Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2836/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2, Maraqlı şəxs və maraqlı şəxslərin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, Üçüncü şəxs X6 nümayəndəsi-vəkili X14 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2- 1035/2004 nömrəli qətnaməsindən maraqlı şəxslər X5 və Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olduğundan, Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzili cavabdehlə şifahi razılaşma əsasında tutmaqla bütün kommunal xərcləri o, cümlədən icarə haqqı ödəməyə başlamış və bununla da tərəflər arasında mübahisəli mənzil üzrə faktiki olaraq icarə münasibətləri yaranmışdır. İddiaçı Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanmasının Cavabdehnə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, 1991-ci ildən mənzil şəraitini yaxşılaşdırmaq üçün Cavabdehndə mənzil növbəsindədir. 1994-cü ildən Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzilində məskunlaşmışdır. Hal-hazırda ailə üzvü ilə həmin mənzildə yaşayır. Qeyd olunan mənzil ordersizdir, heç kimə order verilməmişdir. Mənzilin sənədləşdirilməsi ilə bağlı o Cavabdehnə müraciət etmiş, lakin Rayon İcra Hakimiyyəti rəhbərliyi mənzilin onun adına sənədləşdirilməsindən imtina etmişdir. Belə hesab edir ki, o heç kimin mənzilini zəbt etməmiş və uzun müddətdir ki, həmin mənzildə yaşayır. Şərh olunanlara əsasən iddiaçı göstərilən mənzilə onun istifadə hüquqlarının tanınması və onunla icarə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1035/2004 nömrəli 29 aprel 2004-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “mənzilə hüququn tanınması” tələbinə dair iddiasının təmin olunması və İddiaçı Bakı şəhəri, Yeni Yasamal- 1, 14 saylı evin 135 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanmasının Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hal-hazırda iddiaçının faktiki istifadəsində olan mübahisəli yaşayış sahəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyindən, iddiaçı 1994-cü ildən həmin mənzildə yaşadığından, həmin vaxtdan kommunal xidmətlərini ödədiyindən, onun Bakı şəhəri Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzilinə istifadə hüquqları tanınmaqla həmin mənzil üzrə mənzil icarə müqaviləsinin bağlanılması Cavabdehnə həvalə edilməlidir. Maraqlı şəxs və X5 İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş xx.xx.2004-cü il tarixli 2-1035/2004 nömrəli qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 1035/2004 nömrəli qərardadı ilə ərizəçilər Maraqlı şəxs və X2 İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə maraqlarına toxunulan şəxs qismində cəlb edilməklə mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5056/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün sayılmışdır. Sözügedən qərardaddan maraqlı şəxslər tərəfindən kassasiya şikayət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 3420/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarı instansiya məhkəmələrə qərarlarında mülki iş üzrə itirilmiş icraatın bərpa edilməsinin zəruriliyini qeyd etmişlər. Daha sonra ərizəçilər Maraqlı şəxs və X5 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək itirilmiş icraatın bərpa edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(004)- 2267/2025 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1035/2004 nömrəli mülki iş üzrə məhv edilmiş (itirilmiş) məhkəmə icraatının bərpa edilməsi, həmin iş üzrə İddiaçı Cavabdehnə qarşı “mənzilə hüququn tanınması” tələbinə dair iddiasının təmin olunması və İddiaçı Bakı şəhəri, Yeni Yasamal- 1, 14 saylı evin 135 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanmasının Cavabdehnə həvalə edilməsi barədə 29 aprel 2004cü il tarixli qətnamənin qəbul edilməsi müəyyən olunmuşdur. Qətnamədən narazı qalan maraqlı şəxslər X5 və Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxslərin ailəsi əslən Şuşa şəhərindəndir. Şikayətçilər-X4 1938-ci ildə Xankəndi şəhərində və Maraqlı şəxs 1979-cu ildə Şuşa şəhərində anadan olublar. Onların ailəsi Şuşa şəhərinin işğalından sonra didərgin düşərək məcburi köçkün kimi 1992-ci ilin may ayında Bakı şəhərinə gəlmişdir. Ailə başçısı mərhum X11, onun həyat yoldaşı X4, qızı Maraqlı şəxs, oğlu X12, oğlu X17 əvvəlcə ünvan 1 ünvanında məskunlaşmışdılar. Lakin həmin mənzilin sahibi olduğundan, ailə bir neçə müddətdən sonra mərhum X10 Bakı şəhər, Cavabdeh tərəfindən ünvanlanmış 1343/4 nömrəli, xx.xx.1992-ci il tarixli yazılı göstəriş əsasında ünvan 3 ünvanında yerləşən 4 (dörd) otaqlı mənzilə köçürülmüşdür. Həmin mənzilin hər hansı bir sakini və ya sahibi olmamışdır. Mənzil tamamilə boş olmuşdur. Beləliklə də xx.xx.1992-ci ildən etibarən mərhum Tabil Hüseynovun ailəsi məhz bü unvanda-Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi, bina 14 ünvanında yerləşən 4 otaqlı 135 nömrəli mənzildə məskunlaşmışdır. Hüseynovlar ailəsini uzun illər boyu (1992-ci ildən etibarən) məskunlaşdıqları Yeni Yasamal-1 yaşayış massivi, bina 14, mənzil 135 ünvanında heç kim bu mənzildə yaşamaqları ilə əlaqədar narahat etməmişdir. Onlar 2020-ci ilə qədər yaşadıqları mənzilin (Cavabdeh tərəfindən verilmiş 1343/4 nömrəli, xx.xx.1992-ci il tarixli yazılı göstəriş əsasında) hansısa şəkildə tanımadıqları şəxslərin mülkiyyətinə çevrilməsindən xəbərsiz olmuşdular. İddiaçı mübahisəli mənzildə heç bir vaxt yaşamamış və qətnamə ilə bu mənzil üzrə orderin verilməsi də məcəllədə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi isə şikayətçilərin hüquqlarını pozaraq, ümumiyyətlə qətnamədə göstərilən faktların heç bir zaman baş vermədiyinə baxmayaraq həmin uydurma faktları həqiqət kimi qəbul etmişidir. Bu qətnamə saxta və uydurma hallar əsasında qəbul edildiyindən, eləcə də onların hüquqları kobud surətdə pozulduğundan, eləcə də iştirakları olmadan işə baxıldığından hazırki prosessual hüquqları təmin olunaraq, şikayətə mahiyyəti üzrə baxılmalı və qətnamə ləğv olunaraq iddia rədd olunmalıdır. Digər tərəfdən iddiaçının eyni məzmunlu iddia tələblərin müvafiq olaraq faktiki qətnamə vardır. Belə ki, hazırki itirilmiş məhkəmə icraatı olan yəni xx.xx.2004-cü il tarixli, 2-1035/2004 nömrəli iş, eləcə də daha əvvəlki tarixli qətnamə də mövcuddur. Yasamal Rayon Məhkəməsinin sorğusu Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və sorğuya cavab məktubu ilə ünvan 4 ünvanında yerləşən mənzilə dair bütün arxiv sənədləri verilmişdir. Həmin arxiv sənədlərə əsasən, ilk olaraq İddiaçı mənzilə dair yaşayış hüququ tanınmış və həmçinin icarə müqaviləsinin bağlanılması öhdəliyi Cavabdeh üzərinə qoyulması haqqında Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi əsasında icra olunduğu müəyyən edilmişdir. Həmin qətnamə əsasında da Cavabdeh tərəfindən Sərəncam verilmiş və mənzilə dair order də verilmişdir. Beləliklə, də müəyyən olunur ki, eyni məhkəmədə və eyni hakim, bir iddia predmeti üzrə və ən əsası eyni tərəflər arasında iki fərqli əsassız qətnamə qəbul olunmuşdur. Hesab edirlər ki, bu hal da işə baxan apellyasiya məhkəməsində araşdırılmalı və ona lazımi hüquqi qiymət verilməlidir. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, Maraqlı şəxs və X5 özlərinin də qeyd etdiyi kimi 1992-ci il tarixdən məcburi köçkün kimi İddiaçı məxsus Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzilində məskunlaşmışlar. xx.xx.2004-cü il tarixli 2-1035/2004 nömrəli qətnamə ilə həmin mənzilə mülkiyyət hüququ tanınmışdır. Sual yaranır ki, bu 20 il ərzində niyə onların maraqlarına toxunmadı, 20 il sonra nə baş verdi ki bu şəxslərin maraqları oyandı. Bilindiyi kimi müzəffər ali baş komandanımız dəmir yumruqu və şəhidlərmizin qanı hesabına torpaqlarmızı tam şəkildə erməni işğalından azad etdildi. Bundan sonra məcburi köckunlərin “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə geri dönüşü həyata keçirilir. Yuxarıda adı çəkilən məcburi köçkünlərə də Şuşa şəhərində ev ilə təmin edilmişdir. Bunun ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə vəkil sorğusu verilmişdir, hazırda cavabı gözlənilməkdədir. Maraqlı şəxs və X5 müvəqqəti məskunlaşdığı mənzildə məcburi köçkünlərə məxsus güzəştlərdən istfadə etmək ilə kommunal ödənişlərin edilməsi onların əmlak üzərində subyektiv hüququnu yaranması üçün əsas deyildir. Özlərinin qeyd etdiyi kimi 30 ildən çox müddətdir ki, İddiaçı məxsus mənzildən təmənasız istifadə etmişlər. Mövcud vəziyyətdə minnətdarlıq etməkləri gərəkdiyi halda mənzilə sahiblənmək iddiasına düşməkləri vicdanlıq prinsipinə zidd hərəkət kimi qiymətləndirilməlidir. Sonda da torpaqların işğaldan azad olunduqdan sonra “həm Şuşada həm də Bakıda evləri olsun” niyyəti ilə belə bir absurd iddia ilə cıxış etmələri nəin ki qanuna, hec yerli adətlərə də uyğun gəlməyən, xoşagəlməz bir hərəkətdir. Vicdanlılığı prezumpsiyasına zidd olan həmin apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi, X15 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs və maraqlı şəxslərin nümayəndəsi-vəkili Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi-vəkili X19 maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər öz nümayəndələrinin Məhkəmə Kollegiyasının iclasında iştiraklarını təmin etmədiklərindən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi: (mübahisəli hüquq münasibətləri zamanı qüvvədə olan) 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Mülki Məcəllə: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, xx.xx.2004-cü il tarixli, 2-1035/2004 nömrəli qətnamədən görünür ki, Yasamal Rayon 19 saylı MKİS tərəfindən verilmiş arayışda İddiaçı Bakı şəhəri Yeni Yasamal-1, 14 saylı evin, 4 otaqlı yaşayış sahəsi 63,32 m² olan 135 saylı mənzilində pasport qeydiyyatı olmadan yaşayır və mənzilin kommunal xərclərini ödəyir. Mənzil dövlət fonduna aiddir və pasport qeydiyyatında heç kim yoxdur. Qonşular tərəfindən tərtib edilmiş 03 avqust 2003-cü il tarixli aktdan görünür ki, həqiqətən də İddiaçı 1997-ci ildən Bakı şəhəri Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzilində pasport qeydiyyatı olmadan yaşayır. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış Q-162 saylı 17 dekabr 2003-cü il tarixli məktubdan görünür ki, o 1991-ci il tarixdən Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsindədir və növbəlilik siyahısı üzrə uçot nömrəsi 1716-dir. Qüvvədə olan mənzil qanunvericiliyinə əsasən mənzillər vətəndaşlara növbəlilik qaydasında verildiyindən onun mənzil məsələsinin həll etmək mümkün deyildir. Göründüyü kimi tərəflər arasında mübahisəli mənzil üzrə faktiki olaraq icarə münasibətləri yaranmışdır, lakin Cavabdeh müvafiq sərəncam verilməsindən imtina etmişdir. İş materiallarından görünür ki, apellyatorlar Bakı şəhər, Cavabdeh tərəfindən ünvanlanmış 1343/4 nömrəli, xx.xx.1992-ci il tarixli yazılı göstəriş əsasında ünvan 3 ünvanında yerləşən 4 (dörd) otaqlı mənzilə köçürüldükləri vaxt həmin mənzilin hərhansı bir sakini və ya sahibi olmamasına, mənzilin tamamilə boş olması, beləliklə də xx.xx.1992-ci ildən etibarən mərhum Tabil Hüseynovun ailəsi məhz bü unvanda məskunlaşmalırana, uzun illər boyu (1992-ci ildən etibarən) məskunlaşdıqları mənzildə yaşamaqları ilə əlaqədar narahat etməməsinə baxmayaraq xx.xx.2004-cü il tarixli, 2- 1035/2004 nömrəli qətnamənin onların maraqlarına toxunmasını onunla əsaslandırmışlar ki, 2020-ci ilə qədər yaşadıqları mənzilin (Cavabdeh tərəfindən verilmiş 1343/4 nömrəli, xx.xx.1992-ci il tarixli yazılı göstəriş əsasında) hansısa şəkildə tanımadıqları şəxslərin mülkiyyətinə çevrilməsindən xəbərsiz olmuşdular. Belə ki, iddiaçı mübahisəli mənzildə heç bir vaxt yaşamamış və qətnamə ilə bu mənzil üzrə orderin verilməsi də məcəllədə nəzərdə tutulmamışdır. Məhkəmə isə şikayətçilərin hüquqlarını pozaraq, ümumiyyətlə qətnamədə göstərilən faktların heç bir zaman baş vermədiyinə baxmayaraq həmin uydurma faktları həqiqət kimi qəbul etmişidir. Apellyatorlar qətnamə saxta və uydurma hallar əsasında qəbul edildiyindən, eləcə də onların hüquqları kobud surətdə pozulduğundan, eləcə də iştirakları olmadan işə baxıldığından hazırki prosessual hüquqları təmin olunaraq, şikayətə mahiyyəti üzrə baxılmalı və qətnamə ləğv olunaraq iddia rədd olunmalıdır. Kollegiya şikayətin dəlillərinə qiymət verərək göstərilənlərin həqiqət olması ehtimalında belə hesab edir ki, bu dəlillər məhz xx.xx.2004-cü il tarixli, 2-1035/2004 nömrəli qətnamənin ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Belə ki, bu qətnamə faktiki olaraq icra edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı mənzilə dair yaşayış hüququnun tanınması, həmçinin icarə müqaviləsinin bağlanılması öhdəliyi Cavabdeh üzərinə qoyulması haqqında Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi əsasında icra olunmuşdur. Belə ki, qeyd edilmiş qətnamə əsasında iddiaçının adına Cavabdeh tərəfindən xx.xx.2004-cü il tarixli müvafiq sərəncam verilmiş, mənzil onun həyat yoldaşı X7 adına özəlləşdirilmiş, sonuncunun adına çıxarış alandan və onun vəfatından sonra mənzil vərəsəlik yolu ilə İddiaçı mülkiyyətinə keçmişdir. Daha sonra isə iddiaçı məhkəmə mübahisəsi olan dövrdə mənzilin mülkiyyətçisi kimi onu xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 və mübahisəli mənzil hazırda sonuncunun mülkiyyətindədir. Məhz buna görə yeni mülkiyyətçi apellyasiya baxışı zamanı 3-cü şəxs kimi cəlb olunmuşdur. Beləliklə də, müəyyən edilir ki, Cavabdeh tərəfindən Sərəncam və mənzilə dair order xx.xx.2004-cü il tarixli, 2-1035/2004 nömrəli qətnaməsinin əsasında verilməmişdir. Kollegiya daha sonrа qeyd edir ki, bir mənzil üzrə iki qətnamə olması vurğulansa da, xx.xx.2004-cü il tarixli, 2-1035/2004 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətinə baxılır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi isə hazırki apellyasiya icraatının baxış predmeti olmadığından həmin qətnamə və onun yaratdığı hüquqi nəticələrin qanuniliyinə hüquqi qiymət verilə bilməz. Kollegiya qeyd etməyi də zəruri sayır ki, qətnamədən şikayət vermək üçün maraqlı şəxslər olmaları tanınmasına baxmayaraq, apellyatorların özlərinin mübahisəli mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər-hansı hüquqi əsasları mövcud olmamışdır. Başqa sözlə, onlar məlum hadisələrlə bağlı həmin mənzildə daimi deyil, məcburiyyət əsasında məskunlaşdırılmışlar. Bu isə onlara bu əmlaka öz istədikləri kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəst olmaq hüquqlarının olmasını təsdiq etmir. Bu onu deməyə əsas verir ki, apellyatorların hazırki qətnaməni mübahisədəndirmək üçün subyektiv hüquqları da yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Şuşa şəhəri 08 noyabr 2020-ci il tarixində işğaldan azad olunmuşdur. Bu baxımdan qanuniliyindən asılı olmayaraq, cavabdehlərin 1992-ci ildə mübahisəli mənzildə məskunlaşmaları əsasında onların yaşayış sahəsinə olan ehtiyacının aradan qaldırılması dururdusa, hazırda bu ehtiyac da aradan qalxmışdır. Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Şuşa şəhərinə köçürülmə prosesinə başlanılıb və davam etdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Maraqlı şəxslər X5 və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1035/2004 nömrəli 29 aprel 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə