Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2815/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı avtomaşına dəymiş zərər və digər xərclərin tələbinə dair mülki iş üzrə (açar sözlər:zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(006)- 180/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. 20 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan və TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, 19 iyul 2022-ci il tarixdə, saat 11:30-da “X4” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
2. ƏN-V № 915586 seriyalı Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, “X6” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı2dır. Etibarnamə İddiaçı1 nəqliyyat vasitəsinin idarə etmək üçün verilmişdir.
3. 19 iyul 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “X6” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 5305 manat məbləğdə müəyyən edilmişdir.
4. 01 avqust 2022-ci il tarixli, 01/02-224ADS nömrəli müstəqil ekspert rəyindən görünür ki, qəzalı vəziyyətdə olan “X6” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri 7945 manat məbləğdə müəyyən edilmişdir.
5. 45096 nömrəli ödəniş tapşırığından görünür ki, 4183,78 manat məbləğ sığorta şirkəti tərəfindən hazırki iş üzrə İddiaçı1 ödənilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 9/6776 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci buraxılışlı “X6” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7945 manat müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 9/7746 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 7705 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 5035 manat, təmir-bərpa işlərinin qiyməti 2670 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 5555 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3975 manat; Təmir-bərpa işlərinin qiyməti - 1580 manat.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
8. İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idarə etdiyi “X6” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşına “X4” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən vurulmuş, nəticədə avtomaşına və “Opel Vektra” markalı, **-GZ-*** qeydiyyat nömrəsi olan avtomaşına ümumilikdə 7945 manat dəymiş zərərdən (azsığorta ödədiyi məbləğ 4183 manatın) 3762 manat zərərin və əldən çıxmış fayda kimi 1000 manat, ümumilikdə 4762 manat pulun Cavabdeh birdəfəlik tutularaq ona ödənilməsi və qətnamənin icrasının cavabdehin idarə etdiyi “X4” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
9. İddianın əsaslarına görə, iddiaçı “X6” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşını baş etibarnamə ilə idarə edir, özü 2-ci Qarabağ müharibə veteranıdır. Taksi xidməti ilə məşğul olur. “Hunday Sonata” markalı avtomaşını idarə edərkən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ilə Pirşağı qəsəbəsi arasında Kürdəxanı şosesində “Oba” marketin qarşısında işıqforda avtomaşını saxlayıb gözləyərkən arxada dayanan “Hunday Santafe” markalı avtomaşın onun idarə etdiyi avtomaşını arxadan vurmuşdur. İşıqforda gözlədiyi üçün onun avtomaşını sürüşərək ondan qabaqda saxlamış “Opel Vektra” markalı avtomaşının arxa hissəsinə dəymişdir. Hadisə olduqdan sonra hadisəni törədən “Hunday Santafe” markalı avtomaşının sürücüsü “Azərsığorta” şirkətinə zəng etmiş və ərazi üzrə dövlət yol polisi hadisə yerinə gəlmiş, araşdırma zamanı məlum olmuşdur ki, təqsir arxada dayanan “Hunday Santafe” markalı avtomaşının sürücüsündə olmuşdur. Buna görə də hadisə barədə protokol və hadisə yerinin eksizi çəkilmişdir. “Azərsığorta” dəymiş zərərlə bağlı zərərin bir hissəsini, yəni 4183 manat ödəmişdir, dəymiş zərərin qalan hissəsi cavabdeh tərəfindən ödənilməli olduğu halda cavabdeh zərərin qalıq hissəsini ödəməkdən imtina edir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(006)- 180/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı1 xeyrinə avtomobilinə dəymiş zərər 3522 manat məbləğdə pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 9/6776 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 9/7746 nömrəli ekspert rəylərində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi faktı öz təsdiqini tapmışdır. Təqdim edilən ekspert rəyinə əsasən ekspert həm "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara, həm də "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomaşına dəymiş zərərin məbləği müəyyən etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 avqust 2022-ci il tarixli qüsur aktına əsasən, 7945 manat məbləğdə dəymiş ümümi zərərin məbləğindən 4183 manat məbləğdə pul vəsaiti sığorta şirkəti tərəfindən ödənilmişdir. Məhkəmə 15 noyabr 2022-ci tarixli, 9/7746 nömrəli ekspert rəyini MPM-nin 101.7-ci maddəsinə əsasən sübut kimi qəbul edərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmaqla, Cavabdeh İddiaçı1 xeyrinə avtomobilinə dəymiş zərər: 7705 manat – 4183 manat = 3522 manat məbləğdə pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 1.000 manat əldən çıxmış fayda tutularaq iddiaçıya ödənilməsi” və “qətnamənin icrası cavabdehin idarə etdiyi “X4” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi” hissələri ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı iddia tələbinin həmin hissələri ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissələrdə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, hadisə zamanı “Hunday Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı1 tərəfindən idarə etdiyi üçün, avtomobilə dəymiş zərər onun xeyrinə tutulmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 925, 936, 1096.1, 1097.1, 1108, 1114-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilərək, 1372 manat məbləğdə zərərin ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şikayətin dəlillərinə görə, hər iki ekspertiza zamanı avtomaşına baxış keçirilməmiş, ekspert tərəfindən verilmiş rəylərin heç biri kifayət qədər aydın olmamış, ekspert qoyulmuş sualları tam həll etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, ona uyğun izahat vermişdir.
17. İddiaçı apellasiya şikayəti ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh özünə məxsus “X4” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı1 etibarnamə ilə idarə etdiyi “Hunday Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə sonuncu avtomobilə zərər dəymişdir. “Azərsığorta” şirkəti dəymiş zərərin bir hissəsini, yəni 4183 manat ödəmiş, dəymiş zərərin qalan hissəsi cavabdeh tərəfindən ödənilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertizalar təyin edilmiş, qətnamə qəbul edilərkən 15 noyabr 2022-ci tarixli 9/7746 nömrəli ekspert rəyinə istinad edilmişdir.
24. Cavabdeh apellyasiya şikayəti ilə ekspert rəylərinin mötəbərliyini mübahisələndirmiş, lakin öz dəlillərini əsaslandıran hər hansı mötəbər sübut təqdim etməmiş, hansı əsaslara görə ekspert rəylərini qəbul etmədiyini bildirməmişdir. Cavabdeh yeganə olaraq, ekspertlər tərəfindən avtomaşına baxış keçirilmədiyini bildirmişdir.
25. Məhkəmə kollegiyası bu dəlillə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin nəticəyə gələrkən əsas götürdüyü "xxxx" MMC tərəfindən tərtib olunmuş mütəxəssis rəyində zərərin məbləğinin müəyyən olunması üçün avtomobilə baxış keçirilmişdir. Lakin zərərin məbəlğinin daha az göstərildiyi "xxxx" MMC tərəfindən tərtib olunmuş akt avtomobilə baxış keçirilmədən tərtib olunmuşdur. Digər bir xüsusat ondan ibarətdir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş aktda ehtiyat hissələri işlənmiş, "xxxx" MMC tərəfindən tərtib olunmuş aktda isə yeni ehtiyat hissələrinin qiyməti nəzərə alınmaqla hesablanmışdır. Bundan başqa zərərin bir hissəsi sığorta şirkəti tərəfindən ödənilərkən məhz "xxxx" MMC-nin rəyi əsas götürülmüş və cavabdeh tərəfindən həmin vaxt bu aktla razılaşaraq mübahisələndirməmişdir.
26. İşin qeyd edilən hallarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün olaraq "xxxx" MMC tərəfindən tərtib olunmuş aktı daha mötəbər sübut kimi qəbul etmiş və həmin aktda göstərilən qiymətləri nəzərə almışdır.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(006)- 180/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(006)- 180/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Məmməd Məmmədov