Məhkəmə qərarları › İş №2(103)-2844/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2844/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2844/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: sığorta ödənişinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “sığorta ödənişinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2787/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Hyundai Elantra” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil PME********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC (bundan sonra cavabdeh) tərəfindən sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə həmin avtomobili idarə edən X7 İddiaçı (bundan sonra iddiaçı) idarə etdiyi “Mersedes GL550” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sol hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Bununla əlaqədar X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi cavabdeh tərəfindən sığorta hadisəsi hesab edilmiş, lakin tərəflər arasında avtomobilə dəymiş zərər məbləğinin qiymətləndirilməsi ilə bağlı razılıq əldə olunmadığından (ilk olaraq tərtib edilmiş "xxxx" MMC-nin “Dəymiş zərərin hesablanmasına dair” aktında 410 manat zərər məbləği göstərilmişdir) iş üzrə müstəqil eskpert təyin olunmuşdur. Bu qaydada təyin edilmiş sığorta sahəsində fərdi qaydada fəaliyyət göstərilən müstəqil ekspert X8 xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəymiş zərər (dəyişilməli hissələr və görülməli olan təmir-bərpa işləri) 560 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən də iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda məhz bu məbləğin ödənilməsinin və ya qiymətləndirmənin yenidən təşkil edilməsinin mümkün hesab edildiyi qeyd olunmuşdur. İddiaçının müraciətinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən avtomobilin təmir xərcinin 1.380,23 manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5874 saylı rəyinə əsasən “Mersedes GL550” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1.380,22 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 982,64 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən "xxxx" markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 1.380 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat, cəmi 2.380 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, idarə etdiyi “Mercedes” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər müstəqil ekspert X10 tərəfindən qiymətləndirilmiş və həmin ekspert tərəfindən tərtib edilmiş qiymətləndirmə aktında ön sol qanad spoyleri 230 manat, knopkalar 1 manat, xidmət növlərinə 325 manat, ümumilikdə isə 560 manat yekun məbləğ hesablanmışdır. Aktda avtomaşına dəymiş ziyanın məbləği reallığı əks etdirməmiş və dəymiş ziyan həddindən artıq məqsədli şəkildə az göstərilmişdir. Lakin bu məbləğ real ziyana uyğun olmamışdır, qeyd edilən məbləğlə avtomaşını tam şəkildə təmir etdirmək mümkün deyil. O, "xxxx" Şirkətinə müraciət etmiş və şirkətin servis mərkəzində avtomaşına ilkin baxış keçirilərək bu barədə xx.xx.2024-cü il tarixdə qiymətləndirmə aktı tərtib edilmişdir. Servis mərkəzi tərəfindən avtomaşına baxış zamanı aşkar olunmuşdur ki, qeyd olunan hissələr yenisi ilə əvəz olunmalıdır. "xxxx" Şirkətinin təyin etdiyi məbləğ 1.380 manatdır.

4. Məhkəmənin təşəbbüsü ilə X10 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2787/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASCdən sığorta ödənişinə görə 982,64 manat, mənəvi zərərə görə 100 manat olmaqla, cəmi 1.082,64 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 44 manat pulun 20 manatının tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim X9).

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun X4 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Zərər vurmuş nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından və sığorta hadisəsi baş verdiyindən iddiaçı, cavabdehə qarşı sığorta ödənişinin ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur.

7. Məhkəmə ödənilməli sığorta ödənişinin məbləğinə münasibətdə qeyd etmişdir ki, zərər vurulmuş “Mercedes Benz GL 550” markalı nəqliyyat vasitəsi 2013-cü ildən etibarən iddiaçının mülkiyyətindədir və onun buraxılış ili 2007-ci ildir. Bu isə nəqliyyat vasitəsinin və dolayısıyla da onun ethiyat hissələrinin istifadəyə bağlı olan aşınmaya məruz qalmasını istisna etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5874 saylı rəyində qeyd edilmişdir ki, metodika üzrə avtomobillərin 1 illik istismarına 2-6%-dək aşınma nəzərdə tutulmuşdur. Bu hesabla 17 il (2007-2024) amortizasiya aşınması müəyyən olunur. Bu səbəbdən məhkəmə dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə iddiaçıya vurulmuş zərərin ekspert rəyinə uyğun olaraq 982,64 manat müəyyən edilməsini məqsədəmüvafiq və ədalətli hesab etmişdir.

8. Məhkəmə iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının nəqliyyat vasitəsindən müəyyən müddətə məhrum olması, məhkəməyə müraciət etmək məcburiyyətində qalması, vurulmuş zərərin düzgün hesablanmaması nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 100 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.

9. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 20 mant hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

10. Məhkəmə həmçinin, hesab etmişdir ki, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 922ci, 1096-1097-ci, 1108-ci, “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.21-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci, 119.1-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli, habelə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apellyasiya şikayətini təmin edərək, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobilə 410 manat dəymiş zərər məbləği ilə razılaşmamış və dəymiş zərərin müstəqil sığorta eksperti tərəfindən qiymətləndirilməsinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün təklif edilən üç müstəqil sığorta eksperti sırasından X10 təyin edilmişdir. Müstəqil sığorta eksperti X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy ilə avtomobilə dəymiş zərərin 560 manat olduğu müəyyən edilmişdir. Şifahi və yazılı şəkildə vətəndaşa avtomobilinə dəymiş zərərin müstəqil sığorta eksperti tərəfindən 560 manat qiymətləndirilməsi, həmin məbləğdə sığorta ödənişinin həyata keçirilə bilinəcəyi və razı olmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925-1.4-cü maddəsinə əsasən dəymiş zərərin müstəqil sığorta ekspertİ tərəfindən təkrar qiymətləndirilməsinin təşkil ediləcəyi və təkrar qiymətləndirilməyə çəkilən xərcin vətəndaşın özü tərəfindən ödənilməli olduğu bildirilmişdir. Lakin iddiaçı müstəqil sığorta ekspertinin qiymətləndirilməsi ilə də razılaşmamış, təkrar qiymətləndirmədən imtina etmişdir. Məhkəmə icraatı zaman keçirilmiş ekpertiza üzrə ekspert tərəfindən dəymiş zərər təzə hissələrin qiyməti nəzərə alınmaqla 1.380,22 manat, aşınma tətbiq edilməklə 982,64 manat, "xxxx" MMC-nin qüsur aktına əsasən isə 410 manat olaraq qiymətləndirilmişdir Lakin məhkəmə təcrübəsinə əsasən, məhkəmə yekun qərar çıxararkən hər iki tərəfin təqdim etdiyi ekspert rəylərini nəzərə almaqla ortaq məbləğ çıxarmalıdır. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən heç bir əsas və sübut olmadığı halda, əsassız olaraq iddiaçıya mənəvi zərərə görə 100 manat məbləğində pulun tutulması qət edilmişdir. Lakin iddiaçıya dəymiş mənəvi zərərlə bağlı hər hansı sübut və əsas məhkəməyə təqdim edilmədiyi və birinci instansiya məhkəməsi tərəfindən heç bir əsas göstərilmədən iddiaçının mənəvi zərərin ödənilməsi tələbi qismən təmin edilmişdir. İşin hallarından da göründüyü kimi, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi və ödənilməsinə dair müvafiq addımlar atılmış, iddiaçının qiymətdən razı olmadığı halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925-1-ci maddəsinə əsasən onun təklifi ilə təyin edilmiş müstəqil sığorta eksperti tərəfindən əmlakına dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilmiş və iddiaçıya qiymətləndirilmə ilə razı olmadığı təqdirdə dəymiş zərərin müstəqil sığorta eksperti tərəfindən təkrar qiymətləndirilməsinin həyata keçirilə bilinəcəyi bildirilmişdir. Lakin iddiaçı müstəqil sığorta ekspertinin qiymətləndirməsi ilə razılaşmamış və təkrar qiymətləndirilmənin keçirilməsinə etiraz etmişdir. İddiaçının hüquqları onun özünə bildirilmiş və sığorta şirkəti tərəfindən qanunvericiliyin tələblərinə müvafiq addımlar atılmışdır. Belə olduğu halda şirkətin fəaliyyəti ilə əlaqədar iddiaçının mənəvi iztirab və fiziki təsirlərə məruz qalması hallarından söhbət gedə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır.926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır; 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir; 15.3.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir; 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır; 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir; 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur; 24.1.6-cı maddəsinə əsasən zərərçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etməkhüququ vardır; 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hisssəsində mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən mənəvi zərərə görə pulun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı sığortalının sığorta tələbi daxil olduqdan sonra ən qısa müddət ərzində sığortalanan əmlaka dəymiş zərərin məbləğini müəyyən etməli, bundan sonra 1) sığorta ödənişinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sonuncu sənədin daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini ödəməli və ya 2) sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə sığortalıya yazılı formada məlumat verməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd edir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının idarə etdiyi “Mersedes GL550” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC-də sığortalanmış “Hyundai Elantra” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi zərər vurulmuşdur. Həmin yolnəqliyyat hadisəsi cavabdeh tərəfindən sığorta hadisəsi hesab edilmiş, lakin tərəflər arasında avtomobilə dəymiş zərər məbləğinin qiymətləndirilməsi ilə bağlı razılıq əldə olunmadığından iş üzrə müstəqil eskpert təyin olunmuş və nəticədə sığorta sahəsində fərdi qaydada müstəqil ekspert kimi fəaliyyət göstərən X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəymiş zərər məbləği 560 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən də iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda məhz bu məbləğin ödənilməsinin mümkün hesab edildiyi və ya təkrar qiymətləndirmənin aparılmasının mümkünlüyü qeyd olunmuşdur.

28. Bununla belə, baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması ilə bağlı tərəflər arasında mübahisə mövcud deyil, mübahisə məhz baş vermiş yol-nəqliyyat hadisəsi üzrə ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvvəlcə 410 manat məbləğində qiymətləndirildiyini, onun narazılığı da nəzərə alınaraq sığorta şirkətinin öz seçdiyi müstəqil ekspert tərəfindən zərər məbləğinin 560 manata qaldırıldığını, lakin vurulmuş zərərin qarşılığında bu məbləğin həddindən artıq aşağı olduğunu, mülkiyyətində olan avtomobilin rəsmi distribüteri olan "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərərin 1.380,23 manat məbləğində qiymətləndirildiyini iddia edir və vurulmuş maddi zərərin əvəzi olaraq məhz həmin məbləğin, mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia edilən zərər məbləği ilə razı deyil, avtomobilə dəymiş zərərin qiymətləndirilməsi və ödənilməsi ilə bağlı sığortaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün addımların atıldığını bildirir, eyni zamanda, mənəvi zərər hissəsində də iddianı əsassız hesab edir.

29. Bu konteksdə məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının idarə etdiyi “Mersedes GL550” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5874 saylı rəyinə əsasən qeyd edilən yol-nəqliyyat hadisəsində mübahisəli avtomobilə dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 982,64 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Hazırda cavabdeh ekspert rəyi ilə razı olmasa da, rəyin mötəbər hesab edilməməsinə əsas olan heç bir hala istinad etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin bu qəbildən olan dəlillərini əsassız hesab edir və həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

30. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilən sığorta hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermiş, bundan 2 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə avtomobil "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Lakin iddiaçı qiymətləndirmə aktı ilə razı olmadığından yenidən iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi üzrə seçdiyi sığorta sahəsində fərdi qaydada fəaliyyət göstərən müstəqil ekspert X10 tərəfindən xx.xx.2024-cü il tarixdə avtomobilə dəymiş zərər üzrə qiymətləndirilmə aparılmış və xx.xx.2024-cü il tarixli məktubla ekspert rəyi ilə müəyyən edilmiş zərər məbləğinin ödənilə biləcəyi və ya yenidən ekspert qiymətləndirilməsinin təşkilinin mümkünlüyü barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı sığorta şirkətinin bu təklifi ilə də razılaşmamış və xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

31. Bununla belə, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, sığorta şirkəti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində avtomobilin qiymətləndirilməsi təşkil edilmiş və iddiaçının avtomobilinə dəymiş zərərin ödənilməsi üçün mümkün addımlar atılmışdır. Sığorta ödənişinin edilməməsi isə iddiaçının müəyyən edilmiş zərər məbləği ilə razı olmaması ilə bağlı olmuşdur.

32. Digər tərəfdən iddiaçı nəinki mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər yetirilməsi sübuta yetirilməmişdir. Bu da həmin hissədə qətnamənin ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini şərtləndirir.

33. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan dövlət rüsumunun məbləği, habelə cavabdehdən tutulan ekspert tədqiqatının dəyəri ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və həmin hissədə qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas görmür.

34. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “cavabdehdən mənəvi zərərə görə pulun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

35. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2787/2024 nömrəli qətnaməsi qismən - “cavabdehdən mənəvi zərərə görə pulun tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə ümumilikdə 982,64 (doqquz yüz səksən iki manat, altmış dörd qəpik) manat məbləğində pul tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar