Məhkəmə qərarları › İş №2(103)-2818/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2818/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2818/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2(002)- 124/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2021-ci il tarixli 242561-CNS-29835 saylı “Nağd pul krediti müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin müqavilə əsasında İddiaçı ASC Cavabdeh 60 ay müddətinə illik 15,9% ödəmək şərti ilə 27760 manat məbləğində kredit vermişdir. 07 iyun 2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2023-cü il tarixə banka 23811,70 manat məbləğində əsas borc, 1746,12 manat məbləğində faiz borcu, 1949,80 manat məbləğində cərimə olmaqla, ümumilikdə 27507,62 manat məbləğində borcu vardır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borc məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 242561-CNS-29835 saylı krediti müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə banka 23811,70 manat məbləğində əsas borc, 1746,12 manat məbləğində faiz borcu, 1949,80 manat məbləğində cərimə olmaqla, ümumilikdə 27507,62 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 172,52 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 242561 CNS-29835 saylı krediti müqaviləsinə əsasən cavabdehə illik 15,9% hesablanması şərti ilə 60 ay müddətinə 27760 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin banka 23811,70 manat məbləğində əsas borc, 1746,12 manat məbləğində faiz borcu, 1949,80 manat məbləğində cərimə olmaqla, ümumilikdə 27507,62 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2(002)- 124/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli 242561-CNS-29835 saylı kredit müqaviləsi üzrə 22770,12 manat məbləğində əsas borc, 1609,09 manat məbləğində faiz borcu, 600 manat cərimə olmaqla, ümumilikdə 24979,21 manat məbləğində borc pul vəsaitinin və 156,66 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh 90 (doxsan) manat və İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 10 (on) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini qismən yerinə yetirməmişdir. Ona görə də ekspert rəyi nəzərə alınmaqla, iddiaçı təşkilatın əsas borc, faiz borcu ilə bağlı tələbləri qismən, ekspert rəyi ilə müəyyən edilmiş həddə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi cərimə hissəsində də qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdeh tərəfin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 600 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 462.1, 743.1; Azərbaycan Respublikasının MPM-nin 14.2, 77,1, 78.1, 115.0.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin kredit borcunun (əsas, faiz və cərimə borcu) tutulması hissəsində dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 242561-CNS-29835 saylı kredit müqaviləsinin şərtlərinə əsasən borclu kredit vəsaitindən istifadə edilməsinə görə ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu borcu vaxtında və lazımi miqdarda ödəmədiyi üçün müqavilə şərtləri pozulmuş və Bankın məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Bank məhkəməyə müraciət etdikdə ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilmədiyi üçün gecikdirilmiş günlər üzrə əsas, faiz və cərimə borcu hesablanmışdır. Məhkəmə isə Bankın təqdim etdiyi maliyyə arayışına əsasən əsas, faiz və cərimə borcunu nəzərə almayaraq, ekspert rəyini əsas götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən gecikdirilmiş borc üzrə hər tam və ya natamam 10 azn üçün 0.05 azn məbləğində cərimə borcu hesablanmışdır. Beləliklə də, təqdim edilmiş maliyyə arayışına əsasən ümumilikdə 1949.80 manat cərimə borcu hesablanmışdır. İşə əlavə edilmiş ekspert rəyindən də göründüyü kimi rəydə cərimə borcuna və onun miqdarına heç bir münasibət bildirilməmişdir. Nəticədə də ümumi borcun hesablanmasında yanlışılığa yol verilmişdir. Digər tərəfdən iş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə 23811.7 manat əsas borc (ekspert rəyi ilə fərq - 1041.58 manat), 1746.12 manat faiz borcu (ekspert rəyi ilə fərq -137.03 manat) və 1949.8 manat cərimə borcu (ekspert rəyində ümumiyyətlə cərimə borcu nəzərə alınmamışdır) hesablanmışdır. Bununla bağlı məhkəmə iclasında təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə əsaslandırılmış vəsatət verilsə də Məhkəmə vəsatəti əsassız olaraq təmin etməmişdir. Halbuki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və kredit borcu yenidən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnaməni cavabdehdən tutulmalı olan borcun məbləği hissəsində (əsas, faiz və cərimə məbləği) mübahisələndirmiş, həmçinin cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin – iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1.(əvvəlki redaksiya) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.(əvvəlki redaksiya) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741.(əvvəlki redaksiya) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmin hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırda iddiaçı apellyasiya şikayətində - əsas, faiz eləcə də cərimə borcunun məbləğinin düzgün hesablanmamasını bildirməklə əsas və faiz borcuna münasibətdə tərəflərindən tərtib edilmiş maliyyə arayışına istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır və qeyd edir ki, iddiaçının istinad etdiyi maliyyə arayışı məhz iddiaçı tərəfindən tərtib edilmişdir, bu baxımdan birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəməmühasibatlıq eskpertizaı təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 9/9664 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 242561 CNS-29835 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 22770,12 manat, faiz borcu 1609,09 manat olmaqla, ümumilikdə 24379,21 manat təşkil edir. Bununla belə iş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimənin hesablanma qaydası göstərilmiş, eyni zamanda iş materiallarında olan 07 iyun 2023-cü il tarixli maliyyə arayışında cərimə borcunun 1949,80 manat tələb olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilməli olan əsas və faiz borcun məbləğini müəyyən edərkən qeyd olunan rəyə istinad etmişdir. İddiaçının isə apellyasiya şikayətində əsas dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi borcun məbləğini düzgün müəyyən etməmiş, həmçinin təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə əsaslandırılmış vəsatət verilsə də məhkəmə vəsatəti əsassız olaraq təmin etməmişdir. Belə olan halda apellyasiya baxışı zamanı xüsusi bilik tələb edən sualların izah edilməsi zərurəti yarandığından eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədi ilə apellyasiya şikayətinin dəlilləri üzrə kredit borcunun yenidən hesablanması üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 9/9664 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 242561-CNS- 29835 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə (maliyyə arayışı verilən tarixə) banka olan borcu ümumilikdə 24.379,21 manat məbləğində müəyyən olunur. O cümlədən xx.xx.2023-cü il tarixə (maliyyə arayışı verilən tarixə): əsas borc üzrə 22.770,12 manat; faiz borcu üzrə 1.609,09 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Qeyd olunan rəydə həmçinin göstərilmişdir ki, bank tərəfindən 08 dekabr 2021-ci il tarixli, 242561-CNS-29835 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmamışdır. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətində borcun məbləğinin düzgün müəyyən edilmədiyini bildirsə də bu barədə mötəbər sübutlar təqdim etməmişdir. İstinad edilən maliyyə arayışında göstərilən rəqəmlər isə ekspert rəyləri ilə təkzib edilmişdir. Belə ki, işin araşdırılmış halları ilə Cavabdeh xx.xx.2021-ci il tarixli 242561-CNS- 29835 saylı kredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə 22770,12 manat məbləğində əsas borc, 1609,09 manat məbləğində faiz borcu mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni əsas və faiz borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin rəyi mötəbər sübut kimi qiymətləndirməklə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun müəyyən edərkən düzgün nəticəyə gəlmişdir İddiaçı tərəf apellyasiya şikayətində həmçinin cərimə borcunun da düzgün hesablanmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müzakirə edilən dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3 və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bununla yanaşı hazırki işin hallarından görünür ki, kredit borcunun 22770,12 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 1949,80 manat cərimə borcu hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya bank tərəfindən 08 dekabr 2021-ci il tarixli, 242561-CNS-29835 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmamasını da nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 600 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2(002)- 124/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar