Məhkəmə qərarları › İş №2(103)-283/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-283/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-283/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Cavabdeh qızına qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2018-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehdən 77.900 manat, bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış 29.231 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 107.211 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.09.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 77.950 manat əsas borc, borcun gecikdirilməsinə görə bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış 19.487,50 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 27 manat hissəsinin, cəmi isə 97.464,5 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 29.11.2018-ci il tarixli qətnamə (İş № 2(103)- 12129/2018) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsini qət etmişdir. Həmin qətnamədən iş üzrə iddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 14.05.2019-cu il tarixli qərar (İş № 2(102)-3157/2019) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.11.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Mülki işə cavabdehin apellyasiya şikayətinə əsasən yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 05.08.2019-cu il tarixli qətnamə (İş № 2(103)-9353/2019) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən iş üzrə cavabdehin verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 25.12.2019-cu il tarixli qərar (İş № 2(102)-7917/2019) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.08.2019cu il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən, cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Cavabdeh ilə Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi alıb ev tikib sataraq gəlir əldə etmək barədə razılaşmışdırlar. Həmin il iddiaçı 28.000 manat pul verərək Abşeron rayonu Novxanı kəndində 0,06 ha torpaq sahəsi almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən 29.11.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışa” əsasən Abşeron rayonu Novxanı kəndində 0,06 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı torpaq sahəsini hər biri 0,03 ha olmaqla iki yerə bölüb iki ev tikdirmişdir. Evlərə çəkilən xərclər iddiaçının özü tərəfındən ödənilmişdir. Ümumilikdə torpaq sahəsinin alınmasın, evlərin tikilib təmir edilməsinə 105.000 manat məbləğində pul xərclənmişdir. Həmin vəsaitin 27.050 manat hissəsini cavabdeh, qalan 77.950 manat hissəsini isə iddiaçı ödəmişdir. İnşa edilən fərdi yaşayış evlərinin qazlaşdırılması və elektrik xətləri ayrı-ayrılıqda, bir ev iddiaçının, digər ev isə cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçı tərəfindən çəkilən xərci, yəni 77.950 manatı aralarında olan razılığa əsasən 01.05.2015-ci il tarixədək ödəməli idi. Buna baxmayaraq cavabdeh həmin məbləği iddiaçıya ödəməmiş, iddiaçının vəsaiti ilə inşa edilən evləri öz adına qeydiyyata aldırmış və satmışdır. Hazırda pulunu özündə saxlamaqla ödəməkdən yayınır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının pul vəsaiti qanunsuz özündə saxlamaqla cavabdeh iddiaçının hesabına əsassız olaraq faydalanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində göstərilmiş məlumata əsasən illik bank uçot faiz dərəcəsi 15 faiz müəyyən edilmişdir. Öhdəliyin son icra tarixi 01.05.2015-ci il olduğundan həmin vaxtdan bu günə kimi 77.950 manat pul vəsaitini cavabdeh qanunsuz olaraq özündə saxlayır. Cavabdeh 2 il 6 ay müddətdə 77.950 manat pulunu qanunsuz saxladıqına görə bank faiz uçot dərəcəsi ilə (77.950 manat x 30 ay x l,25%=) 29.231 manat pul ödəməlidir. İş üzrə cavabdehin iddiaya qarşı etirazı və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dəlilləri yalandır. Belə ki, cavabdeh, iddiaçını bir ev tikməklə məşğul olan şəxs kimi tanımışdır. İddiaçının tikinti briqadası vardır və həmin briqada vətəndaşlara evlər tikir. Cavabdeh də iddiaçı ilə Abşeron rayonu Novxanı kəndində özünə məxsus torpaq sahəsində iki evin tikilməsi ilə əlaqədar razılığa gəlmişdir. İddiaçı hər gün ona hansı materialları almaq lazım olduğunu və nə qədər pul vəsaitinin sərf olunacağını bildirmiş, cavabdehə də pulunu verərək bu işləri iddiaçıya gördürmüşdür. Sonradan iddiaçı tərəfindən görülən işlər cavabdehi qane etmədiyindən, cavabdeh ilə iddiaçının münasibətləri pisləşmiş, iddiaçı işi başa çatdırmamış, yerdə qalan işləri cavabdeh başqa usta vasitəsilə həyata keçirmişdir. İddiaçı torpaqlara və evin tikilməsinə hər hansı vəsait sərf etməmişdir. Bunun əksini sübut edə biləcək hər hansı sübut iddiaçı tərəfindən təqdim etməmişdir. İddiaçının əsassız olan iddiası əsaslı hesab edilsə belə, təmin edilə bilməz. Çünki iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı pulu 2014-cü ildə verdiyini bildirsə də, cavabdehə qarşı iddianı 4 il sonra, yəni 2018-ci il tarixdə irəli sürmüşdür. Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) və apellyasiya baxışının əvvəlki iclasında iştirak edən cavabdehin özü şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişlər. İş üzrə iddiaçı apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etmiş və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat vermişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən 29.11.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, Abşeron rayonu, Novxanı kəndində 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh adına qeydiyyata alınmışdır. 11-15-3741 saylı və 11-15-3748 saylı sifarişlər üzrə işçi layihələrindən görünür ki, İddiaçı və Cavabdeh 18.05.2015-ci il tarixdə “X9” MMC-yə müraciət edərək Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evlərinin qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərməsini xahiş etmişlər. Həmin MMC tərəfindən fərdi yaşayış evinin qazlaşdırılmasına dair göstərilən işçi layihələri hazırlanmış və “Azəriqaz” İstehsalat Birliyi Layihə-smeta və ekspertiza Şöbəsi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı və Cavabdeh müvafiq olaraq 14062420 və 14062415 saylı smart kartlar verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən 15.08.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, Abşeron rayonu, Novxanı kəndində M.Maqomayev küçəsi, 0,03 ha torpaq sahəsində yerləşən 96.5 kv.m ümumi sahədən ibarət 20 “A” saylı fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlak kimi cavabdehin adına qeydiyyata alınmışdır. Göstərilənləri və iş üzrə tərəflərin bildirdiklərini nəzərə almış Rayon Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, tərəflərin arasında mübahisə podrat münasibətlərindən yaranmışdır və buna görə də, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 752.1, 752.2, 753.1 və 757-ci maddələrinin tələbləri baxımından həll edilməli, iddiaçı (podratçı) İddiaçı ilə cavabdeh (sifarişçi) Cavabdeh arasında podratçının vəsaiti ilə torpaq sahəsi alınmaqla üzərində 2 ədəd fərdi yaşayış evinin tikintisinə dair podrat müqaviləsinin bağlanması, cəmi 105.000 manat sərf edilməklə iddiaçı tərəfindən evlərin tikintisinin başa çatdırılması, fərdi yaşayış evinin cavabdehin adına rəsmiləşdirilməsi, cavabdeh tərəfindən 27.050 manat ödənilməsi və 77.950 manat borcunun qalması təsdiq edilmişdir. Həmçinin, cavabdehin bir tərəfdən iddiaçıya heç bir borcunun olmamasını bildirməsini, digər tərəfdən vaxtaşırı icra edilməli öhdəliklərdən əmələ gələn tələblər üzrə qanunla 3 illik iddia müddətinin nəzərdə tutulduğunu göstərməklə iddia müddətinin tətbiqi barədə ərizə verməsini məhkəmə tələbin etirafı kimi qiymətləndirir. Ona görə də, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilərək 77.950 manat əsas borc cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bununla yanaşı Rayon məhkəməsi hesab etmişdir ki, iddia tələbi borcun gecikdirilməsinə görə hesablanmış 29.231 manat faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bu nəticəyə gəlmiş Rayon Məhkəməsi həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.014-cü il tarixli qərarına istinad etmişdir. Rayon Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından müəyyən olunur ki, 14.06.2018-ci il tarixlinə uçot dərəcəsi 10% təşkil edir. İddiaçı evlərin tikintisinə sərf etdiyi 77.950 manat məbləğində pulun Cavabdeh tərəfindən qaytarılması 2 il 6 ay təşkil etmişdir. Ona görə də hesablanmış faizlərin məbləği (77.950 manat / 100 = 779,5 manat x 10 % = 7.795 manat x 2,5 il =) 19.487,50 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 29.11.2018-ci il tarixli qətnaməni ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.05.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, işə apellyasiya qaydasında baxılarkən iddianın tam həcmdə əsassız olması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi inşa edilmiş evlərdə nə vaxt, hansı həcmdə işlər görülməsini dəqiqləşdirilmiş görülmüş işlərə çəkilmiş xərcləri müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin etməmiş, cavabdehin iddiaçıya hansı məbləğdə pul ödəməsini araşdırmamışdır. Hazırki iş üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 25.12.2019-cu il tarixli qərarında da evlərin tikintisi və təmirinə çəkilmiş xərclərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməli olması qeyd edilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən cavabdeh tərəf də Ali Məhkəmənin qeyd edilən həmin qərarlarına istinad etməklə Məhkəməyə “iş üzrə məhkəmə texniki-tikinti ekspertizasının təyin edilməsi barədə” vəsatət təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. MPM-nin 420-ci maddəsinin göstərişini nəzərə alan, apellyasiya şikayətində və Ali Məhkəmənin Mülki Kollegiyasının 14.05.2019-cu il və 25.12.2019-cu il tarixli qərarlarında qeyd edilmiş halın (evlərin tikintisi və təmirinə çəkilmiş xərclərin müəyyən edilməsi) araşdırılmasının mövcud mülki mübahisənin düzgün və obyektiv həlli üçün zəruri hesab edən Məhkəmə 28.02.2020-ci il tarixli qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini qərara almış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.12.2020-ci il tarixli 10/1157 nömrəli ekspert rəyini almışdır. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evlərində aparılmış təmir-tikinti işlərinin (tikintisi və təmirinə çəkilmiş xərc) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 83.546,6 manat, o cümlədən 1-ci yaşayış evinə çəkilmiş xərc 45.016 manat, 2-ci yaşayış evinə çəkilmiş xərc 38.530,6 manat məbləğində müəyyən olunur. Məhkəmə bildirir ki, ekspertiza tərəfindən verilmiş həmin rəy iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, iddiaçının təqdim etdiyi “Reyestrdən çıxarışların” surətləri, cavabdehin qaz istismarına dair sənədlərin surətləri, cavabdehin imzası ilə təsdiq edilməyən dəftərçədən (bloknotdan) çıxarışlar iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Rayon Məhkəməsi cavabdehin iddiaçıya 77.950 manat məbləğində borcunun qalmasını qeyd etsə də, hansı sübutlara əsasən bu nəticəyə gəldiyini əsaslandıra bilməmiş, cavabdehin iddiaçıya borcunun olmasının hər hansı mötəbər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, 2015-ci ilin axırlarında Cavabdeh Novxanı yolunda yerləşən bağ evində olub. Orada iki ev tikilmişdir. Evlərin biri tikilib təmir olunmuşdu. Lakin həmin evin divarında çatlar olduğundan yenidən təmir etmiş, özülünü də bərkitmişlər. Ümumilikdə həmin evə yenidən 10.000 manat pul xərclənmişdir. İkinci evi isə 2018-ci ilin yaz aylarında tam təmir etmişlər. İkinci evin quru divarı və tavanı var idi. Onun da özülünü bərkitmişlər. Dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, Novxanıda tikilmiş hər iki evdə təmir işləri zamanı olmuşdur. Onu oraya 2015-ci ilin yanvar ayında İddiaçı aparmışdır. Orada fəhlə işi görmüşdür. Cavabdeh isə tanımır. Evin təmirinə lazım olan materialları Malik alırdı. Orada işlədiyi dövrdə hər iki ev “podmoyak” tikilmişdi. Fəhlələrin əmək haqqını İddiaçı ödəyirdi. Digər dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, Novxanıda yerləşən evlə bağlı təmir işləri zamanı həmin evdə fəhlə kimi işləmişdir. İkinci mərtəbənin tikintisi zamanı daş vermiş, evin betonunu tökmüşdür. 2015-ci ilin sentyabrına qədər orada işləmişdir. Məvaciblərini Malik vermişdir. Bütün ustaları və fəhlələri Malik gətirmiş və onların əmək haqlarını da Malik ödəyirdi. Əvvəlki apellyasiya baxışı zamanı dindirilmiş şahid X4 bildirmişdir ki, 2015-ci ilin əvvəllərindən mübahisəli evlərdə fəhlə kimi işləmişdir. Məvaciblərini də Malikdən almışlar. Orada daş, qum daşımışdır. Hər iki ev tikilmişdi, suvaqları vurulmuşdu, pəncərələri qoyulmuşdu. Tikinti materiallarını İddiaçı alıb gətirirdi. Məhkəmə iş üzrə verilmiş şahid ifadələri ilə əlaqədar qeyd edir ki, şahidlər ifadələrində təmir və tikinti işlərinin tam həcmi, yəni sərf edilmiş pulun məbləğinə dair heç nə göstərməmişlər. Onların ifadələrinin məzmunu tikinti materiallarının kim tərəfindən alınması və zəhmət haqlarının kim tərəfindən ödənilməsi barədədir ki, bu da iddianın qismən əsaslı olması nəticəsinə gəlinməyə əsas vermir. İddianın əsas borca görə 77.900 manat məbləğində pulun cavabdehdən tutulması barədə hissəsi əsassız olduğundan, həmin məbləğə bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış 29.231 manat məbləğində pulun cavabdehdən tutulması barədə hissəsi də əsaslı hesab edilə bilməz və Məhkəmə ikinci tələbə ayrıca qiymət verməyə lüzum görmür. Məhkəmə, iddianı sübuta yetməməsi əsası ilə əsassız hesab etdiyindən cavabdehin tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə ərizəsinə” də ayrıca qiymət verməyə lüzum görmür. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir; həmin nəticə işin müəyyən edilmiş hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. MPM-nin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh qızının apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2018-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Cavabdeh qızına qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. İddia əsasız hesab edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh qızı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi - 15 (on beş) manat İddiaçı cavabdeh Cavabdeh qızının xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcini təşkil edən 100 (yüz) manat İddiaçı tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar