Məhkəmə qərarları › İş №2(103)-2844/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2844/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2844/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-680/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyərinin Səbail Rayon Məhkəməsinin 2(009)-2342/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilməmiş 50 manat hissəsinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 680/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

3. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər eyni olsa da, iddianın predmeti fərqlidir. Dəymiş ziyan üzmumilikdə 2.277,40 manat olmuşdur. Əvvəlki iddiada dəymiş ziyanın yalnız 2.227,40 manat hissəsi tələb olunmuşdur və bu səbəbdən Səbail Rayon Məhkəməsinin 2(009)-2342/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə yalnız həmin hissədə iddia təmin edilmişdir. Hazırki iddia üzrə isə dəymiş ziyanın 50 manat hissəsi tələb olunur.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi elektron nəzarət vasitəsi-mobil qurğunu yararsız vəziyyətə salmasına dair xx.xx.2023-cü il tarixli protokol əsasında dəymiş ziyanın tutulması ilə bağlıdır.

11. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir.

12. Belə ki, iddiaçının həmin xx.xx.2023-cü il tarixli protokol əsasında dəymiş ziyanın tutulması tələbi üzrə artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-2342/2023 nömrəli qətnaməsi mövcuddur.

13. Həmin qətnamə ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi mobil nəzarət qurğunun dəyəri 2.227,40 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməsi qət edilmişdir.

14. Göründüyü kimi, hazırki mübahisə eyni tərəflər, eyni predmet barəsində və eyni əsaslar üzrədir.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-680/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar