Məhkəmə qərarları › İş №2(103)-2837/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2837/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2837/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)-599/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. QSC “Bank Standard" KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 1xx/xx/135995/15 saylı kredit müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 25% faiz hesablanmaqla 12 ay müddətinə 2.500 ABŞ dolları məbləğində kredit verilmiş, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/135995/15 saylı kredit müqaviləsi üzrə Banka 1.080,74 ABŞ dolları məbləğində əsas borc, 745,05 ABŞ dolları məbləğində faiz borcu, 742,06 ABŞ dolları məbləğində cərimə borcu, 320,55 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2.888.40 ABŞ dolları məbləğində pulun və 69.11 manat dövlət rüsümunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/135995/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 2.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Bunun nəticəsində cavabdehin xx.xx.2022-ci il tarixinə Banka 1.080,74 ABŞ dolları məbləğində əsas borc, 745,05 ABŞ dolları məbləğində faiz borcu, 742,06 ABŞ dolları məbləğində cərimə borcu, 320.55 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2.888,40 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehin kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)-988/2020 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2(001)-988/2020 saylı qərardadında müvafiq fərmanın vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 599/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia qismən təmin edilmiş, xx.xx.2015ci il tarixli, 1xx/xx/135995/15 saylı kredit müqaviləsi üzrə 1.080,74 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 69,11 manat dövlət rüsumunun 25 manat hissəsinin Cavabdeh tutularaq ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödənilməsi, qalan hissəsinin isə iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, bu səbəbdən iddiaçı ilk dəfə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, göstərilən məsələlərin həlli ilə bağlı iddia ərizəsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Görünür ki, iddiaçı da, kredit müqaviləsinin fərmanın təsir dairəsinə düşməsindən məlumatlı olmuşdur. Lakin iş materiallarında cavabdehlə güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması halı müəyyən edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, belə olan halda, iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilə bilər.

9. Məhkəmə iddia tələbini digər hissədə ona görə əsassız hesab etmişdir ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, amma bununla bağlı cavabdehə yeni müqavilə bağlanılması barədə təklif göndərilməmişdir. Göndərilmişsə belə, iddia ərizəsinə əlavə edilməmiş və iddia ərizəsinin əsaslandırılmasında həmin halın mövcudluğuna münasibət bildirilməmişdir. Eyni zamanda, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır.

10. Fərmanın məzmunundan göründüyü kimi, həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.

11. Məhkəmə qeyd etmişdikr ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Belə ki, borclu güzəştli şərtlərlə yeni müqavilə bağlamış olsaydı, faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il (illik 1 faiz, ilk 1 il yalnız faiz ödəməklə) müddətində ödəmək imkanı əldə edəcəydi. Lakin hazırki halda kreditorun əsas borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, bu halda yalnız əsas borcun tutulmasının təmin edilməsi kreditorun mənafeyinə zidd olmamaqla fərmanın məqsədinə uyğun hesab edilməlidir.

12. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz.

13. Həmçinin, məhkəmə qeyd etmişdir ki, cavabdehin banka olan əsas kredit borcu məbləği iş materiallarında olan maliyyə arayışı ilə öz təsdiqini tapır.

14. Bundan başqa, məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2-ci maddələrinə əsaslanaraq ABŞ dolları ilə ödənilməli məbləğ ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 439.1, 439.2, 442, 443.1, 448.1, 739-cu maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan şəxslərin adlarını müəyyən etmək məqsədi ilə, onlarla yeni müqavilələrin bağlanması üçün ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Razılıq alınandan sonra Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı xx.xx.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/135995/15 saylı kredit müqaviləsi restrukturizasiya olunması üçün Azərbaycan espublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “AzərbaycanRespublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşməmişdir. Lakin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşübdüşmədiyini araşdırmamışdır. Nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunan kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşmədiyi halda, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq tələb olunan faiz və cərimə borclarının məhkəmələr tərəfindən silinməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Mərkəzi Bankın rəsmi internet səhifəsində də cavabdehin kredit borcunun Fərmanın təsiri altına düşmədiyi əks olunur.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı: Bənd 5. Mərkəzi Banka tövsiyyə edilsin ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Bənd 6. Banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin. Bənd 8.9 Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamənin əsaslığı iddianın təmin olunmayan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

28. İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş faiz borcunun tutulmasını tələb edir.

29. Lakin kredit müqaviləsinin tarixindən və məbləğindən görünür ki, həmin müqavilə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür.

30. İddiaçı kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşmədiyini, Mərkəzi Bankın rəsmi internet səhifəsində də bu hal öz təsdiqini tapdığını bildirsə də, özü iddia ərizəsində qeyd edir ki, cavabdehin kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)-988/2020 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır.

31. Göründüyü kimi, iddiaçı kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməsindən məlumatlı olmuş və cavabdehin fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciətini gözləmişdir.

32. Lakin iddiaçı tərəfindən bununla bağlı müvafiq tədbirlərin görüldüyü, cavabdehə yeni müqavilənin bağlanması üçün təklifin göndərilməsi iş materialları ilə təsdiq olunmur.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu halı, habelə qeyd olunan Fərmanın qəbul edilməsinin məqsədinin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılanması, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyinin təmin edilməsi olduğunu nəzərə alaraq düzgün olaraq cavabdehdən yalnız əsas borcun tutulması barədə qənaətə gəlmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

35. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (1.807,66 ABŞ dolları x 1.7 = 3.073,022 manat). Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 599/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar