Məhkəmə qərarları › İş №2(103)-2836/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2836/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2836/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: «müqavilənin ləğv edilməsi və borcun tutulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-208/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh2 MTK-nın apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti(bundan sonra ASC) ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativi(bundan sonra MTK) arasında ünvan 1 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə Bank tərəfindən 10 il müddətinə kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixdə müqavilə imzalanmışdır.

2. "xxxx" ASC-nin Yeni Həyat filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-Q-003/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 kompleksində avtodayanacaq (qaraj) sahəsinin alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 36,000 manat kredit verilmişdir.

3. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə iflas prosesinə başlanılmış, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmiş və həmin məhkəmənin 03 noyabr 2016-cı il tarixli, 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh2 layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı kredit müqaviləsinin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-Q-003/14 saylı kredit müqaviləsinin ləğv edilərək cəmi 79364.95 manat - bundan 32155.19 manat əsas, 26717.14 manat faiz, 20492.62 manat cərimə və iş üzrə ödənilmiş 328.1 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Fonda olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 10-cu bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini, həmçinin Borcverənə dəymiş zərərin ödənilməsini öhdəliklərini götürmüşdür. Həmçinin, xx.xx.2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 (doxsan) gündən artıq gecikdirildikdə Kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 (beş) iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ Kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri Bank təqdim etməlidir. Həmin müqavilənin 7.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu Müqavilənin 4-cü bölməsində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər. Fond tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********357 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdirlər. xx.xx.2023cü il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 79364.95 manat təşkil edir. Bundan 32155.19 manat əsas, 26717.14 manat faiz və 20492.62 manat cərimə borcu təşkil edir. 6.Cavabdeh1 iddiaya qarşı etiraz təqdim edərək onun təmin edilməməsini xahiş etmiş və etirazını bununla əsaslandırmışdır ki, Cavabdeh1 ilə digər Cavabdeh2 MTK-nın rəhbərliyinin arasında olan xx.xx.2019-cu il tarixli notarial təsdiq olunmuş razılığa əsasən, Cavabdeh1 Cavabdeh2 çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş 85 saylı qeyri-yaşayış sahəsinə dair qanunla ona məxsus olan və gələcəkdə mövcud olacaq bütün hüquqlarından Cavabdeh2 MTK-nın xeyrinə imtina edir və gələcəkdə hər hansı bir şəkildə heç bir tələb (iddia) irəli sürməyəcəyini bildirir, Cavabdeh2 Mənzil Tikinti Kooperativi Cavabdeh1 məxsus olmuş 85 saylı qeyri-yaşayış sahəsini (qarajı) başqa şəxsə satır və satışdan əldə olunan vəsait hesabına həmin qaraja dair bağlanmış xx.xx.2014-cü il tarixli № AD-04/006-Technique saylı müqavilə üzrə yaranmış əsas və faiz borcu ödənilir, eyni zamanda kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinin ləğv edilməsi barədə saziş bağlanır. xx.xx.2019-cu il tarixdən sonra həmin qaraj başqa şəxsə satılsa da, Cavabdeh2 MTK Cavabdeh1 ilə aralarında olmuş razılığın şərtlərini pozmuş, satışdan əldə olunan vəsait hesabına həmin qaraja dair bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə yaranmış borc məbləğini ödəməmiş və müqavilənin ləğv edilməsinə dair saziş bağlanmasını təmin etməmişdir. xx.xx.2019-cu il tarixli notarial təsdiq olunmuş razılıq ərizəsinin surəti Cavabdeh1 olmadığından və həmin ərizənin hansı notariat kontorunda təsdiq edildiyini xatırlamadığından qeyd olunan sübutun əldə edilməsi və məhkəmənin hazırlıq iclası yekunlaşanadək məhkəməyə təqdim edilməsi, eyni zamanda, iddia ərizəsinə etirazın qanunla müəyyən edilmiş vaxtda məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Odur ki, iddianın ona münasibətdə təmin edilməməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-208/2024 saylı, 15 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan 32 155.19 manat əsas, 24 364.8 manat faiz, 2000 manat cərimə, cəmi 58 519.99 manatın və dövlət rüsumuna görə ödənilmiş 265.56 manatın tutularaq Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 328.1 manat məbləğində dövlət rüsumunun qalan 62.54 manatının iddiaçı Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətində göstərib ki, Cavabdeh1 avtodayanacaq (qaraj) sahəsinin alınması üçün 36 000 manat məbləğində kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. "xxxx" ASC ilə Kooperativ Cavabdeh2 MTK arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə Kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə Cavabdeh1 qarajdan imtina etməsi səbəbindən ona aid hissədə iddianın rədd edilməli olmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu hal onun bank qarşısında götürdüyü öhdəliklərinin icrasından yayınması üçün əsas deyildir. Belə ki, onun imtinasının Cavabdeh2 MTK tərəfindən qəbul-edilib edilməməsinə dair heç bir sübut təqdim etməmiş, bu hal iş araşdırılarkən öz təsdiqini tapmamış, Cavabdeh2 MTK tərəfindən etiraf edilməmişdir. Məhkəmə cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməli, bu müqavilə üzrə hesablanmış əsas borc tələb edilən borcdan yüksək olduğundan iddiaçı tərəfindən tələb edilən miqdarda, faiz borcu ekspert rəyində göstərildiyi kimi tutulmalıdır. Beləliklə, iddia qeyd edilən hissədə qismən təmin edilməklə, cavabdehlərdən əsas borca görə 32155.19 manat, faiz borcuna görə 24364.8 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 32155.19 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 20492.62 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 2000 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan 32155.19 manat əsas, 24364.8 manat faiz, 2000 manat cərimə, cəmi 58 519.99 manat və dövlət rüsumuna görə ödənilmiş 265.56 manat tutularaq Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə qismən aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 328.1 manat dövlət rüsumunun 265.56 manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, qalan 62.54 manat isə iddiaçının özünə aid edilməlidir.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

9. İddiaçı Əmanətlərin Sığortalanması Fondu şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş edib şikayətində göstərir ki, Fond tərəfindən MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələblərinin artırılmasına dair ərizə ilə müraciət olunmuşdur. Lakin məhkəmə ərizənin məhkəmə baxışı zamanı verildiyini əsas götürərək iddia tələblərinin artırılmasına dair ərizəni qəbul etməmişdir. İddiaçı məhkəmənin bu qərarı ilə razı deyil. Belə ki, MPM-nin 53-cü maddəsinin tələblərindən də görünür ki, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 10 (on) il müddətinə imzalanmışdır. Müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitəcək. Tərəflər arasında imzalanmış kredit müqaviləsinin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş aylıq əsas kredit borcun məbləği ödəniş qrafikində göstərilən məbləğin 20 %-dən artıq olduqda, kredit üzrə faizlər, gecikdirilmiş günlər üçün şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditin qalığ məbləğinə hər gün illik 24%-lə hesablanır. Həmin müqavilənin 6.6-cı maddəsinə əsasən kredit üzrə faizlər kredit borcu borcverənə ödənildiyi günədək borcalandan tutulur.Bank tərəfindən məhkəməyə xx.xx.2023-cü ildə müraciət edilmişdir. İş üzrə yekun məhkəmə aktı isə düz bir il sonra xx.xx.2024-cü il tarixində qəbul olunmuşdur. Tərəflər arasında müqavilənin şərtlərinə əsasən faiz hər gün hesablanır və faiz məbləği isə məhkəmə qətnaməsi qəbul olunan gündək hər gün dəyişir. Ona görə də Fond tərəfindən məhkəmə baxışında iddia tələblərinin dəqiqləşdirilməsi zərurəti yaranır. Məhkəməyə müraciət olunan tarixdən qətnamə qəbul olunan tarixədək uzun müddət keçir. Bəzən bu müddət cavabdehlərin əsassız vəsatətləri əsasında daha uzun müddət çəkə bilir. Bu da Fonda xeyli miqdarda ziyanın dəyməsinə səbəb olur.Hesab edir ki, borclu kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmədiyindən tərəflər arasında mövcud olan müqavilə öhdəlikləri başa çatmamışdır. Kredit müqaviləsi müddətlidir. Müqavilə müddətinin bitdiyi günədək də müqavilə üzrə faizlər hesablanır. Müqavilənin müddəti məhkəmə baxışı müddətində bitdiyindən həmin tarixdə də tələblərin dəqiqləşdirilməsi zərurəti yaranır. Əks halda bu kreditora ziyan vurulmasına gətirib çıxarır. Bundan başqa, hakim iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizəni məhkəmə baxışında qəbul etməsə də səbəbini qətnamədə əsaslandırmamışdır.

10. Cavabdeh2 MTK (nümayəndə və vəkil X1) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş edib şikayətində göstərib ki, məhkəmə qətnamə qəbul edərkən "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsini nəzərə almamışdır. Sözügedən müqavilənin 5.7-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Yəni müqavilənin 5.7-ci maddəsinin tələbinə Bank tərəfindən düzgün əməl olunsaydı Cavabdeh2 MTK-nın və vətəndaş Cavabdeh1 borc öhdəliyi bu dərəcədə artmazdı. Göründüyü kimi Bank müqavilənin şərtlərinə əməl etməmişdir. Hesab edirik ki, borc məbləğinin bu dərəcədə artmasında bankın da səhlənkarlığı olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu faktlara düzgün qiymət verməmişdir. Odur ki, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Qanunun tələbindən də göründüyü kimi müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə əsasdır. Lakin Bank onun üzərinə düşən hüquq və vəzifələri yerinə yetirmədən əsas məbləğlə birlikdə əsassız artan faiz və dəbbə pulunu da tələb edir. 1-ci instansiya məhkəməsi isə əsassız olaraq iddia tələbini qismən təmin edir. Bu hal həm vətəndaşın həm də hüquqi şəxsin vəziyyətini pisləşdirir.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında iddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddiaçının apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətin təmin edilməsini qətnamənin iddianın təmin edilmədiyi hissədə ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etdi, cavabdeh MTKnın apellyasiya şikayətinə isə etiraz etdiyini bildirdi.

12. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili X1 mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını bildirsə də, sonuncu iclasda üzrlü səbəbdən iştirak edə bilmədiyindən məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyinə, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasına, iddiaçının apellyasiya şikayətinin isə təmin olunmamasına dair məhkəməyə elektron qaydada məlumat göndərmişdir.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddia tələbinin təmin olunmayan hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddia tələbinin ona aid təmin olunan hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdeh MTK-nın etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddianın ona aid təmin edildiyi hissədə haqlı sayılır.

24. Məhkəmə tərkibi apellyasiya şikayətlərində göstərilən dəlillərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, iddiaçı qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas kimi yalnız Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin pozulduğunu göstərib. Belə ki, işdən görünür ki, iddia ərizəsinə birinci instansiya məhkməsində baxılarkən 07 sentyabr 2023-cü il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə ekspert rəyi məhkəməyə daxil olmuş və ertəsi gün icraat təzələnmiş və məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini, iş üzrə bütün sübutlarını məhkəməyə təqdim etdiyini və əlavə sübutu olmadığını bildirmişdir. Buna görə də həmin tarixdə mülki işin məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təyin edilməsinə dair qərardad qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Cavabdeh1 2016-cı ildə ödənişlər etdiyini və sonradan ödənişlər aparılmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyini göstərmişdir. Həmin iclasda da cavabdehin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə baxışı xx.xx.2024cü il tarixə təxirə salınmışdır.Həmin iclasda Cavabdeh1 nümayəndəsi və vəkili iştirak etsə də iddiaçının və MTK-nın nümayəndəsi iştirak etməmiş və onların iştirakının təmin edilməsi üçün məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə elektron qaydada məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə isə məhkəmə iş üzrə qətnamə çıxarılmaqla yanaşı iddia tələbinin artırılması barədə ərizəni icraata götürmədən geri qaytarılması barədə qərardad qəbul etmişdir. İddiaçı tərəf həmin qərardadı mübahisələndirməmiş, yalnız qətnamədən apellyasiya şikayəti vermişdir. Buna görə də, apellyasiya şikayətində hansısa maddi hüquq normalarının pozulduğu qeyd olunmamış, yalnız MPM-in 53-cü maddəsinin pozulduğu göstərilir.

25. Qeyd olunanlardan bəlli olur ki, iddiaçı da cavabdeh tərəfin 2016-cı ildən kredit müqaviləsi üzrə ödənişlər etmədiyini bilsə də, 7 il müddətində bununla bağlı heç bir tədbir görməmiş, yalnız 2023-cü ilin iyul ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hansı ki, müqavilə şərtlərinə görə cavabdeh tərəfin 90 gün müddətində ödəniş etmədiyini gördüyü və bildiyi halda hər hansı bir tədbir görməmiş, bu müddət ərzində məhkəməyə müraciət etməməsinin səbəblərinin hər hansı bir obyektiv halla bağlı olduğuna dair ciddi arqumentlərə istinad etməmişdir.

26. İşdən göründüyü kimi, ekspertiza rəyi məhkəməyə daxil olduğu vaxt MTK ilə bağlanmış müqavilənin müddəti bitsə də, digər cavabdehlə bağlanmış müqavilənin müddəti bitməmişdir. Birinci instansiya məhkəməsi ekspertiza rəyi məhkəməyə daxil olduqdan sonra, bir məhkəmə hazırlıq iclası və iki məhkəmə baxışı iclası keçirmişdir. İddiaçı isə yalnız üçüncü-sonuncu məhkəmə baxışı iclası təyin olunduğu tarixdən əvvəl, yəni 13 fevral 2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə müraciət etdiyi üçün məhkəmə də haqlı olaraq ərizənin icraata götürülməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi və ərizənin işin məhkəmədə baxılmasına hazırlanması yekunlaşana qədər iddiaçıdan asılı olmayan səbəblərə görə təqdim edilməməsinin əsasları müəyyən edilmədiyindən məhkəmə baxışı gedişində icraata götürmədən geri qaytarmışdır.

27. Bundan əlavə, iddiaçı cavabdehlərə 12 may 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərməklə 10 may 2023-cü il tarixinə müqavilənin tələbləri əsasında yaranmış 79364.95 manat- 32155.19 manat əsas, 26717.14 manat faiz, 20492.62 manat cərimə borcunun olduğu və 5 gün müddətində müqavilə şərtlərinə uyğun olaraq ödənilməzsə bağlanmış kredit müqaviləsinin ləğv eldiləcəyi və borcun məcburi qaydada tutulması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir(bax.i.v;9; 29).Göründüyü kimi, iddiaçı hələ 12 may 2023-cü ildə müqavilənin ləğv ediləcyəi barədə cavabdehləri xəbərdar etmiş və faktiki olaraq həmin dövrdə müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Ona görə də bu hallar da müqavilə müddətinin bitdiyi tarixədək faizlərin hesablanmasını istisna edir. Təbii ki, müqavilə ləğv edildiyi vaxtdan, öhdəlik tam icra olunanadək iddiaçının ən azından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz formasında zərər tələb etmək hüququ mövcuddur.

28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. İddianın bu cür təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəlklərin icra edilməməsi, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-208/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-208/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar