Məhkəmə qərarları › İş №2(103)-2832/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2832/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2832/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada onun xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8333,44 manat əsas, 723,02 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 9056,46 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1la aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ekspertiza təyin edilərək borcun məbləği müəyyən edildikdən sonra iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, bankdan götürdüyü 10.000 manat kredit borcundan 2500-2600 manat ödəmiş, buna baxmayaraq, birinci instansiya məhkəməsi 8333,44 manat əsas və 723 manat faiz borcunun tutlması barədə qətnamə çıxarmışdır. Hesab edir ki, ekspertiza keçirilməli, əsas və faiz borcu müəyyənləşdirilməli və onun əasında iddia qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apelyatorun mübahisələndirdiyi hissədə (tutulmalı olan borcun məbləği) yoxlamışdır. Başqa sözlə aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, “xxxx” İKB ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 24-MZ-1-0-750-19 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 30% dərəcəsi ilə 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Həmin tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 bankın tələb hüququna təminat verməklə, borcun tam şəkildə ödənilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna baxmayaraq, Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək, borcunu qrafik üzrə qaytarmamış, Bank tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, tələbdə qeyd olunan məbləğlərdə borcu qalmışdır. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli məktubla, borcun 5 gün müddətində ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq olunmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Kollegiya, apelyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, Cavabdeh1 işə onun iştirakı təmin olunmadan baxıldığını bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasılarının yeri və vaxtı barədə cavabdehə iddia ərizəsində qeyd olunan qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş bildiriş ünvan üzrə çatdıırlmış, eyni zamanda sms xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, məhkəmə cavabdehin məlumatlandırılması üçün bütün lazımi tədbirləri görmüşdür. Kollegiya, onu da qeyd edir ki, cavabdeh, apelyasiya şikayətində də yeni ünvan göstərməmiş və eyni telefon nömrəsini qeyd etmişdir. Buna görə də, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ona qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş və sms xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, cavabdeh işin apelyasiya baxışında da iştirak etməmiş və məhkəməyə bununla bağlı hər hansı üzrlü səbəb bildirməmişdir. Cavabdeh1, apelyasiya şikayətində, həmçinin, tərəfindən ödənilmiş məbləğlərin nəzərə alınmadığını və borcun düzgün hesablanmadığını bildirərək, məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası, cavabdehin bu dəlilini də əsaslı saymır, ona görə ki, bankın əsas borcu və müqavilə müddəti daxilində razılaşdırılmış faiz məbləğini müştəridən tələb etmək hüququ vardır. Hazırkı işdə məhkəmə tərəfindən tutulan 8333,44 manat əsas, 723,02 manat faiz borcu tərəflər arasındakı kredit müqaviləsinə əsasən hesablanmış məbləğlərdir. Apelyator isə, həmin məbləğlərin düzgünlüyünə şübhə yaradan hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, cavabdeh əsas və faiz borcunun düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğunu bildirsə də, birinci instansiya məhkəməsində icraat barədə xəbərdar olmasına baxmayaraq, bu barədə vəsatət qaldırmasına və ya bunun hansısa səbəbdən mümkün olmamasına dair iş materiallarında məlumat yoxdur. Bu səbəbdən Kollegiya iş üzrə ekspertizanın keçirilməsi üçün əsas görmür. Çünki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, birinci instansiya məhkəməsi, iddianı təmin etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5577/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar