Məhkəmə qərarları › İş №2(103)-283/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-283/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-283/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı "İddiaçı" İKB ASC-nin (indiki adı “xxxxxxxxx” ASC) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və zaminlik müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-147/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit və zaminlik müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 14392,31 ABŞ dolları məbləğində əsas borcun, 7687,93 ABŞ dolları məbləğində faiz borcunun, 1826,92 ABŞ dolları məbləğində cərimənin və məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat puluniddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 147/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14389,33 ABŞ dolları məbləğində əsas borcun, 7581,83 ABŞ dolları məbləğində faiz borcunun (pulun tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(010)-147/2018 saylı qərardadı ilə qətnamədə buraxılmış yanlışlıq aradan qaldırılaraq əsas və faiz borcu ilə yanaşı 50 ABŞ dolları məbləğində cərimənin (pulun tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməsi, habelə məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan İddiaçı İKB ASCapelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(103)-6386/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(102)-8171/2017 saylı qərarı ilə təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli 2(010)-147/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, müvafiq ekspert rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmə işə baxarkən onun iştirakı təmin edilməmiş, o ümumiyyətlə müqaviləyə imza etməmiş, bankın tələb etdiyi əsas və faiz borcu şişirdilmiş və ödənilmiş pullar düzgün silinməmişdir. Məhkəmə bankın tələb etdiyi pulun düzgün hesablanıb-hesablanmamasını aydınlaşdırmamış, bunun üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. Nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə Cavabdeh1, Cavabdeh2 və İddiaçı X2” ASC (bank) arasında xx.xx.2014-cü il tarixdə “Bank hesabı, kredit və zaminlik müqaviləsi” bağlanmış, müqavilə əsasında Cavabdeh1 illik faiz dərəcəsi 28% olmaqla 24 ay müddətinə qaytarmaq şərtilə 19100 ABŞ dolları məbləğində kredit verilmiş, hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 zamin qismində üzərinə öhdəlik götürmüş, xx.xx.2015-ci il tarixdə həmin müqaviləyə dəyişiklik edilərək müqavilə müddəti xx.xx.2018ci il tarixinədək uzadılmış, faiz dərəcəsi 26%-ə azaldılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 20935 nömrəli rəyinə əsasən, xx.xx.2017-cı il tarixinə Cavabdeh1 Banka olan əsas kredit borcu 14505,33 ABŞ dolları, faiz borcu 7581,83 ABŞ dolları müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən mülki iş üzrə Cavabdeh2 vəsatəti əsasında təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasınınxx xxxxxx 2019-cu il tarixli 17910 nömrəli rəyinə əsasən Cavabdeh1 iddiaçı banka xx.xx.2016-cı il tarixinə 14505,33 ABŞ dolları məbləğində əsas və 4970,05ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin ikinci bəndinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər cavabdehlər tərəfindən yerinə yetirilmədiyinə görə bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və müvafiq məhkəmə qətnaməsi çıxarılmışdır. Cavabdeh2 apelyasiya şikayətində bir tərəfdən müqaviləyə imza etmədiyini, digər tərəfdən isə bankın tələb etdiyi əsas və faiz borcunun şişirdildiyini, ödənilmiş pulların düzgün silinmədiyini göstərmiş, bu məqsədlə məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini bildirmiş, qətnamənin ləğv olunaraq müvafiq ekspert rəyinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin müddəti əvvəlcə 24 ay müəyyən olunsa da, xx.xx.2015-ci il tarixdə bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əlavəyə əsasən, müqavilənin müddəti 46 ay 10 gün müəyyən edilmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixli müqavilənin müddəti xx.xx.2016-cı il tarixi müəyyən edildiyi halda, müqaviləyə əlavə əsasında müqavilənin müddəti xx.xx.2018-ci ilədək uzadılmışdır. İddiaçı İKB ASC hazırkı iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdehlərin xx.xx.2017-ci il tarixədək banka olan borclarının ödənilməsini tələb etmişdir. Bankın tələb etdiyi tarixə müqavilənin müddəti başa çatmadığına görə bank həmin dövrə qədər yaranmış əsas, faiz və cərimə borclarını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh2 apelyasiya şikayətində göstərilənlərin əksinə olaraq, birinci instansiya məhkəməsində işə baxılarkən müqavilə üzrə bankın tələb etdiyi tarixə, yəni xx xxxxx 2017-ci il tarixinə yaranmış borcların məbləğini müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, ekspert rəyində müəyyən olunmuş əsas və faiz borcu, habelə Cavabdeh1 ödədiyi 116 ABŞ dolları nəzərə alınaraq , əsas borcun məbləği 14389,33 ABŞ dolları, faiz borcunun məbləği isə 7581,83 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işə baxan apelyasiya və kassasiya instansiyası məhkəmələri düzgün hesab etmişlər. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyində cavabdehlərin xx.xx.2017-ci il tarixinə deyil, xx.xx.2016-cı il tarixinə olan borcu müəyyən olunduğuna görə, faiz borcunun məbləği ilk ekspertizanın rəyində göstərildiyi kimi, yəni 7581,83 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və azaldılmış cərimə borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya məhkəməsinə təqdim olunmuş məhkəmə qərarlarından görünür ki, Cavabdeh2 zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2017-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmələr bu nəticəyə gəlmişlər ki, bank tərəfindən məhkəməyə müraciət olunarkən zaminliyə xitam verilməsini nəzərdə tutan Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apelyatorun arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına, yəni rəsmi qeydiyyatda olduğu ünvana bildirişlər göndərilməsi, həmin ünvanda yaşamaması səbəbindən bildirişlərin ona çatmaması müəyyən olunur. Bu halda məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməli, iş üzrə apelyasiya icraatı zamanı keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının xərci kimi 200 manat pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-147/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. İş üzrə keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 200 manat pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar