Məhkəmə qərarları › İş №2(103)-2817/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2817/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2817/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-469/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilib. İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, əsas borc kimi 43.200 ABŞ dolları, borcun qaytarılmasının gecikdirilməsinə görə faiz kimi 7.500 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya verilsin. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 43.200 ABŞ dolları, borcun qaytarılmasının gecikdirilməsinə görə faiz kimi 5.400 ABŞ dolları məbləgində pul valyuta məzənnəsinə uyğun olaraq manatla, habelə dövlət rüsumunun əvəzi kimi 337,86 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – faiz kimi 5.400 ABŞ dolları tutulmasına aid olan hissədə ləğv edilsin və həmin tələb təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya şikayətində qətnamənin bir hissəsi - faiz kimi 5.400 ABŞ dolları tutulmasına aid olan hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə görə, iddiaçı cavabdehə 60.000 ABŞ dolları məbləğində borc verir, cavabdeh isə həmin məbləğdə pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Cavabdeh öhdəliyini pozub, 60.000 ABŞ dollarının 43.200 ABŞ dollarını iddiaçıya qaytarmayıb. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi gecikmə müddətini 2 il 6 ay müəyyən edib. Belə ki, öhdəliyin icrası müddəti xx.xx.2022-ci il tarixdə bitib, iddia bu tarixdən 2 il 6 ay 10 gün sonra - xx.xx.2024-cü il tarixdə verilib. 43.200 ABŞ dollarının həmin müddət üçün beş faizi 5.400 ABŞ dolları təşkil edir. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Beləliklə, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-469/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar