Məhkəmə qərarları › İş №2(103)-2824/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2824/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2824/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun ayrıca və cavabdehlərin birgə verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi X1 və Cavabdeh4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 18.10.2011-ci il tarixli, MXD-2011 B-14 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 10.424,17 manat, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.681,26 manat, “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.380,40 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 6.640,23 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan və Bakı səhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; evin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; ev hərracdan satıldığı halda evdə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 1 aydan gec olmayaraq evdən çıxarılması, evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış 18.10.2011-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 60 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 17.000 manat məbləğində pulu borc götürmüşdür. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə məxsus evi, evdə qeydiyyatda olan digər cavabdehlərin razılığı ilə, Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Cavabdeh1 ilə Bank arasında 18.10.2011-ci il tarixdə notarial qaydada MXD-2011 B-14 nömrəli “İpoteka müqaviləsi” bağlanmışdır. Evin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18.11.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli “Reyestrdən çıxarış” verilmişdir. Bunlara baxmayaraq, Cavabdeh1, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, Banka olan borcu aybaay və hissə-hissə, yəni “Kredit müqaviləsinin” tərkib hissəsi olan “Ödəniş qrafikində” əks olunmuş qaydada Banka ödəməmişdir. Nəticədə Cavabdeh1 iddiaçı Banka 10.424,17 manat məbləğində əsas kredit borcu, 6.681,26 manat məbləğində “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcu, 1.380,40 manat məbləğində “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsini nəzərə almış Bank, onunla Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsasən Cavabdeh1 6.640,23 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank qeyd edilən məbləğlərin ödənilməsi ilə bağlı Cavabdeh1 xəbərdarlıq məktubu göndərsə də, Cavabdeh1 Banka olan borcunu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, iddia ərizəsində qeyd edilən məbləğlərin Cavabdeh1 onun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan evə yönəlməsi, evin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi, evi hərracdan satıldığı halda evdə qeydiyyatda olan cavabdehlərin 1 aydan gec olmayaraq evdən çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.09.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2011-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 10.424,17 manat, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.681,26 manat, “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.380,40 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə məbləğinin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 1.042 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulmasını; tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsini; evin açıq hərracdan ilkin satış qiyməti 167.200 manat olmaqla satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza xərcinin ödənilməsi məqsədi ilə 100 manat məbləğində pulun Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, evin qiymətləndirilməsi ilə bağlı keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə 500 manat məbləğində pulun Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə tutulmasını qət etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin 167.200 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın tam təmin edilməsi, yəni evin ilkin satış qiyməti müəyyən edilmədən açıq hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Fondun apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxmış Rayon Məhkəməsi evin ilkin satış qiymətini 167.200 manat məbləğində müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Həmin qiymət həqiqəti əks etmir. Bankın nümayəndəsi əlavə qiymətləndirmə ekspertizasının keçirilməsi barədə Rayon Məhkəməsinə vəsatət versə də, Rayon Məhkəməsi heç bir əsas göstərmədən vəsatəti təmin etməmişdir. Cavabdehlər öz növbəsində həmin qətnamədən Məhkəməyə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Banka olan borcunun xeyli hissəsini ödəsə də, Bank və Rayon Məhkəməsi ödənişləri nəzərə almamışlar. Bununla yanaşı Rayon Məhkəməsi faiz borcunun məbləğinin şişirdilmiş olmasını da nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi iddiaçı Bank tərəfindən iddia müddətin ötürülməsi məsələsini müzakirə etməmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi Ə.Muradov apellyasiya baxışı iclasında iştirak edərək cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi Fondun apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh4 apellyasiya baxışı iclasında iştirak edərək, Fondun apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özü və digər cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu apellyasiya şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, Banka olan borcundan daha 4.800 manat ödəmişdir və borcun qalan hissəsini də ödəməyə hazırdır, amma bunun üçün lazımdır ki, Bankın ləğvedicisi olan Fond ona əlavə vaxt versin və yeni “Ödəniş cədvəli” tərtib etsin. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, hər iki apellyasiya şikayətlərindən görünür ki, iş üzrə tərəflər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsini mübahisələndirmirlər. Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının həcmini nəzərə alan Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməməli, iddiaçı Bankın ləğvedicisi olan Fondun apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmeti olan evin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, apellyasiya baxış predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2011-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən Bankdan 60 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 17.000 manat məbləğində kredit götürmüşdür. “Kredit müqaviləsinin” şərtlərindən görünür ki, Cavabdeh1 Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Banka olan əsas kredit borcunu, əsas kredit borcuna hesablanmış faiz borcu ilə birlikdə, bu müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun olaraq, yəni aybaay və hissə-hissə Banka ödəyəcək. Cavabdeh1 ilə Bank arasında 18.10.2011-ci il tarixdə notarial qaydada bağlanmış “İpoteka müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə məxsus evi, evdə qeydiyyatda olan digər cavabdehlərin razılığı ilə, Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Evin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18.11.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli “Reyestrdən çıxarış” verilmişdir. İşdə olan sənədlərdən, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan, apellyasiya baxışı iclasında iştirak etmiş Cavabdeh1 izahatından bəlli olur ki, Cavabdeh1, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, Banka olan borcu aybaay və hissə-hissə, yəni “Kredit müqaviləsinin” tərkib hissəsi olan “Ödəniş qrafikində” əks olunmuş qaydada Banka ödəməmişdir. Bankın təqdim etdiyi hesablamalarından görünür ki, bunun nəticəsində Cavabdeh1 Banka 10.424,17 manat məbləğində əsas kredit borcu, 6.681,26 manat məbləğində “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcu, 1.380,40 manat məbləğində “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsini nəzərə almış Bank, onunla Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsasən Cavabdeh1 6.640,23 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank tərəfindən Cavabdeh1 göndərilmiş məktubdan görünür ki, Bank qeyd edilən məbləğlərin ödənilməsini Cavabdeh1 tələb etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan Cavabdeh1 icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. Apellyasiya şikayətində cavabdehlər bildirirlər ki, borclu Cavabdeh1 iddiaçı Banka kredit borcu var, lakin həmin borcun məbləği daha azdır. Belə ki, o, Banka olan borcunun xeyli hissəsini ödəsə də, Bank və Rayon Məhkəməsi ödənişləri nəzərə almamışlar. Bununla yanaşı Rayon Məhkəməsi faiz borcunun məbləğinin şişirdilmiş olmasını da nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin bu dəli əsassızıdır. Çünki bu dəlili təsdiq edə biləcək sübutlar (məsələn: ödəniş qəbzləri; özləri və ya buna zəruri biliyə malik olan mütəxəssis tərəfindən aparılmış hesablama) cavabdehlər tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya şikayətində göstərilənlərin əksinə iş materiallarından görünür ki, iddiaçı Bankın Cavabdeh1 onun xeyrinə tutulması tələb olunan borc məbləğlərinin həqiqətə uyğun və ya şişirdilmiş olub-olmamasını araşdırmaq üçün işə baxmış Rayon Məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.08.2020-ci il tarixli, 9/2555 nömrəli rəyini almışdır. Həmin rəydə qeyd edilir ki, Cavabdeh1 Banka 18.10.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) olan əsas kredit borcu 10.424,17 manat, əsas kredit borcuna hesablanmış faiz borcu isə 6.705,06 manat, 13.06.2019-cu il tarixə (maliyyə arayışının tarixinə) olan əsas kredit borcu 10.424,17 manat, əsas kredit borcuna hesablanmış faiz borcu isə 8.087,72 manat məbləğindədir. Göründüyü kimi, rəydə göstərilmiş əsas borcun məbləği Bankın iddia ərizəsində göstərilmiş məbləğ ilə eyni olsa da, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği iddia ərizəsində göstəriləndən artıqdır. Göstəriləni nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi əsas və faiz borcunu iddia ərizəsində göstərilən məbləğdə Cavabdeh1 Bankın xeyrinə tutmaqda haqlı olmuşdur. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.380,40 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə, “Kredit müqaviləsinin” qüvvədə olma müddətinin başa çatması tarixinin, əsas kredit borcunun məbləğinin və tələb etmə tarixinin aşkar olmasını, qeyd edilən maddi hüquq normasının tələbini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.380,40 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulmasını qət etməkdə haqlı olmuşdur. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. İddiaçı Bank iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək digər tələblər ilə yanaşı borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 6.640,23 manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulmasını xahiş etmişdir. Rayon Məhkəməsi bu tələbi qismən təmin edərək, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə məbləğinin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 1.042 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi əsaslıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.). Göstəriləni nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cərimə (dəbbə) ilə bağlı yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. İddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış “İpoteka müqaviləsindən” görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı kimi özünə məxsus evi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Hazırda iddiaçı Bank cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsində tələbinin ipoteka predmeti olan evə yönəldilməsini, evin açıq hərracdan satışı yolu ilə Cavabdeh1 ona olan borcunun qarşılanmasını xahiş edir. Rayon Məhkəməsi bu tələbləri təmin etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi əsaslıdır. Çünki Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, ipoteka və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehin Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, Bank tələbin ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsini tələb etməkdə, rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşlar. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. Bankın cavabdehlərə qarşı irəli sürdüyü tələblərdən biri ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan ev hərracdan satıldığı halda evdə qeydiyyatda olan cavabdehlər 1 aydan gec olmayaraq evdən çıxarılsınlar və ev boşaldılsın. Rayon Məhkəməsi bu tələbləri təmin etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi əsaslıdır. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, Cavabdeh1 ilə Bank arasında 18.10.2011-ci il tarixdə notarial qaydada bağlanmış “İpoteka müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə məxsus evi, evdə qeydiyyatda olan digər cavabdehlərin razılığı ilə, Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Evin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18.11.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli “Reyestrdən çıxarış” verilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ailə üzvləri olan cavabdehlərin heç biri evin ipoteka ilə yüklü edilməsinə razılıq verməsə idilər belə, bu hal tutmanın evə yönəldilməsinin və ev satıldığı halda onların 1 aydan gec olmamaq şərti ilə evi tərk etmələrinin qarşısını ala bilməzdir. Çünki “İpoteka haqqında” Qanununun 59.3-cü maddəsinə görə, (59.3) ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki cümlə hüquq normasının dispozisiyasını, 59.3.1 və 59.3.2-ci maddələrdəki cümlələr isə hipotezasını, yəni hüquq normasının tətbiqini şərtləndirən hissəsini təşkil edir. Hər hansı bir hüquq norması yalnız onun hipotezasında göstərilən şərtlər mövcud olduğu təqdirdə tətbiq oluna bilər. Hazırkı normanın hipotezasında iki şərt göstərilmişdir – 59.3.1 və 59.3.2-ci maddələrdəki şərtlər. Bu şərtlərin arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunması ona dəlalət edir ki, həmin şərtlər müstəqildir, biri digərindən asılı deyil. Yəni 59.3.1 və 59.3.2-ci maddələrdəki şərtlərdən hər hansı biri mövcud olduğu təqdirdə digər şərtin mövcud olubolmamasından asılı olmayaraq 59.3-cü maddənin göstərişi tətbiq oluna bilər. Əgər bu şərtlərin arasında “və ya” deyil, “və” bağlayıcısından istifadə olunsa idi, belə halda 59.3-cü maddənin göstərişinin tətbiq olunması üçün hər iki şərtin eyni zamanda mövcudluğu tələb olunardı. Ona görə də yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa həmin evə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər 59.3.2ci maddədəki şərtin mövcud olub-olmamasından asılı olmayaraq tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iş üzrə məhkəmə xərclərini kreditor Banka münasibətdə borclu hesab edilən Cavabdeh1 aid etmiş, iddianın məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə, iş üzrə keçirilmiş ekspertiza xərcinin ödənilməsi məqsədi ilə 100 manat məbləğində pulun Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, evin qiymətləndirilməsi ilə bağlı keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə 500 manat məbləğində pulun Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi əsaslıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir və məhz bu səbəbdən Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və iddianın əksər hissəsi təmin edilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili də əsassızdır. Bankın kredit borcunun tutulması barədə tələbinin ipoteka predmeti olan evə yönəldilməsini xahiş etsə də, cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsində açıq hərracdan satılmalı olan evin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı məbləğ göstərməmişdir. Buna baxmayaraq işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə açıq hərracdan satılmalı olan evin ilkin satış qiymətini müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi düzdür. Çünki “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.2-ci maddəsinin mənasına görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Lakin Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi evin ilkin satış qiymətini "xxxx" MMC-nin 03.09.2020-ci il tarixli, QXM/322M saylı “Qiymətləndirmə rəyinə” əsasən 167.200 manat məbləğində müəyyən etməkdə haqlı olmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinin mənasına görə isə, ilkin satış qiyməti likvid qiymətidir. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə qəbul etdiyi 08.06.2020-ci il tarixli qərardad ilə qiymətləndirmə ekspertizası təyin etmiş, qiymətləndirmənin keçirilməsini "xxxx" MMC-yə tapşırmış və bu zaman qiymətləndirici qarşısında qoyduğu sualda evin likvid qiymətinin müəyyən edilməsi ilə bağlı deyil, real bazar qiymətinin müəyyən edilməsi ilə bağlı sual qoymuşdur. Təbii olaraq da, həmin MMC qarşısında qoyulmuş suala uyğun qiymətləndirmə aparmış və iş üzrə verdiyi 03.09.2020-ci il tarixli rəydə qeyd etmişdir ki, ipoteka predmeti olan mənzilin hazırki bazar dəyəri 167.200 manatdır. Göründüyü kimi, Rayon Məhkəməsi tərəfindən işin baxılması zamanı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinin tələbi pozulmuş, ilkin satış qiyməti kimi likvid qiymət deyil bazar qiyməti araşdırılmış və iş üzrə qəbul edilmiş qətnamədə də, evin bazar qiyməti öz əksini tapmışdır. Bunu və iddiaçı Bankın ləğvedicisi olan Bank qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin evin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsini mübahisələndirməsini nəzərə alaraq, Məhkəmə, hesab etmişdir ki, "xxxx" MMC-nin iş üzrə verdiyi “Qiymətləndirmə rəyi” nəzərə alınmamalıdır. Məhkəmə evin ilkin (likvid) qiymətinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətləndirmənin keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC tərəfindən Məhkəməyə verilmiş 29.07.2021-ci il tarixli, PR/M-36/2021ci il tarixli “Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatda” qeyd edilir ki, ipoteka predmeti olan və Cavabdeh1 məxsus evin bazar dəyəri 84.000 manat, likvid dəyəri isə 71.000 manatdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Bankın ləğvedicisi olan Fondun apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ipoteka predmeti olan evin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və evin ilkin satış qiyməti 71.000 manat məbləğində müəyyən edilməlidir. Bankın ləğvedicisi olan Fond qətnamədən verdiyi apellyasiya şikayətində xahiş etmişdir ki, ipoteka predmeti olan ev ilkin satış qiyməti müəyyən edilmədən açıq hərraca çıxarılsın. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin bu hissəsi “İpoteka haqqında” Qanunun yuxarıda qeyd edilən 38.2.2-ci maddəsinin tələbinə zidd olduğundan əsaslı hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələrini, MPM-nin 385 və 384-cü maddələrinin tələblərini nəzərə alan Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin 167.200 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetinin – Cavabdeh1 mülkiyyətində olan və Bakı səhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 15 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 71.000 (yetmiş bir min) manat məbləğində müəyyən edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2011-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 10.424 (on min dörd yüz iyirmi dörd) manat 17 (on yeddi) qəpik, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.681 (altı min altı yüz səksən bir) manat 26 (iyirmi altı) qəpik, “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.380 (min üç yüz səksən) manat 40 (qırx) qəpik, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə məbləğinin azaldılması və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 1.042 (min qırx iki) manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 (otuz) manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulması; tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi; evin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin ödənilməsi məqsədi ilə 100 (yüz) manat məbləğində pulun Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, evin qiymətləndirilməsi ilə bağlı keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə 500 (beş yüz) manat məbləğində pulun Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə təyin etdiyi və "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin xərcini təşkil edən 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin iddiaçı "xxxx" ASC-nin irəli sürdüyü iddia tələblərinin bir qisminin təmin edilməməsi barədə hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş iş üzrə tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar