Məhkəmə qərarları › İş №2(103)-2846/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2846/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2846/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ”Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış B/2219 saylı "xxxx" üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.874,82 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.559,85 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.080,12 manat, cəmi 7.514,79 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 96 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" əsasən MMC-dən illik 32 faiz dərəcəsi ilə 61.200 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faizləri hissə-hissə və aybaay, 24 ay müddətində MMC-yə qaytaracaq. MMC, "xxxx" üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh, MMC qarşısında üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, borcun bir hissəsini MMC-yə ödəmiş, qalan borcu ödəməmişdir. Nəticədə cavabdehin MMC-yə 4.874,82 manat məbləğində əsas kredit borcu, 1.559,85 manat məbləğində faiz borcu yaranmışdır. MMC, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinə əsasən cavabdehə 1.080,12 manat cərimə hesablamışdır. MMC, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, MMC, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 96 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, MMC, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas borcun ödənilməsi məqsədi ilə 4.874,82 manat, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.559,85 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 88 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı MMC ilə bağladığı "xxxx" əsasən üzərinə götürdüyü öhdəlikləri qismən icra etdiyinə görə, öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən MMC qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddiaçı MMC iddia ərizəsində qeyd edilən məbləğlərdə əsas və faiz borclarının ödənilməsini tələb etməkdə haqlıdır. Rayon Məhkəməsi həmçinin işin hallarını, kredit müqaviləsindən irəli gələn 4.874,82 manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 1.080,12 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və həmin dəbbə pulunun azaldılaraq 300 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında MMCnin təqdim etdiyi “Maliyyə arayışından” başqa kredit ödənişi və ya qalmış borcla bağlı hər hansı bir başqa sənəd mövcud deyildir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, tutulması tələb olunan məbləğlərin real olub-olmamasını araşdırmaq üçün ekspertiza təyin etməmişdir. İşin mahiyyəti ilə bağlı isə qeyd edilməlidir ki, cavabdeh, 2016-ci il buraxılışlı “BMW 740” markalı avtomobili lizinq yolu ilə almış, həmin müqavilə üzrə iddiaçı MMC tərəfindən cavabdehə 61.200 manat kredit ayrılmışdır. Cavabdeh kredit aldıqdan sonra 15.000 manat ödəniş etmiş, sonradan maliyyə çətinlikləri yarandığı üçün ödənişləri vaxtı-vaxtında edə bilməmişdir. Bunu nəzərə almış MMC qeyd edilən avtomobilə dair cavabdehə verdiyi etibarnaməni ləğv etmiş və avtomobili geri almışdır. Hazırda həmin avtomobilin qiyməti 75.000 manatdan çox olmasına baxmayaraq iddiaçı MMC cavabdehə qarşı cəmi 7.514,79 manat məbləğində pulun tutulması barədə iddia irəli sürmüşdür. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh qeyd edilən avtomobil üçün kifayət qədər dəyəri olan **-SY-*** dövlət qeydiyyat nömrə nişanı almışdır və həmin nömrə də avtomobilin üzərində götürülmüşdür. Qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, onun iddiaçı MMC-yə borcu yoxdur, əksinə MMC-nin ona borcu var. Buna görə də MMC tərəfindən ona qarşı irəli sürülmüş iddia əsassız hesab edilərək, rədd edilməlidir. Göstərdiyi bu hallar işə baxmış Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Çünki Rayon Məhkəməsi məhkəmə baxışı iclasları barədə cavabdehə məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmış, bununla da cavabdehin hüquqlarını və ədalət mühakiməsinin prinsiplərindən biri olan “tərəflərin çəkişmə prinsipini” pozmuşdur. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

7. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə tərəflər apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, onunla iddiaçı MMC arasında bağlanmış müqavilə "xxxx" deyil, “Lizinq müqaviləsidir”. Buna baxmayaraq cavabdeh bu halı təsdiq edə biləcək sübutu – apellyasiya şikayətində qeyd etdiyi “Lizinq müqaviləsini” apellyasiya şikayətinə əlavə etməmiş, Məhkəməyə təqdim etməmiş və ümumiyyətlə heç bir üzrlü səbəb göstərmədən apellyasiya baxışı iclasına gəlməmişdir.

11. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Cavabdeh istinad etdiyi halı təsdiq edə biləcək sübutu Məhkəməyə təqdim etmədiyi üçün Məhkəmə cavabdehin müzakirə edilən bu dəlilini əsassız hesab edir.

13. İşdə olan sənədlərdən isə görünür ki, cavabdeh ilə iddiaçı MMC arasında bağlanmış müqavilə “Kredit müqaviləsidir.

14. Cavabdeh ilə iddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış B/2219 saylı “Kredit müqaviləsindən” və işdən olan digər sənədlərdən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən MMC-dən illik 32 faiz dərəcəsi ilə 61.200 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilənin şərtlərindən görünür ki, cavabdeh həmin müqavilə ilə MMC qarşısında üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faizləri hissə-hissə və aybaay, 24 ay müddətində MMC-yə qaytaracaq.

15. İşdə olan sənədlərdən və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, qeyd edilən "xxxx" üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş, onun MMC-yə ödənilməmiş borcu yaranmışdır.

16. MMC-nin Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli “Maliyyə arayışından” və digər sənədlərdən görünür ki, cavabdehin iddiaçı MMC-yə həmin müqavilə üzrə 4.874,82 manat məbləğində ödənilməmiş əsas borcu, 1.559,85 manat məbləğində ödənilməmiş faiz borcu var. MMC tərəfindən cavabdehə borcun gecikdirilməsinə görə 1.080,12 manat cərimə borcu hesablanmışdır. MMC, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinə əsasən cavabdehə 1.080,12 manat cərimə (dəbbə) hesablamışdır.

17. İşdə olan sənədlərdən görünür ki, MMC qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etsə də, borc ödənilməmiş qalmışdır.

18. Göstərilənləri və tərəflər arasında yaranmış mülki mübahisənin lizinq münasibətlərindən deyil, məhz kredit münasibətlərindən yarandığını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə, isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Cavabdehin iddiaçı MMC-yə borcunun olmamasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

19. Odur ki, qəbul edilməlidir ki, Rayon Məhkəməsi cavabdehin iddiaçı MMC ilə bağladığı "xxxx" əsasən üzərinə götürdüyü öhdəlikləri qismən icra etdiyinə görə, öhdəliyin icrasını gecikdirməsi və bu səbəbdən MMC qarşısında mülki məsuliyyət daşıması barədə mövqeyi əsaslı, Rayon Məhkəməsinin bu nəticəsinə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassızdır.

20. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).

21. Bu qətnamənin 16-cı bəndində qeyd edildiyi kimi, MMC, Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli “Maliyyə arayışına” və digər sənədlərə istinadən iddia edir ki, cavabdehin yuxarıda qeyd edilən "xxxx" üzrə 4.874,82 manat məbləğində ödənilməmiş əsas borcu, 1.559,85 manat məbləğində ödənilməmiş faiz borcu var.

22. Cavabdeh apellyasiya şikayətində bildirir ki, onun MMC-yə borcu yoxdur, lakin işə baxmış Rayon Məhkəməsi bu halı müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etməmişdir.

23. Məhkəmə yuxarıda qeyd edilən (bax: bənd 11) prosessual hüquq normalarının tələblərindən çıxış edərək və iş üzrə tərəflər arasında bağlanmış müqavilənin “Lizinq müqaviləsi” deyil, "xxxx" olmasını nəzərə alaraq cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, borcun olmamasını bildirən cavabdeh bu halı sübut etmə yükünü daşıyır. Lakin o, bu halı təsdiq edə biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir.

24. Buna görə də, qəbul edilməlidir ki, Rayon Məhkəməsi cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmalı olan əsas və faiz borcunun məbləğlərini MMC-nin təqdim etdiyi sənədlər əsasında müəyyən etməkdə haqlı olmuşdur.

25. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı MMC, cavabdehin müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinin nəzərə alınaraq onunla cavabdeh arasında bağlanmış “Kredit müqavilənin” şərtlərinə əsaslanaraq cavabdehə 1.080,12 məbləğində cərimə hesablamış və həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi qismən əsaslı hesab etmiş və qət etmişdir ki, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilsin.

27. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

28. Göstərilənləri və iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsində” borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun borcluya cərimə (dəbbə) hesablaması və hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulduğundan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili isə əsassızdır.

29. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından verdiyi iddia ərizəsində xahiş etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 96 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilsin.

30. İddia ərizəsinə əlavə edilmiş “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC tərəfindən 96 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

31. İşə baxmış Rayon Məhkəməsi iddia tələbinin qismən təmin olunmasını və MPM-in 119.1-ci maddəsinin tələbinə nəzərə alaraq qət etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 88 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilsin.

32. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi də əsaslıdır. Belə ki, MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).

33. Cavabdehin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasları barədə ona məlumat verməmiş, işə onun iştirakı olmadan baxmış, bununla da cavabdehin hüquqlarını və ədalət mühakiməsinin prinsiplərindən biri olan “tərəflərin çəkişmə prinsipini” pozmuşdur.

34. Bununla bağlı Məhkəmə iş materiallarına əsasən bildirir ki, iddiaçı MMC-nin iddia ərizəsində və MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdə cavabdehin ünvanı “ünvan 1ektron Məhkəmə İnformasiya Sistemindən də görünür ki, cavabdehin ünvanı qeyd edilən ünvandır. Rayon Məhkəməsinin cavabdehə ünvanladığı məhkəmə bildirişləri də məhz həmin ünvan üzrə göndərilmiş, lakin həmin bildirişlər poçt xidməti tərəfindən zərfin üzərinə edilmiş “ünvan tam deyil” qeydi ilə Rayon Məhkəməsinə qaytarılmışdır.

35. Göründüyü kimi Rayon Məhkəməsi üzərinə düşən prosessual vəzifəni yerinə yetirmişdir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də, əsassızdır.

36. Məhkəmə iş üzrə tərəflər arasında bağlanmış müqavilənin “Lizinq müqaviləsi” deyil, məhz "xxxx" olmasını, cavabdehin iddiaçı MMC-yə qarşı hər hansı bir qarşılıqlı iddia irəli sürməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri, onlara hüquqi qiymət verilmədən əsassız hesab edilməlidir. f) apellyasiya baxışının nəticəsi

37. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunu, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

39. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı MMC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

40. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

41. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı ”Kredit Servis BOKT” MMC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışinski (imza) Azad İmanov

“Əsli ilə düzdür”

Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar