Məhkəmə qərarları › İş №2(103)-2834/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2834/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2834/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-110/2024 nömrəli, 24 yanvar 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Tərəflər arasında qohumluq münasibətləri vardır. Cavabdeh iddiaçının, qızıdır. İddiaçı cavabdehə, ümumilikdə 19500 ABŞ dolları məbləğində borc verdiyini iddia edir və iddasının sübutu olaraq bank pul köçürmə qəbzlərinə istinad edir. İşdə olan bank vasitəsilə pul köçürmə qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2009-cu il tarixdən 2022-ci ilin əvvəllərindək 18950 ABŞ dolları məbləğində pul göndərilmişdir.

2. İddiaçı ilə "xxxx" MMC (MUSİC GALLARY) arasında 1 ədəd “Samsung QE50Q67TAU” markalı televizorun (qiyməti 1499 manat) nisyə-alqı satqısı barədə xx.xx.2021-ci il tarixdə müqavilə imzalanmış və televizor xx.xx.2021-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Televizor iddiaçının oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 30 saylı mənzildə quraşdırılmışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixədək cavabdehin istifadəsində olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehdən 19 950 ABŞ dolları məbləğində və vurulmuş zərərə görə 1499 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2001-ci il tarixdə ailə qurduqdan sonra ailəsi ilə birgə Gürcüstan Respublikasına köçərək orada yaşamışlar. Həmin vaxtdan etibarən müxtəlif vaxtlarda cavabdeh ondan pul istəmiş, o da bank köçürmə yolu ilə cavabdehə müxtəlif məbləğlərdə, cəmi 19500 ABŞ dolları məbləğində pul göndərmişdir. Cavabdeh hazırda oğluna məxsus mənzili zəbt edərək heç kəsi oraya buraxmadığından məhkəməyə müraciət edilmişdir. Cavabdeh həmin mənzildə olan və aldığı 1499 manat dəyərində olan “Samsung” markalı televizoru sındıraraq ona ziyan vurmuşdur. Əlacsız qalaraq göndərdiyi pulların və cavabdehin ona vurduğu ziyanın qaytarılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

5. Cavabdeh məhkəməyə yazılı etirazında göndərmişdir ki, iddiaçı onda olan pul köçürmə qəbzlərindən sui-istifadə edrək ona qarşı verilmiş iddia ərizəsində sübut kimi istifadə etmişdir. Həmin qəbzlərdən açıq şəkildə görünür ki, onların çoxu 2011-2012-ci illərə aiddir. Əgər həqiqətən də, iddiaçıya borcu olsaydı çoxdan ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərdi. 2023-cü ilin mart ayının 10-da qardaşı Ruslan Bəkirov və anası olan iddiaçı barəsəində AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, bu müraciətindən sonra iddiaçı özünü mürafiə etmək üçün ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddiaçı qarşısında borc öhdəliyi barədə hər hansı bir müqavilə, fakt və sübut yoxdur. Əksinə, iddiaçı ona borclu olduğu pulu hissə-hissə qaytararkən əldə etdiyi qəbzlərdən indi ona qarşı istifadə edir. İddiaçının iddiası əsassız olmaqla yanaşı iddia müddətinin ötürülməsi ilə də verilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-110/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia tələbinin qismən təmin edilməsi, 600 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 50 manat ekspert xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 324.1, 329.2, 329.3, 406.1, 406.3, 407.2, 739.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmamasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən halları sübut edən heç bir fakt təqdim edilmədiyi halda, onun iddiası qismən təmin edilmişdir. İşin hallarından da görünür ki, məhkəmə iddianı qismən, yəni televizora dəyən ziyanın məbləği hissəsində təmin edərkən, yalnız ehtimallara əsaslanaraq, yəni mənim mübahisə gedən dövrdə həmin mənzildə yaşamağımı əsas götürərək təmin etmişdir. Təbii ki, bu da qanunvericilik baxımından yolverilməzdir. İddianı təmin edən sübutlar biri digəri ilə vəhdət təşkil etməli və mötəbər faktlara əsaslanmalıdır Odur ki, məhkəmə tərəfindən iddia heç bir sübuta əsaslanmadan qismən təmin olunduğu üçün məhkəmə tərəfindən AR MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

15. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

16. Maddə 329.3-cü maddə. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

17. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

18. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

19. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn).

21. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilmir. Bu halda qətnamə apellyasiya şikayəti həddində, yəni mübahisələndirilən həddə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-110/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

34. Kollegiya qətnamənin yoxlanılan hissəsi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus “Samsung QE50Q67TAU” markalı televizorun sındırılması işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, televizorun quraşdırıldığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 30 saylı mənzil cavabdehin qardaşına məxsus olmuş və həmin mənzil xx.xx.2023cü il tarixədək cavabdehin istifadəsində olmuşdur.

35. Kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə qardaşı Ruslan Bəkirovun onun evdə olmamasından istifadə edərək qapısını sındıraraq mənzilə daxil olmasını və həmin vaxtdan da onu mənzilə buraxmamasını bildirmişdir. Televizorun olduğu mənzilin xx.xx.2023-cü il tarixədək cavabdehin istifadəsində olmasını və ona dair mübahisənin iddia ərizəsi məhkəməyə verilənədək mövcud olmasını (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş və orada televizorun sındırılmasına görə dəymiş zərər cavabdehdən tələb edilmişdir) nəzərə alaraq kollegiya hesab edir ki, televizorun onun tərəfindən deyil, başqa şəxslər tərəfindən sındırılması ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh televizorun sındırılmasının onun tərəfindən edilməməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bu halda, kollegiya hesab edir ki, televizora dəymiş zərərin cavabdehdən tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur.

36. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8677 saylı, xx.xx.2023-cü il tarixli rəyinə görə “Samsung” markalı “QE50Q67TAU” model, 50 düym (127 sm diaqonal) televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti 600 manat təşkil edir. Kollegiya hesab edir ki, vurulmuş zərərin məbləğinə dair keçirilmiş ekspertizanın nəticəsi əsas götürülməlidir.

37. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

39. Kollegiya bildirir ki, cavabdeh qeyd etdiyi hala dair heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi).

40. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-110/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar