Məhkəmə qərarları › İş №2(103)-2829/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2829/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2829/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6710/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 49250 manat məbləğində əsas borcu, 21560.95 manat məbləğində faiz borcu, 0 manat cərimə borcu ümumilikdə 70810.95 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6710/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh iddiaçı LPO “xxxx” ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 020/15 saylı kredit müqaviləsi üzrə 49.250 (qırx doqquz min iki yüz əlli) manat əsas borc, 21560,95 (iyirmi bir min beş yüz altmış manat 95 qəpik) manat faiz borcu olmaqla, cəmi 70810 (yetmiş min səkkiz yüz on manat, 95 qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində məbləğində pul vəsaitinin tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Bundan əlavə, ekspert rəyi ilə tanış olmamış, ekspertiza onun iştirakı olmadan keçirilmişdir. İş üzrə tərəflər rməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış 020/15 saylı kredit müqaviləsinə əsasən kredit alana 12 ay müddətinə illik 16 faizlə qaytarmaq şərtilə 49250 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas və faiz borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin və ekspertiza xərcinin cavabdehə aid edilməsi barədə iddianı tam təmin etmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid hesabdan çıxarışı, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışını araşdıraraq və Mülki Məcəllənin 425, 427, 439, 442, 443.1, 445.1, 445.2 və 739cu maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə Cavabdeh əsas borcun tutulması barədə düzgün qənaətə gəlsə də tutulan faiz və cəmi borc hissəsində əsaslı nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 24402 saylı ekspert rəyində qeyd edilir ki, “rəyin tədqiqat hissəsinə göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında və maliyyə arayışında əks olunan, Cavabdeh tərəfindən kredit müqaviləsindən istifadə etdiyi pul vəsaitlərini və mədaxil olunan məbləğləri nəzərə alaraq, borcalanın xx xxxx 2015-ci il tarixli 020/15 saylı kredit müqaviləsi üzrə xx xxxx 2016-cı il tarixə 16 % hesablanmaqla ASC-nə olan borcu 57130 manat, ondan əsas borcu üzrə 49250 manat, faiz borcu üzrə 7880 manat manat; xx xxxx 2015-ci il tarixli 020/15 saylı kredit müqaviləsi üzrə xx xxxx 2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə (iddia ərizəsində tələb edilən tarixə 5% hesablanmaqla) 16% hesablanmaqla ASC-nə olan borcu 61405,17 manat, ondan əsas borcu üzrə 49250 manat, faiz borcu üzrə 12155,17 manat manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna əsas borc 49250 manat, faiz borcu isə 7880 manat müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək, yəni xx.xx.2016-cı ilədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasını tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, cavabdehdən öhdəliklərin icrası qaydasında faiz məbləği, gecikdirmə müddətləri nəzərə alınmaqla yalnız xx.xx.2016-cı il tarixədək hesablanmış həddə, yəni 7880 manat həddində tutulmalıdır. Məhkəmə kollegiyası apelyatorun şikayətində qeyd etdiyi dəlillərlə bağlı qeyd edir ki, iddiaçı ekspertizanın onun iştirakı olmadan keçirilməsini və işdə kassa məxaric qəbzinin olmamasını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması məhz cavabdehin vəkilinin təşəbbüsü əsasında keçirilmiş, bu zaman ekspertizanın keçirilməsi üçün zəruri olan sənədləri həm məhkəməyə, həm də ekspertizaya təqdim etməsi üçün kifayət qədər vaxtı olmuş, eləcə də cavabdeh birinci instansiya məhkəməsində kredit vəsaitinin bankdan götürülməməsini deyil, məhz müqavilənin bitdiyi tarixə əsas və faiz borcunun məbləğini mübahisələndirmişdir. Odur ki, iş üzrə verilmiş ekspert rəyi kifayət qədər əsaslandırıldığından, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar olmadığından təkrar ekspertizanın keçirilməsi zəruri hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın tam təmin edilməsi, faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində ləğv edilməli, iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6710/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın tam təmin edilməsi, xx xxxx 2015-ci il tarixli 020/15 saylı kredit müqaviləsi üzrə faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. xx xxxx 2015-ci il tarixli 020/15 saylı kredit müqaviləsi üzrə faiz borcu 7880 manat, cəmi borc isə 57130 (əlli yeddi min bir yüz otuz) manat məbləğində müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar