Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2817/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-4075/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 500000 manat kreditora ödənilmiş pul məbləğinin, həmçinin vurulmuş maddi zərərə görə 150000 manat, mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun, cəmi 700030 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci ildə cavabdehlər onun işlədiyi «xxxxxxx» ASC-yə gələrək kredit götürmək istədiklərini bildirmiş, ondan bu məsələ ilə bağlı kömək etməsini xahiş etmişlər. Danışıqlardan sonra Cavabdeh2 rəhbəri olduğu Cavabdeh3 MMC tərəfindən kredit alınması üçün «xxxxxxx» ASC-yə müraciət olunmuş və həmin müraciətə əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh2 240000 manat məbləğində kredit verilmiş, daha sonra xx.xx.2009-cu il tarixdə yenidən kredit rəsmiləşdirilməklə Cavabdeh2 700000 manat və 209000 manat məbləğlərində kreditlər verilmişdir. Lakin, Cavabdeh2 ödəniş etmədiyindən bank tərəfindən məhkəməyə müraciət olunmuş, iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsində qətnamə qüvvədə qalmış, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qətnamə qismən ləğv edilərək kreditlərin təminatı olaraq girov qoyulmuş 9 daşınmaz əmlakdan 6-sı girovdan azad edilmişdir. Cavabdehlər onunla əlaqə saxlayaraq öhdəliyin icra edilməsi üçün 500000 manat məbləğində pullarının olmadığını, lakin həmin qiymətdə daşınmaz əmlaklarının olduğunu bildirərək, borcu onun ödəməsini xahiş etmiş və borcun ödənilməsi müqabilində ona 500000 manat dəyərində daşınmaz əmlak verəcəklərini bildirmişlər. O bu təkliflə razılaşaraq, xx.xx.2015-ci il tarixində bankla zaminlik müqaviləsi bağlamış, xx.xx.2009-cu il tarixli 664H nömrəli və xx.xx.20009-cu il tarixli 665H nömrəli kredit müqavilələrindən irəli gələn tələblərinin 500000 manat hissəsinin ödənilməsi zamin kimi öz üzərinə götürmüş, qeyd olunan zaminlik müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə 300000 manat, xx.xx.2016-cı il tarixdə isə 200000 manat məbləğində olmaqla cəmi 500000 manat məbləğində pul vəsaitini banka ödəmişdir. Lakin cavabdehlər ona nə əmlak vermiş, nə də həmin pulu ona qaytarmamışlar. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 4075/2019 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,mülki qanunvericilik zaminə əsas borclunun əvəzinə ödədiyi pulu sonradan ondan tələb etmək hüququnu tanımışdır.İddiaçı Cavabdeh3 MMC-nin krediti üzrə zamin durmuş və 500000 manat pulu tam ödəmişdir.Bu hal mübahisəsizdir və işdə olan sənədlərlə tam sübut olunur.Birinci instansiya məhkəməsi də bu halı müəyyən etmiş,lakin pulun ödənilməsi ilə bağlı cavabdehlər tərəfindən heç bir tapşırıq verilməməsinə əsaslanmışdır ki,bu da qanunvericiliyin tələbləri ilə uzlaşmır.Cavabdehlərin təqsiri üzündən iddiaçıya maddi və mənəvi ziyan dəymişdir.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək,birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin qismən edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixli, 22HS nömrəli kredit müqaviləsinin sürətindən görünür ki, «xxxxxxx» ASC tərəfindən Cavabdeh3 MMC-yə 60 ay müddətində, 7 faiz dərəcəsi ilə, 240000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2009-cu il tarixli, 665H nömrəli kredit müqaviləsinin sürətindən görünür ki, «xxxxxxx» ASC tərəfindən Cavabdeh3 MMC-yə 12 ay müddətində, 21 faiz dərəcəsi ilə, 700000 manat məbləğində kredit verilmişdir İşdə olan xx.xx.2009-cu il tarixli, 664H nömrəli kredit müqaviləsinin sürətindən görünür ki, «xxxxxxx» ASC tərəfindən Cavabdeh3 MMC-yə 3 ay müddətində, 21 faiz dərəcəsi ilə, 209200 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin sürətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli, 664H nömrəli və xx.xx.2009-cu il tarixli, 665H nömrəli kredit müqavilələrindən irəli gələn 500000 manat pulun ödənilməsinə dair bank qarşısında zamin qismində öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli ödəniş qəbzlərinin sürətlərindən görünür ki, İddiaçı Cavabdeh3 MMC-nin krediti üzrə 200000 manat və 300000 manat olmaqla, ümumilikdə 500000 manat pul vəsaiti ödəmişdir. İşdə olan məhkəmə aktlarından (Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2014-cü il tarixli qərarı və s.) görünür ki, iddiaçı «xxxxxxx» ASC-nin Cavabdeh3 MMC-yə və qeyrilərinə qarşı «kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası qismən təmin olunmuş, Cavabdeh3 MMC-dən xx.xx.2008-ci il tarixli 22HS saylı kredit müqaviləsinə görə 240000 manat əsas borcun, 19088 manat faiz borcunun, xx.xx.2009-cu il tarixli 664H saylı kredit müqaviləsinə görə 700000 manat əsas borcun, 169459 manat faiz borcunun, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun və 270 manat xərcin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi qət edilmişdir. İddiaçının tələbinə görə –«xxxxxxx» ASC ilə bağladığıxx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 MMC-nin xx.xx.2009-cu il tarixli, 664H nömrəli və xx.xx.2009-cu il tarixli, 665H nömrəli kredit müqavilələrindən irəli gələn 500000 manat pulun ödənilməsinə dair bank qarşısında zamin qismində öhdəlik götürmüş və zamin kimi xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli ödəniş qəbzləri ilə Cavabdeh3 MMC-nin krediti üzrə 500000 manat pulu (200000 manat və 300000 manat olmaqla) ödəmişdir. Bu səbəbdən də ödədiyi həmin pul vəsaitini və dəymiş ziyanı cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən – iddiaçının 500000 manat pul vəsaitini özünün təşəbbüsü ilə banka ödəməsinə, yəni bununla bağlı ona cavabdehlər tərəfindən heç bir tapşırıq verilməməsinə, həmin pul vəsaitinin iddiaçı ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən ödənilməsini gösitərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İşdə olan sübutlardan göründüyü kimi, iddiaçı «xxxxxxx» ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 MMC-nin xx.xx.2009-cu il tarixli, 664H nömrəli və xx.xx.2009-cu il tarixli, 665H nömrəli kredit müqavilələrindən irəli gələn 500000 manat pulun ödənilməsinə dair bank qarşısında zamin qismində öhdəlik götürmüş və bundan sonra zamin kimi xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli ödəniş qəbzləri ilə Cavabdeh3 MMC-nin krediti üzrə 500000 manat pulu (200000 manat və 300000 manat olmaqla) ödəmiş, bununla da həmin tələb üzrə hüquqlar həmin həcmdə iddiaçıya (zaminə) keçmişdir. Eyni zamanda, işdə olan «cinayət işi üzrə icraata xitam verilməsi barədə» Nəsimi rayon Pİ-nin xx xxxxxx 2017-ci il tarixli qərarında da iddiaçının zamin kimi müvafiq pul vəsaitini banka ödəməsi və s. əlaqəli hallar öz əksini tapmış, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2012-ci il tarixli Qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. Göründüyü kimi, zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Eləcə də qanunverici öhdəliyi icra etmək üçün zaminə əsas borclu tərəfindən hər hansı tapşırıq verilməsini müəyyən etməmişdir. Yəni, zaminin öhdəliyi icra etməsi borclunun razılığından, icazəsindən və ya tapşırığından asılı deyildir. Həmçinin qeyd edilməlidir ki, MM-nin 474.2-ci maddəsində göstərilən halın, yəni zamin tərəfindən kreditorun tələbinin ödəyənədək bu barədə borclunu xəbərdar etmək vəzifəsinə riayət edilib-edilməməsi də hazırki tələb hüququnu istisna etmir. Belə ki, əgər zamin MM-nin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər (MM-nin 474.3-cü maddəsi). Göründüyü kimi, əgər cavabdeh zamin tərəfindən öhdəliyin icra olunması barədə ona məlumat verilməməsi halına istinad edirsə, o zaman zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. Lakin, belə bir etiraz irəli sürmək hüququ özü-özlüyündə iddiaçının (zaminin) tələb hüququnu istinsa etmir. Cavabdeh isə hazırki iddia tələbini aradan qaldıra biləcək hər hansı qanuni etirazını da məhkəməyə təqdim edə və istinad etdiyi halları əsaslandıra bilməmişdir. Əksinə, işdən (məhkəmə qərarları və s.) tam aydın görünür ki, əsas borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və bu səbəbdə də iddiaçı zamin olaraq əsas borculunun öhdəliyini (zaminlik müqaviləsi ilə təminat verilən həddə) icra etmiş, bununla da MM-nin 475.1-ci maddəsinə əsasən müvafiq tələb hüququ yaranmışdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə kifayət qədər subyektiv (tələb) hüquqları mövcuddur. Belə olan halda isə, birinci instansiya məhkəməsinin iddianın rədd olunmasının əsası kimi - iddiaçının 500000 manat pul vəsaitini özünün təşəbbüsü ilə banka ödəməsinə, bununla bağlı ona cavabdehlər tərəfindən heç bir tapşırıq verilməməsinə əsaslanması anlaşılmaz olmaqla, maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi qeyd edilən halı tənzimləyən maddi hüquq normasına da istinad edə bilməmişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalıdır. Lakin, məhkəmə kollediyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələbi üç cavabdehə qarşı irəli sürülsə də, iddiaçı yalnız Cavabdeh3 MMC-nin kredit öhdəlikləri üzrə zamin olmuş, müvafiq pul vəsaitini də sonuncunun kredit öhdəliyi üzrə həyata keçirmişdir. Yəni, iddiaçının müvafiq kredit müqaviləsi üzrə zaminliyinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı aidiyyəti olmamışdır (Cavabdeh2 hüquqi şəxsin direktoru olması halı da vəziyyəti dəyişdirmir). Bu səbəbdən də, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin edilə bilməz. İddiaçı qeyd edilə hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, Cavabdeh3 MMC iddiaçının zamin kimi ödədiyi 500000 manat pul vəsaitini sonuncuya ödəmək öhdəliyini daşıyır. Lakin,iddia qalan hissədə əsassızdır.Çünki, iddiaçı ona dəymiş ziyanla (vurulmuş maddi zərərə görə 150000 manat, mənəvi zərərə görə 50000 manat) bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, eyni zamanda ziyanın mövcudluğu və hazırki mübahisə ilə səbəbli əlaqəsinin olmasını əsaslandıra bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı,iddia qismən təmin olunmalı,Cavabdeh3 MMC-dən 500000 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın qismən təmin olunması nəticəsinə gəldiyindən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh3 MMC-yə aid edilməli, həmin məbləğ sonuncudan iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-4075/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-4075/2019 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh3 MMC-dən İddiaçı xeyrinə 500000 (beş yüz min) manat pul vəsaiti,həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30(otuz)manat tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2817/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2817/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver