Məhkəmə qərarları › İş №2(103)-2815/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2815/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2815/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2815/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair imülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-127/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 07 may 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 18.3 faizlə 36 ay müddətinə 10.000 AZN kredit məbləğində kredit verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4249.16 AZN əsas borc, 167.37 AZN faiz borc, 56.30 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 4472.83 AZN borcun və 64.73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18.3 faizlə 36 ay müddətinə 10.000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 23 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə banka 4249.16 AZN əsas borc, 167.37 AZN faiz borc, 112.59 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 4529.12 AZN borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 112.59 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 56.30 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.

4. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, cəmi 1 ay gecikməsi olmuş, bu barədə banka məlumat vermiş, bankın nümayəndəsi ona 1 ay əlavə ödəməklə həmin gecikməni bağlaya biləcəyini demiş, sonralar hər ay normal ödənişlər etmişdir. Bir də məlumatı olmuşdur ki, bank onu məhkəməyə vermişdir. Ekspertin rəyilə tam razıdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-127/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3319.98 manat əsas borcun və 53.19 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 245 manat məbləğində pulun İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada hər birindən 122.50 manat olmaqla tutulması, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 743.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, maliyyə arayışlarından göründüyü kimi cavabdehin banka qalıq borcu xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 4249.16 manat əsas borc, 167.37 manat faiz borcu, 112.59 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4529.12 manat borcdan ibarətdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh qeyd olunan tarixli kredit müqaviləsi üzrə əsas borcu 3951.16 AZN, faiz borcu üzrə 764.87 AZN, cərimə borcu üzrə 3096.83 AZN borcu olmuşdur. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İş materiallarından da göründüyü kimi xəbərdarlıq tarixindən sonra cavabdehin ödənişlərini məhkəmə öz mülahizəsinə uyğun formada silmişdir. Bayramov İlin Sücəddin oğlu kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən və ödənişləri gecikmələrlə etdiyindən onun kredit borcuna müqavilənin şərtlərinə uyğun olaraq müvafiq faiz və cərimələr hesablanmışdır. Bu səbəbdən cavabdeh “Bayramov İlin Sücəddin oğlunun banka etdiyi ödənişlərdən cərimə məbləğlərinədə silinmələr aparılmışdır. Lakin ekspert rəyindən qeyd edilənləri nəzərə alınmamış, xəbərdarlıq göndərildiyi tarixdən sonra cavabdeh tərəfindən aparılan ödənişlər bank tərəfindən cərimədən, gecikmə günləri nəzərə alınmaqla hesablanmış faiz borcundan və daha sonra qeyd olunan normanın tələbinə uyğun formada əsas borcdan silinmişdir. Cavabdeh tərəfindən işin məhkəməyə göndərildiyi maliyyə arayışındakı tarixdən sonra ödəniş edildiyi üçün həmin ödənişlər sonrakı məhkəmə iclaslarında həmçinin ekspertizanın keçirilməsi ilə bağlı ekspert vəsatətlərinə cavablarda təqdim edilmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən 400 AZN məbləğində ödəniş edilmiş və həmin ödənişin 298 AZN əsas borcdan, 10.21 AZN faiz borcdan, 91.79 AZN isə cərimə borcdan Bank tərəfindən Mülki Məcəllənin müvafiq öhdəliklərin silinməsi ardıcıllığına uyğun olaraq silmişdir. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tərəfi məhkəməyə müraciət edərkən borcun mövcud olması və ödənilməməsi ilə bağlı zəruri sənədlər təqdim etmiş, lakin cavabdeh tərəfindən borcun olmaması ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Yəni iddiaçı tərəfindən təqdim olunmuş sübutlar: kredit müqaviləsinin şərtləri, maliyyə arayışı, ödəniş cədvəli və hesabdan çıxarış məlumatları ekspert tərəfindən qarşılıqlı olaraq araşdırılmamışdır. Çünki müqaviləyə və qanuna uyğun olaraq borclu tərəfindən ödənilən vəsait ödəniş cədvəlinə uyğun olaraq gecikdirmə ilə ödənildikdə, kreditor ilk növbədə həmin günə hesablanmış cərimə, faiz, artıq qalan məbləği isə əsasdan silə bilər. Məhkəmədə bu kimi halları məhkəmə iclaslarında bildirilməsinə baxmayaraq, sadəcə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qətnamə qəbul etmişdir. Belə olan halda iddiaçı tərəfin hüquqları pozulmuşdur. Həm bank, həmdə cavabdeh tərəfdən təqdim olunmuş, eləcədə məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi sübutlar qarşılıqlı olaraq, obyektiv şəkildə araşdırılmamış və nəticədə iddiaçı tərəfin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən 36 ay müddətinə, illik 18.3 faizlə 10000 manat məbləğində kredit vermişdir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinə əsasən 180 % illik faiz dərəcəsi ilə cərimə hesablanması nəzərdə tutulmuşdur. Belə ki, maliyyə arayışlarından və hesabdan çıxarışlarından göstərilən rəqəmlər ilə ekspert rəyində göstərilmiş banka ödənilmiş əsas və faiz borcu məbləğləri fərqli olduğu üçün uyğunsuzluq mövcuddur. Belə ki, Bankın təqdim etdiyi hesabdan çıxarışda xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən və ödənişləri gecikmələrlə etdiyindən onun kredit borcuna müqavilənin şərtlərinə uyğun olaraq əlavə faiz və cərimələr hesablanmışdır. Bu səbəbdən Cavabdeh banka etdiyi ödənişlərdən gecişmiş faiz və cərimə məbləğlərinə də silinmələr aparılmışdır. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa nəzər yetirdikdə görünür ki, cavabdeh tərəfindən aparılmış ödənişlərdən 754.25 manat hissəsi cərimə borcuna (dəbbə pulu adı ilə qeyd edilmişdir) silinmişdir. Lakin ekspert öz rəyindən qeyd edilənləri nəzərə alınmamış, cərimə borcuna aparılmış silinmələri hesablamamışdır ki, əsas və faiz borcdan daha yuxarı və ya aşağı məbləğləri silmişdir ki, bu da hazırda əsas və faiz borcunun səhv hesablanmasına gətirib çıxarır. Belə ki, ekspert rəyinin 2/4-cü səhifəsinin tədqiqat prosesinin təsviri hissəsinin 3-cü abzasında göstərilmişdir ki, cavabdeh tərəfindən 9951 manat məbləğində ödəniş edilmiş və həmin məbləğin 6680.02 manat hissəsi əsas borca, 2870.98 manat hissəsi isə faiz borcuna silinmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi göstərilən məbləğdən 754.25 manat hissəsi cərimə borcuna, 6048.84 AZN əsas borca, faiz borcuna 2749.83 AZN silinmişdir ki, bu da ekspertin borc məbləğlərini düzgün hesablamamasına gətirib çıxarmışdır. Eyni zamanda hesabdan çıxarış məlumatlarında və ekspert rəyinin silinmələri özündə əks etdirən cədvəl üzrə uyğunsuzluqlar aşkar olunmuşdur. Beləliklə, məhkəmə iddianı qismən təmin etməklə iddianın təmin olunmayan hissəsində haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər.

14. Maddə 405.1. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

15. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

16. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

17. Maddə 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

19. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdard1 olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (müqavilənin bağlandığı zaman qüvvədə olan redaksiya)

23. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (müqavilənin bağlandığı zaman qüvədə olan redaksiya)

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh həmin tarixdə 10.000 manat məbləğində pul vəsaitini İddiaçı ASCdən almışdır.

34. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18.3 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

35. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcludan borcun xəbərdarlıq məktubu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı banka tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borclunun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır.

36. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 64.73 manat dövlət rüsumu ödənilmişdir.

37. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 4249.16 manat əsas, 167.37 manat faiz, 112.59 manat cərimə borcu vardır.

38. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18.3 faiz ödəmək şərti ilə 10.000 manat kredit verilmiş, “Kredit alan” verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür.

39. Kollegiya hesab edir ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımi qaydada icra edə bilməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi cavabdehə bununla bağlı ünvanlanmış xəbərdarlıq nəticəsiz qaldığından iddiaçı hazırki tələbini məhkəmə qaydasında irəli sürmüşdür.

40. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 3951.16 manat əsas, 764.87 manat faiz, 3096.83 manat cərimə borcu vardır. 41 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/226 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “Borcalan” Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 3319.98 AZN; faiz borcu üzrə 0 AZN.

42. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7489 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh arasında 02 avqust 2021-ci il tarixli 29-Y-1-0-170-21 saylı kredit müqaviləsi bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə nömrə 5 razılaşma (nağd kredit verilməsinə dair) müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixinə (maliyyə arayışı müddətinə) banka olan əsas borc üzrə 3319.98 manat, faiz borcu üzrə 0,00 manat məbləğində müəyyən olunur. Cədvəl məlumatlarından göründüyü kimi müqavilə bağlanan tarixdən maliyyə arayışı müddətinədək faiz borcları tam silinmişdir. Maliyyə arayışı müddətinə, yəni xx.xx.2023-cü il tarixinə faiz borcunun 0,00 manat olmasının səbəbi həmin tarixə faiz borc məbləği tam olaraq ödənilmişdir. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 02 avqust 2021-ci il tarixli 29-Y-1-0-170-21 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün maliyyə arayışı müddətinə, yəni xx.xx.2023-cü il tarixə Cavabdeh cərimə borcu hesablanmadı.

43. Göründüyü kimi, iş üzrə əldə edilmiş hər iki ekspert rəyində cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan borcunun əsas borc üzrə 3319.98 manat, faiz borcunun isə 0 manat olduğu, yəni olmadığı müəyyən olunmuşdur.

44. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsində qənaəti işin faktiki hallarına və sadalanan qanunvericilik normalarına uyğun olmuşdur.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-127/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar