Məhkəmə qərarları › İş №2(103)-2847/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2847/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2847/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “borcun tutulması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-185/2023 saylı mülki işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı MMC-nin Cavabdeh qarşı 23 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 17 may 2022-ci il tarixinə yaranmış 789,5 manat əsas borc, 118,4 manat cərimə borcu olmaqla, ümumilikdə 907,9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddiası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-185/2023 saylı mülki işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2021-ci il tarixli, ********* saylı “Müddətli (nisyə) alğı-satqı müqaviləsi” üzrə 726,2 manat əsas borc, 36 manat cərimə olmaqla, ümumilikdə 762,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olan 100 manatın İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442.1. 462.1, 463.1, 567, 568.1, 568.2, 590.1. 590.2, 592.1, 592.1.1, 600.1, 601.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı kondisionerin qiyməti, ödəniş qaydası, müddəti və məbləği də nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Kondisionerin iç blokun komplektasiyası 1 ədəd daxili blok, 1 ədəd məsafədən idarəetmə pultu, 1 ədəd təlimat kitabçası, 2 ədəd batereya, 1 ədəd drenaj şlanqından; çöl blokun komplektasiyası isə 1 ədəd çöl blok, 2 ədəd (3 metr) misdən olan birləşdirici boru, 1 rulon vinil lent, 1 ədəd boru üçün qoruyucu halqa, 1 qutu zamazkadan ibarət olduğu halda, iddiaçı tərəfindən cavabdehin evinə quraşdırılarkən evdə olan əvvəlki kondisionerin qurğularından istifadə edilməsini iddiaçının nümayəndəsi öz izahatında etiraf etmişdir. Göründüyü kimi satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə tam əməl etməyərək 1 ədəd drenaj şlanqı, 2 ədəd 3 metr misdən olan birləşdirici boru, 1 rulon vinil lent, 1 ədəd boru üçün qoruyucu halqa, 1 qutu zamazka iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Zamazka xaric, digər adları sadalanan hissələrin ümumi dəyərinin ekspert rəyi ilə 63,3 manat təşkil etdiyi müəyyən edilir. Bununla yanaşı iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdehin müqavilə üzrə əsas borcunun 789,5 manat təşkil etdiyi müəyyən edildiyindən cavabdehə komplektasiyanın təqdim edilməmiş hissələrinin ümumi dəyəri olan 63,3 manat əsas borc məbləğindən çıxılmalı, beləliklə cavabdehin iddiaçıya əsas borcunun məbləği 726,2 manat müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. İddiaçı öz ərizəsində humanizm prinsipinə əsaslanaraq, maliyyə arayışında göstərilən cərimə borcunun 10 faizini tələb etdiyini göstərsə də, müqavilə üzrə iddia tələbində göstərilən miqdarda cərimənin tutulması da əsaslı deyildir. tələb olunan 118,4 manat cərimənin miqdarı azaldılaraq 36 manat müəyyən edilməlidir. Habelə, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsində məqsəd iddiaçı tərəfindən cavabdehə təqdim edilməmiş komplektasiya hissələrinin dəyərinin müəyyən edilməsi olduğundan və ekspertiza ilə müəyyən edilmiş məbləğ cavabdehin xeyrinə, yəni iddiaçıya olan borcundan çıxıldığından ekspertiza xərci kimi 100 manat məhz iddiaçıdan tutulmalıdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - "İrşad Electronics” MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 23 iyul 2021-ci il tarixdə müddətli (nisyə) alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Alıcı 0,5 manat ilkin ödəniş etməklə, ümumi dəyəri 968,5 manat olan "AUX 12000 BTU (İRK68557)” modelli kondisioneri dəyərini 18 ay ərzində, aylıq 54 manat ödəmək şərtilə kreditlə almışdır. Müqavilənin şərtlərinə əsasən, bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirmək öhdəliyi Alıcının, yəni Cavabdeh üzərinə qoyulmuşdur. Habelə, müqavilənin 3.3.1-ci bəndinə əsasən, Satıcının Alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və Alıcının müqavilə üzrə Satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır; - İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh 17 may 2022-ci il tarixə 789,5 manat əsas, 1184 manat cərimə borcu yaranmışdır; - “AUX” markalı kondisionerlərin Azərbaycandakı rəsmi distribyutoru olan "xxxx" MMC tərəfindən verilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 31 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “AUX 12000 BTU (İRK65857) markalı kondisionerlərin iç blokunun komplektasiyası 1 ədəd daxili blok, 1 ədəd məsafədən idarəetmə pultu, 1 ədəd təlimat kitabçası, 2 ədəd batereya, 1 ədəd drenaj şlanqından; çöl blokun komplektasiyası isə 1 ədəd çöl blok, 2 ədəd (3 metr) misdən olan birləşdirici boru, 1 rulon vinil lent, 1 ədəd boru üçün qoruyucu halqa, 1 qutu zamazkadan ibarətdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6997 saylı müvafiq rəyində göstərilmişdir ki, 1 ədəd drenaj şlanqının qiyməti 0,8 manat, 2 ədəd 3 metr misdən olan birləşdirici borunun ümumi qiyməti 60 manat, 1 ədəd rulon vinil lentin qiyməti 1,5 manat, 1 ədəd boru üçün qoruyucu halqanın qiyməti 1 manat təşkil edir. “Zamazka” adda malın respublikadaxili satışı nəzərdə tutulmadığından həmin mal üzrə qiymətləndirmə aparılmamışdır. Beləliklə, 4 adda malın orta bazar qiyməti təxminən 63,3 manat, ekspertiza xərci 100 (bir yüz) manat təşkil edir (iş səh. 4, 8, 53, 90). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-185/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin cəmi 300 manat məbləğində təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 324.1. 389.1, 404, 425, 560.1, 560.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 88, 217.3, 217.4, 220.4, 360, 384.0.2, 385.1, 385.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və onun hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edildiyinə görə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. O vətən müharibəsindən yaralı və kontuziya almış oğlunun qazi olaraq evə gətirilməsindən sonra həkim məsləhətinə görə mənzildə işləməyən kondisionerin dəyişdirilməsi üçün iddiaçıya müraciət etmiş və 23 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 18 aylıq müddətə (cədvəl üzrə) hər ay 54 manat ödəniş olmaqla «AUX» markalı kondisioneri əldə etmişdir. Müqaviləyə uyğun olaraq 200 manat məbləğində pul vəsaitini iddiaçının hesabına ödəmişdir və sonuncu ödəniş də tərəfindən 30 noyabr 2021-ci il tarixdə icra olunmuşdur. Evində daha əvvəl LG markalı kondisioner var idi və onu özü söküb çıxarmışdı. İddiaçı tərəfindən isə sadəcə yeni kondisioner gətirilib quraşdırılmış və heç bir əlavə detal quraşdırılmamış, əlavə xidmət göstərilməmişdir. Belə ki, kondisioner quraşdırılarkən ona əlavə edilən 2 ədəd 3 metrlik mis boru, elektrik kabeli, 2 ədəd su şlanqı, izolyasiya lentləri, divara bərkidici gövdə (kranşteyn), ştiker və s. yenisi ilə əvəzlənmədən əvvəlki kondisionerin qurğularına quraşdırılmışdır. Eləcə də divardan şlanqların keçməsi üçün dəlik açılması da təmin edilməmişdir. Lakin iddiaçı əsassız olaraq bütün bunların guya onun tərəfindən yenisi ilə təmin edildiyi kimi qeyd etmiş və onların dəyərini tələb etmişdir. Belə ki, köhnəsi ilə əvəzlənmiş və ona yenisi qiymətinə xərc kimi hesablanmış və nəticədə 200 manat əlavə hesablama aparmaqla ona qəsdən ziyan vurulmuşdur. Belə ki, misdən birləşdirici borunun 1 metrinin real dəyəri 30 manatdır. Kondisionerin quraşdırılmasına isə 6 metr boru istifadə edilir. Təkcə həmin borunun dəyəri 180 manat təşkil edir. Bundan başqa, kondisionerin çöl bloku əvvəlki kondisionerin kranşteyini üzərinə qoyulmuşdur. Halbuki, ona yeni kranşteyn də təqdim edilməli idi. Belə olan halda, kranşteynin dəyəri də borcdan çıxılmalıdır. Həmin kondisionerin real bazar qiyməti isə 600 manat təşkil edir. Beləliklə, həqiqətdə onun iddiaçıya cəmi 300 manat borcu qalmışdır. Oğlunun vəziyyətinin ağırlaşması və müxtəlif bahalı dərman preparatlarının alınması onu həmin 300 manat borcu ödəmək imkanından məhrum etmişdi. O vəziyyəti belə gördükdə iddiaçıya telefon vasitəsilə xəbərdarlıq etmiş və istəsələr avadanlığı söküb apara biləcəkləri barədə bildirmişdir. Lakin iddiaçı onun bildirişinə məhəl qoymamış və ona əsassız olaraq artıq hesablanmış pulu ödəməli olduğunu bildirmişdir. Hazırkı iddianın əsası Mülki Məcəllədə nəzərdə tutulmuş vaxtaşırı icrası tələb olunan öhdəliklərdən irəli gələn mülki münasibətlərə aid edildiyindən, iddiaçı qəsdən ödənilməli olan pulu ondan tələb etməmişdir ki, əlavə cərimələr, faizlər və sair xərclər də hesablanmaqla əsassız varlansın. Məhkəmə qərar çıxararkən ekspertin evə gəlib kondisionerin quraşdırılması və detalları ilə tanış olacağını və ona uyğun qiymətləndirmə edəcəyini bildirmişdir. Lakin ekspert evə gəlməmiş və baxış keçirmədən və “İstismar təlimi kitabçası” ilə tanış olmadan qiyabi qaydada əsassız rəy vermişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 439-449, 560, 567-601, 739, 743; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.

9. Cavabdeh özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi, iddiaçı ilə nisyə alğı-satqı müqavilə münasibətlərinə daxil olaraq əqd üzrə dəyəri müəyyən edilmiş əşyanın ödənişini hissə-hissə ödəmə öhdəliyini və ondan irəli gələn digər vəzifələri öhdəsinə götürmüş, ödənişləri vaxtında həyata keçirməmiş, alınmış əşyanın komplektliyi və ya dəyərini mübahisələndirməmişdir.

10. Hazırda şikayətində qeyd etdiyi dəlillərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmiş, ekspertiza təyin edilmiş, tələb edilən əsas və faiz məbləğləri müvafiq olaraq azaldılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 592.1. Komplektsiz əşya verildiyi halda alıcı satıcıdan öz seçimi ilə aşağıdakıları tələb edə bilər: 592.1.1. alış qiymətinin mütənasib surətdə azaldılması; 592.1.2. əşyanın komplektinin ağlabatan müddətdə tamamlanması. 592.2. Əgər satıcı əşyanın komplektinin tamamlanması barədə alıcının tələbini ağlabatan müddətdə yerinə yetirməzsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: 592.2.1. komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını tələb etsin; 592.2.2. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 592.3. Bu Məcəllənin 592.1 və 592.2-ci maddələrində nəzərdə tutulan nəticələr satıcının alıcıya əşya komplekti vermək vəzifəsini pozduğu halda da, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tətbiq edilir. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

11. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar, habelə hər hansı ekspertizanın və ya əlavə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir.

12. Təfsir edilən hallar üzrə hüquqi istinadlara əsasən kollegiya diqqətə çatdırır ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli və izah edilməlidir ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

13. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-185/2023 saylı mülki işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar