyəcəkdir. Onlar müqavilə müddətində də əlavə gözləmişlər və sonda mal satılmışdır. Bundan başqa malların çəkisi ilə bağlı iş materiallarına şəkillər əlavə edilmişdir. İddiaçı tərəfindən 360 manat pul ödənilməmişdir. Ödənilən məbləğ isə müddət keçdikdən sonra, mal satışa getdikdən sonra edilir. Ona görə də ödəniş ona öz kartına geri göndərilmişdir. O heç faiz məbləğini belə tam ödəməmişdi. İddiaçı bir dəfə 260 manat ödəniş etmişdir, mal satılandan sonra həmin məbləği özlərində saxlamaq ixtiyarları yoxdur. Qızıl 52 qram çəkisi var idi, qaşları olduğuna görə 50 qram idi. Qızıl satılan zaman qiyməti 70-75 manat idi. Qızıl lom dəyəri ilə hesablanmışdı. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

17.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 19.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 21.135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. 22.203.3.1-ci maddəsinə əsasən əmlakın mülkiyyətçidən məcburi alınmasına öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi ilə yol verilir. 23.205.1-ci maddəsinə görə mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. 24.269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 25.280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 26.296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 27.297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 28.299.1-ci maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 29.302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 30.302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. 31.302.9-cu maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. 32.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 33.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 34.420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 35.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 36.443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 37.445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 38.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 39.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 40.739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 42.Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 43.İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında kredit və əşyanın lombardda girovu müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh tərəfindən İddiaçı 1 ay 10 gün aylıq 12 % dərəcəsi ilə 3.000 manat məbləğində istehlak məqsədli kredit verməyi, borcalan-iddiaçı isə borcu qəbul edib razılaşmada göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Yaranmış öhdəliklərin təminatı olaraq iddiaçı özünə məxsus 5 sayda qızıl-zinət əşyalarını sahibkarlıq fəaliyyəti qaydasında qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürməsinə xüsusi icazəsi (lisenziyası) olan fərdi sahibkar Cavabdeh xeyrinə yüklü etmişdir. 44.Hazırda iddiaçı ona məxsus olmuş qızıl-zinət əşyalarının satılan tarixə tərəf olduğu xx.xx.2024-cü il tarixli razılaşma üzrə 3.360 manat məbləğində əsas və faiz borcu olduğunu qəbul edir. Lakin borcunun ödənilməsində yaranmış gecikmələrə görə cavabdehin ona məxsus qızıl-zinət əşyalarını məlumat vermədən satmaqda haqlı olmadığını, razılaşmanın bu bəndinin etibarsız sayılmalı olduğunu, ona məxsus əmlakının iradə və istəyinə zidd olaraq özgəninkiləşdirildiyindən narazı olduğunu qeyd edir. 45.Halbuki tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 525079 nömrəli girov müqaviləsinin müvafiq bəndinə əsasən girov qoyan müqavilədə (“girov biletində”) göstərilən vaxt müddətində və ona əlavə verilmiş vaxt ərzində qaytarmazsa və ya ümumiyyətlə lombarda gəlməzsə bu halda girov verən həmin əmlakı geri tələb etmək və girovun satışında iştirak etmək hüquqlarından məhrum olunur. Belə olan təqdirdə girov istənilən fiziki və hüquqi şəxslərə bazar qiymətlərinə uyğun satılır. 46.Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının cavabdeh tərəfindən məlumatlandırılması, ona kreditin ödənilməsi üçün əlavə vaxt verilməsi, bu müddət ərzində iddiaçı tərəfindən hər hansı məbləğdə ödəniş edilməməsi işin müəyyən edilmiş hallarındandır. Beləliklə də cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, iddiaçı razılaşmanın şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini pul ayrılan vaxtdan gecikdirmiş və nəticədə cavabdehin iddiaçı ilə bağlanmış razılaşmaya uyğun olaraq əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək və girov predmetini satmaq hüququ yaranmışdır. 47.Qeyd olunan hüquq tərəflər arasında bağlanmış razılaşmada nəzərdə tutulmuş, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard tərəfindən həmin əşyanın realizə edilməsi imkanı mülki qanunvericilikdə də öz əksini tapmışdır. Razılaşmanın bu şərti mülki qanunvericiliyi ilə müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verir. 48.Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 49.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar