Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2827/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2827/2024 (Açar sözlər: borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi iştirakı ilə, İddiaçı “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-965/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20060,42 manat məbləğində əsas borcun, 8243,54 manat məbləğində faiz borcunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 717,03 manat faiz borcunun - cəmi 29020,99 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan “Lexus GS350” minik markalı, 99-HC999 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və kredit üzrə borcunu ödəməmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 29020,99 manat təşkil edir. Bundan 20060,42 manat əsas, 8243,54 manat faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 717,03 manat borcu təşkil edir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-965/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 20060,42 manat əsas borc və gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 717,03 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20777,45 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,72 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 50,28 manat məbləğin iddiaçıya aid edilməsi, tutmanın Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş “LEXUS GS350” minik markalı, **-HC- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə realizə edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 20777,45 manat pulun iddiaçıya ödənilməsi, artıq qalan vəsaitin mülkiyyətçi X3 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xərci olaraq 200 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1, 317.1, 319.1, 319.6, 385.1, 427.3, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 449.4, 470, 477.0.4, 739.1, 739.2, 741-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 119.1, 217.4, 218.3-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən ləğv edilməsini, iddianın faiz borcunun tutulması hissəsində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi ekspert rəyinə etiraz etmiş, rəyin açıq şəkildə əsassız olması izah edilmiş və təkrarən mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırılmış, lakin məhkəmə vəsatəti təmin etməyərək faiz borcunu cavabdehdən tutmamaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdehin faiz borcu olduğu halda, məhkəmə qeyd edilən maddi hüquq normasını pozaraq faiz borcunun silinməsi barədə əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən, ekspertiza rəyinə əsaslanmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən ekspert qarşısında xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borc və faiz borcunun nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş ekspert rəyindən görünür ki, ekspert faiz borcunu qərardad üzrə göstərilən müddətə deyil, xx.xx.2020-ci il tarixə hesablamışdır. Lakin iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, ümumi kredit borcu xx.xx.2022-ci il tarixə hesablanmışdır. Məhkəmələr tərəfindən təyin olunan ekspert rəyində olan uyğunsuzluğa baxmayaraq, məhkəmə natamam olan ekspert rəyini əsas sübut kimi qəbul etmiş və mülki iş üzrə tam araşdırma aparmadan qərar qəbul etmişdir. Məhkəmə ilkin növbədə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa və ödəniş cədvəlinə nəzər yetirməli idi. Belə olan halda, məhkəmə ekspert rəyində yönləndirilməni görə bilər və təkrarən mühasibatlıq ekspertizası təyin edərdi. Belə ki, ekspert kredit müqaviləsinin 3.1.5ci maddəsinə əsasən 2 ay gecikməyə istinad edərək, xx.xx.2020-ci il tarixdən faizlərin hesablanmasını dayandırmışdır. Məhkəmə ekspert rəyində təqdim edilmiş cədvəldə faiz borcunun hesablanmasının xx.xx.2020-ci il tarixdə dayandırıldığını ziddiyyətli sübut kimi təsdiq edərək səhv nəticəyə gəlmişdir. xx.xx.2023-cü il tarixli, 9/1456 nömrəli rəyi təqdim etmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rövşən Cəlilovun digər məhkəmə işi üzrə rəyi əldə edilmişdir. Şikayətə əlavə etdikləri ekspert Rövşən Cəlilovun xx.xx.2023-cü il tarixli, 9/2445 rəyində kredit müqaviləsinin 3.1.5-ci maddəsi və müddətin sonuna olan məbləğlər barədə iki istiqamətdə nəticə vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5280/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, 8243,54 manat məbləğində faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddiaçının dəlilini əsaslı hesab etməmişdir.
10. Kollegiya qeyd etmişdir ki, iddiaçı 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim edərək, cavabdehlərin 8243,54 manat faiz borcunun olduğunu göstərmiş olsa da, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 10 may 2023-cü il tarixli, 9/1456 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan faiz borcu 0 (sıfır) manat təşkil edir.
11. Kollegiya hesab etmişdir ki, iş materialları ilə ekspert rəyini təkzib edəcək hər hansı əsaslı sübut müəyyən edilmədiyindən, məhkəmə haqlı olaraq ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmişdir. İddiaçı tərəf ekspert rəyi üzrə hesablamanın 25 may 2020-ci il tarixə qədər aparıldığını qeyd etsə də, rəydən görünür ki, ekspert məhz məhkəmə qərardadı ilə qoyulmuş vaxta uyğun hesablama aparmış və rəydə göstərilən nəticəyə gəlmişdir.
ç) Kassasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və faiz borcunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-516/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5280/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
14. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Ekspertin rəyi təhlil olunduqda görünür ki, cavabdehin əsas borcu xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlər üçün 21885,38 manat, xx.xx.2020-ci il tarixə 20405,90 manat, müqavilə müddəti bitən xx.xx.2021-ci il tarixədək də 20405,90 manat təşkil etmişdir. Yəni cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək qeyd olunan məbləğdə kreditdən istifadə etməsinə baxmayaraq, ondan kredit müqaviləsinin 41.1 və 4.2-ci bəndlərinə şərtləşdirilmiş faiz məbləğini tutulmamışdır. Məhkəmələr bunun qanunun müddəalarına və ya tərəflərin arasında bağlanmış müqavlənin şərtlərinə uyğunluğunu əsaslandırmamışdır....”
c) Proses iştirakçılarının izahatı
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi iş üzrə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və təkrar ekspertizanın keçirilməsini xahiş etmiş, cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməməyə məlumat verməmişlər.
16. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (tərəflər arasında mübahisənin mövcud olduğu tarixdə qüvvədə olan redaksiyası)
17. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir.
20. Maddə 429.1.3. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
24. Maddə 449.1. Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
25. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
26. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirdiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan yüksək dəbbə pulunu azalda bilər.
28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki iş üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun təmin edilməməsi hissəsində mübahisələndirildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin məhz həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir.
38. Birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyənləşdirsə də, iş üzrə mövcud sübutlara hərtərəfli və tam qiymət verməmiş, bununla da prosessual normaların pozuntusuna yol vermişdir.
39. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
40. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 arasında 24 dekabr 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 24 faiz olmaqla 33 000 manat məbləğində kredit verilmiş, eyni tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən isə, Cavabdeh2 həmin kredit müqaviləsi əsasında Cavabdeh1 öz öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçının mövqeyinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə 20060,42 manat əsas, 8243,54 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 717,03 manat olmaqla cəmi borcu 29020,99 manat təşkil etmişdir.
41. Birinci instansiya məhkəməsi iddia tələbini digər cavabdeh və eyni zamanda zamin Cavabdeh2 münasibətdə təmin etməmiş (qətnamənin həmin hissəsi mübahisələndirilməmişdir), digər cavabdehə münasibətdə isə iddia qismən təmin olunaraq 20060,42 manat əsas borc və gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 717,03 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20777,45 manat pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən iş üzrə təyin edilmiş ekspert rəyi ilə faiz borcunun 0 manat müəyyən olunduğunu bildirmiş və buna görə iddianın həmin hissədə təmin edilməməsini qət etmişdir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
43. Belə ki, sözügedən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/1456 nömrəli ekspert rəyinin əsaslandırıcı hissəsində bu nəticə belə izah edilmişdir ki, Cavabdeh1 cari hesabından çıxarış məlumatlarına əsasən ödəniş cədvəli üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə iki dəfə ardıcıl gecikmə olmuşdur. Bundan başqa xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdən sonra kredit müqaviləsi üzrə faiz hesablanması təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmir. Beləliklə hazırki tədqiqatla kredit müqaviləsi üzrə borc qalığının müəyyən edilməsi müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən faiz hesablanması dayandırılmaqla aparılır.
44. Lakin ekspert öz rəyində qanunvericiliyin borcun tutulması ilə bağlı normalarını və tərəflərin arasında bağlanmış müqavilənin faizlərin hesablanması ilə bağlı şərtlərini nəzərə almamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2-ci bəndində kreditdən istifadəyə görə illik 23 % dərəcəsi şərtləşdirilmişdir. Həmçinin kredit müqaviləsinin 4.1-ci bəndində faizlərin borc yarandığı tarixdən başladığı və kredit borcunun tam ödənildiyi tarixə başa çatdığı əksini tapmışdır.
45. Göründüyü kimi iddiaçının müqavilə müddəti bitənədək olan dövr üçün faizlərin ödənilməsini tələb etmək hüququ vardır və həmin müddət bitənədək faizlərin hesablanma mexanizmini müəyyənləşdirə bilmək üçün hər hansı digər bir sənədə ehtiyac yoxdur.
46. Odur ki, qeyd edilənlər halları, o cümlədən kassasiya instansiyası məhkəməsinin bu barədə mövqeyini nəzərə alaraq apellyasiya baxışında Cavabdeh1 iddiaçıya xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə olan borc məbləğinin konkret olaraq müəyyənləşdirilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/4214 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 24.121.2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə olan borcu əsas borc üzrə - 21762,18 manat, faiz borcu üzrə - 6562,51 manat; xx.xx.2022-ci il tarixinə olan borcu əsas borc üzrə 21762,18 manat, faiz borcu üzrə - 6562,51 manat, gecikdirilmiş vaxta görə illik 5%-lə borcu 803,99 manat məbləğində müəyyən edilir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
49. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamış, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilən nəticənin istər qanunvericiliyin tələbləri, istərsə də tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından ziddiyyətli olması nəzərə alınmamış, bununla da yanlış nəticəyə gəlmişdir.
50. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehdən tutulmalı faiz borcunun məbləği məhz sonuncu ekspert rəyinə müvafiq olaraq müəyyən edilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adı çəkilən ekspert rəyində cavabdehin Banka olan xx.xx.2022-ci il tarixinə olan borcu əsas borc üzrə 21762,18 manat, faiz borcu üzrə - 6562,51 manat, gecikdirilmiş vaxta görə illik 5%-lə borcu 803,99 manat məbləğində müəyyən edilsə də, iddiaçı öz iddia tələbində əsas borc olaraq 20060,42 manat, gecikdirilmiş vaxt üçün isə 717,03 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Hazırda təyin edilmiş ekspert rəyi ilə adı çəkilən kateqoriyadan olan borc məbləğləri iddia tələbində əks edilən məbləğlərdən daha çox olsa da, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə, o cümlədən hazırki apellyasiya baxışının hədlərinə əsasən iddia tələbindən kənara çıxmayaraq əsas borc və gecikdirilmiş 5% həcmində borcun məhz iddia tələbində göstərilən həcmdə tutulmasını məqsədəuyğun hesab edir.
51. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
52. Bundan əlavə kollegiya iddiaçının təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətinə münasibətdə isə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı tərtib edilmiş ekspert rəyinin əsassız olmasını və həmin rəylə müəyyən olunmuş faiz borcu ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, həmin rəyin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və təkrar ekspertizanın təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamış, iddiaçı da məhkəmə prosesində iştirak etməyərək vəsatətin müdafiəsinə dair hər hansı hərəkət göstərməmişdir. Bundan əlavə yuxarıda göstərilən rəydən də göründüyü kimi borc məbləğləri kifayət qədər aydın hesablanmışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini əsassız hesab edir.
54. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia qismən təmin edilməlidir.
55. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
57. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 177 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 166,75 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 89 manat məbləğində dövlət rüsumunun 83,84 manat olan hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, həmin rüsumların qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.
60. O cümlədən birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 250 manat məbləğində pulun 235,52 manat hissəsi cavabdehdən, qalan 14,48 manat olan hissəsi isə iddiaçıdan tutulmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-965/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni faiz borcunun tutulması ilə bağlı iddia tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 faiz borcuna görə 6562,51 (altı min beş yüz altmış iki manat əlli bir qəpik) manat pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün 177 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 166,75 (yüz altmış altı manat yetmiş beş qəpik) manat hissəsi Cavabdeh1 alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 89 manat məbləğində dövlət rüsumunun 83,84 manat olan hissəsi Cavabdeh1 alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 250 manat məbləğində pulun 235,52 manat hissəsi Cavabdeh1, qalan 14,48 manat olan hissəsi isə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov