Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2838/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-954/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" KB QSC ilə borcalan Cavabdeh arasında imzalanmış 22 iyul 2014-cü il tarixli, 1xx/xx/76591/14 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən mənzil təmiri üçün borc alana 24 ay müddətində, illik 23 % olmaqla, 7500 manat kredit verilmiş, həmin kredit məbləği borcalan Cavabdeh tərəfindən qəbul edilmişdir. Bunun müqabilində borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin müddəti 22 iyul 2016-cı il tarixində bitmişdir.
2. "xxxx" KB QSC tərəfindən verilən 22 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 iyul 2014-cü il tarixli, 1xx/xx/76591/14 saylı kredit müqaviləsi üzrə 11 noyabr 2022-ci il tarixinə banka 1066,20 manat əsas borcu, 795.90 manat məbləğində cərimə borcu,müqavilə müddəti üçün 598,49 manat faiz borcu, borcun gecikdirilməsinə görə 345,45 manat gecikdirilmiş faiz borcu olmaqla, 2806 manat məbləğində borcu vardır.
3. LPO "xxxx" KB QSC tərəfindən borcluya ünvanlanan 25 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, ona 22 iyul 2014-cü il tarixli, 1xx/xx/76591/14 saylı kredit müqaviləsinə əsasən yaranmış 2806,04 manat borc məbləğinin 3 gün müddətində ödənilməsi barədə məlumat verilmiş, borcun könüllü ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Alıyeva Fərunə Rzaqızı arasında bağlanmış 22 iyul 2014-cü il tarixli 1xx/xx/76591/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1066.20 manat məbləğində əsas borc, 598.49 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 795.90 manat məbləğində cərimə borcu, 345.45 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2806.04 manat məbləğində pulun, 48.07 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Alıyeva Fərunə Rza qızı (bundan sonra – Cavabdeh) arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/76591/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 23 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 1066.20 manat məbləğində əsas borc, 598.49 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 795.90 manat məbləğində cərimə borcu, 345.45 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2806.04 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bildirilir ki, cavabdeh Alıyeva Fərunə Rza qızının kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5855/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-954/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməsə də, iddia tələbi əsassızdır. İşin hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixində bitmişdir, iddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürməmişdir, həmin iddia ərizəsi üzrə mülki iş xx.xx.2019-cü ildə Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanılmışdır. Lakin iddiaçı Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 3 il sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Nəticədə iddiaçının kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 6 il 4 ay sonra məhkəməyə müraciət etdiyi müəyyən edilir. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı və onun tətbiqi ilə bağlı mexanizm(iddia ərizələrinin geri qaytarılması, baxılmamış saxlanması və.s) kreditorun iradəsi xaricində baş vermişdir və bu səbəbdən də iddia müddəti ilə bağlı məsələ kreditorların mənafeyinə zidd təfsir olunmamalıdır. Odur ki, kreditorun ağlabatan müddət ərzində məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etməsi iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilər. Lakin fərmanın icrasının bitdiyi tarixdən(xx.xx.2019-cu il) 2 il 11 ay sonra iddiaçının yenidən məhkəməyə müraciət etməsi ağlabatan müddət anlayışı kimi qəbul edilə və müddətin üzrlü səbəbə görə ötürülməsi kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürüldüyündən və üzrsüz səbəbə görə ötürüldüyündən iddia tələbi rədd edilməlidir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 376, 377.2, 380.1, 381.1, 382, 386.1, 442, 448.1, 448.2, 739.1, 739.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı, Konstitusiya Məhkəməsinin L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-954/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə, Cavabdeh 1066.20 manat məbləğində əsas borc, 598.49 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 795.90 manat məbləğində cərimə borcu, 345.45 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2806.04 manat məbləğində pulun, 48.07 manat dövlət rüsümunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsinə xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-954/2023 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2014-cü il tarixli 1xx/xx/76591/14 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Lakin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5855/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər iddiaçı tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar iddiaçının iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə, hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Xüsusi ilə qeyd edilir ki, hazırki mülki iş üzrə iddiaçının iddia ərizəsi xx.xx.2019-cu il tarixli e-2(001)-5855/2019 saylı qərardadla baxılmamış saxlanılmışdır. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verildi. Lakin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13212/19 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)-5855/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Bu səbəbdən də iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək e-2(001)- 5855/2019 saylı mülki iş üzrə məhkəmə baxışının təzələnməsinə dair müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli e-2(001)-5855/2019 saylı qərardad ilə ləğv prosessində olan QSC “Bank Standard” KB-nin ərizəsi təmin edilməmişdir. Müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tədbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də mümkün olmamışdır. Məhkəməyə yenidən müraciət olunduğu təqdirdə eyni vəziyyətlə üzləşməmək üçün həmçinin, son dövrlərə qədər apellyasiya məhkəmələrində müvafiq fərmanla bağlı məsələlər mübahisələndirildiyindən iddiaçı tərəfindən məhkəməyə ancaq xx.xx.2022-ci il tarixdə yenidən müraciət edilmişdir. Bank tərəfindən fərmanın tətbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Bu da qeyd edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(001)-5855/2019 saylı saylı qərardadında fərmanın tətbiqi prosedurlarına sərf oluna biləcək ağlabatan müddət konkret olaraq müəyyən edilməmişdir. Son olaraq bildirilir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2014-cü il tarixli 1xx/xx/76591/14 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də xx.xx.2014-cü il tarixli 1xx/xx/76591/14 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin xx.xx.2014-cü il tarixli 1xx/xx/76591/14 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanaraq, xx.xx.2016-cı il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan xx.xx.2014-cü il tarixli 1xx/xx/76591/14 saylı kredit müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixində bitmişdir, iddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürməmişdir, həmin iddia ərizəsi üzrə mülki iş xx.xx.2019-cu il tarixdə Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanmışdır. Lakin iddiaçı Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 3 il sonra, yəni, xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Nəticədə iddiaçının kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 6 il 4 ay sonra müraciət etdiyi müəyyən edilir. Bu kateqoriya işlər üzrə, yəni ki, iddia müddətlərinin anlayışı və tətbiqi ilə bağlı – Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Onu da qeyd etmək zəruridir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı və onun tətbiqi ilə bağlı mexanizm(iddia ərizələrinin geri qaytarılması, baxılmamış saxlanması və.s) kreditorun iradəsi xaricində baş vermişdir və bu səbəbdən də iddia müddəti ilə bağlı məsələ kreditorların mənafeyinə zidd təfsir olunmamalıdır. Fərmanın icrasının bitdiyi tarixdən (xx.xx.2019-cu il) 2 il 11 ay sonra iddiaçının yenidən məhkəməyə müraciət etməsi ağlabatan müddət anlayışı kimi qəbul edilə və müddətin üzrlü səbəbə görə ötürülməsi kimi qiymətləndirilə bilməz. Bununla da, Binəqədi Rayon Məhkəməsi bütün xüsusatları tam və ətraflı araşdırmış, yekunda – iddia müddəti ötürüldüyü, habelə üzrsüz səbəbdən ötürüldüyü qənaətinə gəlməklə, iddia tələbini rədd edərək, tam qanuni qətnamə qəbul etmişdir. Odur ki, "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, həmçinin Binəqədi Rayon Məhkəməsinin 2(001)- 954/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Proses iştirakçılarının izahatı
12. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilini müdafiə edərək bildirir ki, onlar iddia müddəti bitmədən öncə məhkəməyə müraciət ediblər. Prezidentin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan apellyasiya şikayəti veriblər, lakin şikayətləri təmin edilmədi. Fərmanın icrası ilə əlaqədar iddia ərizələri 2019-2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Onlar da Fərmanın tətbiqi ilə bağlı müddəti gözlədikləri üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq 2022-ci il tarixdə müraciət ediblər. Onlar ikinci dəfə 08 dekabr 2022-ci il tarixində müraciət ediblər.
13. Cavabdeh apellyasiya şikayətinin dəlilinə etiraz edərək izahatında əlavə olaraq bildirir ki, o bankdan 2014-cü ildə pul götürüb, vəziyyəti çox pis idi. Üzərinə götürdükləri öhdəlikləri də yerinə yetirib. İşlədiyi yer 2015-ci ildə ləğv edildi. Həmin tarixdən o işsiz qalıb. Məşğulluq mərkəzində işsiz kimi hazırda qeydiyyatdadır. İşsiz olduğu üçün bankın qarşısında olan öhdəlikərini tam yerinə yertirə bilməyib. Qızıl-zinət əşyalarını satıb ki, banka borcunu ödəsin. Kommunal xərclərini belə ödəməyə imkanı yoxdur. Həmçinin, iddiaçı müddəti ötürmüşdür. Fərmanın üzərindən 3 ilə yaxın müddət keçmişdir.
Tətbiq edilən hüquq normaları:
Mülki Məcəllə
14. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
15. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
16. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
17. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
19. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
23. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, hazırkı iddiasında iddia tələbində 22 iyul 2014-cü il tarixli 1xx/xx/76591/14 saylı kredit müqaviləsi üzrə 1066.20 manat məbləğində əsas borc, 598.49 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 795.90 manat məbləğində cərimə borcu, 345.45 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin cavabdehdən tutulmasını xahiş edir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 22 iyul 2014-cü il tarixli 1xx/xx/76591/14 saylı kredit müqaviləsi imzalanmış, müqavilənin icra müddəti 22 iyul 2016-cı il tarixində bitmişdir.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
32. İddiaçı cavabdehə qarşı ilkin olaraq xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(001)-5855/2019 saylı qərardadı əsasən xx.xx.2019-cü ildə Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 13212/2019 saylı qərardadı ilə qüvvədə saxlanılmışdır.
33. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanınaa əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmış, siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi Banklara tövsiyə edilmişdir. Fərmanın icrası müddəti olaraq xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 09 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
34. İş materialları ilə müəyyən edilir ki, iddiaçı bank ilə Cavabdeh arasında 22 iyul 2014cü il tarixli 1xx/xx/76591/14 saylı kredit müqaviləsinin restruktruzasiyası ilə bağlı yeni müqavilə imzalanmamışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin olaraq məhkəməyə qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən müraciət etmiş, iddia ərizəsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqinə əsasən baxılmamış saxlanılmışdır.
36. Mülki Məcəllənin 381.1-ci maddəsində qeyd edilir ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
37. Digər tərəfdən Fərmanın icrası üçün 31 dekabr 2019-cu il tarixə kimi vaxt müəyyən edilməsinə baxmayaraq bu müddət ərzində tərəflər arasında olan ilkin müqavilə yenilənməmişdir. Belə olan halda iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququ olduğu halda iddiaçı bu hüquqdan 2 il 11 ay müddət keçdikdən sonra istifadə etmişdir.
38. Məhkəmə kollegiyası Fərmanın icrası üçün müəyyən edilmiş tarixdən 2 il 11 ay müddət keçdikdən sonra məhkəməyə müraciət etməsini ağlabatan müddət anlayışı kimi qəbul edilə bilməməsi və müddətin üzrlü səbəbə görə ötürülməsi kimi qiymətləndirilə bilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, “...İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.”
40. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
41. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-954/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə biməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev